12 Mart 2021 00:31
2252
Mədəniyyət
A- A+
Əqidə adamı

Əqidə adamı

 

Yazıçı-jurnalist Əmir Mustafayev 11 il əvvəl - 71 yaşında əbədiyyətə qovuşub. Azərbaycan ədəbiyyatında və jurnalistikasında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən Ə.Mustafayev ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmişdi. O, sovet hakimiyyətinin kəsəkəs vaxtında Azərbaycan kəndinin sosial-mənəvi problemlərini, kənd adamlarının ziddiyyətli yaşam tərzini, baş verən ictimai prosesləri səbrlə qələmə almışdır.

Müasir gəncliyin ata və analarından, nənə və babalarından eşitdikləri sovet kəndinin təsərrüfat həyatını, kolxoz və sovxoz işini, bununla bağlı insanların psixologiyasında olan təbəddülatları aydın və prinsipial yazıçı mövqeyindən özünəməxsus koloritlə təsvir etmişdir. Araşdırmalardan görünür ki, yazıçının diqqət mərkəzində həllini gözləyən sosial problemlər, sadə zəhmət adamlarının ailə və məişət qayğıları, insan mənəviyyatının təkamülü prosesi durur. Bu həm də ondan irəli gəlir ki, müəllif özü də kənd adamı idi, problemlərin içində böyümüşdü, həmin mühiti yaxşı bilirdi.

Əmir Gülbala oğlu Mustafayev 1936-cı il martın 12-də Azərbaycanın şimal bölgəsi olan səfalı Qusar rayonunun qədim Xuluq kəndində dünyaya göz açmışdı. Qusar şəhərindəki Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, ADU-nun Filologiya fakültəsinə daxil olmuşdu. Qeyd etdiyimiz kimi, Əmir Mustafayev ədəbiyyat, sənət və jurnalistika aləminə ötən əsrin 50-ci illərində, jurnalistikanın gündən-günə şöhrətləndiyi bir zamanda qədəm qoymuşdu. Fəal ictimaiyyətçi idi. Universiteti bitirdikdən sonra Moskva Mərkəzi Komsomol Məktəbində, bundan sonra isə Bakı Ali Partiya Məktəbində təhsil alsa da, ədəbi fəaliyyətini davam etdirmək, qələmindən ayrılmamaq məqsədilə respublikanın bir sıra mətbuat orqanlarında çalışmışdır.

Ə.Mustafayev universitetin ikinci kursunda oxuyarkən “Azərbaycan gəncləri” qəzetində dərc edilən “O gəldi” adlı ilk hekayəsi ədəbi aləmdə böyük rezonans yaratmışdı. Bundan sonra tələbə-yazıçının ölkənin nüfuzlu mətbu orqanlarında işıq üzü görən “Xəcalətli baxışlar”, “Qonşu”, “Sonuncu kürsü” və başqa hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılandı, ustad yazıçıların diqqətini çəkdi. Həmin vaxtdan etibarən Ə.Mustafayev həm də Əmir Qaraçəmənli imzası ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. Amma onu ədəbi aləmdə daha çox tanıdan 1957-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Zolaqlı çamadan” hekayəsi olmuşdur. O zaman belə yaradıcı tələbələr onun oxuduğu fakültədə tək deyildi. Əmir Mustafayevin 1953-1958-ci illərdə universitetin Filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsində təhsil aldığı qrup Azərbaycan ədəbiyyatına və elminə Yaşar Qarayev, Arif Səfiyev, Famil Mehdi, Firudin Ağayev, Şamil Salmanov, Ağacavad Əlizadə, Cəfər Cəfərov, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, İbrahim Göyçaylı kimi tanınmış simalar bəxş etmişdir.

Bir dəfə hörmətli yazıçımızın yaradıcılığı ilə əlaqədar mətbuata material hazırlayanda “Ədəbiyyata gəlişinizi necə xatırlayırsınız?” sualımı belə cavablandırdı: “Ədəbiyyata gəlişim orta məktəb illərində Səməd Vurğunu görməyimlə və onun əsərlərinə olan məhəbbətimlə bağlıdır. Yaradıcılığa şeirlə başlamışam, təkəmseyrək də çap olunmuşam. O zaman mən yaşda olan cavanların poetik nəfəsi ilə, bədii ilhamı ilə indi özümü müqayisə eləyəndə başa düşürəm ki, niyə şair ola bilmədim”. Əmir Mustafayevin ilk əsərlərindən sonuncularınadək yaradıcılığının sətiraltı ana xəttində, ideya mənasında ictimai-siyasi hadisələrin fonunda Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və bu bütövlüyün önündə kəndlinin öz torpağına sahiblik arzusu durur. Rejimin ciddi vaxtlarında bəzən ədəbiyyatşünas-tənqidçilərin ehtiyatla yanaşdığı bu problem barədə respublika yazıçılarının VIII qurultayında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri İsmayıl Şıxlı “Ədəbiyyatımızın vəziyyəti və vəzifələri” adlı məruzəsində Əmir Mustafayevin yaradıcılığındakı keyfiyyətləri dəyərləndirərək deyirdi: “...geniş söhbətə səbəb olacaq hekayələrimiz yoxdurmu? Nə üçün Əmir Mustafayevin “Gecə zəngi” hekayəsi sükutla qarşılandı? Nə üçün bu hekayənin ictimai, psixoloji mahiyyəti, bədii keyfiyyəti açılıb göstərilmədi? Bu əsərdə kəndin bir neçə problemi qoyulmuşdur. Gənclər kənddən şəhərə qaçır, torpaqdan ayrı düşür. Kəndlər boşalır, rayon təşkilat rəhbərləri kənddə qalmaq, evlənib ev sahibi olub binələnmək istəyən cavanlara bir qarış yer vermirlər. Çünki torpaqdan düzgün istifadə etmirlər, artıq yerlər əkilib, kəndliyə ev tikmək üçün torpaq tapılmır. Hekayənin ikinci maraqlı cəhəti də odur ki, rayon rəhbərləri hər şeyi ələ almaq istəyirlər. Mərkəzdən gələn yoldaş kəndlinin verdiyi məktubun dərdini ürəyinə salır və az qalır ürəyi partlasın. Arxasınca “təcili yardım” gəlir...”

Sovet quruluşunun digər eybəcərlikləri, ədalətsizliyi və azərbaycanlıların soyqırımına yönəldilmiş siyasəti yazıçının bir sıra hekayələrində böyük ustalıqla oxuculara çatdırılır. Müəllifin “Qurd ürəyi” kitabında eyni adlı roman, povest və hekayələr cəmləşib. Bu hekayələrdə 1937-ci ilin qanlı-qadalı repressiya qurbanlarından, qanunsuzluqlar, ədalətsizliklər hesabına qan dənizində boğulan insanların yurd sevgisi və acı taleyindən bəhs edilir. Yazıçı boya-başa çatdığı Xuluq kəndindən Qazaxıstan çöllərinə sürgün edilən bir ailənin simvolunda bir xalqın taleyini açıqlayır. Türkiyədə təhsil görmüş ziyalılarımızdan olan Xuluq kəndinin qazısı Əbdülməcid Əfəndi sən demə 1913-cü ildə kənd məktəbində müəllim işləyən şair Əhməd Cavadın dostu olub. Qazının zəngin kitabxanası var idi. Dişi qana batmış NKVD-çilər Əbdülməcid Əfəndini həbs edərkən ərəb, türk alimlərinin evdə tapılan kitablarını onun özünə kisələrə doldurtdurub belinə şəlləyirlər. Yaşlı Əbdülməcid Əfəndi kitab dolu kisə belində, payi-piyada milis atlılarının qabağında kənddən birbaşa rayon mərkəzinə - NKVD-yə aparılır və dindirilir. Mülki, kənd uşaqlarının təhsil alması üçün tikdirdiyi üçsinifli məktəbi müsadirə edirlər. Bu zaman onun təmiz adam olduğunu söyləməyə cəhd göstərən Gülbala özünü həbsdən zorla qurtara bilir. Sonra da Qazaxıstan zülmləri başlanır...

Əmir Mustafayevin ədəbi-bədii yaradıcılığı qədər zəngin və mənalı olan həm də onun jurnalistlik fəaliyyətidir. Əli qələm tutandan, xüsusən də tələbəlik illərindən gecələr yazıçılıqla, gündüzlər jurnalistliklə məşğul olub. Əmir müəllimin əsərləri və özü haqqında yazılan məqalə və məktublarda qeyd olunduğu kimi, o, çox zəhmətkeş və məsuliyyətli yazar olub. 1957-ci ildə universitetin dördüncü kursunda oxuyarkən işləmək üçün dövrün seçilən mətbu orqanlarından olan “Azərbaycan pioneri” qəzetinə dəvət alıb. 1957-ci ildən 1969-cu ilə kimi həmin redaksiyada ədəbi işçi, şöbə müdiri, 1971-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında məsul katib, 1976-1979-cu illərdə isə Azərbaycan Yazıçıları İttifaqının orqanı “Azərbaycan” jurnalında məsul katib vəzifələrində çalışmışdır. Bir müddət Cəfər Cabbarlı adına kinostudiyada ssenarist kimi çalışsa da, sonradan yenidən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasına qayıtmışdır. Ədəbi yaradıcılığının və jurnalistlik fəaliyyətinin uğurlarını qəzet-jurnal redaksiyalarında reallaşdıran Əmir Mustafayev “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində müdir, 1990-cı illərdə “Karvan” kitablar seriyası redaksiyasında məsul katib işləmişdir. Hansı mətbu orqanda, hansı kollektivdə çalışmasından asılı olmayaraq, yazıçı Əmir Mustafayev ədəbiyyatın fədaisi, jurnalistikanın və kollektivin sevimlisi olmuşdur. Tale elə gətirdi ki, tanınmış yazıçı-jurnalist Əmir Mustafayev “Respublika” qəzetində (1991) baş redaktorun müavini işləyərkən onunla bir qəzetdə çalışmaq xoşbəxtliyinə nail oldum. Açığı o zaman istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı apardığım araşdırmalar Əmir Mustafayevlə münasibətlərimə əlavə çalarlar gətirdi. Bir dəfə məni möhkəm söhbətə tutdu və Əhməd Cavadın qarlı bir qış günü Qusara, oradan da atla Xuluq kəndinə gedişini ona nəql elədim.

Bir neçə gündən sonra gördüm ki, “Ədəbiyyat” qəzetində Əmir Mustafayevin mənim danışdıqlarım əsasında yazdığı “Qusardan gələn atlı” adlı hekayəsi çıxıb. Qəzeti götürüb Əmir müəllimin yanına getdim ki, bəs bu mənim dediklərimdi axı...

Əmir müəllim xoş əhvali-ruhiyyədə əlini çiynimə qoyub dedi:

 - Bəli, söhbət sənin, hekayə mənimdir...

Bu kiçik epizodu xatırlatmaqla diqqətinizə çatdırmaq istəyirik ki, Əmir Mustafayevin istər yazıçı kimi, istər jurnalist kimi qələmə aldığı irili-xırdalı bütün əsərlər, məqalələr və publisistik yazılar öz taleyini əsl həyatdan, həyat həqiqətlərindən götürmüşdü. Əmir Mustafayev bu cür həyatın içindən və reallıqlarından gələn 5 romanın, 20 povestin, 200 hekayənin, 500-dən artıq publisistik yazının və müxtəlif səpkili məqalələrin müəllifidir. Bir neçə povest və hekayəsi Türkiyədə, İranda, İraqda və Rusiyada nəşr edilmişdir.

Cavan yaşlarında “Azərbaycan pioneri” qəzetində sıravi müxbirliklə jurnalist fəaliyyətinə başlayan Ə.Mustafayev ömrünün sonunacan bu peşədən ayrılmamışdır. Hətta yazıçı kimi yaradıcılığının pik dövründə də o, özünü jurnalist hesab edirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Nazirlər Kabinetinin orqanı olmuş “Respublika” qəzetində baş redaktorun müavini idi. Həmin illər yuxarı dairələrin qərarı ilə “Respublika” o vaxt Ali Sovetin orqanı olan “Həyat” (sonralar “Azərbaycan”) qəzetinə birləşdiriləndə Əmir müəllimin yaradıcılıq və xidməti taleyi “Azərbaycan” qəzeti ilə bağlanmış, müxbir, şöbə müdiri, nəhayət, 1993-2002-ci illərdə baş redaktor vəzifəsində çalışmışdır. Əmir Mustafayevin baş redaktor vəzifəsinə təyinatı yenicə müstəqilliyə qovuşmuş dövləti düçar olduğu bəlalardan xilas etmək üçün xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. Əmir müəllim həmişə bununla fəxr edirdi, Heydər Əliyevin imzası ilə verilmiş xidməti vəsiqəsini ərklə ürək qızdırdığı adamlara göstərməkdən qürur duyurdu:

“Məni baş redaktorluğa o kişi məsləhət bilib, onun etimadını doğrultmalıyam”, - deyib vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməyə çalışırdı.

Əmir Mustafayev əqidə adamı idi. Fəaliyyətinin bütün dövrlərində xalqımızın azadlığı, respublikamızın müstəqilliyi uğrunda mübarizə aparıb. Dövlətin sükanı arxasında mətin dayanmış Ulu Öndər Heydər Əliyev siyasi kursuna həm yazar, həm də “Azərbaycan” qəzetinin baş redaktoru kimi dəstək olmuş, müstəqil dövlətimizin dayaqlarını sarsıtmaq məqsədi güdən qüvvələrə qarşı obyektiv jurnalist prinsipiallığı nümayiş etdirmiş, habelə sərt yazıçı mövqeyi göstərərək demokratik və azad cəmiyyət quruculuğu işinə öz töhfəsini vermişdir.

Oxucuların və həmkarlarının sevimlisi olan Əmir Mustafayev sözün həqiqi mənasında gözəl insan, yaxşı yazıçı və peşəkar jurnalist idi. O, yazıçı və jurnalist kimi rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə, Kiprdə, Çində və digər ölkələrdə səfərlərdə olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, ictimai xadim Əmir Mustafayev respublikamızın ilk ziyalılarındandır ki, 1996-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə ədəbiyyat və jurnalistikada göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Prezident təqaüdçüsü idi.

Əmir Mustafayevin son kitabı “Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan” (2004) adlanır. O, yaradıcılığının və ictimai-siyasi fəaliyyətinin ana xəttini təşkil edən bu istəklə 11 il bundan əvvəl 2010-cu ilin iyulunda dünyasını dəyişmişdir. Bu da Tanrının təsadüfidir ki, yazıçının yeganə oğlu Samir Mustafayev atasından 10 il sonra, ötən ilin iyulunda, 52 yaşında vəfat etmişdir.

Tanınmış yazıçı, peşəkar jurnalist Əmir Mustafayevin Azərbaycan reallıqlarına, xalqımızın birliyinə, ölkəmizin milli müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığına xidmət edən əsərləri və məqalələri bundan sonra da əsl qələm sahiblərinə örnək olacaq.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!