Böhran dövründə metan emissiyalarının həlli enerji təhlükəsizliyini gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.
Bildirilir ki, enerji sektorundan metan emissiyalarının rekord həddə çatdığı bir vaxtda, sınaqdan keçirilmiş azaltma tədbirləri ildə 200 milyard kubmetr təbii qaz əldə etməyə imkan verə bilər. Ənənəvi enerji mənbələrindən metan emissiyaları 2025-ci ildə çox yüksək səviyyədə qalıb və qlobal miqyasda azalma əlaməti müşahidə olunmayıb. Baxmayaraq ki, bəzi ölkələr irəliləyiş əldə edir, Yaxın Şərqdə davam edən böhran isə azaltma tədbirlərinin enerji təhlükəsizliyinə faydalarını nümayiş etdirir.
Məlumata görə, son illərdə bir çox ölkə və şirkət qısamüddətli qlobal istiləşmənin məhdudlaşdırılması və hava keyfiyyətinin yaxşılaşdırılması səylərinin bir hissəsi olaraq metan emissiyalarının azaldılması səylərini elan edib. Metan emissiyalarının azaldılması öhdəlikləri hazırda qlobal neft və qaz istehsalının yarısından çoxunu əhatə edir. Lakin enerji sektorundan metan emissiyaları 2025-ci ildə rekord həddə yaxınlaşıb və bu da böyük bir tətbiq boşluğunu ortaya qoyur.
Qeyd olunur ki, əlavə tədbirlər üçün əhəmiyyətli imkanlar mövcuddur. Son illərdə metan emissiyaları məlumatlarının mövcudluğu və hesabatı əhəmiyyətli dərəcədə artıb ki, bu da 2025-ci ildə ənənəvi yanacaqların metan emissiyalarının təxminən 70 faizinin ən çox emissiya edən 10 ölkədən gəldiyini göstərir. Bununla yanaşı, neft və qaz hasilatının metan intensivliyi ölkələr arasında geniş şəkildə dəyişir - ən yaxşı göstəricilər əldə edən ölkələr ən pis göstəricilərə malik ölkələrdən 100 dəfədən çox daha yaxşı nəticə göstərib.
“Hazırkı enerji böhranı fonunda metan emissiyaları mübarizə, ölkələrin qaz bazarının təhlükəsizliyini yaxşılaşdırmasına da kömək edə bilər. Bu məsələ Hörmüz boğazının bağlanmasından sonra əsas prioritet olaraq qalır, çünki boğazın bağlı qalması qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20 faizi bazardan çıxarıb. Ehtiyat qaz ixrac gücünə malik seçilmiş ölkələr və idxalçı ölkələr qaz sistemlərində asanlıqla əldə edilə bilən metan emissiyalarının azaldılması tədbirlərini həyata keçirsələr, bazarlara təxminən 15 milyard kubmetr qaz çox tez bir zamanda təqdim edilə bilər. Uzunmüddətli perspektivdə qlobal miqyasda neft və qaz əməliyyatlarından metan emissiyalarının azaldılması səyləri hər il bazarlara təxminən 100 milyard kubmetr qaz çatdıra bilə. Həmçinin fövqəladə olmayan qaz yandırılmasının aradan qaldırılması isə daha 100 milyard kubmetr qazın əldə edilməsinə şərait yarada bilər. Bu cür qənaət Hörmüz boğazın bağlanması səbəbindən kəsilən təchizat həcmindən ikiqat çox ola bilər”, - deyə məlumatda bildirilir.
Vurğulanır ki, metan emissiyalarının azaldılması üçün bir çox həllər bilinən və səmərəlidir. Ənənəvi yanacaqlardan metan emissiyalarının təxminən 70 faizi və ya təxminən 85 milyon tonu mövcud texnologiyalarla azaldıla bilər. Bu göstərici neft-qazdan emissiyaların dörddəüçü və kömür emissiyalarının təxminən yarısına bərabərdir. 2025-ci ildə orta enerji qiymətlərinə əsasən, 35 milyon tondan çox emissiyanın qarşısını heç bir xalis xərc olmadan almaq olar. Son aylarda qiymətlərin yüksəlməsi nəzərə alınmaqla bu miqdar hazırda daha da böyük olar. Metanın emissiyalarının azaldılmasının ən təsirli yollarından biri, hazırda neft və qaz metan emissiyalarının 80 faizini təşkil edən yuxarı axın fəaliyyətlərindən yaranan emissiyaların aradan qaldırılmasıdır. Kanada və Avropa İttifaqı bu yaxınlarda güclü yuxarı axın qaydaları tətbiq edib, Braziliya, Qana və Qazaxıstan isə bunu həyata keçirmə prosesindədir. Hazırda orbitdə olan onlarla peykdən əldə edilən məlumatlar metan emissiyalarının azaldılması səylərini gücləndirir, hökumətlərin və operatorların isə emissiya hadisələri barədə xəbərdar edən provayderlərinin sayı getdikcə artır.