31 Yanvar 2025 09:00
729
Mədəniyyət
A- A+
Əlvan boyalı tablolar ustası

Əlvan boyalı tablolar ustası


Ölkəmizin XX əsr təsviri sənətinin inkişaf tarixinə nəzər yetirdikdə bir sıra  rəssamlarımızın özünəməxsus dəst-xətə malik olduğunu, özünün fərdi yaradıcılıq üslubunu formalaşdıra bildiyini müşahidə edə bilərik. Təbiidir ki, sənətdə özünəməxsus dəst-xətə nail olmaq o qədər də asan məsələ deyil. Azərbaycan təsviri sənəti tarixində özünün yaradıcılıq dəst-xətinə malik, yaradıcılığı bədii estetik keyfiyyətlərlə zəngin olan sənətkarlardan biri də bu il 100 illik yubileyi olan Xalq rəssamı Nadir Əbdürrəhmanovdur (1925-2008). O, 1925-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Laçında dünyaya göz açıb. Gələcək rəssamın doğulub boya-başa çatdığı rayonun təbiəti onda erkən yaşlarından rəssamlığa maraq oyatmışdır. 

N.Əbdürrəhmanov ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1941-1944), sonra isə İ.Repin adına Sankt-Peterburq  Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1947-1953) almışdır. N.Əbdürrəhmanov görkəmli fırça ustaları - A.Mılnikov və V.Oreşnikovdan rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. Xatırlatmaq yerinə düşər ki, rəssam ilk ali təhsilini incəsənət istiqaməti üzrə deyil, tibb ixtisası üzrə almışdır. Belə ki, o, əvvəlcə Azərbaycan Dövlət Tibb İnstitutunda (1944-1947) oxumuşdur. Lakin rəssamlığa olan sonsuz  marağı onu heç zaman əlvan boyalara vurğunluğundan ayıra bilməmişdir. 

N.Əbdürrəhmanov bir çox xarici ölkədə - Fransa, İtaliya, Norveç, Bolqarıstan, Şimali Koreya, İraq, Əfqanıstan və s. yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın respublikamızla yanaşı, xarici ölkələrdə  də dəfələrlə əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Sənətkarın müxtəlif mövzulu bədii yaradıcılıq nümunələri dünyanın bir sıra nüfuzlu  muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Azərbaycan  Rəssamlar İttifaqının İdarə Heyətinin sədri (1961-1970) və SSRİ Rəssamlar İttifaqının katibi (1963-1973) kimi vəzifələrdə çalışmışdır. Onun uğurlu bədii və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, respublikamızın Əməkdar incəsənət xadimi (1960) və  Xalq rəssamı (1964) kimi yüksək fəxri adlara layiq görülmüşdür. 

N.Əbdürrəhmanovun yaradıcılığının əsas səciyyəvi xüsusiyyətləri kimi, onun daha çox lirik mövzulara müraciətini, mövzunun özünəməxsus bədii şərhini, kompozisiya və perspektiv həllinin primitivliyini, kolorit həllinin zənginliyini və dekorativliyini göstərmək olar. Rəssam yaradıcılığının ilkin dövrlərində süjetli tabloların yaradılmasına daha çox üstünlük vermişdir. O, süjetli tablolarda da  mənzərə janrının imkanlarından yaradıcılıqla istifadə etmişdir. N.Əbdürrəhmanovun bu səpkili işlərinə nümunə olaraq "Bakının görünüşü" (1954), "Sənaye mənzərəsi" (1954), "Yaylaqda" (1957) və başqa əsərlərini göstərmək olar. Rəssamın bu tablolarına nəzər yetirdikdə ciddi işlənilmə və klassik rəssamlıq ənənələrinə sadiqlik özünü qabarıq büruzə verir. 

N.Əbdürrəhmanovun 1960-cı ildə cənub rayonlarına - Lənkərana və Lerikə  səfəri onun yaradıcılığında dönüş nöqtəsi olub desək, yanılmarıq.  Belə ki, bu bölgələrin əsrarəngiz təbiəti, gözəllikləri, insanlarının əməksevərliyi, zəngin etnoqrafik xüsusiyyətləri və adət-ənənələri onun xüsusi diqqətini çəkmiş, görünən ən incə məqamlar, həssas rəssam fırçasının qüdrəti ilə poetik ruhlu tablolarda əks olunmuşdur. "Çəltik becərənlər" (1960), "Dağlarda qürub" (1963), "Lerik. Bahar" (1964)  əsərlərində rəssam klassik təsviri sənət ənənələrindən yaradıcı şəkildə istifadə edərək sonda yüksək bədii təsir gücünə malik özünəməxsus bədii tablolar yaratmışdır. 

"Çəltik becərənlər" əsərində kompozisiya bir qədər kəsilmiş formada təqdim olunub və obrazlar iri miqyasda işlənilib. Bu üsul təsvir olunan predmetlərin  ən incə detallarınadək əks olunduğunu, eyni zamanda rəssamın ustalıq məharətini göstərir. Surətlərin səmimi və gərgin hərəkətləri, eləcə də əsərin kolorit həlli ustalıqla icra edilib. Narıncı, boz və göy rəng keçidləri, tablonun ümumi harmoniyası seyirçinin  diqqətindən yayınmır və insana xoş təsir bağışlayır. Sadalanan xüsusiyyətləri eyni zamanda rəssamın "Dağlarda qürub" adlı əsərinə də şamil etmək mümkündür. 

N.Əbdürrəhmanovun cənub bölgəsinə həsr edilmiş çoxsaylı əsərini silsilə kimi də qəbul etmək olar. Demək olar ki, rəssam yaradıcılığının bütün dövrlərində cənub bölgəsindən aldığı təəssüratla uğurlu bədii əhəmiyyətli tablolar yaratmışdır. Rəssamın belə əsərlərindən "Sevimli naxışlar" (1967), "Talışlar" (1967), "Talış qızı" (1970), "Dağlarda bahar" (1970), "Qız portreti" (1971), "Talış qızları" (1971) və s. əsərlərini qeyd etmək olar.

"Sevimli naxışlar" adlı əsər də rəssamın ən uğurlu yaradıcılıq nümunələrindəndir. O, kompozisiyada xalça toxuyan üç qadının yaddaqalan bədii obrazlarını canlandırıb. Obrazların rəngbərəng ip topalarını sarıdıqları və yunların rənglənməsi səhnəsi olduqca təbii görünür. Surətlərin ritmik hərəkətləri və tablonun əlvan kolorit həlli yüksək bədii təsir qüvvəsinə malikdir. Bu yerdə mövzunun etnoqrafik ənənələrə bağlılığını da vurğulamaq yerinə düşər. "Talış qızı" əsərində də rəssam yenə toxuculuqla məşğul olan qızın ümumiləşdirilmiş obrazını yaradıb.  

Göründüyü kimi, talışların həyat tərzi və milli xüsusiyyətləri rəssamın diqqətini cəlb etmişdir. "Talış qızları" əsərində rəssam gənc qızları bulaq başından qayıtdıqları zaman təsvir edib. Obrazların mənalı baxışları, çöhrələrindən oxunan əməksevərlik onların ifadəli duruşlarından da hiss olunur. Tablonun kolorit həlli əsərin bədii emosional təsir qüvvəsini daha da artırıb. Çəhrayı, qızılı və tünd rəng keçidlərinin əlaqələndirilməsi isə rəsmin dinamikliyini qüvvətləndirir. 

"Dağlarda bahar" əsərində rəssam dağlarda yaşayan, orada özlərinin gündəlik qayğıları ilə məşğul olan insanların əməyinin romantikasını həssas rəssam təxəyyülündən süzərək əlvan rəng palitrasının təkraredilməz boyaları ilə kətanda əks etdirib. 

Sənətkar "Dağ adamları" adlı digər əsərində insanları köç məqamında təsvir etmişdir. Mürəkkəb kompozisiya quruluşuna malik tabloda insanların atlar üzərində qərarlaşaraq hərəkət etdikləri səhnə əsl yaradıcı ustalıqla və təkraredilməz ifadə vasitələri ilə yaradılmışdır. Öndə təsvir edilmiş qadının qucağında quzunu tutması və sol əli ilə atın yəhərindən çəkdiyi səhnə olduqca cəlbedici görünür və tamaşaçıda həyəcanlı hisslər yaradır. 

Bir çox ölkədə yaradıcılıq ezamiyyətlərində olan rəssamın orada görüb müşahidə etdiyi, təsirləndiyi mövzulardan yaratmış olduğu bədii əsərlərdən ibarət elə həmin ölkələrdə fərdi sərgiləri təşkil edilib. Bu sırada Moskva (1960, 1976), Koreya (1958) və İraqda (1978) rəssamın uğurlu fərdi sərgilərinin keçirildiyini qeyd etmək olar. Rəssamın xarici ölkələrə həsr etdiyi əsərləri sırasında "Yeni Koreya" (1959), "Burqas limanı" (1961), "Dağlar. Yuqoslaviya" (1964), "Venesiya. Körpü" (1966), "Berqen. Norveç" (1966), "Bağdad" (1972), "Mosulda küçə" (1972), "Əfqan" (1971), "Əfqanlar" (1972) və digər əsərlərinin adını çəkmək mümkündür. Bu əsərlərin hər birinə yüksək bədii sənət üsulu ilə işlənilmə xüsusiyyətləri xasdır. Həmin lövhələrə hər bir ölkəyə məxsus əlamətlərin həssaslıqla yaddaqalan rənglərin dili ilə canlandırmaq məharəti xasdır. Rəssamın İraq və Əfqanıstan seriyasına daxil olan əsərləri bədii ifadə, kompozisiya və  kolorit həllinə,  məna və məzmun zənginliyinə görə daha çox diqqəti cəlb edir. 

N.Əbdürrəhmanov bədii yaradıcılıqla yanaşı, davamlı olaraq  pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Rəssam ovaxtkı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətin incəliklərini tələbələrə tədris etmiş və sonuncu tədris ocağında yaradıcılıq emalatxanasının rəhbəri və professoru olmuşdur. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş sənət adamları az deyil.

Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Nadir Əbdürrəhmanov "Şöhrət" ordeninə layiq görülmüşdür. Yaradıcı insanlara xüsusi qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 

Azərbaycan incəsənətinin inkişafına və tərəqqisinə layiqli töhfələr bəxş etmiş Xalq rəssamı Nadir Əbdürrəhmanov kimi sənətkarların xatirəsi onu tanıyanların və sənət adamlarının yaddaşında həmişə yaşayacaqdır.


Əsəd QULİYEV,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin energetika naziri Naxçıvana qaz nəqlinin tezliklə başlanacağını elan edib

19:47
02 Mart

Yepiskop Yakop: Avropa ölkələrində lider yoxdur

18:32
02 Mart

Bugünkü imtahanların nəticəsi 6 həftəyə açıqlanacaq

17:50
02 Mart

Aleksandar Vuçiç: Serbiya ölkəmizi məhv etmək istəyən şəri məğlub edəcək

16:27
02 Mart

"Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub  

15:51
02 Mart

Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanları 17 mərkəzdə aparılıb

15:19
02 Mart

İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı təşkil edilib

14:56
02 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:21
02 Mart

Sabah hava əsasən yağmursuz keçəcək - Proqnoz

12:39
02 Mart

Ukrayna və Böyük Britaniya müdafiə məqsədilə 2,26 milyard sterlinq dəyərində saziş imzalayıb

10:13
02 Mart

Qocalmaya qarşı qoruyucu zülallar aşkarlanıb - TƏDQİQAT

10:11
02 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyada beynəlxalq tədbirdə iştirak edib  

10:07
02 Mart

Bilmək istəyirəm

09:25
02 Mart

Təki ürək üşüməsin, mərhəmət donmasın

09:20
02 Mart

"Neftçi"nin baş məşqçisi VAR-la bağlı "od püskürdü"

09:15
02 Mart

Mourinyo "Qalatasaray"dan təzminat tələb edir

09:10
02 Mart

Yarımfinalçılar bəlli oldu

09:05
02 Mart

"Hakimlər zərərimizə qərarlar qəbul edirlər"

09:00
02 Mart

"Ürəyimi Qarabağda qoyub getmişəm"

08:55
02 Mart

Ana qəlbi

08:50
02 Mart

BP-dən Füzuli irsinə töhfə

08:45
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!