XX əsr Azərbaycan incəsənəti tarixindən, xüsusilə də Azərbaycan heykəltaraşlıq sənətindən söhbət düşəndə, ilk növbədə, Xalq rəssamı Fuad Əbdürrəhmanovun adı çəkilir. Buna səbəb onun Azərbaycan milli heykəltaraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltaraş olmasıdır. Bu il məşhur tişə ustası F.Əbdürrəhmanovun 110 illik yubileyi qeyd olunur.
XX əsr Azərbaycan heykəltaraşlıq sənətinin banisi və layiqli nümayəndəsi, milli heykəltaraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərmiş və özünün dəyərli bədii yaradıcılığı ilə Azərbaycan incəsənəti tarixinə adını əbədi daxil etmiş Fuad Həsən oğlu Əbdürrəhmanov 1915-ci ildə Azərbaycanın qədim və zəngin sənətkarlıq mərkəzlərindən olan Şəki şəhərində dünyaya göz açıb. İlk ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929-1932) almış, sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935-1939) davam etdirmişdir. Təhsilini bitirib vətəninə döndükdən sonra F.Əbdürrəhmanov peşəkar sənətkar olaraq, bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, gənclərə sənətin özəlliklərini tədris etmək üçün pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
F.Əbdürrəhmanovun uğurlu və çoxşaxəli səmərəli yaradıcılıq fəaliyyəti özünün yüksək qiymətini almışdır. Məşhur heykəltaraş Əməkdar incəsənət xadimi (1943), SSRİ Dövlət Mükafatı Laureatı (1947, 1951, iki dəfə) və Xalq rəssamı (1956) fəxri adlarına layiq görülmüşdür. F.Əbdürrəhmanov 1949-cu ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı incəsənət xadimi olmuşdur. Eyni zamanda istedadlı heykəltaraş Düşənbədə ucaldılmış Rudəkinin abidəsinə görə SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülmüşdür.
F.Əbdürrəhmanov dəzgah və monumental heykəltaraşlığı sahəsində bir çox uğurlu əsərlər yaratmışdır. Azərbaycan incəsənət tarixinə nəzər salsaq görərik ki, onun yaradıcılığından əvvəlki dövrlərdə, ümumiyyətlə, ölkədə professional heykəltaraşlıq sənəti əcnəbi sənətkarların Bakıya dəvəti ilə inkişaf etdirilmişdirsə də, həmin tişə ustalarının yaratmış olduğu nümunələrdə milli xüsusiyyətlərin olmaması özünü qabarıq şəkildə büruzə verirdi. F.Əbdürrəhmanov mənsub olduğu milli mədəniyyətin qaynaqlarından yaradıcı şəkildə istifadə etməklə, müəllimlərindən mənimsəmiş olduğu professional metodları ustalıqla əlaqələndirərək əsl sənət incilər yaratmışdır.
F.Əbdürrəhmanov yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların ciddi və dəqiq işlənilməsini, uğurlu və bitkin kompozisiya biçimini, həndəsi kəsişmələrin estetik tutumunu, plastika dolğunluğunu və surətlərin mənəvi-daxili aləmlərini açıb göstərmək bacarığını və digər xüsusiyyətləri qeyd etmək olar.
F.Əbdürrəhmanov dəzgah heykəltaraşlığı sahəsində məhsuldar fəaliyyəti ilə demək olar ki, yaddaqalan obrazlar qalereyası yaratmışdır. Bunlara "Yazıçı Əbdürrəhimbəy Haqverdiyev" (1933), "Bəstəkar Asəf Zeynallı" (1934), "Bəstəkar Üzeyir Hacıbəyov" (1934), "Aktyor Hüseynqulu Ərəblinski" (1934), "Oxatan" (1934), "Aşıq" (1937), "Dramaturq Cəfər Cabbarlı" (1944), "Rəssam Səttar Bəhlulzadə" (1947), "Rəssam Rüstəm Mustafayev" (1947), "General Həzi Aslanov" (1949), "Çoban" (1950), "Azərbaycan qadını" (1951), "Şair Nizami Gəncəvi" (1954), "Şair Səməd Vurğun" (1957), "Tacik şairi Rudəki" (1965), "Avtoportret" (1966) və digər portret və kompoziya əsərlərini qeyd etmək olar. F.Əbdürrəhmanovun yaratdığı çoxsaylı surətləri müşahidə etmiş olsaq, görərik ki, sənətkar hər zaman gərgin yaradıcılıq axtarışlarında olmuş və üzərində işləmiş olduğu qəhrəmanının fərdi xarakterik cizgilərini, onun portret xüsusiyyətlərini öyrənmək məqsədilə müxtəlif vasitə və üsullardan, bədii ədəbiyyatdan məharətlə istifadə etmişdir.
F.Əbdürrəhmanov hələ o zaman sənətin zirvəsini fəth etməyən, sonralar isə əfsanəvi fırça ustası kimi dillər əzbərinə çevrilən Səttar Bəhlulzadə sənətinin ecazkarlığını əvvəlcədən görürmüş. Belə olmasaydı, 38 yaşlı S.Bəhlulzadənin obrazını yaratmaq qərarına gəlməzdi. Bu, böyük rəssamın həmkarları tərəfindən yaradılmış ilk obrazı idi. Haqqında bəhs etdiyimiz portretin maraqlı yaranma tarixçəsi vardır. F.Əbdürrəhmanov S.Bəhlulzadə ilə tədbirlərin birində onunla ünsiyyəti zamanı rəssamı nəzərdən keçirib, onun portretini işləməyə qərar verir. S.Bəhlulzadənin xarakteri və eyni zamanda zahiri qeyri-adiliyi və gur saçları heykəltaraşın diqqətini cəlb edir və məqsədini açıqlamadan onu emalatxanasına dəvət edir. Səhərisi S.Bəhlulzadə F.Əbdürrəhmanovun emalatxanasına gəlir. Qapıdan gircək heykəltaraş tez həyəcanla üzünü S.Bəhlulzadəyə tutaraq "Sən nə etmisən?" deyə hiddətlənir. S.Bəhlulzadə görkəmli tişə ustasının onun portretini yaratmaq üçün emalatxanasına dəvət etdiyini duyub, bura gəlməmişdən əvvəl gedib saçlarını dibindən kəsdirir. Buna baxmayaraq, F.Əbdürrəhmanov portreti işləməyə başlayır və qəhrəmanının maraqlı cizgilərini zəngin müşahidə qabiliyyəti ilə sezərək, diqqəti cəlb edən əsərin yaradılmasına nail olur.
F.Əbdürrəhmanovun 1943-cü ildə yaratdığı xalq qəhrəmanları Koroğlu, Babək və Cavanşirin barelyefləri sənətkarın xalqımızın zaman-zaman yetişdirdiyi qəhrəmanlara, milli azadlıq mübarizələrinə sevgisinin bariz təzahürü idi. Bu gün də həmin obrazlar gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində əvəzsiz sənət əsərləri - mənəviyyat qaynaqlarıdır.
Görkəmli tişə ustasının monumetal heykəltaraşlıq abidələrinə misal olaraq Gəncədə və Bakıda N.Gəncəvinin (hər ikisi tunc, qranit, 1946, 1949, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov), Bakıda "Azad qadın" (tunc, qranit, 1960, memar M.Hüseynov), Bakıda Səməd Vurğunun (tunc, qranit, 1961, memar M.Hüseynov), Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov), Bakıda Sovet İttifaq Qəhrəmanı Mehdi Hüseynzadənin (tunc, qranit, 1973, memar M.Hüseynov), Buxarada İbn Sinanın (tunc, qranit, 1975, memar H.Muxtarov) ucaldılmış abidələrini göstərmək olar.
Azərbaycan ədəbiyyatının korifeyi Nizami Gəncəvinin obrazına müraciət etməyi qarşısına məqsəd qoyan F.Əbdürrəhmanov tarixi ikonoqrafik qaynaq olmadan şairin son dərəcə inandırıcı, xarakterik cizgiləri ilə yaddaqalan surətini yaratmağa nail olmuşdur. Qüdrətli heykəltaraş özünün sənətkarlıq məharətini sübut etməklə, həm də mənsub olduğu zəngin mədəniyyət xəzinəsinin istinad mənbəyini tamaşaçılarına işarə etmişdir. N.Gəncəvinin Bakı şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsi şairin Gəncədəki heykəli kimi özünün bədii xüsusiyyətləri və obrazın yüksək işlənilmə imkanları baxımından heykəltaraşlıq sənətinin ən kamil əsərlərindən sayılır. N.Gəncəvinin fiquru sol ayağı irəliyə doğru hərəkətdə, sağ əli ilə geyimindən yapışmış, sol əlində əlyazmasını bükülü formada tutaraq, nəzərləri uzaqlara dikilmiş və dərin xəyallar aləminə dalmış vəziyyətdə təsvir edilmişdir. Müdrik və Şərq qiyafəli, Nizaminin məğrur duruşunda, başının qürurlu hərəkətində, eləcə də düşüncəli çöhrəsində dövrünün çirkinliklərinə və saray mühitinin dəbdəbəliyinə nəfsi ilə qalib gəldiyi asanlıqla duyulur.
F.Əbdürrəhmanov yaradıcılığına şamil olunan yüksək sənətkarlıq məziyyətləri onun Düşənbədə ucaldılmış tacik şairi Rudəkinin abidəsində aydın hiss olunur. Heykəltaraş tərəfindən surətin xarakterik cizgiləri yaddaqalan bədii ifadə vasitəsilə açılıb və uğurlu kompozisiya quruluşunun həllinə nail olunub. Rudəkinin çöhrəsindən dərin psixoloji və dramatik əhvali-ruhiyyə aydın şəkildə sezilir. Şahın əmri ilə kor edilmiş, əzab və mərhumiyyətlərə qərq edilən, məzlum şair sanki, irəliyə uzadılmış əlindəki əsası ilə haqq-ədalətin hələ qarşıda olduğuna işarə edir.
F.Əbdürrəhmanovun yaradıcılığına ümumi nəzər yetirsək, görərik ki, sənətkarın Şərq ədəbiyyatına, Şərq fəlsəfəsinə xüsusi bir sevgisi olmuşdur. Onun daha çox Orta əsr Şərq mütəfəkkir şairlərinin və alimlərinin yaddaqalan obrazlarını yaratması da bu fikrimizi təsdiqləyir. F.Əbdürrəhmanov Azərbaycanla yanaşı, orta Asiyada milli heykəltaraşlıq məktəbinin formalaşmasında mühüm xidmətlər göstərmişdir. Bu barədə özbək sənətşünası Abdulla Umarov belə yazır: "Özbəkistan və Tacikistanın monumental heykəltaraşlığının formalaşmasında Azərbaycan heykəltaraşlarının, xüsusi ilə də Fuad Əbdürrəhmanovun böyük təsiri olmuşdur".
F.Əbdürrəhmanov həyatı boyu daim yüksək sənət amallarına sadiq qalaraq, yaratdığı sənət nümunələri ilə Azərbaycan milli heykəltaraşlıq məktəbinin ilk nümayəndəsi kimi öz adını incəsənət tariximizə əbədi həkk etmişdir. Bunu onun barəsində görkəmli heykəltaraşlarımızın söylədikləri fikirlər də təsdiq edir.
Xalq rəssamı, akademik Ömər Eldarov hesab edir ki, F.Əbdürrəhmanovun Azərbaycan incəsənətinə göstərdiyi xidmət əsl tarixdir.
"F.Əbdürrəhmanovun yaradıcılıq dünyasını tam şəkildə canlandıran mədəni ocağın yaradılmasına ehtiyac duyulur. Bu təşəbbüsün həyata keçirilməsi üçün heykəltaraşın yaradıcılıq irsindən kifayət qədər material qalıb". Bunu isə görkəmli sənətkar haqqında Xalq rəssamı Tokay Məmmədov söyləmişdir.
Xalq rəssamı Fuad Salayev isə haqlı olaraq, F.Əbdürrəhmanovu birmənalı olaraq, Azərbaycan milli heykəltaraşlığının banisi hesab edir.
Özünün yaddaqalan maraqlı obrazlar qalereyası, zəngin bədii yaradıcılıq fəaliyyəti və ən əsası isə Azərbaycan milli heykəltaraşlıq məktəbinin ilk görkəmli nümayəndəsi kimi həmişə qədirbilən xalqımızın və sənətsevərlərin qəlbində yaşayacağı birmənalıdır.
Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas