Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü və nazirliyin yaranmasının 20-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Ardınca mərasim iştirakçıları FHN-in Akademiyasında nazirliyin xüsusi texnikalarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan FHN-in strukturuna daxil olan qurumların istifadəsində olan ən müasir texnika və avadanlıqlar nümayiş olunub.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra FHN-in şəxsi heyətinin təntənəli keçidi olub.
Daha sonra FHN-in Akademiyası ilə tanışlıq olub. Qonaqlara Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib, Akademiyanın Muzeyi, konfrans zalı və kitabxanaya baş çəkilib.
Mərasim FHN Akademiyasının akt zalında davam etdirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Azərbaycan FHN-in 20 illik tarixindən bəhs edən videoçarxı izləyiblər.
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə çıxış edib. Peşə bayramı və əlamətdar yubiley münasibətilə FHN-in şəxsi heyətini, bu illər boyu çiyin-çiyinə çalışmış hər kəsi ürəkdən təbrik edən nazir FHN-in əməkdaşlarına çətin, lakin şərəfli işlərində daim uğurlar arzulayıb.
Nazir bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün dünya birliyinin layiqli üzvünə, böyük nüfuza malik qüdrətli dövlətə çevrilib.
Kəmaləddin Heydərov ötən 20 il ərzində dövlətimizin başçısının diqqət və qayğısı sayəsində FHN-in ən müasir maddi-texniki imkanlara malik, istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq iqtidarında olan peşəkar dövlət orqanı kimi formalaşdığını vurğulayıb.
Bildirib ki, FHN yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı texnika və avadanlıqların əksər hissəsi fiziki və mənəvi köhnəlməyə məruz qalmışdı və müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində qısa zamanda nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıldı, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınaraq istismara verildi. Ötən illər ərzində alınan tək xüsusi texnikaların sayı 1134, o cümlədən yanğınsöndürmə avtomobillərinin sayı 789-dur. Bundan əlavə, yüzlərlə digər texniki vasitələr alınaraq istismara verilib. Qısa müddətdə Bakıda və respublikanın bölgələrində 9 regional mərkəzin fəaliyyəti təmin edildi, qurumların istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olundu, yeniləri tikildi. Belə ki, yola salınan illər ərzində yalnız yanğından mühafizə üzrə 80 ədəd yeni depo binası tikilərək istifadəyə verilib.
Nazir vurğulayıb ki, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2008-ci ildə yaradılan FHN-in Akademiyası ötən müddətdə bakalavriat pilləsi üzrə 1650, magistratura pilləsi üzrə 121 nəfər məzun yetişdirib: “Ümummilli Lider Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamını öz fəaliyyət prinsipi kimi qəbul edən FHN fövqəladə halların vaxtında xəbərdar edilməsi və maarifləndirməni zəruri fəaliyyət istiqamətləri sırasında müəyyən edib. Ötən illər ərzində orta hesabla hər il 70 minə yaxın obyektdə yanğın-texniki müayinə, 4 minə yaxın obyektdə tikintiyə dövlət nəzarəti, 3,3 mindən artıq obyektdə təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə texniki müayinə, 200-ə yaxın obyektdə nüvə və radioloji təhlükəsizlik üzrə nəzarət-yoxlama tədbirləri, 1700-dən artıq kiçikhəcmli gəmiyə texniki baxış keçirilib”.
Nazirliyin görülən kompleks tədbirlər sayəsində ötən illər ərzində baş vermiş müxtəlif mürəkkəblik dərəcəsinə malik fövqəladə hadisələrlə mübarizədən uğurla çıxdığını deyən Kəmaləddin Heydərov yanğın-xilasetmə əməliyyatlarına dair statistikaya diqqət çəkib. Qeyd edib ki, son 20 il ərzində ölkə iqtisadiyyatının üç dəfədən çox böyüdüyünü, çoxsaylı yeni istehsal müəssisələri və iş yerlərinin yaradıldığını, çoxşaxəli kommunikasiya sistemlərinin istifadəyə verildiyini, irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, əhalinin sayının 2007-ci ildə təxminən 8 milyon yarımdan artaraq 2024-cü ildə 10 milyonu keçməsini nəzərə almaqla, 2007-ci ildə ölkə üzrə 4 min 517 təbii və texnogen mənşəli hadisə qeydə alınmışdısa, 2024-cü il ərzində bu rəqəm 14 min 856-ya bərabər olub. Bununla belə, hadisələrin sayında böyük artıma baxmayaraq, 2007-ci ildə göstərilən hadisələrdə 131 nəfər insan tələfatı qeydə alınmışdısa, 2024-cü ildə təbii və texnogen mənşəli hadisələrdə 83 nəfər həyatını itirib. Hadisələrin sayında bu qədər artım qarşısında insan itkisinin sayında azalma FHN-in çevik və effektli fəaliyyətinin mühüm göstəricisi olmaqla əldə edilən ən ciddi uğurlardan biri kimi dəyərləndirilməlidir. Bundan əlavə, nazirlik yaranandan 2024-cü il də daxil olmaqla, yanğın-xilasetmə qurumları tərəfindən yanğınlar, dağıntılar, qəzalar və digər fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş, o cümlədən su hövzələrində batma təhlükəsində olan 5 min 700-ə yaxın şəxs xilas edilib. “Təkcə bir rəqəmi qeyd etsək, insanların FHN-ə olan güvəni barədə aydın təsəvvür yaranmış olar. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar xəttinə 2024-cü il ərzində 2,2 milyona yaxın və ya orta hesabla hər gün 6 mindən artıq zəng daxil olub. Ötən illər ərzində dünyanın bir çox ölkələrinin uyğun qurumları, habelə müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurulub. Bu münasibətlər çərçivəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlər təşkil olunur, təcrübə mübadiləsi aparılır, əməkdaşların beynəlxalq təlim, seminar və treninqlərdə fəal iştirakı təmin olunur. Dövlətimizin başçısının tapşırıqları əsasında nazirliyin qüvvələri ötən illər ərzində müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını da uğurla yerinə yetiriblər. Bu ilin iyul ayında Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında FHN-in nümayəndəsinin təşkilatın Baş katibi seçilməsi isə sözsüz ki, ölkəmizin qlobal nüfuzundan, durmadan artan beynəlxalq çəkisindən xəbər verir”, - deyə nazir diqqətə çatdırıb.
Kəmaləddin Heydərov bir məsələni xüsusi vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daim təbii və texnogen hadisələr zamanı zərərçəkən insanların yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır, operativ olaraq irimiqyaslı hadisələrin baş verdiyi bölgələrə səfərləri zamanı fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətin bütün resurslarını səfərbər edirlər. 2010-cu ilin yaz aylarında Aran bölgəsində Kür və Araz çaylarında yaranmış daşqınların vurduğu ziyanın, 2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər ölkə rəhbərliyinin ağır məqamda daim xalqla bir yerdə olmasının, insanların dərd-sərinin, problemlərinin həllini həmişə diqqətdə saxlamasının bariz nümunələridir. Dövlətimizin başçısının xüsusi nəzarəti altında daşqın və zəlzələlərin ziyan vurduğu rayonlarda ən müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının, sosial təyinatlı və infrastruktur obyektlərinin tikintisi həyata keçirilib, əhali yeni, müasir evlərlə təmin edilib. Dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq, Kür-Araz daşqınları ilə əlaqədar ümumilikdə 4 min 481 ev, 2012-ci ildə baş vermiş zəlzələ ilə əlaqədar 5 min 668 ev, 2019-cu il zəlzələsi ilə əlaqədar isə 695 ev və 3 ədəd çoxmənzilli bina tikilib, 2 min 247 ev isə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü böyük işlər də xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Nazir qeyd edib ki, FHN-in qüvvələri Vətən müharibəsi günlərində cəbhəboyu zonada yaşayan əhalinin təhlükəsiz məntəqələrdə yerləşdirilməsi və hər cür təminatının təşkili, döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin təyyarə və helikopterlərlə təxliyəsi, Ermənistanın mülki obyektlərə endirdiyi zərbələr nəticəsində yaranan yanğın və dağıntıların operativ aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, onlara psixoloji yardımın təşkili kimi vəzifələri şərəflə yerinə yetirib. Bu gün isə nazirliyin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatını, aparılan irimiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı tikinti, texniki, yanğın və nüvə təhlükəsizliyinə nəzarəti həyata keçirir, doğma Qarabağ və Şərqi Zəngəzurda fövqəladə hallarla uğurla mübarizə aparır.
FHN-in əməkdaşlarının fiziki sağlamlığına xüsusi diqqət yetirdiyini bildirən nazir deyib ki, ötən müddətdə müxtəlif idman növləri üzrə (taekvondo, karate, güləş, cüdo, boks, kikboksinq, ağırlıqqaldırma, stolüstü tennis, voleybol, minifutbol və s.) nazirliyin komandaları, əməkdaşları və idmançı üzvləri Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları, Dünya və Avropa çempionatları, beynəlxalq turnir və respublika yarışlarında uğurla çıxış edərək 256 qızıl, 318 gümüş və 532 bürünc medal qazanıblar.
Ötən illər ərzində qazanılan bütün uğurların əsasında dövlətimizin başçısının daim nazirliyə göstərdiyi diqqət və qayğının dayandığını vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla nazirliyin xidmətdə fərqlənən ümumilikdə 513 əməkdaşı müxtəlif orden və medallara, 34 nəfər fəxri adlara layiq görülüb.
Çıxışının sonunda peşə bayramı münasibətilə şəxsi heyəti bir daha təbrik edən nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürünü bildirib və əminliyini ifadə edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin olunması kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün nazirlik əməkdaşları bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
Sonra çıxış edən qonaqlar – Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə nallar naziri Boobek Ajikeev və Rusiya fövqəladə hallar nazirinin müavini Roman Kurınin FHN kollektivini yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan FHN-in ötən 20 il ərzində böyük inkişaf yolu keçməsi, əldə etdiyi uğurlar, o cümlədən beynəlxalq humanitar əməliyyatlarda peşəkar fəaliyyəti təqdirəlayiqdir.
Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları oxunub.
Sonra tədbirdə xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib.
Sonra qazi Süleyman Heydərov FHN işçilərinin çətin və şərəfli peşə fəaliyyətinin əhəmiyyətindən danışıb, göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib, nazirlik əməkdaşlarını bayram münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Tədbirə bədii hissə ilə yekun vurulub.