Prezident İlham ƏLİYEV: "Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır"
Prezident İlham Əliyevin keçən il iyulun 11-12-də Pakistan İslam Respublikasına dövlət səfəri, dost və qardaş ölkədə necə hərarətlə qarşılandığı yaddaşlarda xoş təəssüratlarla qalıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana budəfəki dövlət səfəri son üç ildə ölkəmizə üçüncü səfəridir. Ali səviyyədə görüşlərin bu dinamikası Azərbaycan-Pakistan əlaqələrinə, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və güclənməsinə böyük təkan verir.
Fevralın 24-də dövlətimizin başçısının və Pakistanın Baş nazirinin istər geniş tərkibdə görüşdə, istərsə də mətbuata bəyanatlarında iqtisadi əməkdaşlıq məsələləri əsas mövzulardan biri olub. Həmçinin Azərbaycan-Pakistan biznes-forumunun keçirilməsi bu əlaqələrin xüsusi önəm daşıdığından xəbər verir. Prezidentimizin geniş tərkibdə görüş zamanı dediyi sözlər də iqtisadi əməkdaşlığın vüsət aldığını göstərir: "Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Biz təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizə hesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk".
Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin iştirakı ilə imzalanmış sənədlərin mübadiləsi də göstərir ki, iki ölkə arasında iqtisadi əlaqələrin yeni səhifələri açılır. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yol açan həmin sənədlər sırasında enerji sahəsinə aid olanlar da diqqət çəkir. Belə ki, həmin gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Frontier Works Organisation" (FWO) və "Pakistan State Oil Company Limited" şirkəti arasında Anlaşma Memorandumu mübadilə edilib. SOCAR-la mübadilə edilən daha bir sənəd "Pakistan Refinery Limited" (PRL) və "Pakistan State Oil Company Limited" şirkəti ilə Anlaşma Memorandumudur.
"SOCAR Trading SA" ilə də sənədlər mübadilə edilib. Bunlar "Pakistan LNG Limited" arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə, "Pakistan State Oil Company Limited" şirkəti ilə Anlaşma Memorandumu və "Pakistan State Oil Company Limited"lə neft məhsullarının uzunmüddətli alqı-satqı sazişidir.
Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələr alınıb və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir. İndi də birlikdə çox mühüm, eyni zamanda çox realist hədəflər müəyyən olunub. Hədəflənən layihələr infrastrukturun inkişafını, energetikanı, mədən işini və digər sahələri əhatə edir: "Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik".
Ticarət dövriyyəsinin artırılması məsələsinə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də toxunaraq deyib: "Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan "Basmati" düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.
Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF-17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır... Biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik".
Qeyd edək ki, Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis olunub. Bu da ikitərəfli ticarətin inkişaf etməsinə imkan verəcək amillərdəndir.
Müzakirə edilən digər mühüm sahə bağlantı və daşımalarla bağlı olub. Məlumdur ki, Azərbaycan "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edir. Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.
Bir sözlə, iqtisadi əlaqələrimiz getdikcə daha çox sahələri əhatə edərək genişlənməkdədir. Əməkdaşlıq enerji və infrastruktur layihələrini, informasiya texnologiyalarını, əczaçılıq, tekstil və digər sahələri əhatə edir və həm bu, həm də digər sahələrdə əlaqələrin daha da güclənməsi üçün böyük potensial var. Ekologiya sahəsində də həmrəyik. Təsadüfi deyil ki, ölkəmizin yaşıllıq ekspertlərindən ibarət heyəti İslamabadın abadlaşdırılmasında çalışır və şəhərin yaşıllaşdırılmasında, eləcə landşaftla bağlı təqdirəlayiq işlər görür.
İqtisadi əməkdaşlığın genişləndirilməsinin, idxal-ixracın artmasının hər iki ölkəyə dividendlər gətirəcəyinə şübhə yoxdur. Lakin məsələnin mahiyyəti təkcə bundan ibarət deyil. Əlaqələr genişləndikcə xalqlarımız bir-birinə daha da yaxınlaşır, müxtəlf səviyyələrdə qarşılıqlı şəfərlər çoxalır, görüşlər intensivləşir. Dostluğumuz getdikcə möhkəmlənir və bu dostluğun daha yüksək zirvəyə çatacağına da inam böyükdür.
Flora SADIQLI,
"Azərbaycan"