14 Iyul 2024 10:25
404
İQTİSADİYYAT
A- A+

Dövlətin dəstəyi Ağstafa kəndlisini torpağa daha çox bağlayır

 

Son illər Azərbaycan iqtisadiyyatı özünün əsl inkişaf dövrünü yaşayır. Respublikamızda qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bu inkişafı daha da sürətləndirmişdir. Xüsusilə əsas ərzaq məsulu olan taxılçılığa diqqət daha da artırılmış, onun sürətli inkişafını təmin etmək üçün münbit şərait yaradılmışdır.
Ölkədə taxıl istehsalında fərqlənən rayonlardan biri də Ağstafadır. Son illər rayonda aparılan məqsədyönlü işlər nəticəsində taxıl istehsalı xeyli artmışdır. Bunu Ağstafa Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanovla olan söhbətimizdə də bir daha yəqin etdik. Mərkəzin direktoru bildirdi ki, rayonda taxılçılığa olan maraq ildən-ilə artır. Əkin sahələrinin həcmi genişləndirilməklə yanaşı, yüksək kondisiyalı toxumların əkilməsinə də diqqətlə yanaşılır. Bundan başqa, dövlət tərəfindən taxılçılıqla məşğul olan fermerlərə hər hektar üçün subsidiyaların verilməsi də bu sahənin inkişafında stimul yaradır. 
Öyrəndik ki, keçən il  taxıl sahələrindən 29 min 934 ton məhsul toplayan fermerlər buğda sahələrinin hər hektarından 34,1 sentner, arpa sahələrinin hər hektarından isə 19,9 sentner məhsul götürmüşlər. Bu uğurdan ruhlanan taxılçılar cari ildə 8 min 512,1 hektar sahədə taxıl yetişdirmişlər ki, onun da 5 min 734,5 hektarı buğda, 2 min 777,6 hektarı arpadır. 
Hazırda taxıl biçininin qızğın çağıdır. İyulun 10-na olan məlumata görə, 2996 hektar sahənin məhsulu biçilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. İlkin məlumata görə, məhsuldarlıq da xeyli yüksəkdir. Belə ki, hər hektardan 34,8 sentner taxıl götürülmüşdür. 
Artıq arpa biçini yekunlaşmaq üzrədir. Yalnız dağlıq ərazilərdə bir neçə hektar biçilməmiş arpa sahəsi qalıb. Rayon fermerləri bu sahədə də yüksək göstəricilərə nail olublar. Belə ki, əvvəlki ildən fərqli olaraq bu il arpa sahələrinin hər hektarından 26,1 sentner məhsul əldə edilmişdir.
Qeyd edək ki, hazırda taxıl sahələrində 43 kombayn işləyir. Yığımın mütəşəkkil aparılması üçün fermerlərə hər cür şərait yaradılmışdır. Əvvəlki illərdə olduğu kimi bu il də Dağ Kəsəmən, Köçəsgər, Qıraq Kəsəmən, Qırlı, Aşağı Kəsəmən, eləcə də Göyçəli kəndlərində bol məhsul yetişdirilmişdir. 
Göyçəli kəndində fermer Əsgər Abdullayev bu il 50 hektarda taxıl əkmişdir. Uzun illərdir ki, taxılçılıqla məşğul olan fermer sahələrdə bol məhsul yetişdirmişdir. Torpağın əkinə hazırlanmasından tutmuş məhsulun yetişdirilməsinə, eləcə də biçilməsinədək istifadə edilən bütün texniki vasitələr təsərrüfatın özünə məxsus olduğu üçün məhsulun maya dəyəri xeyli aşağı olur. Nəticədə təsərrüfat sahibi hər il xeyli qazanc əldə edir. Bu il də hər hektardan 35 sentner məhsul götürən Əsgər Abdullayev artıq biçini başa çatdırmışdır.
Ağstafa rayonunda digər kənd təsərrüfatı məhsulları istehsalında da yüksək göstəricilərə nail olunmuşdur. Bu il 477,3 hektarda qarğıdalı, 673 hektarda kartof, 1408 hektarda günəbaxan, 108 hektarda bostan, 708 hektarda tərəvəz əkən rayon sakinləri sahələrdən bol məhsul götürürlər. Heyvandarlığın yem bazasının gücləndirilməsi məqsədilə əlavə olaraq 1103 hektarda yonca bitkisi də əkilmişdir. Bununla da yonca sahələrinin ümumi sahəsi 4523 hektara çatdırılmışdır.
Rayonda üzüm bağlarının sahəsi də ildən-ilə artırılır. Hazırda rayon ərazisində 500 hektar üzüm bağı var. Bağların hamısı barverəndir. Bu il daha 3 hektar yeni bağ salınmışdır. Bundan başqa, 1300 hektar meyvə bağından toplanan məhsulun satışından rayon sakinləri xeyli qazanc əldə etmişlər. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video