Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17 min 359 bakalavrdan 13 min 286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 14038 yerin 94.64 faizi dolub. Bu, son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.63 faiz, 2021-ci ildə isə 92.95 faiz olub.
Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Məsələn üçün, neft-qaz mühəndisliyi, gəmiqayırma, istehlak mallarının ekspertizası, fövqəladə hallar, hava nəqliyyatı, pedaqogika, mexanika, biologiya, torpaqşünaslıq və aqrokimya, filologiya, sosiologiya, psixologiya, balıqçılıq, bədən tərbiyəsi, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi, çox işlənən malların texnologiyası və aktyor sənətinə uyğun olan 2, 7, 21, 24, 25, 27, 30, 34, 35, 38, 42, 48, 52, 54, 57, 60, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100 faiz) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı istilik energetikası, dəmir yolu nəqliyyatı, dağ-mədən mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması və kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi sahələrinə aid 4, 8, 29, 64, 65 saylı proqramlara ayrılmış plan yerlərinin 50 faizdən çoxu boş qalıb. Bu proqramlar üzrə də plan yerlərinin dolmayacağı məlum idi.
Ümumiyyətlə, qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam (100 faiz) dolub.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərbi Kaspi universitetlərində plan yerləri 95 faiz və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstitutuna (66.67 faiz) aiddir.