Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
-Mikayıl müəllim, Azərbaycan iqtisadiyyatının durumu hər bir vətəndaşımızı düşündürən məsələdir. Bizim gəlirlərimiz, iş yerlərimiz, gündəlik həyatımız və gələcək planlarımız bundan asılıdır. Bu mövzuda İctimai Televiziyaya və Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəyə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik.
-Çox sağ olun.
-Azərbaycan çox böyük həcmdə strateji valyuta ehtiyatına malikdir və ölkənin xarici borc səviyyəsi çox aşağıdır. Bu da ölkəyə xarici təsirlərdən, şoklardan qorunma immuniteti, dayanıqlıq verir. Digər tərəfdən isə bu, istifadə olunmamış inkişaf potensialı kimi qiymətləndirilir. Bu iqtisadi yanaşma orta və uzunmüddətli perspektivdə nələri vəd edir?
-Sualı “biz haradan gəlirik və hara gedirik” kimi cavablandırmaq istərdim. Düşünürəm ki, biz hədəflərimiz barədə danışarkən, “ölkə iqtisadiyyatını necə görmək istəyirik?” sualı ortaya çıxır. Bu sualın cavabı da ondan ibarətdir ki, ölkə iqtisadiyyatını bir tərəfdən möhkəm maliyyə təməlinə söykənən, digər tərəfdən isə şaxələndirilmiş formada, yəni hər hansı bir təbii sərvətin, – bizim halda bu neft-qazdır, – yaxud hər hansı bir sektorun üzərində deyil, bir sıra sağlam əsaslara malik iqtisadi sektorların mövcudluğunda görmək istəyirik.
Digər tərəfdən, biz istər iqtisadçı, istər dövlət siyasətini həyata keçirən struktur, istərsə də vətəndaş mövqeyindən yanaşsaq, yəqin ki, hər bir vətəndaş üçün ən vacib olan amil iqtisadiyyatın yeni iş yerləri yaratmaq potensialıdır. Burada bəlli səviyyədə bilik və bacarıq tələb edən, ləyaqətli həyat üçün yol açan iqtisadi imkanlardan söhbət gedir.
Təbii olaraq, burada növbəti sual ondan ibarətdir ki, buna necə nail olmalıyıq? Çünki bir çox hallarda, qeyri-neft sektorunun inkişafı barədə prioritet istiqamət kimi danışırıq. Amma təbiidir ki, burada hər bir sahə prioritet ola bilməz. Biz aydın şəkildə öz güclü və zəif tərəflərimizi, o cümlədən vaxt amilini təhlil edərək, ölkə iqtisadiyyatında istər sənaye, istər xidmət sahəsində prioritet sektorların yaradılmasını əsas tuturuq.
Burada bizim imkanlarımız və məhdudiyyətlərimiz nələrdir. İmkanlarımıza siz toxundunuz. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uzun illər ərzində uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycanın möhkəm makroiqtisadi və makrofiskal dayanıqlılığı təmin edilib. Bəli, bizim valyuta və qızıl ehtiyatlarımız bu gün ölkənin ümumi daxili məhsulunu (ÜDM) üstələyən həcmdədir. Son illərin dinamikası onu göstərir ki, bütün xarici şoklara, böhranlara baxmayaraq, ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır. Bu bizim ümumi mənzərəmizdir.
Digər tərəfdən, daxili bazarımızın həcmi məhduddur. Başqa sözlə, uğurlu və dayanıqlı iqtisadi model yalnız daxili bazara köklənən model ola bilməz. Burada mütləq şəkildə ixracyönümlü iqtisadi modeldən danışmalıyıq və ixracyönümlülük yalnız fiziki mal və məhsulların istehsalı və ixracı ilə məhdudlaşmamalıdır. Bu, o cümlədən ölkə daxilində göstərilən xidmətlərin ixracyönümlü olması mənasına da gəlir. Bunun gözəl nümunəsi turizm sektorudur və yaxud maliyyə, yaxud digər peşəkar xidmətlər sektorudur ki, burada mal və məhsul istehsalı deyil, xidmət göstərilməklə ölkəyə xarici valyuta axını, sadə dillə desək, gəlirin təmin edilməsi həyata keçirilir.
Təbii ki, biz bu barədə danışacağıq. Bu hədəflərə nail olmaq üçün bir sıra elementlər, yəni dövlət siyasətinin aydın və sabit olması, həm dövlət, həm özəl investisiyalar, insan kapitalı və bacarıqları vacibdir. Çünki istənilən iqtisadiyyat rəqabətli qiymətə və keyfiyyətə malik olan məhsulların, xidmətlərin istehsal edilməsi bacarığı ilə ölçülür. Xüsusilə də neft-qaz sahəsindəki kimi ənənələrimizin, dərin ekspertizamızın olmadığı sahələrdə bu, birmənalı və birbaşa olaraq vətəndaşlarımızın, şirkətlərimizin, iqtisadi aktorlarımızın nou-hau, texnologiya, yaxud bilik və bacarıq səviyyəsinə bağlanır.
-Hazırda ümumi daxili məhsulda qeyri-neft-qaz sektorunun hansı istiqamətləri, hansı sahələri üstünlük təşkil edir? Siz qeyri-neft-qaz sektorunu və prioritet sahələr məsələsini qeyd etdiniz. İqtisadi inkişafın davamlılığını qorumaq üçün ənənəvi sahələrlə yanaşı, hansı digər istiqamətləri gücləndirməyə ehtiyac var? Bu istiqamətdə investisiyalar hansı rol oynaya bilər?
-Yenə də böyük mənzərədən danışsaq, bizim başlanğıc nöqtəmizə və bu gün olduğumuz vəziyyətə nəzər salmağımız faydalı olar. Əgər 2025-ci ildə iqtisadiyyatımızın, ümumi daxili məhsulun strukturuna nəzər salsaq görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. Biz 20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 faizə çatmırdı, 43,5–43,6 faiz civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur. Baxmayaraq ki, qeyd etdiyim bu 20 illikdə, – yəqin xatırlayırsınız, – ölkədə kifayət qədər böyük və bizim müasir iqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb.
Bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verib. Lakin bu gün o, bizi qane edən səviyyədədirmi? Deyil. Ona görə də burada "hansı sahələri biz aparıcı və prioritet sahələr kimi görürük?" sualı əsas sual kimi ortaya çıxır. Burada düşünürəm ki, bir az öncə qeyd etdiyim prioritet sahələrin müəyyənləşdirilməsi inklüziv prosesdir. Başqa sözlə, bu, tək bir nazirlik səviyyəsində deyil, vahid hökumət koordinasiyası şəklində həyata keçirilən fəaliyyətlə, o cümlədən İqtisadi Şura mexanizmi vasitəsilə formalaşır və icra edilir. Biz ölkəmizdə bir sıra sahələri bu gün prioritet sahələr kimi görürük; dövlətin istər institusional dəstək mexanizmlərini, istər diqqətini və sahibkarlara yönəlmiş təşviqini daha çox bu sahələrə yönəltməyə çalışırıq.
Burada mən, ilk növbədə qeyri-neft sənayesini qeyd edərdim. Çünki sirr deyil ki, istənilən ölkənin sənaye potensialı onun iqtisadi dayanıqlılığını təmin edir. Azərbaycana gəldikdə, bizim bir sıra üstünlüklərimiz var. Onların əksəriyyəti bir çox digər sektorlara da aid ola bilər. Lakin sənayenin özəlliyi ondan ibarətdir ki, ticarətdən fərqli olaraq, bu, daha uzunmüddətli baxış tələb edir. Çünki qoyulan sərmayələrin qaytarılması prosesi daha uzundur. Bilik, bacarıq, texnologiya, mühəndislik, məhsul istehsalı, məhsulu marketinq edib bazara çıxarmaq imkanı – yəni özündə, əgər belə demək olarsa, insan kapitalına və nou-hauya bağlı olan sahələri inkişaf etdirir. Azərbaycanın üstünlüklərinə gəldikdə, burada siyasi sabitlik, makroiqtisadi və makrofiskal sabitlik elementləri, sənaye üçün çox münasib olan enerji qiymətləri, infrastruktur təminatı kimi amillər bu gün ölkəmizin üstün tərəflərini təşkil edir.
Qeyri-neft-qaz sənayesindən danışarkən, dağ-mədən sektorunun inkişafında da böyük potensial görürük. Bunun həm təbii, həm də tarixi səbəbləri var. Təbii səbəb ondan qaynaqlanır ki, ölkəmiz dağ-mədən sahəsində vacib olan geoloji ehtiyatlarla zəngindir. Tarixi səbəb dedikdə isə mən onu nəzərdə tuturam ki, bizim böyük Zəfərimizdən öncə Azərbaycan Respublikasının geoloji ehtiyatlarının yalnız cüzi bir həcminə çıxışımız var idi. Çünki dağ-mədən sahəsi üçün əksər geoloji ehtiyatlarımız, o cümlədən qızıl, mis, gümüş, ola bilsin ki, kritik minerallar, – əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşir. Bu gün biz artıq qısa müddət keçməsinə baxmayaraq, o sahənin verdiyi nəticələri görürük. Biz bu sahədə çox nikbinik və onu da xatırladım ki, möhtərəm Prezidentimizin aprel ayında imzaladığı müvafiq Sərəncama əsasən hazırda dağ-mədən sənayesinin və metallurgiyanın inkişafı üzrə, – çünki bunlar bir-biri ilə bağlı olan sahələrdir, – dövlət proqramı layihəsinin hazırlanması yekun mərhələdədir.
Həmçinin mən burada kimya sənayesini də qeyd etmək istərdim. Bunun əsas səbəbi ondan ibarətdir ki, ölkədə zəngin xammal potensialı var. Bu da bizim təbii neft və qaz sektorunun fəaliyyətindən irəli gəlir - bir sıra yüksək dəyər yarada bilən sahələr, yəni polietilen, polimerlər, polipropilen və bir sıra yan məhsullar üçün zəngin bazamız mövcuddur.
Kənd təsərrüfatını qeyd etməmək olmaz. Bu, həm bizim üçün ənənəvi fəaliyyət növüdür, – qeyd etdiyimiz kimi, burada müvafiq bilik və bacarıqlar var, – həmçinin qeyri-neft ixracında çox mühüm mövqeyə malik olan bir sahədir. Digər tərəfdən, möhtərəm Prezidentimizin bu yaxınlarda təsdiqlədiyi müvafiq dövlət proqramına əsasən buraya həm dövlət tərəfindən zəruri olan tənzimləmə, kapital qoyuluşu və infrastruktur dəstəyi verilir, həmçinin özəl sektorun sərmayələri cəlb olunur. Biz Azərbaycanın münbit iqlim şəraitindən, coğrafi yerləşməsindən və mövcud ticarət sazişlərindən istifadə edirik və bu, bizim üçün prioritet sahə kimi görünür.
Xidmətlər sahəsinə gəldikdə, burada nəqliyyat-logistikanı qeyd etməliyik. Sirr deyil ki, ölkəmiz nəqliyyat qovşağına çevrilib. Bu, özlüyündə böyük nailiyyətdir. Ona görə ki, bizim təbii yerləşməmiz – yəni açıq dənizə çıxışımızın olmaması fonunda ölkəmizin bu gün istər Orta Dəhliz çərçivəsində, istərsə də Şimal-Cənub marşrutunda nəqliyyat qovşağına çevrilməsi öz-özünə baş verməyib. Bu, həyata keçirilən uzunmüddətli siyasətin nəticəsidir və buradan irəli gələn bir çox potensial dəyər hələ də tam reallaşmayıb.
Turizmi mən artıq qeyd etdim. Bu sahədə də detallara getmədən onu qeyd edə bilərəm ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Azərbaycana gələn turistlərin sayının artırılmasından başlayaraq ölkədaxili turizm infrastrukturunun inkişafına qədər məsələləri əhatə edən bir yanaşma mövcuddur.
İki sahəni isə mən sektor kimi deyil, daha çox fundamental şərt kimi qeyd edərdim. Bunlardan biri rəqəmsallaşma, müvafiq olaraq İKT və data mərkəzləri ilə bağlı olan istiqamətdir. Çünki artıq rəqəmsallaşmanı iqtisadiyyatın ayrı bir sektoru kimi deyil, daha çox uğurlu iqtisadi fəaliyyətin zəruri şərti kimi görürük. Digəri isə təbii olaraq enerjidir. Mən bunu xüsusi olaraq neft-qaz deyil, məhz enerji şəklində vurğulayıram. Çünki bu da demək olar ki, bütün iqtisadi sahələr üçün zəruri şərtlərdən biridir və bu nöqteyi-nəzərdən biz həmin sahələri də prioritetlərə aid edirik.

-Cənab nazir, siz qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafı mövzusuna toxundunuz. Rəqəmlər doğrudan da kifayət qədər yüksəkdir. Eyni zamanda, bu məhsulların ölkəyə valyuta gətirməsi məsələsindən, yəni ixrac potensialından danışdınız. Biz nəyi və haraya daha çox ixrac etmək istəyirik? Hökumətdə, dövlətdə belə bir nöqtə varmı ki, biz ona sıçrayış nöqtəsi deyə bilək? Tutaq ki, bu nöqtəyə çatdıq – bu artıq o deməkdirmi ki, bizdə müəyyən bir səviyyəyə keçildi?
-Yaxşı sualdır. Biz ixraca baxdıqda, hər zaman çalışırıq ki, ayrıca olaraq məhz qeyri-neft-qaz məhsullarının ixracını təhlil edək. Çünki neft-qaz məhsulları ilə bağlı şərtlər kifayət qədər bəlli və şəffafdır. Yəni ixrac edilə bilən həcm və onun dünya bazarlarında formalaşan qiyməti ortadadır. Bizim iqtisadi siyasət alətləri ilə hər iki amilə təsir etmək imkanlarımız kifayət qədər məhduddur.
Qeyri-neft məhsullarının ixracına gəldikdə, bu, birbaşa olaraq dövlətin tətbiq etdiyi müvafiq iqtisadi siyasət və dəstək alətləri ilə təsir edilə bilən bir amildir. Üçüncü bir blok da var ki, o, iqtisadi diskussiyalarda bəzi hallarda unudulur – bu da xidmətlərin ixracıdır. Əslində, bu, kifayət qədər böyük bir elementdir. Mən bunun artıq bəzi nümunələrindən danışdım: turizm, peşəkar xidmətlər və sair.
Biz dinamikaya baxdıqda görürük ki, məsələn, ölkə son altı il ərzində qeyri-neft ixracını təxminən iki dəfə artırmağa nail olub. Bu il də həmin artım dinamikası davam edir. Cari ilin dörd ayı ərzində qeyri-neft ixracının həcmi 17 faizdən çox artıb. Bu, kifayət qədər yüksək sürətdir. Burada biz hər zaman, həmçinin qeyri-neft ixracının keyfiyyətinə, yəni onun hansı məhsullardan ibarət olması məsələsinə fokuslanırıq.
Qeyd etdiyim kimi, ölkənin iqtisadi dayanıqlılığı, yəni bizim əsas hədəfimiz həmin məhsulların çeşidinin artırılmasından qaynaqlanır. Məhsulların çeşidinin artırılması ilə yanaşı, ixrac coğrafiyasının genişləndirilməsi məsələsi də xüsusi önəm daşıyır. Sirr deyil ki, dünya ticarətində, xüsusilə də qeyri-neft məhsullarında bütün ölkələr müəyyən tarif baryerləri tətbiq edirlər. Ona görə də bizim əksər satışlarımız azad və ya preferensial ticarət sazişimiz olan ölkələrlə həyata keçirilir. Çünki bu tərəfdaşlarla ticarətdə qarşılıqlı olaraq idxal tarifi tətbiq edilmir.
Biz bu gün nəzər salsaq görərik ki, azad ticarət sazişlərimiz yalnız postsovet ölkələri ilə mövcuddur. Bu, bir tərəfdən bizim qeyri-neft ixracımızın coğrafi imkanıdırsa, digər tərəfdən məhdudlaşdırıcı bir amildir. Biz müvafiq olaraq, preferensial ticarət sazişləri vasitəsilə bu coğrafiyanın genişləndirilməsinə üstünlük veririk. Hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi dövlətlərlə artıq preferensial ticarət sazişləri çərçivəsində bir sıra məhsullar üzrə belə bir dinamika var və biz həmin ölkələrə qeyri-neft ixracının həcminin artmasını müşahidə edirik.
İkinci element ölkənin istehsal edə biləcəyi, həm də rəqabətqabiliyyətli şəkildə istehsal edə biləcəyi məhsullarla bağlıdır. Bu, sizin əvvəlki sualınızda səsləndirdiyiniz investorlar və investisiyalar məsələsinin bir hissəsidir. Çünki biz investisiyalar dedikdə, bir qayda olaraq, adətən özəl və xüsusilə də birbaşa xarici investorları nəzərdə tuturuq. Həqiqət isə ondan ibarətdir ki, bizim kontekstdə dövlət özü çox böyük investordur.
Özəl investorlara gəldikdə, biz özəl investisiyaların təşviqini çox vacib hesab edirik. Ona görə ki, onlar özləri ilə yalnız kapital gətirmirlər. Kapitala gəldikdə, Azərbaycanın bu gün toxunduğumuz maliyyə imkanlarından çıxış etsək, kifayət qədər kapitalımız var. Lakin investorlar həm də bilik və bacarıqlar gətirirlər. Yəni söhbət ölkəmizdə bu gün ya istehsal olunmayan məhsulların istehsal edilməsindən, yaxud yeni texnologiyaların tətbiqi hesabına mövcud məhsulların istehsalının artırılmasından və maya dəyərinin aşağı salınmasından, bütövlükdə bu kimi elementlərdən gedir.
Burada, təbii olaraq, rastlaşdığımız çağırışlar var. Çünki yenə də söhbət imkanlardan və çağırışlardan gedir. İmkanlar ondan ibarətdir ki, ölkəmizdə müvafiq biznes mühiti, qanunvericilik və ən əsası, ölkənin investorlarla münasibətdə böyük tarixi və nüfuzu var. Bu da ilk növbədə bizim “Əsrin müqaviləsi”ndən irəli gələn, enerji sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərlə bağlıdır. Azərbaycan hər zaman imza atdığı bütün sazişlərə sadiq qalıb.
Bəzi çağırışlarımız da var. Çağırışlardan biri yenə də ölkədəki daxili bazarın həcminin müəyyən mənada məhdudluğudur. Ona görə də biz əmin olmalıyıq ki, investorlar yalnız ölkəmizin daxili bazarında fəaliyyət göstərmir, eyni zamanda, burada yerləşərək xarici bazarlara, ixrac bazarlarına da çıxış əldə edə bilirlər. Digəri isə maliyyə əlçatanlığı məsələsidir. Çünki biz, bir qayda olaraq, investisiya dedikdə, adətən xarici investorun və ya müəssisənin özü ilə kapitalın 100 faizini də ölkəyə gətirdiyini nəzərdə tuturuq. Amma bu belə deyil. Əslində, beynəlxalq təcrübə ondan ibarətdir ki, səhmdarın özünün yatırdığı kapital bütöv sərmayənin yalnız müəyyən bir hissəsini – təxminən 30-50 faiz arasında dəyişən bir məbləği təşkil edir. Yerdə qalan maliyyə isə daxili maliyyə bazarlarından kredit şəklində cəlb edilir və həmin sərmayələr məhz bunun hesabına həyata keçirilir. Burada, təbii olaraq, maliyyə əlçatanlığı, yəni xüsusilə sənaye sektorundan danışırıqsa, uzunmüddətli kreditlərin mövcudluğu və onların müvafiq faiz dərəcələri aparıcı amillərə çevrilir. Biz bu nöqteyi-nəzərdən hər zaman ixrac potensialımızın artırılmasını özəl investisiyaların cəlb edilməsi potensialı ilə tutuşdururuq və ona görə də bu, bizim üçün əsas amillərdən biridir. Biz həmin dinamikanı hər zaman izləyirik. Xoş xəbər ondan ibarətdir ki, özəl sərmayələrin dinamikası getdikcə artır.
Əsas anlayışa gəldikdə isə biz qəbul etməliyik ki, ixrac sıçrayışı bir günün işi deyil. Biz eyni anda onun dörd əsas elementi üzərində işləməyi hədəfləyirik: məhsulun keyfiyyətli olması, həmin məhsulun tanınması və yaxud brendin inkişaf etdirilməsi, müvafiq və etibarlı nəqliyyat bağlantısı ilə digər logistika elementlərinin etibarlılığı və nəhayət, qeyd etdiyim kimi, maliyyə əlçatanlığı. Çünki bu maliyyələşmə yalnız sərmayə mərhələsində deyil, həmçinin ticarətin və ixracın həyata keçirilməsi mərhələsində də zəruridir. Azərbaycanın ticarət balansı dayanıqlı olaraq profisit göstərir. Başqa sözlə, bizim dünya bazarlarına ixrac etdiyimiz məhsulların dəyəri idxal etdiyimiz məhsulların dəyərini üstələyir. Bu da ölkəni kifayət qədər komfortlu vəziyyətdə saxlayır, o cümlədən istər milli valyutanın məzənnəsinin qorunmasına, istərsə də qiymət sabitliyinə öz müsbət töhfəsini verir. Bölgəyə nəzər salsaq, bir çox ölkələrdə yaşanan yüksək inflyasiya və yerli valyutanın dəyərsizləşməsi kimi amillərin məhz ticarət balansındakı profisit deyil, defisitdən qaynaqlandığını görərik. Bu nöqteyi-nəzərdən ölkəmizin kifayət qədər möhkəm bünövrəsi var.
-Siz dəstək alətlərini sadaladınız. Bəs qarşıya qoyulan əlavə hədəflərə çatmaq üçün bizə yeni bir təkan verəcək başqa nə ola bilər? Belə bir mexanizm varmı?
-Biz bəzi alətlərimizi yəqin ki hələ tam istifadə etməmişik, onlar müxtəlif mərhələlərdədir. Nümunə kimi deyək ki, ölkənin sənayesinin və müvafiq olaraq ixrac potensialının inkişafı üçün bilirsiniz ki, sənaye zonaları konseptindən istifadə edirik. Xüsusilə ixraca yönəlmiş və ixtisaslaşmış Ələt Azad İqtisadi Zonası kimi mühüm institusional mexanizmlər dövlət investisiyaları ilə bağlı nümunə göstərilə bilər. Lakin dövlət sərmayələri yalnız birbaşa iqtisadi səmərə yaradan sahələrə yönəlmir. Buraya həm sosial infrastruktur, həm təhlükəsizlik sahəsi, həm də Böyük Qayıdış üçün zəruri olan sərmayələr, – yol tikintisindən tutmuş, azad olunmuş ərazilərə qayıdan vətəndaşlarımızın yaşayacağı mənzillərə qədər, – daxildir. Əgər biz ixracı və sənaye inkişafını təşviq edən elementlərə qayıtsaq, hər iki mövcud zonanı, – sənaye zonalarını və azad ticarət zonasını daimi alət kimi görürük və onların iqtisadi səmərəliliyinin artırılması üzərində işləyirik. Bu da investorların cəlb edilməsi vasitəsilə həyata keçirilir.
Bundan əlavə, təbii ki, dövlət çalışır ki, dəyişən dinamikaya cavab olaraq yeni alətlər əlavə etsin. Bir az öncə biz, məsələn, maliyyə əlçatanlığı barədə danışdıq, bank kreditlərinə toxunduq. Hazırda bank kreditlərinin faizlərinin subsidiyalaşdırılması mexanizminin genişləndirilməsi üzrəyik. Bu bizim üçün yeni alət deyil. Biz bundan ilk dəfə geniş şəkildə COVID pandemiyası dövründə istifadə etdik və bu öz nəticələrini verdi. Bu gün də biz yenə də bu alətin genişləndirilməsinə qayıtmışıq. Onun yalnız işğaldan azad olunmuş ərazilərdə və ya seçilmiş sahələrdə deyil, daha geniş tətbiq edilməsini istəyirik.
Qeyd etmək istədiyim ikinci məsələ logistika və nəqliyyat xərclərinin qarşılanmasına, yaxud azaldılmasına və sabitləşməsinə yönəlmiş tədbirlərdir. Biz hazırda onlara fəal şəkildə baxırıq. Üçüncü və hazırda müvafiq diskussiyalarda olan məsələyə dair hələ qərar qəbul edilməyib, lakin ümid edirik ki, bu, uğurla başa çatacaq. Bütün müəssisələrin – vergiödəyicilərimizin əlavə dəyər vergisi (ƏDV) hesabları var. Ölkəmizdə müvafiq qanunvericilik mexanizminə əsasən əlavə dəyər vergisi hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər, xüsusilə də sosial sığorta ödənişləri üçün istifadə imkanını nəzərdən keçiririk. Bu alətlər tətbiq edildiyi halda, təbii olaraq sahibkarın əlavə maliyyə vəsaitinə olan ehtiyacı azalır, yaxud əksinə, imkanları genişlənir. Sahibkar da onu daha fəal şəkildə biznesin böyüməsinə yönəldə bilər.
Mövcud və uğurla istifadə olunan digər alət investisiya təşviqi mexanizmləridir. Burada dövlət tərəfindən müəyyənləşdirilmiş prioritet sahələrdə sərmayə qoyuluşu həyata keçirildiyi təqdirdə sahibkarlara bir sıra vergi və gömrük idxal güzəştləri verilir. Həmçinin bilirsiniz ki, bir sıra ərazilərimizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında geniş vergi azadolmaları paketi tətbiq edilir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə istifadə olunan alətlərimizdən biri də sahibkarlara güzəştli kreditlərin verilməsidir. Təbii olaraq, biz onu bazarın tam tələbatı həcmində təmin edə bilmirik, amma bu, kifayət qədər yüksək rəqəmdir. Hər il bu şəkildə 200 milyon manatdan çox kredit verilir. Həmin kreditlər böyük layihələrə deyil, daha çox kiçik və orta sahibkarlara təqdim edilir. Böyük layihələrə gəldikdə, dövlət sərmayəçi qismində, minoritar payçı kimi öz kapital riskini qəbul edir və biz bu alətdən də fəal istifadə edirik.
Xüsusilə qeyri-neft sektoru barədə danışırıqsa, qısamüddətli və ortamüddətli dövrdə bizim ixrac potensialımızın artırılmasına töhfə verəcək layihələr arasında mən Daşkəsən dəmir filizi zavodunun inşasını qeyd etmək istərdim. Bu, kifayət qədər böyük sərmayə – təxminən 2 milyard manat civarında qiymətləndirilən bir layihədir. Əgər dağ-mədən sahəsi ilə davam etsək, işğaldan azad olunmuş ərazilərimizdə Zod yatağının işlənilməsi ilə həyata keçirilən layihəni də buraya aid edə bilərik. Bunlarla yanaşı, alüminium istehsalının mövcud səviyyədən iki dəfə artırılmasına yönəldilmiş layihəni də nümunə kimi qeyd etmək istərdim və digər layihələrin də hazırda fəal fazada olduğunu demək mümkündür.
Bir element də burada yaşıl enerji ilə birbaşa bağlıdır. Bilirsiniz ki, ölkəmizdə enerji keçidi kifayət qədər uğurla baş verir. Belə ki, xarici investorların sərmayələri hesabına artıq inşa edilmiş və fəaliyyətdə olan iki böyük enerji stansiyası mövcuddur. Bunlar "Masdar" şirkəti tərəfindən tikilmiş 230 meqavatlıq Günəş və "ACWA Power" tərəfindən tikilmiş 240 meqavat gücündə olan külək elektrik stansiyalarıdır. İşğaldan azad olunmuş ərazilərdə hazırda bp, SOCAR və digər sərmayədarların iştirakı ilə "Şəfəq" layihəsi də həyata keçirilir. Bu layihələr ölkədaxili enerji təchizatına töhfə verməklə yanaşı, indiyə qədər elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın emal həcmini azaldır və beləliklə, ölkənin ixrac imkanlarını genişləndirir. Onu da qeyd etmək istəyirəm ki, biz gələcəkdə Azərbaycanı yalnız enerji istehsalçısı kimi deyil, həm də bir enerji habı, yəni enerji qovşağı kimi görürük. Burada söhbət yalnız yaşıl enerjidən getmir, neft və qaz infrastrukturu da daxil olmaqla, ənənəvi enerji növləri üzrə də bu gün artıq real layihələr həyata keçirilir.
-Hazırda neft hasilatı azalır. Düzdür, bəzi geosiyasi proseslərin təsiri nəticəsində qiymətlər yüksəlir, amma ehtimal edilir ki, bu artım müvəqqətidir, keçicidir. Sözsüz ki, bu sektorun ümumilikdə Azərbaycan üçün əhəmiyyəti böyükdür. Ona görə hamıya maraqlıdır: neft-qaz sektorunun perspektivləri nədən ibarətdir?
-Təşəkkür edirəm. Həqiqətən vacib sualdır. Çünki ilk növbədə neft-qaz sektoru bu gün də bizim iqtisadiyyatımızda çox böyük rola malikdir. Mən qeyd etdim, bu sektor ümumi daxili məhsulun (ÜDM) 30 faizini təşkil edir ki, bu da çox böyük bir göstəricidir. Digər tərəfdən, o, ölkə gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Bu, sırf iqtisadi nöqteyi-nəzərdən belədir, amma digər tərəfdən də aydındır ki, uzun onilliklər ərzində bu sahənin hər hansı bir real alternativi yoxdur. Öz iqtisadi siyasətimizi qurduqda biz buna bu şəkildə yanaşmalıyıq: neft-qaz sektorunun önəmini qəbul edərək öz inkişafımızı xarici bazarlarda, dünya bazarlarında məhsulun qiymətinin yuxarı və ya aşağı olması meyarlarına bağlamamalı, həll yolunu iqtisadiyyatın dayanıqlılığının təmin edilməsində görməliyik.
Neft ehtiyatlarımıza və neft-qaz sahəsində gedən proseslərə gəldikdə, biz hasilatımızın pik həddini 16 il bundan əvvəl keçmişik. Bu, 2010-cu ildə olub və ölkədə 51 milyon tona yaxın neft hasil edilib. Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə bu göstərici 27,7 milyon ton təşkil edib. Bəli, o dövrlə müqayisədə təbii qazın hasilatı da əhəmiyyətli dərəcədə artıb. Lakin dəyər ifadəsi ilə yanaşsaq, bunlar bir-birini tam əvəzləyən amillər deyil. Mövcud yeni şəraitdə mən bu sahədəki strategiyamızı iki hissəyə bölərdim.
Birincisi ondan ibarətdir ki, Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var. Bizim yeni layihələrimiz də işə salınacaq, mövcud layihələrin isə davamlı fəaliyyəti təmin olunacaq. “Azəri-Çıraq-Günəşli” yatağından dərin qaz hasilatının başlanması, “Abşeron” layihəsinin tam miqyasda işlənilməsi, “Babək” yatağında hasilata başlanılması, “Ümid” yatağında ikinci fazanın icrası, “Bahar” və “Qum-Dəniz” layihələrindəki zəngin resursların istismarı, həmçinin “Qarabağ” layihəsi üzrə işlər fəal şəkildə davam etdirilir. Bu, məsələnin bir tərəfidir və ona görə də ölkəmiz hələ uzun illər, onilliklər etibarlı neft-qaz istehsalçısı və ixracatçısı olacaq.
Digər tərəfdən onu da unutmamalıyıq ki, indiyə qədər biz ölkəmizdə neft-qaz hasilatını ənənəvi üsullarla həyata keçirmişik. Son onillikdə bu sahədə baş verən qeyri-ənənəvi hasilat metodlarını bu günə qədər tətbiq etməmişik, amma bunlar hazırda öyrənilir. Ölkəmizin ərazisində bununla bağlı müvafiq resurslar var. SOCAR ilə bir sıra xarici tərəfdaşlar arasında bu istiqamətdə müxtəlif anlaşma memorandumları və çərçivə sazişləri bağlanıb. Amma mən bu hissəni xüsusi vurğulamaq istəyirəm ki, iqtisadiyyatımızın və gəlirlərimizin planlaşdırılmasında biz bu layihələrə sadəcə bir bonus kimi baxmalıyıq. Bu olmasa belə, bizim ana xəttimiz şaxələndirilmiş və bir çox sektorlarda rəqabətədavamlı məhsul istehsal edə bilən iqtisadiyyat qurmaqdır. Gəlin, ona bir bonus kimi baxaq – o reallaşmasa da, biz əsas hədəflərimizə mütləq nail olacağıq.
Strategiyanın ikinci hissəsi ondan ibarətdir ki, biz ölkəmizin bu sahədəki çoxəsrlik ənənələrini, bilik və bacarıqlarını, dünya və regional bazarlardakı mövqelərini itirmək niyyətində deyilik. Məhz buna görə də bizim bu sahədəki aparıcı qurumumuz olan SOCAR-ın fəaliyyətinin son dövrlərdə xarici bazarlara doğru genişləndiyini, daha fəal şəkildə həyata keçirildiyini görürsünüz. Əgər 18 il əvvələ nəzər salsaq, qardaş Türkiyənin enerji bazarına çıxış və SOCAR-ın bu gün Türkiyədə ən böyük enerji sərmayəsinə, ən müasir neft emalı zavoduna, yeganə neft-kimya kompleksinə, logistik terminallara və aparıcı magistral boru kəmərlərinə sahib olması məhz həmin uzunmüddətli strategiyanın başlanğıcı idi və qeyd olunanlar onun təzahürüdür.
Lakin bu gün SOCAR artıq yalnız emal infrastrukturunda deyil, hasilat sahəsində də xarici bazarlarda, müxtəlif layihələrdə pay əldə edir. Bu il Birləşmiş Ərəb Əmirliklərində və ilk dəfə olaraq Afrika qitəsində — Kot-d'İvuarın böyük bir yatağında sərmayə layihələrinə start verilib, həmçinin İsraildə həyata keçirilən qaz hasilatı layihəsində iştirak təmin olunub və bu fəaliyyət davam etdiriləcək. Çünki düşünürük ki, Azərbaycandakı hasilat bazamız, bilik və bacarıqlarımız, ümumilikdə ölkəmizin beynəlxalq müstəvidə oynadığı rol buna tam imkan verir.
Gəlin unutmayaq ki, biz bu gün dünyanın 16 ölkəsini təbii qazla təchiz edir, onların enerji təhlükəsizliyinə töhfə veririk. Xüsusilə indiki kimi geosiyasi nöqteyi-nəzərdən həssas dövrlərdə bu amil ölkəmizin rolunu daha da artırır. Bu mənada biz bu fəaliyyəti xeyriyyəçilik kimi həyata keçirmirik. Dünənə qədər ölkəmizdə hasil olunan resursların ixracı hesabına qazandığımız vəsaitin azalan hissəsini xarici bazarlarda aktiv fəaliyyət göstərib sərmayə yatırmaqla kompensasiya edirik. Bunun müqabilində mülkiyyət hüququ və səhmləri 100 faiz dövlətə məxsus olan şirkət ölkəmizə dividendlər gətirir.
Bu, xüsusi bir istiqamətdir və mən bu sırada bir çox uğurlu layihələri sadalaya bilərəm. Onlardan zaman baxımından ən yaxın olanı, İtaliya bazarında 35 faiz paya malik, iki neft emalı zavodu və bir neçə min yanacaqdoldurma stansiyasından ibarət nəhəng bir qurumun – “İtaliana Petroli” şirkətinin satın alınmasıdır. Bu fəaliyyət davamlı olacaq. Həmçinin qardaş Özbəkistanda “Uzbeknefteqaz” və bp ilə birlikdə Üstyurd yatağının işlənilməsinə dair sazişin imzalanmasını qeyd etmək olar. Yəni bu fəaliyyətlər davamlı xarakter daşıyır.
Digər tərəfdən, mən qeyd etdim ki, ölkəmizdə mövcud olan nəqliyyat və neft nəqli infrastrukturunun imkanlarından daha fəal istifadəni nəzərdə tutmalıyıq. Azərbaycanın yerləşdiyi Xəzər hövzəsində neft və qaz yataqları yalnız bizdə deyil, həm də qonşularımızdadır və bu istiqamətdə kifayət qədər münbit imkanlarımız, geniş əməkdaşlığımız var. Bu gün istər Türkmənistanda, istərsə də Qazaxıstanda hasil olunan neft həcmləri ölkəmizin infrastrukturu vasitəsilə nəql edilərək xarici bazarlara çıxarılır. Təbii olaraq, bu, həm enerji infrastrukturu bağlantısını təmin edən Orta Dəhlizin vacib bir elementidir, həm də donanmamızın və limanlarımızın, nəqliyyat infrastrukturumuzun fəallığına xidmət edir.
Ona görə də ölkəmizin neft-qaz sahəsinin gələcəyini nikbin görürük. Sadəcə olaraq, düşünürəm ki, artıq bu sahəyə sırf neft-qaz deyil, daha geniş - enerji sektoru kimi yanaşmalıyıq. Çünki insanların, şirkətlərin və müəssisələrin enerjini istehlak etmə formaları dəyişir, biz də buna mütləq hazır olmalıyıq.
Bir müddət bundan öncə ölkəmizdə bu sahədə son illərin, yəqin ki, ən böyük sərmayə tutumlu layihəsi olan yeni neft emalı zavodunun tikintisi barədə müvafiq qərar razılaşdırılıb və qəbul olunub. Bu nöqteyi-nəzərdən biz təxminən 5-6 il ərzində layihənin başa çatdırılmasını gözləyirik. Bu, tam müasir və artıq belə demək olarsa, günümüzün tələblərinə cavab verən neft emalı zavodu olacaqdır. Burada söhbət yalnız sənaye və ekoloji standartlardan deyil, həm də biznes model baxımından müasir tələblərə uyğunluqdan gedir. Zavod maye yanacaq məhsulları ilə yanaşı, neft-kimya məhsullarının yeni nəslini də istehsal edəcək. Hazırda müvafiq hökumət komissiyasının əlaqələndirməsi ilə bu layihənin dövlətin dəstəyi ilə SOCAR tərəfindən həyata keçirilməsinə başlanılıb.

-Cənab nazir, son dövrlərdə ən tez-tez eşitdiyimiz terminlər rəqəmsallaşma və süni intellektdir. Bunlar bütün dünyanın trendidir və Azərbaycan da təbii ki, bu prosesdən geri qalmır. Bəs rəqəmsallaşma və süni intellekt dövlət, iqtisadiyyat və sahibkarlar qarşısında hansı yeni imkanları açır, həmçinin hansı çağırışları yaradır? Xüsusilə insan kapitalı və insan resursları ilə bağlı bu müstəvidə Azərbaycan dövlətinin baxışı nədən ibarətdir?
-Qeyd etdiyim kimi, rəqəmsallaşma artıq iqtisadiyyatın ayrıca bir sektorundan ümumi iqtisadiyyatın və iqtisadi aktorların fundamental savadlılıq elementinə çevrilir və zəruri bir elementdir.
Biz istənilən sahədə uğurla fəaliyyət göstərən lider şirkətləri, - istər daxili, istər regional, istərsə də dünya bazarında fəaliyyət göstərən şirkətləri, - nümunə götürə bilərik. Enerji, nəqliyyat, sənaye istehsalı və kənd təsərrüfatı sahələrində biz elə bir lider şirkət tapa bilmərik ki, öz liderlik mövqeyini qorumaq və inkişaf etdirmək üçün rəqəmsallaşma, həmçinin süni intellekt alətlərindən istifadə etməmiş olsun. Yəni bu məsələyə baxışın kökündə məhz o dayanmalıdır ki, iqtisadi aktorlarımızın, sadə dillə desək, müəssisələrimizin və sahibkarlarımızın gündəlik fəaliyyətində bu keçid artıq təmin edilib və uğurla həyata keçirilir.
Dövlət bunu qəbul edərək və müəyyən mənada əvvəlcədən görərək, 2025-ci ilin dekabrında Azərbaycan Respublikasında müvafiq dövlət proqramını – Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramını qəbul edib. Bu, həqiqətən maraqlı proqramdır. Mən indi, icazənizlə, onun detalları barədə danışmayacağam. Amma bir nümunə vermək istərdim. Məsələn, proqramda nəzərdə tutulan tədbirlərdən biri ondan ibarətdir ki, 2026-cı il ərzində seçilmiş 15 müəssisə üçün rəqəmsal transformasiya yol xəritəsi hazırlanır və həyata keçirilir.
Bu nədir? Nəyə görə mən məhz bu tədbiri vurğulayıram? Biz bununla bazarda artıq fəaliyyət göstərən uğurlu şirkətlərə rəqəmsal həllərin tətbiqi sayəsində öz gəlirlərini və istehsal həcmini hansı dərəcədə artıra biləcəklərini, çəkdikləri xərcləri necə azaldacaqlarını və bununla da hansı müsbət iqtisadi səmərəni əldə edəcəklərini əyani şəkildə göstərməyi hədəfləyirik.
Digər tərəfdən, siz süni intellektə və data mərkəzlərinə toxundunuz. Bəli, Azərbaycan bu istiqamətdə əlaqələndirilmiş fəaliyyət yürütməyi hədəfləyir. Bilirsiniz ki, möhtərəm Prezidentimizin müvafiq Sərəncamı və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin rəhbərliyi ilə ölkədə Rəqəmsal İnkişaf Şurası yaradılıb və onun qarşısında duran bir sıra mühüm vəzifələr müəyyən edilib. Süni intellektin tətbiqi üçün zəruri olan data mərkəzlərinin inkişafı hazırda üzərində işlədiyimiz prioritet layihələrdəndir.
Azərbaycan bir tərəfdən də öz daxili ehtiyaclarının ödənilməsini hədəfləyir. Burada söhbət yalnız iqtisadiyyatla məhdudlaşmır. Vətəndaşlarımıza göstərilən bir çox xidmətlər də bu gün data mərkəzlərinə olan tələbatı artırır. Bu sahə çox sürətlə inkişaf etdiyinə görə düşünürük ki, əminliklə demək olar, ildən-ilə, hətta aydan-aya həm imkanlar, həm də ehtiyaclar artacaq. Lakin Azərbaycanın imkanı var ki, həm qeyd etdiyim sabit investisiya mühitinə görə, həm əlçatan və münbit qiymətlərlə enerji təchizatına görə, – çünki data mərkəzlərinin əməliyyat xərclərinin böyük hissəsini məhz enerji xərcləri təşkil edir, – nəhayət, telekommunikasiya bağlantılarına görə, həmin xidmətlərin ixracatçısı kimi də çıxış etsin və qonşu ölkələrə bu xidmətləri təqdim etsin. Düşünürəm ki, bu, gələcək illərdə ən sürətlə inkişaf edəcək sahələrdən biri olacaq.
Möhtərəm Prezidentimizin həm 2026-cı ilin yanvarında Davos İqtisadi Forumunda, həm də fevralında Münxen Təhlükəsizlik Konfransında keçirdiyi bəzi görüşlərin məntiqi nəticəsi olaraq, - öncədən hansısa böyük anonslar vermək istəməzdim, - bu ilin əvvəlindən sürətləndirilmiş və artıq yekun mərhələdə olan işlər sayəsində yaxın aylarda dünyanın tanınmış, - məşhur da demək olar, - texnoloji tərəfdaşları ilə yeni, o cümlədən süni intellektin tətbiqini nəzərdə tutan data mərkəzlərinin rəsmi anonsu veriləcək.
Superkompüter infrastrukturunun inkişafı və ondan istifadə uğurla həyata keçirilir. Bu gün İqtisadiyyat Nazirliyində mövcud olan superkompüterdən istifadədə görürük ki, aidiyyəti dövlət qurumlarından və özəl sektordan gələn sorğu və tələbat artıq mövcud texniki imkanları üstələyir. Bu, çox yaxşı xəbərdir. Bu onu göstərir ki, iqtisadiyyatımızda, elm və təhsil sistemimizdə, dövlət idarəçiliyində, tibb xidmətlərinin göstərilməsində, vergi və gömrük fəaliyyətinin tənzimlənməsində və bir sıra digər sahələrdə süni intellektə əsaslanan həllərin tətbiqi böyük sürətlə artır.
Bu məsələnin son və yəqin ki, ən vacib halqası yenə də insan kapitalı ilə bağlıdır. Çünki rəqəmsal transformasiya süni intellektə əsaslanan tətbiqlərin hazırlanması, mövcud bizneslərdə səmərəliliyin artırılması, yaxud yeni fəaliyyət sahələrinin yaradılması elm-təhsil sistemimizin, universitetlərimizin, həmçinin xarici tərəfdaş universitetlərlə əməkdaşlığın dərinləşməsini şərtləndirir.
-Mikayıl müəllim, iqtisadiyyatın rəqəmsal əsaslara keçməsi Azərbaycan dövləti üçün həm də kölgə iqtisadiyyatı ilə mübarizə demək idi. Yadımızdadır, bir neçə il bundan əvvəl bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürülürdü. Nəyə nail olduq, hazırda vəziyyət necədir və yeni planlar varmı?
-Bəli, kölgə iqtisadiyyatı ilə mübarizədə biz rəqəmsal həllərdən istifadə edirdik, istifadə edirik və düşünürəm ki, bundan sonra da istifadə edəcəyik. Xüsusilə analitika seqmentində pozuntuların erkən müəyyənləşdirilməsi, onların qarşısının alınması və dataəsaslı təhlillərin həyata keçirilməsi baxımından bu alətlər mühüm rol oynayır.
Bu istiqamətdəki nəticələri ölçmək üçün ən dürüst meyarı fiskal daxilolmalara – yəni vergi və gömrük yığımlarının müsbət dinamikasına nəzər salmaqla müşahidə edə bilərik. Digər tərəfdən, kölgə iqtisadiyyatı barədə danışarkən, xatırlayırsınızsa, xüsusilə "kölgədə" fəaliyyət göstərən vətəndaşlarımızın əmək müqaviləsi olmadan çalışmaları, sosial müdafiə sistemindən kənarda qalmaları məsələlərinə böyük diqqət yetirirdik. Çünki gələcəkdə bu, həm vətəndaşların pensiya yaşına çatdıqda hüquqlarının təmin edilməsi, həm də dövlətin onların sosial müdafiəsini təşkil etməsi baxımından vacib məsələdir.
Burada yəqin ki, ən böyük nəticə verən layihə 2019-cu ildən 2025-ci il də daxil olmaqla yeddi il ərzində tətbiq olunan qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad olması mexanizmi idi.
Hətta gözləntilərimizi üstələyən nəticələr əldə olundu. Belə ki, yeddi il ərzində ölkədə orta hesabla hər il bağlanılan daimi əmək müqavilələrinin sayı 70 mindən çox oldu. Təbii olaraq burada iqtisadi artımın da rolu var və bizim üçün dəqiqliklə demək çox çətindir ki, orta hesabla hər il 70 min və ya yeddi il ərzində 500 minə yaxın əmək müqaviləsinin hansı hissəsi iqtisadi artım və inkişafın, hansı hissəsi isə kölgədən çıxmanın hesabına formalaşıb. Lakin aydındır ki, bunun çox böyük hissəsi məhz kölgə iqtisadiyyatının azalması hesabına təmin edilib. Eyni dövrdə vergi daxilolmalarının da, sosial sığorta ödənişlərinin də kəskin artımı müşahidə edilib və paralel olaraq ölkədə orta əməkhaqqının da artımı baş verib. Kölgə iqtisadiyyatı barədə danışarkən, yəqin mən bunu belə formalaşdırardım ki, ənənəvi iqtisadi fəaliyyət sahələrində kölgə iqtisadiyyatının həcminin kifayət qədər azaldığını hesab edirik.
Lakin bu problem sona qədər həll olunmayıb. Bəli, rəqəmsal həllər bu sahədə dövlətin tənzimləmə və inzibatçılıq alətləri ilə yanaşı istifadə etdiyimiz əsas vasitələrdən biri olacaq. Nümunə olaraq elektron qaimə, elektron vergi, elektron imza, DOST, “ASAN xidmət” və “myGov” platformasını göstərə bilərik. Yəni bu gün bunlar sadəcə rahatlıq alətləri deyil, həm də kölgə əməliyyatlarının qarşısını alan inzibatçılıq süzgəcləridir. Ola bilsin ki, biz bəzi hallarda hər hansı alətdən istifadə edirik, amma onun ikinci, üçüncü funksiyasının nədən ibarət olduğuna kifayət qədər nəzər salmırıq.
-Bu ilin dörd ayı ərzində makroiqtisadi göstəricilər haqqında danışdınız. Bəs bu il üzrə gözləntilər nədir?
-Hazırda cari ilin dörd ayı üzrə rəqəmlərimiz və məlumatlarımız bizə bəllidir. Bu, adi il deyil. Onu da nəzərdə tuturam ki, ilin sonuna qədər xüsusilə enerji bazarlarında, həmçinin bundan təsirlənən gübrə və metal bazarlarında dəyişikliklər ola bilər. Bunlar hamısı Azərbaycanın istehsal və ixrac etdiyi məhsullardır. Amma digər tərəfdən, kənd təsərrüfatı sahəsində istehsal olunan məhsulların ilin sonuna qədər dinamikasını öncədən bilmək çox çətindir. Yəni məlum səbəblər - Körfəzdə olan böhran yalnız neftin və qazın qiymətinə, yaxud bazarlara çıxarılmasına deyil, həmçinin gübrənin qiymətinə və həcminə təsir edir. Bu nöqteyi-nəzərdən ilin sonuna qədər proqnoz vermək bir qədər çətindir.
Düşünürəm ki, inflyasiya gözləntiləri ilə bağlı təsirlər ola bilər və burada söhbət Azərbaycanın daxili inflyasiyasından deyil, daha çox dolların inflyasiyası ilə bağlı qlobal tendensiyalardan gedir.
Bizim rəqəmlərə və mövcud vəziyyətə gəldikdə, ilin dörd ayında müşahidə edirik ki, artım templərinin gözləntilərimizdən nisbətən aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtlarının dəyişdirilməsi ilə bağlıdır. İcra edilməli olan bir sıra dövlət investisiyalarından qaynaqlanan tikinti fəaliyyəti növbəti mərhələdə həyata keçiriləcək.
Ona görə də ilin dörd ayında gördüyümüz dinamika ondan ibarətdir ki, bir sektorda kəskin azalma müşahidə edirik, bu, tikinti sektorudur. Yenə də vurğulamaq istəyirəm ki, bu azalma daha çox özəl tikinti ilə deyil, dövlət tikintisi ilə bağlıdır. Yəni başqa sözlə, biz bu prosesi anlayırıq, bunun səbəblərini bilirik və bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik. Yenə də bu, maliyyə-iqtisadi blokda fəaliyyət göstərən aidiyyəti qurumlarla birgə fəaliyyətimizin əsasını təşkil edir.
Digər bütün qeyri-neft-qaz sektorunda biz artım müşahidə edirik. Neft-qaz sektorunda isə ilk dörd ayda azalma qeydə alınıb. Ümumiyyətlə, vurğulamaq istəyirəm ki, qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib. Bunu biz 2025-ci ildə də gördük.
Daha uzun dövrü götürsək, 2021–2025-ci illərdə orta illik artım 6 faiz, 2022–2025-ci illərdə isə 5,7 faiz təşkil etdi. Biz bunu nə ilə müqayisə edirik? İki elementlə: birincisi, dünyadakı iqtisadi artım templəri ilə - bu, 2,9 faiz təşkil edib; ikincisi isə inkişaf etməkdə olan ölkələrlə müqayisədə - bu göstərici isə 3,8 faiz olub. Yuxarı ortagəlirli ölkələrdə isə həmin dövrdə bu rəqəm 3,9 faiz təşkil edib.
Yəni biz bunu özümüzün 5-5,7 faizlik artım göstəricilərimizlə müqayisə etdikdə, bu mənada deyə bilərik ki, qeyri-neft-qaz sektorunda ümumi orta artım templəri qənaətbəxşdir və bizi qane edir.
Artım tempinə görə aparıcı sektorları da sadalamaq istərdim. Qeyri-neft-qaz sənayesində builki artım templərini qeyd edə bilərik. İlk dörd ayda informasiya və rabitə sahəsində təxminən 9 faizə yaxın artım müşahidə olunub. Qeyri-neft-qaz sənayesində 7,8 faiz, nəqliyyatda 4,5 faiz, ticarətdə isə 3,7 faiz artım qeydə alınıb - yəni bu, kifayət qədər sağlam artım templəridir.
İlin sonuna qədər məlum səbəblərin aradan qaldırılmasına fokuslanacağıq ki, xüsusilə həm dövlət, həm də özəl tikinti sektorunda fəaliyyətin canlanması təmin olunsun.
Böhran turizm sektoruna da təsirsiz ötüşmür. Böhranın nəticələri var. Bunu obyektiv nəticə kimi qəbul etməliyik ki, həmin sektorda artım templərinin yavaşıması müşahidə olunur. Bunu proqnozlaşdırmaq kifayət qədər çətindir. Yəqin ki, bu, ölkəmizdəki deyil, daha çox bölgədəki vəziyyətdən asılı olacaq.
Lakin digər sahələrdə artım templərinin sürətləndirilməsini hədəfləyirik və ciddi maneə görmürük. Burada yenə xatırlatmaq istərdim ki, qeyri-neft-qaz ixracının sürətlə artırılması davam edir və ilin dörd ayında 17 faizdən yuxarı artım tempi müşahidə olunub. Biz bunu müsbət hal kimi qiymətləndiririk.
O da sirr deyil ki, son üç ayın yüksək neft-qaz qiymətləri də öz müsbət təsirini göstərəcək. Biz bəzi hallarda gəlirlərlə artım templərini eyniləşdiririk. Bunların arasında müəyyən əlaqə var, amma bu, heç də hər bir halda belə deyil.
Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik. Bu ehtiyatlar - Neft Fondunun və Mərkəzi Bankın rezervləri və şoklardan qorunma mexanizmləri - öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin olunmasına xidmət edir.
Bunun çox yaxşı nümunəsi işğaldan azad olunmuş ərazilərlə bağlıdır. Bu ərazilər dövlət büdcəsi üçün tamamilə yeni, həcmcə böyük sərmayə və xərc istiqamətidir. Amma biz iqtisadi baxımdan ona xərc deyil, investisiya kimi baxırıq. Çünki bu investisiya uzunmüddətli dövrdə, vətəndaşlarımızın qayıdışı, iqtisadi fəallığın bərpası və ərazilərin yenidən qurulması zamanı öz töhfəsini verəcək.
Əgər həmin ehtiyatlarımız olmasaydı, biz asanlıqla və gecikmədən dövlət büdcəsində yaranan əlavə xərcləri — konkret olaraq Dövlət Neft Fondundan və digər ehtiyatlardan təmin edə bilməzdik.

-Mikayıl müəllim, elə gəlin, bunu sizin fikrinizin davamı kimi formalaşdıraq: Qarabağın və Şərqi Zəngəzurun hazırda Azərbaycanın iqtisadi həyatına geri qaytarılması prosesi gedir. Bu, bizim iqtisadiyyata nə qazandıracaq?
-Bu, yaxşı sualdır. Sizin sualınızı cavablandıracağam, amma əvvəlcə icazə verin, öz versiyamı söyləyim.
Çünki mən düşünmürəm ki, bizim üçün bu qayıdış sadəcə iqtisadi məqsədlər daşıyırdı. Bu qayıdış və bu sərmayələrin həyata keçirilməsi, sözün ən yaxşı mənasında, bizim milli ideyamız idi. Mənim fikrimcə, biz dövlət kimi məhz bu gün bu hədəf və bu fəaliyyət üçün yaşayırdıq. Biz buna möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin, şanlı Ordumuzun və xalqımızın sayəsində nail olmuşuq.
Biz iqtisadi baxımdan sualı bu şəkildə qoyuruq: bu sərmayəni, bərpa və rekonstruksiya prosesini hansı ardıcıllıqla həyata keçirməliyik ki, o, mümkün olan optimal iqtisadi nəticəni versin? Çünki buna sırf iqtisadi modellə yanaşsaq ki, oraya qoyulan hər bir qəpiyin növbəti 5, 7, 12 ildə dövlət büdcəsinə geri ödənişini təmin edə biləcəyik - məncə, bu, bir qədər fərqli məsələdir.
Lakin qayıdışın ilk və əsas şərti iqtisadi dayanıqlılıqdır. İqtisadi dayanıqlılıq dedikdə isə qayıdan vətəndaşımızın, – istər kəndli olsun, istər fermer, – iş yerinin və ya iqtisadi fəallığının təmin edilməsi nəzərdə tutulur. Çünki bu, qayıdışın dayanıqlılığını dönməz etməlidir.
Bu məqsədə çatmaq üçün hansı alətlərdən istifadə etdik? İlk növbədə iqtisadi rayonlara daxil olan hər bir rayonumuzun iqtisadi ixtisaslaşmasını ortaya qoymağa çalışdıq: Kəlbəcər üçün bir, Laçın üçün bir, Cəbrayıl üçün başqa, Ağdam üçün isə daha fərqlisini. Bunun nəticəsində, gördüyünüz kimi, iki sənaye parkı yaradıldı. Ağdamda yaradılan sənaye parkı məhz həmin bölgənin sənaye potensialının inkişaf etdirilməsini əsas tutduğumuzu göstərir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı isə daha çox nəqliyyat, logistika və Zəngəzur dəhlizinin fəaliyyətindən irəli gələn iqtisadi sahələri əhatə etmək, onlara xidmət göstərmək üçün nəzərdə tutulub.
Səmimi söyləyim ki, Ağdam Sənaye Parkındakı rezidentlərin və artıq fəaliyyət göstərən müəssisələrin sayına görə göstəricilər gözləntilərimizdən aşağı deyil, əksinə, üstündür. Bu gün Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib və onlardan 13 müəssisə hazırda fəaliyyət göstərir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına gəldikdə isə orada 20 rezident və 3 qeyri-rezident var. Biz bunu nə ilə müqayisə edirik? Biz müqayisə edirik ki, ən qocaman və nəhəng parkımız olan Sumqayıt Sənaye Parkından sonra Ağdam Sənaye Parkı rezidentlərin sayına görə artıq ikincidir.
İkinci böyük istiqamət onunla bağlıdır ki, dövlətimiz işğaldan azad olunmuş ərazilərdə infrastruktur təminatını möhtərəm Prezidentimizin rəhbərliyi ilə ehtiyac yarandıqca deyil, planlı şəkildə "öncədən yol açmaq" prinsipi ilə həyata keçirib. Bu gün oraya səfər edən hər birimiz görürük ki, enerji təchizatı, yol infrastrukturu, həmçinin qayıdan vətəndaşlarımız üçün sosial infrastruktur - bunların hamısı prinsip etibarilə uzunmüddətli sərmayədir və həqiqətən də bu mənada böyük iqtisadi səmərəsi olacaq.
Vurğulamaq istədiyim üçüncü məsələ dağ-mədən sənayesidir. Biz inanırıq ki, həmin ərazilərimizin bu mənada çox böyük potensialı var. Məsələn, Şahbulaqda daş karxanalarının, Dövlətyarlı əhəngdaşı yatağının, Xocalıda üzlük daş yataqlarının istismara başlanılması buna nümunədir. Həmçinin Ağdərədə işğal dövründə qeyri-qanuni istismarda olmuş “Dəmirli” Filiz Emalı Kompleksində fəaliyyətin başlanılmasını, Zod yatağı ilə bağlı prosesləri də qeyd etmək olar. Hazırda Qubadlıda və Laçında əhəngdaşı yataqlarının istismarına başlanılır. Növbəti illərdə dağ-mədən sənayesində mineralların istehsalı ilə bağlı ciddi layihələrin həyata keçirilməsini görəcəyik.
Kənd təsərrüfatı sahəsində, xüsusilə həm heyvandarlıq, həm də bağçılıq sahələrində intensiv bağların kifayət qədər geniş vüsət aldığını görürük. Yevlaxda istifadə etdiyimiz pilot aqropark modelini artıq işğaldan azad olunmuş ərazilərdə də həyata keçirməyi qərara almışıq.
Bu məsələdə düşünürəm ki, bizim xidmət sektoru da nəzərdən qaçmamalıdır. Çünki hamımızın hər zaman qeyd etdiyi turizmlə yanaşı, işğaldan azad olunmuş ərazilərə gələrkən əslində yeni bir modeli – Xankəndidə Qarabağ Universiteti layihəsini də görürük. Belə ki, şəhər-universitet, universitet-şəhər modelini həyata keçirməyimiz, fikrimcə, uzunmüddətli dövrdə bizə böyük iqtisadi dividendlər də verəcək.
Çünki bu, yalnız o şəhərin canlanması, orada tələbə və müəllim-professor heyətinin formalaşması deyil, həmçinin yaradıcı iqtisadiyyatın faktiki olaraq oraya gətirilməsidir. Nəzərə almaq lazımdır ki, həm Qarabağda, həm də Şərqi Zəngəzurda bizim hər zaman yaradıcılıqla bağlı tərəfimiz güclü olub.
Düşünürəm ki, bugünkü iqtisadi model və yanaşmalar, xüsusilə də Qarabağ Universitetində təhsilin müxtəlif dillərdə həyata keçirilməsi və onun mövcud iqtisadi ekosistemlə bağlantısı, o bölgənin iqtisadi potensialının artırılmasına çox böyük töhfə verəcək.
Növbəti mərhələdə biz Böyük Qayıdışa dair İkinci Dövlət Proqramı çərçivəsində, bir az öncə qeyd etdiyim vergi, gömrük, sosial ödənişlər və kommunal bağlantılar üzrə güzəştləri nəzərdə tutaraq, güzəşt müddətlərinin uzadılmasını, yeni təşviq mexanizmlərinin tətbiqini, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini, o cümlədən kredit faizlərinin subsidiyalaşdırılması və digər alətləri, geoloji tədqiqatların davam etdirilməsini və insan kapitalının gücləndirilməsini əsas hədəflər kimi müəyyənləşdirəcəyik.
-Müsahibə zamanı ən çox işlətdiyiniz sözlərdən, terminlərdən biri məhz sahibkarlıq idi. Ona görə də son sualımız da sahibkarlıqla bağlıdır. Dövlət tərəfindən sahibkarlığın inkişafı üçün hansı addımlar atılır və nəticələr necədir? Bu sahədə hansı çətinliklər var və onları necə həll etmək, necə yoluna qoymaq fikrindəsiniz?
-Mənim üçün sahibkarlıqla bağlı uğurun və yaxud uğursuzluğun əsas ölçü meyarlarından biri özəl sektorun vergi ödənişləridir. Nəyə görə? Bu, bir az qeyri-adi, hətta sahibkara qarşı bir az qeyri-dost yanaşma kimi səslənə bilər, ona görə də istərdim fikrimi izah edim. Məsələ ondan ibarətdir ki, vergi bazası iqtisadi fəallıqdan irəli gəlir. Əgər mənfəət, iqtisadi fəallıq yoxdursa, vergi də yaranmır. Bu mənada bizi sevindirən amil özəl sektorun vergi ödənişləri ilə fəaliyyətin səmərəliliyi arasındakı birbaşa bağlılıqdır. Bunların həm artım sürəti, həm də dövlət büdcəsinə ödənişləri dolayısı yolla sahibkarlığın inkişaf tempinin göstəricisidir.
Bəs bu templər və yaradılan iş yerləri o deməkdirmi ki, sahibkarın problemi yoxdur, dövlət özəl sektorun yaradılması üçün pul xərcləməyib? Əgər sahibkarın ehtiyacı olmasaydı, o, iş yerini nə nazirin əmri ilə, nə xahişi ilə, nə də, üzr istəyirəm, göstərişi ilə yaradan deyildi. Ona görə də biz dövlət dəstək alətlərini müəyyənləşdirərkən çalışırıq diaqnostikadan başlayaq: sahibkar üçün hansı çətinlik var və biz hansı problemi həll etmək istəyirik? Çünki problemdən asılı olaraq alət də dəyişir. Elə buna görə də istər Naxçıvanda, istər işğaldan azad olunmuş ərazilərdə, istər sənaye parklarında, istərsə də kənd təsərrüfatı sektorunda geniş vergi və gömrük güzəştləri mövcuddur. Bu onu göstərir ki, biz sahibkarların ya o coğrafi ərazilərə getməsini, ya da məhz həmin fəaliyyət növləri ilə məşğul olmasını istəyirik.
Yəni ümumiyyətlə, iqtisadiyyatda qanuni olduğu müddətdə pis fəaliyyət növü yoxdur. Gətirəcəyim nümunəni mənfi mənada demirəm, amma ticarət sektoru ilə sənaye sektorunun, həmçinin tikinti sektoru ilə sənaye sektorunun fərqi var. Çünki ticarətdə siz pul dövriyyəsini kifayət qədər qısa müddətdə həyata keçirirsiniz, sənaye sahəsində isə qoyduğunuz sərmayəni ən yaxşı halda 7-8 ildən sonra geri qaytara bilmək üçün böyük və uzunmüddətli vəsait yatırmalısınız. Biz məhz uzun müddətdə ölkə iqtisadiyyatına, bəhs etdiyimiz hədəflərə xidmət göstərən fəaliyyət növlərinin təşviqinə çalışırıq. Həm də çalışırıq ki, sahibkarın da bu gün buna gücü çatsın.
Güzəştli kreditlər və faiz subsidiyaları məhz həmin maliyyə əlçatanlığı məsələsindən irəli gəlir - düşünürük ki, ehtiyacı var, veririk. Kreditlərə dövlət zəmanəti mexanizmini tətbiq edirik, çünki bir çox sahibkarın girovla bağlı problemləri olur və biz girovu olmayan sahibkarlar üçün bankların əminliyini artırmaq məqsədilə bu zəmanəti təmin edirik. İnvestisiya təşviqi sənədi üzrə də layihələrin siyahısı və istiqamətləri müəyyənləşib; əgər siz həmin layihələrə pul qoyursunuzsa, bu güzəştləri təqdim edirik. Startaplarla bağlı şəhadətnamələrin verilməsinin də bəlli bir müsbət nəticəsi var.
İkincisi, onu qeyd etmək istəyirəm ki, sahibkarlarla dialoq formatı bizim üçün nəinki faydalı, həm də çox zəruridir. Ona görə də nazirliyimizin aidiyyəti strukturları həm kiçik və orta bizneslə bağlı, həm də ümumilikdə sahibkarlıq siyasəti ilə yaxından məşğul olur. Onu bilmək lazımdır ki, nəhəng, beynəlxalq investorla kiçik və yaxud orta sahibkarın bəzi ehtiyacları eyni olsa da, bəziləri çox fərqlidir və bütün bunları tək bir alətlə əhatə etmək mümkün olmur.
Mövcud çətinlikləri də açıq şəkildə qəbul edirik. Artıq qeyd etdiyim kimi, maliyyəyə çıxış məsələsi var, həmçinin bəzi yerlərdə və hallarda düşünürük ki, dövlət tənzimləməsi tələb olunandan çoxdur. Tez-tez rastlaşdığımız üçüncü məsələ isə ondan ibarətdir ki, bir sıra sahələrdə dövlət qurumları bazar iştirakçısı kimi çıxış edir. Eyni sahədə həm özəl sektor, həm də dövlət müəssisəsi fəaliyyət göstərirsə, burada şərtlərin bərabərliyinin və sağlam rəqabət mühitinin təmin olunması məsələsi ortaya çıxır.
Yenə də rəqəmlərə dönək və deyək ki, cari ildə biz nə görürük? Biz görürük ki, cari ilin dörd ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15 faizdən bir az çox artıb. Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1 faizə yüksəlib. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, özəl kapital dövlət investisiyalarını bir tərəfdən üstələyir, digər tərəfdən əgər keçən illə müqayisədə özəl sektordan gələn sərmayə 15 faiz artıbsa, deməli, ya perspektiv görür, ya şəraiti münbit kimi qəbul edir, ya da hər ikisi. Yəni bu nöqteyi-nəzərdən düşünürük ki, doğru istiqamətdə gedirik. Lakin bir daha vurğulayım ki, mənim baxışım dövlət məmurunun baxışını əks etdirir. Bizə çox vacibdir ki, sahibkarların səsini eşidək. Bununla bağlı yenə də müvafiq işçi qruplarımız mövcuddur, onlar Baş nazirin müavininin rəhbərliyi ilə fəaliyyət göstərir, biz onların işində fəal iştirak edirik. Burada ona görə mediada da sahibkarların mövcud problemlərinin işıqlandırılmasının bizim üçün bir çox hallarda böyük faydası olur.
-Cənab nazir, həm öz adımızdan, həm də həmkarlarımızın adından bu müsahibəyə görə sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
-Təşəkkür edirəm, çox sağ olun.