15 Oktyabr 2024 09:30
149
COP29
A- A+
COP29 bəşəriyyətin xilası üçün həlledici fürsətdir

COP29 bəşəriyyətin xilası üçün həlledici fürsətdir



Azərbaycan daha bir qlobal tədbir ərəfəsindədir. Ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıqlar yüksək səviyyədə davam edir. Prosesin mühüm tərkib hissəsi kimi bu günlər Pre-COP29 konfransı da uğurla keçirildi. Bu, əsas tədbirin hazırlıq mərhələsi olub, ölkələr və maraqlı tərəflər arasında COP sammitində müzakirə ediləcək mövzuları, hədəfləri formalaşdırmaqdan ötrü təşkil olunur.

Pre-COP tədbiri iştirakçıların rəsmi sammitdən əvvəl mövqelərini bir daha nəzərdən keçirmələri, müzakirə olunacaq məsələləri təhlil etmələri və ortaq razılıqlara gəlmələri üçün platforma yaradır. Pre-COP mərhələsində ölkələr arasında danışıqlar aparılır, əsas müzakirə mövzuları üzərində razılaşmalar əldə olunur. Beynəlxalq tərəflər iqlim dəyişikliyi ilə bağlı öhdəliklər, maliyyə dəstəyi, emissiyaların azaldılması kimi məsələlər üzrə ortaq mövqeyə gəlməyə çalışırlar. 

Bu baxımdan bir neçə gün əvvəl keçirilən Pre-COP, Azərbaycanın bu ilin noyabrında evsahibliyi edəcəyi COP29 ərəfəsində müxtəlif ölkələrin və beynəlxalq təşkilatların iqlim dəyişikliklərinə qarşı mübarizədə hansı addımlar atacağını müzakirə etdikləri mühüm bir hazırlıq platforması kimi öz missiyasını uğurla yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pre-COP29 tədbiri iştirakçılarına müraciəti isə bu tarixi tədbirin ən mühüm sənədlərindən biri kimi daim xatırlanacaq, müraciətdə öz əksini tapmış fikirlər gələcəyə doğru istiqamət verəcək. 


Azərbaycan da iqlim dəyişikliyindən zərərçəkən ölkədir


Azərbaycan Prezidentinin Pre-COP29 tədbirinə müraciəti geniş və çoxşaxəlidir. Burada iqlim dəyişikliklərinin yaratdığı qlobal problemlərdən bəhs edilir və Azərbaycanın bu sahədəki fəaliyyətləri vurğulanır. Cənab İlham Əliyevin müraciətində bu gün bütün dünyanı təhdid edən iqlim dəyişikliyi probleminin dəqiq təsviri verilir, qlobal perspektivləri aydın göstərilir. Məlum olduğu kimi, müasir dünyamızda iqlim dəyişikliyi problemi bütün qitələrdəki ölkələrə müəyyən səviyyədə təsir göstərsə də, bu problemin xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirləri daha böyükdür. Azərbaycan Prezidentinin müraciətində bu məqam xüsusi vurğulandı: "Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir".

Qeyd edək ki, göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə müvafiq olaraq COP28, COP29 və COP30-un sədrləri qismində BƏƏ, Azərbaycan və Braziliya tərəfindən "İqlim Üçlüyü" də təsis olunub. Belə bir yanaşma müvafiq məsələlərin qlobal çərçivədə kompleks şəkildə müzakirəyə çıxarılaraq gündəmdə saxlanmasına, bu istiqamətdə beynəlxalq səylərin birləşdirilməsinə, problemlərin həllinə şərait yaradır. 

Müraciətdə həmçinin iqlim dəyişikliklərinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda ciddi maneələr yaranması qeyd edilir ki, bu da ölkələrin sosial-iqtisadi dayanıqlılığını zəiflədən əsas amillərdəndir.

Azərbaycan da iqlim dəyişikliklərinin ciddi təsirlərinə məruz qalan ölkələrdəndir. Müraciətdə də qeyd edildiyi kimi, ölkəmiz su qıtlığından doğan ciddi ekoloji problemlərlə üzləşib. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və çayların suyunun azalması buna bariz nümunədir. Azərbaycan Prezidentinin müraciətində bununla bağlı məqamlara yer verilməsi, ölkənin daxili vəziyyətini qlobal problemlərlə əlaqələndirərək müraciətin məzmununun lokal kontekstini də formalaşdırır.


Azərbaycanın qlobal iqlim fəaliyyətinə dəstək əzmi


Prezident İlham Əliyevin müraciətində Azərbaycanın bu problemlərə qarşı cavab tədbirləri, iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv addımları barədə də ətraflı yer verilir. Məlum olduğu kimi, məsələnin aktuallığından irəli gələrək 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu il çərçivəsində bütün ölkə boyu bir sıra ekoloji xarakterli tədbirlər həyata keçirilir. Azərbaycan külək və günəş enerjisindən istifadə üzrə ardıcıl layihələrlə bərpaolunan enerji sahəsindəki potensialını da genişləndirməkdədir. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonaları elan olunması, həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd" kimi layihələr postkonflikt dövründə azad yurdlarımızda aparılan bərpa və quruculuq işlərinin məhz ekoloji prinsiplərə əsaslandığını göstərir. Bu məqam həm də Azərbaycanın neft və qaz gəlirlərini "yaşıl enerji"yə yönəltməsi ilə əlaqədar balanslaşdırılmış inkişaf yolunu seçdiyini göstərir.

Prezident İlham Əliyevin müraciətində ölkəmizin qlobal iqlim fəaliyyətinə dəstək əzmi də öz ifadəsini tapır. Azərbaycanın COP29-a evsahibliyi etmək üçün namizədliyini irəli sürməsi və bu namizədliyin qlobal səviyyədə yekdilliklə dəstək qazanması da bunun təsdiqidir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal rol oynadığını, etibarlı tərəfdaş kimi çıxış etdiyini nümayiş etdirir. 

"Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək. İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP-una hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir.

COP29 sədrliyi "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir" - Azərbaycan Prezidenti müraciətində bildirir.


"Rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik"


Dövlətimizin başçısının müraciətində də öz əksini tapmış mühüm bir məqamı xatırladaq ki, bu gün Azərbaycanın qlobal istixana qazı emissiyalarında payı cəmi 0,1 faizdir. Bununla belə, ölkəmiz qlobal səylərə önəm verir. İqlim dəyişikliyinə əhəmiyyətli təsir göstərmədiyi halda bəşəriyyətin gələcəyini təhdid edən problemlərin vaxtında aradan qaldırılması üçün qlobal səylərin birləşdirilməsinə çalışır. Bütün bunlar ölkəmizin, dövlət başçımızın gələcəyə strateji baxışından, gələcək qarşısındakı məsuliyyətdən irəli gəlir.  

Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi də hazırlayıb. Dövlət başçımızın müraciətində də qeyd edildiyi kimi, mövcud geosiyasi gərginlik fonunda "COP atəşkəsi çağırışı"nın aktuallığı daha da artır. Bu ilin sentyabrında Bakıda həmçinin İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.

Hazırda qarşıda duran əsas vəzifə isə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir. Azərbaycan Prezidentinin çıxışında ölkələrin qərarlara təsir mexanizmi də aydın təsvir edilir və bildirilir ki, COP29-un sədri qismində nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz: "Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ "Şamaxı məsləhətləşmələri" iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər".

Azərbaycan Prezidentinin müraciətində bəyan edilir ki, Bakı COP-u multilaterializm üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı razılaşma əldə olunmalıdır. "Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın - "Bakı Sazişi"nin əldə olunmasını gözləyirəm" - cənab İlham Əliyev bildirir.

Prezidentin çıxışında irəli sürülən təşəbbüslər, o cümlədən Yeni Kollektiv Kəmiyyət Hədəfinə nailolma hədəfi, "COP atəşkəsi çağırışı", "Bakı Sazişi" platformaları Azərbaycanın beynəlxalq əməkdaşlığa hazır həllərlə açıq olduğunu və qlobal istiləşməyə qarşı qlobal səylərə dəstək verməkdə qətiyyətliliyini göstərir. 


"Vaxt itirməyə haqqımız yoxdur"


Prezident İlham Əliyevin müraciətində bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək üçün apardığı qarayaxma kampaniyalarına da münasibət bildirilir, bütün bunların ölkənin iqlim dəyişikliklərinə qarşı mübarizəsinə mane ola bilməyəcəyi vurğulanır. Bu məqam Azərbaycanın beynəlxalq arenada özünü müdafiə etmək əzmini, iqlim dəyişikliklərinə qarşı davamlı mübarizəyə sadiqliyini göstərir.

"COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur".

Azərbaycan Prezidentinin Pre-COP29-a müraciəti qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın aktiv mövqeyini və bu istiqamətdəki təşəbbüslərini vurğulayır. Ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, daxili ekoloji siyasətini də möhkəmləndirmək məqsədi güdür. Müraciətin əsas çağırışı qlobal həmrəylik və əməkdaşlıq ruhunda bəşəriyyət naminə iqlim dəyişikliklərinə qarşı birlikdə mübarizə aparmaqdır. Ümid edirik ki, dünya ictimaiyyəti gələcək qarşısındakı mühüm məsuliyyətini anlayacaq və COP29-la bütün dünyada iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir dövr başlanacaq. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

BMT: Yəməndə vəba epidemiyasından ən azı 720 nəfər ölüb

15:21
16 Oktyabr

XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

15:06
16 Oktyabr

Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

14:50
16 Oktyabr

Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər ölüb

14:36
16 Oktyabr

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq işləri müzakirə edilib

14:35
16 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:34
16 Oktyabr

Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb

14:21
16 Oktyabr

Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam

14:20
16 Oktyabr

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub  

14:18
16 Oktyabr

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!