16 Oktyabr 2024 08:45
149
CƏMİYYƏT
A- A+
"Yaşıl yol"la COP29-a doğru

"Yaşıl yol"la COP29-a doğru


Paytaxtda mikromobilliyin təmini üçün sürətli və effektli işlər görülür


Azərbaycan beynəlxalq əhəmiyyətli mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlaşır. İndiyədək bir çox qlobal əhəmiyyətli konfranslara, iclaslara, tədbirlərə evsahibliyi ilə uğurlu nümunə yaratmış Azərbaycanın COP29-a sədrlik etməsi ilə bağlı yekdilliklə verilən qərar da bundan yaranan etimadın, inamın ifadəsidir. 

Hər kəs əmindir ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə keçirəcək. Elə ötən il qərar veriləndən sonra dövlət başçısının tapşırıqlarına əsasən, ölkəmizdə COP29-a hazırlıqla bağlı işlərə başlanılıb, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Artıq beynəlxalq konfransa bir aydan da az müddət qalır və paytaxtımıza gələcək 80 mindən çox qonağın rahatlığı üçün görülən işlər daha da genişləndirilib və sürətləndirilib. 

Elə COP29 ərəfəsində avtomobillərin maneəsiz və rahat gediş-gəlişinin təmin olunması məqsədilə yollarda xüsusi zolaqların salınması da bu qəbildəndir. COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına əsasən, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək konfransla bağlı paytaxtın bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir iştirakçılarını daşıyan nəqliyyat vasitələri üçün ayrılıb. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcəklər. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər. Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.

Hər kəsə məlumdur ki, COP bu gün dünyanı təhdid edən iqlim dəyişikliklərinin yaratdığı fəsadların müzakirəsi, mənfi təsirlərin aradan qaldırılması istiqamətində dünya ölkələrinin bir araya gələrək problemlərin həllinə çalışmaları və üzərlərinə müəyyən öhdəliklər götürərək əməli addımlar atmaları üçün ən böyük tədbir olmaqla yanaşı, həm də planetimizin qorunması üçün əla fürsətdir. Tədbir çərçivəsində bu istiqamətdə görüləcək bütün işlər isə sağlam gələcək naminədir.

Azərbaycan insanların sağlamlığı, qlobal istiləşmənin fəsadlarının minimuma endirilməsi ilə bağlı irəli sürdüyü beynəlxalq və yerli əhəmiyyətli layihələrin təşəbbüskarı kimi nəinki regionda, eyni zamanda dünyada qabaqcıl ölkələrdən hesab olunur. Neft ölkəsinin "yaşıl enerji"ni təbliğ və təşviqi istiqamətində atdığı addımlar bunu bir daha sübut edir. Bundan başqa, ölkəmizdə son illərdə havanı çirkləndirən avtomobillərdən, yanacaqlardan istifadənin azaldılması, elektromobillərə üstünlük verilməsi ilə bağlı dövlət tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir, həmçinin yollarda mikromobillik vasitələrindən istifadənin genişləndirilməsi məqsədilə xüsusi zolaqlar ayrılır və bu zolaqların uzunluğu getdikcə artmaqdadır. Təbii ki, paytaxt yollarında şərait yarandıqca velosiped və e-skuterlərdən yalnız əyləncə məqsədilə deyil, nəqliyyat vasitəsi kimi istifadənin də genişləndiyini müşahidə edəcəyik. 


Bakıda 20 kilometrlik mikromobillik zolağı təşkil edilib


Hazırda velozolaqlarla bağlı Bakıda hansı işlərin görüldüyünü öyrənmək üçün suallarımızı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə yönləndirdik.

Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhərində 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölməsi quraşdırılıb. Digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün "bufer zonalar"da 1160-dan çox təhlükəsizlik səddi quraşdırılıb, 48 məntəqədə parklanma yerləri təşkil edilib. "Bundan əlavə, Bakının bir sıra küçə və prospektlərində mobillik imkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidən təşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Belə ki, yollarda asfalt örtüyünün boyanması, həmçinin nişanlanma xətlərinin silinməsi üçün xüsusi texnikalardan istifadə olunur. AYNA tərəfindən hərəkətin sıx olduğu Xocalı prospektində -metronun "Xətai" stansiyasından Yusif Səfərov küçəsi ilə kəsişməyədək yeni nişanlanma işləri aparılıb. Prospektdə mövcud olan 2 zolaq və parklanma yerləri saxlanılmaqla velosiped zolağı təşkil edilib. Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində isə üfüqi yol nişanlanması işləri həyata keçirilib. Həmçinin parklanma yerləri saxlanılmaqla, hərəkət zolaqlarının eninin standartlara uyğunlaşdırılması nəticəsində mikromobillik vasitələri və nəqliyyat vasitələri üçün  hərəkət zolağı təşkil edilib. Ərazidə zolaqlar kanallaşdırılıb. Bu da yol səthinin daha səmərəli istifadəsinə şərait yaradır", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Xaqani küçəsində innovativ yanaşma tətbiq edilərək velosiped zolaqları parklanma yerlərindən əvvəl təşkil edilib. Bu isə velosipedçilərin təhlükəsizliyini təmin etməklə yanaşı, avtomobillərin də parklanma zamanı rahat hərəkətinə imkan yaradır. Bu təcrübə dünyanın bir çox ölkəsində uğurla sınaqdan keçirilib. Bundan əlavə, bütün küçə boyu velosiped yollarının təşkili nəzərdə tutulur. Bu da Bakı şəhərində mikromobillik vasitələrinin hərəkət zonalarının genişləndirilməsi konsepsiyasına uyğundur.

Agentlikdən bildirilib ki, 28 May küçəsində də genişmiqyaslı işlər aparılıb. Yolun hərəkət hissəsinin sol tərəfində mikromobillik vasitələri, sağ tərəfində ictimai nəqliyyat, onların arasında isə ümumi istifadə üçün zolaqlar təşkil olunub. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerləri də yaradılıb. Bununla da paytaxtın nəqliyyatın intensiv olduğu mərkəzi küçələrindən birində mobilliyin təmin edilməsi üçün bütün tələblər nəzərə alınaraq hərəkət iştirakçıları üçün müvafiq şərait yaradılıb.

Bu gün dünyada sağlamlıq, eyni zamanda meqapolislərdə tıxacın, avtomobil sıxlığının qarşısının alınması məqsədilə mikromobillik vasitələrindən istifadənin təbliği istiqamətində davamlı işlər aparılır. Velosiped, e-skuterlərdən istifadə büdcəyə qənaət etməklə həm də sağlamlığa müsbət təsir göstərir. Ən başlıcası isə qlobal istiləşməyə səbəb olan karbon emissiyaları istehsalının qarşısını almaqla havanın çirklənməsinə imkan vermir. Bu məqam isə günümüzdə ən vacib faktorlardan biridir. 


Əsmər QARDAŞXANOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

BMT: Yəməndə vəba epidemiyasından ən azı 720 nəfər ölüb

15:21
16 Oktyabr

XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

15:06
16 Oktyabr

Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

14:50
16 Oktyabr

Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər ölüb

14:36
16 Oktyabr

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq işləri müzakirə edilib

14:35
16 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:34
16 Oktyabr

Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb

14:21
16 Oktyabr

Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam

14:20
16 Oktyabr

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub  

14:18
16 Oktyabr

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!