15 Oktyabr 2024 08:00
807
SİYASƏT
A- A+
Zəfərin başlanma günü

Zəfərin başlanma günü


Torpaqları işğaldan azad edilmiş azərbaycanlılar bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, başlarını dik tutaraq vüqarla yaşayırlar. Buna necə nail olunub? 

Suala cavab verməkdən ötrü 1988-ci ildən sonra Azərbaycan xalqının qarşısında dayanan başlıca məqsədə və keçilən yola nəzər yetirmək vacibdir.


Qarşıda dayanan başlıca məqsəd


1988-ci ildən sonra xalqın qarşısında dayanan başlıca məqsəd - milli ideya Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsinin qarşısını almaq, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra isə güclü dövlət qurmaq, Ermənistanın hərbi təcavüzünü dayandırmaq, ölkənin inkişafının açarını tapmaq, işğal altında qalan torpaqlarını azad etmək, dövlət sərhədlərinə nəzarəti həyata keçirmək və dövlət suverenliyini tam bərqərar etmək olub. 1991-1993-cü illərdə bir-birini əvəz edən uğursuz hakimiyyətlər bu vəzifələri yerinə yetirə bilmədilər. 

Nəticədə 1993-cü ildə ümumi böhrana düşən Azərbaycan Respublikası dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq təhlükəsi qarşısında dayandıqda xalqın təkidli tələbi ilə hakimiyyət görkəmli dövlət və siyasi xadim Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdikdən sonra dövlət müstəqilliyinin itirilməsinin qarşısı alındı, xalq vətəndaş müharibəsi, ölkə separatçılıqla parçalanmaq təhlükəsindən xilas oldu. Ümummilli Lider Heydər Əliyev başlıca məqsədə çatmaqdan ötrü imkanları qiymətləndirərək atəşkəsə getdi, neftə dair "Əsrin müqaviləsi"ni imzaladı, hakimiyyətə küçədən gəlməyə son qoydu, güclü ordu və dərin dövlət qurmağa başladı. Ölkənin inkişafının açarı təbii sərvət - neft oldu. Azərbaycan tarixində ilk dəfə olaraq bu təbii sərvəti milli sərvətə çevirən Heydər Əliyev onu ali məqsədə yönlətdi, bütün sahələrdə islahatlara başladı, xalqın və dövlətin inkişaf strategiyasını müəyyənləşdirdi.

Həyata keçirilən tədbirlər başlıca məqsədə çatmaqda təməl rolunu oynadılar. Millətin qarşısında dayanan hədəfi isə Prezident İlham Əliyev yerinə yetirdi. Bu necə oldu?


Hər şey başlıca məqsəd naminə


2003-cü il oktyabrın 15-də İlham Əliyevin Prezident seçilməsi ilə ölkə tarixində başlayan və mühüm özünəməxsusluqları olan yeni mərhələdə də qarşıda dayanan başlıca məqsəd torpaqların işğaldan azad edilməsi kimi müəyyənləşdirildi. Prezident olaraq andiçmə mərasimində etdiyi nitqində dövlət başçısı bildirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına heç bir zaman imkan verilməyəcək, hansı vasitələrlə olursa-olsun işğal altında qalan torpaqlar azad ediləcəkdir. Bundan sonrakı bütün tədbirlər bu məqsədin həyata keçirilməsinə yönəldi. 

İlk növbədə, Azərbaycan Respublikasında dövlət quruculuğunda və xarici siyasətdə varislik, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt yeni şəraitə uyğun olaraq davam etdirildi. Siyasətinin başlıca məqsədi millətin daha yaxşı yaşaması olan Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində geniş islahatlar həyata keçirdi. Sosial dövlətin qurulmasından və bərabər imkanların yaradılmasından ötrü başlanan islahatlar dərinləşdirildi. Yeni iş yerləri açıldı, yoxsulluğun səviyyəsi aşağı salındı. Gənclərə xüsusi qayğı göstərildi. Dövlət büdcəsi hesabına təhsil almaq istəyənlər üçün yerlərin sayı artırıldı. Xarici ölkələrin qabaqcıl universitetlərində təhsil almaqdan ötrü dövlət proqramları qəbul edildi. 

Məlum olduğu kimi, bəşər cəmiyyəti yaranandan bəri insan həmişə təhlükəsiz, sabit və gələcəyi aydın olan bir şəraitdə yaşamaq istəyib. Yürütdüyü siyasətlə Prezident İlham Əliyev Azərbaycanı dünyanın təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəsinə çevirdi. 

Milli-mənəvi köklərdən ayrılmayaraq, tarixi varisliyə dayanaraq ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyan Prezident İlham Əliyev rəqabətədavamlı, dünyada baş verən təlatümlərə hazır olan Azərbaycan dövləti qurdu. 

 Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu və təsiri, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artdı, dostları çoxaldı. Azərbaycan sözü ilə işi bir olan, ləyaqətli bir dövlətdir. Prezident İlham Əliyevin "Mənim sözüm imzam gücündədir" fikrinə əmin olan dünya ölkələrinin başçıları Azərbaycan rəhbərinə hörmətlə yanaşdılar, ondan öyrəndilər və indi də öyrənirlər. 

Prezident İlham Əliyev daim milli dövlət maraqlarının, haqq və ədalətin yanında oldu, Azərbaycanın mənafelərini hər şeydən üstün tutdu. Dünya siyasətinin, beynəlxalq münasibətlərin həm tarixi, həm nəzəri, həm də praktik baxımdan mahir bilicisi olması ilə Azərbaycan dövlətinin xarici siyasətinə böyük uğurlar gətirdi. Ötən illər ərzində Azərbaycan Respublikası heç bir dövlətin və dövlətlər qrupunun, qütblərin deyil, yalnız milli dövlət maraqlarının yanında oldu. 

Bilavasitə Prezident İlham Əliyev Azərbaycan dövlətinin sədrliyi müddətində Qoşulmama Hərəkatına yeni nəfəs verdi, təşkilatın üzv dövlətlərinin dünya siyasətində rolunun artmasına nail oldu. Açıq şəkildə bildirdi ki, dünya 25-30 dövlətdən ibarət deyildir. Belə mövqe həm də ikili standartlar siyasətinə qarşı açıq etirazdır. 

Ərazisinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq, Azərbaycan inkişaf edən bir dövlətə çevrildi. Ölkədə geniş inşaat işləri aparıldı, qaçqın və məcburi köçkünlər üçün evlər tikildi. Ərazilərinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq, Prezident İlham Əliyev inkişaf edən Azərbaycan modeli yaratdı. Dövlət rəhbərinin ayağı dəyən yerlər gülüstana çevrildi. Bütün bunlara görə İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazandı. Dövlət başçısı bir möcüzə yaradaraq dünyaya təqdim etdi. Bu, Azərbaycan möcüzəsidir.

Yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini öz əlində cəmləşdirdi. İqtisadiyyatın neftdən asılılığına son qoymaqdan ötrü addımlar atıldı, böyük layihələr həyata keçirildi. 

Ölkəni xarici hərbi müdaxilədən qorumaq qüdrətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradıldı. Beynəlxalq silah sərgilərində Azərbaycan özünəməxsus yer tutdu.

Planetar təfəkkürlü dövlət xadimi olan İlham Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq "dövlət canlı orqanizmdir - daim genişlənməlidir" geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş və səmərəli əməkdaşlıq yolu seçməklə gerçəkləşdirdi. Müstəqilliyin ilk illərində Azərbaycan dövləti borc istəsə də, verməzdilər. Çünki xaos və anarxiyanın hökm sürdüyü bir ölkənin borcunu necə qaytaracağına ümid yox idi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində vəziyyət dəyişdi. Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrildi. Prezident İlham Əliyev Azərbaycan Respublikasını XXI əsrin nüfuzlu dövləti etdi. 

Bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Prezident İlham Əliyev bu vəziyyətə son qoydu. Azərbaycan enerji təhlükəsizliyini etibarlı təmin edən ölkəyə çevrildi. Bir çox ölkədən ərazisinin həcminə görə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan bir ölkəyə çevrildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, TANAP, TAP, Trans-Avropa və Trans-Asiya dəmiryollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində vacib yer tutan, beynəlxalq siyasətdə rolunu artıran layihələr oldu. Azərbaycan dünyanın etibarlı tranzit mərkəzlərindən birinə çevrildi və nəqliyyat təhlükəsizliyini təmin edən ölkə oldu. 

Prezident İlham Əliyev ilk dəfə olaraq sübut etdi ki, təsir baxımından böyük olmayan dövlətlər böyük zənginliklər yarada bilmirlər. Məhz onun siyasəti nəticəsində Azərbaycan dövləti özündən böyük olan qonşu və uzaq ölkələrə təsir edən güc halına gəldi. 

Demokratikləşdirmə və vətəndaş cəmiyyətinin qurulmasından ötrü islahatlar dərinləşdirildi. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. 

Dərin biliyə, dövlətçilik təfəkkürünə, mükəmməl idarəçilik bacarığına malik olan, milli dövlət maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev Azərbaycan millətini və dövlətini beynəlxalq aləmdə ən layiqli şəkildə təmsil etdi, davranışları və çıxışları ilə millətə başucalığı gətirdi, qürur hissi yaşatdı. Müxtəlif səviyyəli toplantılardakı nitqləri ilə Prezident İlham Əliyev Azərbaycan millətinin yüksək intellektual səviyyəsini və mədəniyyətini dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı əmin oldu ki, Prezident İlham Əliyev olan yerdə milli dövlət maraqları ən yaxşı şəkildə qorunur. 

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan Respublikası 2011-ci ilin oktyabr ayında BMT-nin 193 üzvündən 155-nin səsini alaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu həm də Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən siyasətə və onun şəxsiyyətinə beynəlxalq aləmdə olan inam, etibar və etimad demək idi. 

Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsi böyük tarixi əhəmiyyət daşıyan hadisə, Azərbaycan dövləti və xalqının tarixində qürurverici bir ilk olmaqla başlıca məqsədin həyata keçirilməsinə yönəldi. Azərbaycan Respublikası özünün dövlət müstəqilliyinin 20-ci ilində dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrildi. Bu möhtəşəm hadisə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı, regionun lider dövləti statusunu möhkəmləndirdi. Həm də onu göstərdi ki, siyasi iradə və əzm olan yerdə istənilən hədəfə çatmaq olar. Bu, sadəcə üzv qəbul olunmaq məsələsi deyil, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricilərindən biri, milli hədəfə çatmaqda vasitə idi. 

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək ən vacib beynəlxalq məsələlər barədə nitq söyləməsi təkcə Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması deyil, eyni zamanda başlıca məqsədə nail olmaqda diplomatiyaya yeni imkanlar qazandırdı. Dövlət başçısının müəyyənləşdirdiyi "hücum diplomatiyası" uğurla həyata keçirildi.

Milli hədəfə çatmaq yolunda dövlət başçısının müstəqillik tarixində yaratdığı ilklərindən biri 2013-cü ilin fevral ayında kosmik fəzaya Azərbaycanın ilk peykini, sonrakı illərdə isə daha iki peykini göndərməsi, ölkəmizi kosmos dövləti etməsi oldu. O zaman bəziləri deyirdilər ki, ölkə ərazisinin bir hissəsinin işğal altında qaldığı, məcburi köçkünlərin olduğu bir şəraitdə bu qədər vəsaiti "göyə sovurmaq" nəyə lazımdır. Lakin Prezident İlham Əliyevin uzaqgörənliyi özünü bir daha göstərdi. Milli peyk layihəsinin reallaşdırılması Azərbaycana böyük üstünlüklər verərək milli hədəfə çatmaqda mühüm vasitələrdən biri oldu, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb etdi, informasiya mübadiləsində xarici ölkələrdən asılılığını aradan qaldırdı. Milli peyklərin informasiyaları 44 günlük Vətən müharibəsində qələbədə özünəməxsus rol oynadı. 

Millət qarşısında dayanan başlıca məqsədə çatmaqdan ötrü Prezident İlham Əliyev "yumşaq güc"dən məharətlə istifadə etdi. Qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni nəfəs verən dövlət başçısı maddi və qeyri-maddi irsi qayğı ilə qorudu, bəzi nümunələr UNESCO-nun irs siyahısına daxil edildi. Prezident İlham Əliyev millətinin dünya mədəniyyəti yaradan olduğunu bir daha sübut edərək ona böyük imkanlar açdı. Bu illər Azərbaycanın mədəni irsinin etibarlı qorunması və mədəniyyətinin tərəqqisi illəri olmaqla başlıca məqsədə çatmağa xidmət etdi. 

Azərbaycanın xəritədə axtarılmasına son qoyan Prezident İlham Əliyev milli hədəfi gerçəkləşdirməyi yaxınlaşdırdı. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı çıxış edərkən bir çox halda xəritə qarşısında dayanaraq Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərini çubuqla göstərib həqiqətləri diqqətə çatdırardı. 

Milli hədəf naminə istifadə edilən "yumşaq güc" vasitələrindən biri "Avroviziya" mahnı yarışmasının tarixində Bakıda ən mükəmməl şəkildə təşkil edilməsi, maddi-mənəvi mədəniyyətimizin təbliğ edilməsi oldu. 

Azərbaycanın I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi hər bir azərbaycanlı üçün qürurverici ilk olmaqla yanaşı, millət qarşısında dayanan başlıca məqsədə çatmaqda vasitə idi. 

 Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda minillik dövlətçilik tarixinin eksponatlarının toplandığı Dövlət Bayraq Muzeyi yaradılması vətəndaşlarda dövlət, vətən və bayraq sevgisini artırmaqla başlıca hədəf yolunda mühüm rol oynadı.

Azərbaycan dünyəvi dövlət olsa da, din dövlətdən ayrı olsa da, Prezident İlham Əliyev millətin dini-mənəvi dəyərlərinə, adət-ənənələrinə qayğı göstərməklə, dini ibadət yerlərini bərpa etməklə, yeni məscidlər tikdirməklə mənəvi birliyin qorunmasında və başlıca hədəfə çatmasında müstəsna tarixi rol oynadı. Din və dövlətin fəaliyyətlərini bir-birinə qarışdırmadan aralarındakı qızıl ortanı müəyyənləşdirib hər ikisini inkişaf etdirmək Prezident İlham Əliyevin böyük uğurlarından olmaqla başlıca məqsədə çatmağa yönəldi. 

Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasətinə çevirərək dünyaya bir örnək verdi. Göstərdi ki, tək bayraq, tək vətən, tək dövlətdə tək millət olaraq bərabər yaşayan müxtəlif etnik qrupların, dini konfessiyaların mövcudluğu Azərbaycanın zənginliyidir. 

Vatikanda, Parisdə və digər yerlərdə kilsələri, muzeyləri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təmir etməsi başlıca məqsədə çatmağa xidmət etdi. Bununla Ermənistanın işğalçılıq siyasətinin xarakterini dəyişib ona dini mahiyyət vermək, xristian və islam dinləri arasında münaqişə kimi təqdim etmək cəhdlərinin qarşısı alındı, uydurma erməni təbliğatına ağır zərbə vuruldu. 

Məlumdur ki, hər bir millətin və dövlətin inkişafının, uğurlarının başlıca şərtlərindən biri milli birlikdir. Prezident İlham Əliyev birləşdirici güc və milli birlik rəmzidir. Keçmiş prezidentlər haqqında qanunun qəbul olunması ilə Azərbaycan cəmiyyətində yeni siyasi mədəniyyət bərqərar edildi. 

Bütün bu və digər tədbirlərin nəticəsində Naxçıvandan Ağstafaya, Qusardan Astaraya qədər bütün yaşayış məntəqələrindən gənclər Prezident İlham Əliyevin çağırışı ilə qürur mənbəyi olan Azərbaycan bayrağı altında tək yumruq kimi birləşərək işğalçı Ermənistana qarşı azadlıq, ədalətli müharibəyə qalxdı, savaşa toy-bayrama gedən kimi yola düşdü.


Milli hədəfə nail olunması


Nəticədə millət hədəfinə çatdı. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan qələbə ilə Orta əsrlərin səlib yürüşlərindən başlayaraq bütün dövrlərdə müxtəlif formalarla davam edən siyasəti darmadağın edən, 1923-cü ildə Azərbaycanın altına basdırılmış bombanı zərərsizləşdirən, millətin qarşısında dayanan ən böyük problemi həll edən, təcavüzkar Ermənistanın, dünya erməniliyinin, onların havadarlarının yürütdükləri planları iflasa uğradan, məğlub edərək ayaqları altında əzən, uydurma "böyük Ermənistan" xəyallarını vurub dağıdan, əraziləri düşmən işğalından azad, süni surətdə yaradılmış Dağlıq Qarabağ problemini birdəfəlik həll edən, gələcək nəsillərə buraxmayan, millətin üstündəki ləkəni silən, çibanı kökündən kəsib atan, ikili standartlar siyasəti yürüdən dövlətlərə qalib gələn, şəhidlərin qanını yerdə qoymayan, Xocalı soyqırımı qurbanlarının və minlərlə günahsız insanın qisasını alan, 1991-ci ildən bəri ilk dəfə dövlət sərhədləri üzərində nəzarəti və ölkə ərazisində suverenliyi tam bərqərar edib xəyallarını gerçəkləşdirərək qarşısında yeni üfüqlər açan, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılara başını dik tutaraq yaşamağın düsturunu verən ilk və yeganə dövlət rəhbəri, Azərbaycan tarixinin ən böyük Strateqi və Sərkərdəsidir. 

 Məlum olduğu kimi, nəinki keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin, həmçinin Ermənistanın özünün Azərbaycan ərazilərini işğal etmək gücündə iqtisadiyyatı, insan, maliyyə ehtiyatları, hərbi-sənaye kompleksi mövcud deyildi. Dövlətin qüdrəti məsələsində Azərbaycana heç yaxın da gələ bilmədiyindən Ermənistan Azərbaycan torpaqlarını xarici dövlətlərin köməyi ilə işğal etdiyindən, deməli, qazanılan qələbə həm də həmin dövlətlərin məğlub edilməsidir. Edilən təzyiqlər və təhdidlər də bununla bağlıdır.

Prezident İlham Əliyev Xankəndidə Dövlət bayrağını ucaltmış, hərbi parad keçirmiş, qaladığı Novruz tonqalında Ermənistanın "Miatsum" və "böyük Ermənistan" şüarını yandırıb külə döndərmiş, növbədənkənar prezident seçkilərində bu şəhərdə səs verərək qutuya atdığı səsvermə bülleteni ilə separatçılığın tabutuna son mismarı vurmuş ilk dövlət rəhbəridir.

Qazanılan qələbə təkcə Azərbaycanın deyildir. Prezident İlham Əliyev türk xalqları və dövlətlərinin başını uca edən, müstəqil dövlətləri olmayan türk xalqlarında özünə inam hissini artıran, yoluna işıq saçan liderdir. 

Bu qələbə separatçılıqdan, terrordan əziyyət çəkən bütün ölkələrə, o cümlədən müsəlman ölkələrinə də təsir göstərdiyindən beynəlxalq əhəmiyyətlidir. Prezident İlham Əliyev dünyanın haqsızlıqdan əziyyət çəkən xalqları üçün Haqq və Ədalət rəmzidir. 


Millətin həyatına bayram günlərinin gətirilməsi


Prezident İlham Əliyev millətin həyatında qara günlərə son qoyaraq bayram günləri gətirən rəhbərdir. 1991-ci ildən başlayaraq Azərbaycanın şəhər və kəndlərinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi daim qara günlər kimi anılırdı. Qəhrəman şəhidlərin müqəddəs qanı və Azərbaycan Silahlı Qüvvələrinin fədakarlığı hesabına qazanılan qələbədən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü, 25 Oktyabr - Qubadlı Şəhəri Günü, 8 Noyabr - Şuşa Şəhəri Günü, 20 Noyabr - Ağdam Şəhəri Günü, 25 Noyabr - Kəlbəcər Şəhəri Günü kimi bayram edilir. Bunlar sadəcə şəhər günləri deyil, acı tarixi unutmadan qalib millətin özünə inamı və başını uca tutması günləri, məğrurluq hisslərinin nəsildən-nəslə ötürülməsidir.


Gələcək Azərbaycan modeli


İşğaldan azad edilmiş ərazilərdə xarici yardımlar olmadan aparılan dirçəliş işləri, "ağıllı kənd"lərin, hava limanlarının tikintisi, məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin maliyyə-iqtisadi qüdrətini və hər bir şeyin planlı şəkildə həyata keçirildiyini göstərir. Bu, gələcək Azərbaycanın quruculuğuna dair dövlət başçısının strateji baxışını əks etdirir.

Azərbaycan tarixinə bütöv halda, üzvi surətdə baxan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin, o cümlədən Ağdamda Qarabağ xanlarının iqamətgahını təmir etdirməklə millətə tarixinə sahib çıxmaq üçün mesaj verir, gələcək nəsillərə yol göstərir, məscidlərin inşa edilməsi ilə millətə dini-mənəvi dəyərlərə daha yaxın olmağı öyrədir. 

İşğaldan azad edilmiş ərazilərə Azərbaycan elmi, təhsili və mədəniyyəti qayıdır. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması tarixi əhəmiyyət daşıyır. 


Xarakter və iş üslubu 


Milləti qalib edən nəhəng fəaliyyətə nəzər yetirərkən belə bir suala cavab vermək lazım gəlir: Bütün bunlara necə nail olunub? 

Heç şübhəsiz, qazanılan zəfər Prezident İlham Əliyevin xarakterindəki əzmkarlığın, qətiyyətin, yenilməzliyin, inadkarlığın, dərin, geniş planetar təfəkkürün, yorulmaz, nəhəng fəaliyyətin, millətə arxalanmasının, ondan güc almasının, millətin dövlət başçısına inam və etimadının, mükəmməl dövlət idarəçiliyinin və yaradıcı iş üslubunun nəticəsidir. Prezident İlham Əliyev bütün fəaliyyətində heç bir vaxt zamanı gəlməmiş bir söz işlətmədi və vədlər vermədi, nəyi dedisə, onu da mükəmməl bir şəkildə yerinə yetirdi. Millət və dövlət sevgisi, millətin dövlət başçısına inamı başlıca hədəfə çatmaqda əsas amil oldu. Ölkə rəhbəri məmurlara qarşı nə qədər tələbkar və ciddidirsə, xalqa münasibətdə bir o qədər sadə və təvazökardır, əsl xalq adamıdır. Bu fəaliyyət göstərdi ki, o, milli-mənəvi köklərə dayanaraq Azərbaycanın müasir dünya ilə ayaqlaşması üçün ən səmərəli və faydalı tədbirləri xırdalığına qədər dəqiq planlaşdıran, həyata keçirən yenilikçi, mövqeyi aydın, konkret, açıq, siyasəti isə çevik olan dərin islahatçı dövlət xadimidir. 

Prezident İlham Əliyev dünyada birləşdirici güc, səmərəli əməkdaşlıq rəmzidir. O, Azərbaycanı digər dövlətlər üçün qarşıdurmalar, intriqalar deyil, qarşılıqlı faydalı əməkdaşlıq meydanı edərək milli ideyanı gerçəkləşdirdi. 


Yola davam...


Ötən illərdə keçilən yolun siyasi-tarixi təcrübəsi göstərir ki, əsası 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və 2003-cü il oktyabrın 15-dən etibarən Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə davam etdirilən, Azərbaycan millətinin və dövlətinin maraqlarına cavab verən davamlı, sabit inkişaf siyasətinin, yolun alternativi yoxdur. Ölkə və millət yumruqların toqquşması, əzələ mübarizəsi, xaos, anarxiya, sarsıntılar, inqilablar deyil, islahatlar, problemlərə dair fikirlərin mübadiləsi və təkamül yolu ilə inkişaf etməlidir.

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra Azərbaycan tarixində başlayan yeni dövr İlham Əliyev üçün millət və dövlət yolunda şərəfli tarixi missiyanın davam etdirilməsi, millət üçün isə rifah, rahat, təhlükəsiz şəraitdə yaşamaq, davamlı, sabit inkişaf, yeni hədəflərə çatmaqda imkanlar deməkdir. 

 Yol düzgün seçiləndə və təməli möhkəm olanda millət və dövlət də ağır sınaqlardan, təlatümlərdən uğurla çıxır. Keçilən yol milli dövlət maraqlarına xidmət etdiyi, milli ideyanı gerçəkləşdirdiyi və yeni milli hədəflərə çatmağa imkan verdiyi üçün bundan sonra da davam etdirilməlidir. 

 Dədə-babalarımız gedilən yola Haqq Yolu deyib and içiblər. Bu yol da millətin başını uca edən Haqq və Ədalət Yoludur. 

Yolumuz heç vaxt Haqq və Ədalətdən ayrı düşməsin...


Musa QASIMLI,

Milli Məclis Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!