Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin keçirilməsi təkcə tarixi bir yubiley tədbiri deyil, həm də Türk dünyasının ortaq elmi, mədəni və strateji gələcəyinə verilən mühüm siyasi və mənəvi mesajdır. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XII Zirvə Görüşündə irəli sürülməsi və cəmi bir il sonra reallaşdırılması Azərbaycanın türk inteqrasiyası prosesində təşəbbüskar və birləşdirici rolunu bir daha nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O qeyd edib ki, 1926-cı ildə məhz Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi düşüncəsinin formalaşmasında dönüş nöqtəsi olub. Həmin forumda dil, tarix, etnoqrafiya, ədəbiyyat, mədəni irs və xüsusilə vahid ümumtürk əlifbası kimi məsələlərin müzakirəyə çıxarılması o dövr üçün olduqca mütərəqqi addım idi. Qurultayın Bakıda keçirilməsi də təsadüfi deyildi. XX əsrin əvvəllərində Azərbaycan türk və müsəlman dünyasının modernləşmə prosesinin aparıcı mərkəzlərindən biri kimi yeni tipli təhsil, milli mətbuat, teatr və dövlətçilik ənənələri formalaşdırmışdı. Sovet totalitar rejimi Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsinə mane olsa da, həmin forumun irəli sürdüyü elmi və mədəni prinsiplər tarixdən silinmədi. Əksinə, müstəqillik dövründə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi ilə həmin ideyalar yenidən aktuallıq qazandı.
Deputatın fikrincə, bu gün Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələr, ortaq əlifba, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq təşəbbüsləri, əslində, 1926-cı il Qurultayının ideya irsinin müasir mərhələdə davamıdır. “Azərbaycan Prezidentinin “Türk Dünyası Həftəsi” iştirakçılarına ünvanladığı müraciətdə də məhz bu tarixi varislik xüsusi vurğulanır. Dövlətimizin başçısı Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası baxımından müstəsna əhəmiyyətini qeyd etməklə yanaşı, həmin ideyaların bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyətində öz real təcəssümünü tapdığını diqqətə çatdırır. Bu baxımdan, Azərbaycanın təşkilata sədrliyi dövründə belə bir yubileyin qeyd olunması həm rəmzi, həm də strateji məna daşıyır”, -deyə Müşfiq Məmmədli vurğulayıb.
O deyib ki, “Türk Dünyası Həftəsi”ndə 20 ölkədən 80 tanınmış türkoloq-alimin və beynəlxalq türk təşkilatlarının nümayəndələrinin iştirakı tədbirin qlobal elmi platforma statusunu təsdiqləyir. Bu, türkoloji tədqiqatların yeni istiqamətlərinin müəyyənləşdirilməsi, ortaq mədəni irsin müasir dövrdə qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Müasir geosiyasi şəraitdə türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu prosesin dayanıqlılığı ortaq tarix, dil, mədəniyyət və elmi irs üzərində qurulan humanitar əməkdaşlıqdan keçir. Məhz bu baxımdan, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” tarixi yaddaşın bərpası ilə yanaşı, gələcək inteqrasiyanın intellektual və mənəvi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edən mühüm beynəlxalq platformadır.
Bu tədbir bir daha göstərir ki, Azərbaycan təkcə Türk dünyasının coğrafi deyil, həm də elmi, mədəni və ideoloji mərkəzlərindən biri kimi öz tarixi missiyasını uğurla davam etdirir və ortaq türk sivilizasiyasının inkişafına mühüm töhfələr verməkdə qətiyyətlidir”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.