Ölkəmiz qlobal forumların və mötəbər idman yarışlarının əsas mərkəzinə çevrilib
Azərbaycan regionun güc mərkəzi olmaqla yanaşı, özünü həm də mühüm qərarların qəbul edildiyi və qlobal dialoqun formalaşdığı etibarlı məkan kimi təsdiqləyib. Ölkəmizin strateji mövqeyi, daxili sabitliyi, zəngin resursları və müasir infrastrukturu Bakını beynəlxalq tədbirlərin, nüfuzlu forumların və idman yarışlarının daimi ünvanına çevirib. Paytaxtımızın eyni zaman kəsiyində həm idman dünyasının zirvəsi sayılan "Formula-1" Azərbaycan Qran-prisinin yubiley mərhələsinə, həm də 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna evsahibliyi etməsi dövlətimizin yüksək təşkilatçılıq qabiliyyətinin, beynəlxalq nüfuzunun və mühüm məsələlərə strateji baxışının növbəti təzahürüdür.
Ölkəmizin təşkilatçılıq imkanlarının parlaq nümunəsi olan "Formula-1" Azərbaycan Qran-prisi artıq onuncu dəfədir ki, Bakı küçələrini dünya idmanının mərkəzinə çevirir. Qədim İçərişəhər divarlarının kölgəsində, müasir memarlıq incilərinin əhatəsində baş tutan yarış yüz milyonlarla qlobal izləyici auditoriyasına canlı yayımlanıb. Minlərlə xarici qonağın paytaxta gəlişi xidmət və turizm sektorunda böyük dinamika yaratmaqla yanaşı, "Euronews" kimi aparıcı media resurslarının hesabatlarında da vurğulandığı kimi, Azərbaycanın təhlükəsiz, modern, qonaqpərvər və dinamik inkişaf edən dövlət imicini beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirib.
İdman təntənəsi ilə paralel olaraq, Prezident İlham Əliyevin himayəsi, İqtisadiyyat Nazirliyi və "The European House - Ambrosetti & TEHA Group"un tərəfdaşlığı ilə keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi diplomatiyadakı mərkəzi mövqeyini nümayiş etdirdi. "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" devizi altında təşkil olunan bu mötəbər forum qlobal investorları, dövlət rəsmilərini, aparıcı beyin mərkəzlərini və beynəlxalq maliyyə institutlarını bir araya gətirdi.
Müzakirələrin yekunu olaraq süni intellekt, rəqəmsallaşma, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı və infrastrukturu əhatə edən 10,8 milyard dollar dəyərində 23 strateji sənədin imzalanması qlobal kapitalın Azərbaycana olan sarsılmaz inamının bariz sübutudur. İyun ayında keçirilmiş Bakı Enerji Həftəsi ilə birlikdə planlaşdırılan birgə layihələrin həcminin 16,7 milyard dollara çatması ölkəmizin irimiqyaslı layihələrdə nə dərəcədə etibarlı və proqnozlaşdırılan tərəfdaş olduğunu göstərir.
Bu cür beynəlxalq forumların, diplomatik zirvə görüşlərinin və idman yarışlarının Azərbaycanda sistemli şəkildə təşkil edilməsi heç də təsadüfi deyil və dərin siyasi mənaları var. Müasir dövrdə qlobal arxitekturanın sarsıldığı, geosiyasi ziddiyyətlərin və parçalanmaların dərinləşdiyi bir dövrdə Azərbaycan regional və qlobal miqyasda sabitlik, etimad və barışıq adası rolunu oynayır. Ölkəmiz müstəqil və milli maraqlara söykənən xarici siyasət xətti ilə Şərqlə Qərb, Şimal ilə Cənub arasında təkcə logistik dəhlizi təmin etmir, eyni zamanda siyasi-diplomatik körpü yaradır.
COP29 kimi qlobal iqlim sammitinə evsahibliyi etməklə problemlərin həllində aparıcı rol oynayan Azərbaycan həm də Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi, Türk Dövlətləri Təşkilatındakı fəal mövqeyi və Mərkəzi Asiya regionu ilə dərinləşən inteqrasiyası ilə qlobal siyasətin əsas aktorlarından birinə çevrilib.
Bu qlobal təşəbbüslərin ölkəmizə faydaları da çoxşaxəli və uzunmüddətlidir. Siyasi müstəvidə Azərbaycanın beynəlxalq müstəqil nüfuzu yüksəlir, dövlətimizin suverenliyi və ərazi bütövlüyü şəraitində yaratdığı yeni regional reallıqlar dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Azərbaycan qlobal dialoqun məzmununu və istiqamətini müəyyənləşdirən aparıcı dövlət kimi qəbul olunur. İqtisadi müstəvidə isə cəlb olunan milyardlarla dollarlıq xarici sərmayə qeyri-neft iqtisadiyyatının sürətli şaxələnməsinə, yüksək texnologiyaların və innovasiyaların ölkəyə axınına, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Orta dəhlizin imkanlarının genişləndirilməsi və "yaşıl enerji" ilə bağlı təşəbbüslər Azərbaycana qlobal təchizat zəncirində və Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş statusu qazandırır.
Nəticə etibarilə Bakının eyni vaxtda bir neçə nüfuzlu tədbirlərə uğurlu evsahibliyi Azərbaycanın qlobal arenadakı nüfuzunun, siyasi sabitliyinin və dinamik inkişafının əyani sübutudur. Ölkəmiz beynəlxalq tədbirlərin məkanı olmaqla yanaşı, beynəlxalq miqyasda etimadın və əməkdaşlığın önəmli mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"