Bəşir Səfəroğlunun 100 illik yubileyi qeyd olunur
O, Azərbaycan teatr və kino sənətinin çox sevilən, unudulmaz gülüş ustalarından biridir. Adı çəkiləndə oynadığı rollar yada düşür və üzlərə təbəssüm qonur. "Bizə bircə xal lazımdır"da Səbzəli, "Hacı Kərimin Aya səyahəti"ndə Hacı Kərim, "Beş manatlıq gəlin"də Möhsün, "Altı qızın biri Pəri"də Firuzbala, "Ulduz"da Gülümsərov... kimi komik rolların mahir ifaçısı olan Bəşir Səfəroğlu özü isə həyatda o qədər də güləyən olmayıb. Onu xatırlayanların yaddaşında çox ciddi xasiyyətli insan kimi qalıb.
Bu dünyada gülməkdən çox, güldürməyi sevən aktyorun qısa həyatı ağır sınaqlardan, keşməkeşlərdən keçib. Əslən qubalı olan Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya gəlib. Ailədə dörd uşaq - üç qardaş, bir bacı olublar. Dolanışıq, gün-güzəran qayğıları onu orta məktəbdən ayırıb. Yeddinci sinfi bitirən Bəşir təhsilini davam etdirməyib. İşləyib ailəsinə maddi kömək etməli olub. Ancaq bu çətinliklər onun teatra, aktyorluq sənətinə olan sevgisinə mane ola bilməyib. Bəşir Səfəroğlu on dörd yaşından dram dərnəyinə gedib. O, birpərdəli tamaşalarda kiçik rollar oynayıb.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayıb. Kütləvi səfərbərlik elan olunub. Bəşir Səfəroğlunun yaşı çatmasa da, həmin ilin noyabrında könüllü cəbhəyə yollanıb. Döyüşlərdə iştirak edib. 1942-ci ildə yaralanıb, kontuziya alıb. Danışa bilməyib, qulaqları çox ağır eşidib. Ordudan tərxis olunan Bəşir Səfəroğlu vətəninə qayıdıb. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib.
Müharibənin vurduğu ağır mənəvi zərbələr və cismani yaralarla yaşamaq, əvvəlki həyatına qayıtmaq çoxları kimi Bəşir Səfəroğlu üçün də çətin olub. Keçirdiyi sarsıntılara tab gətirə, dözə bilməsinin ən gözəl, bəlkə də tək çarəsi sevdiyi teatr sənəti idi. Ancaq dili tutulmuşdu, qulağı eşitmirdi, odur ki, aktyor işləyə bilməzdi. Sənətsevər, qayğıkeş insanlar Bəşir Səfəroğlunu o müşkül vəziyyətdə yalnız buraxmayıblar. Sağlamlığı imkan verməsə də, könlü teatrdan ayrılmayan Bəşirə rejissor Niyaz Şərifov hər gün qəlbən bağlı olduğu o sənət ocağına getməyi, tamaşalara baxmağı məsləhət görüb. Beləcə, Bəşir Səfəroğlu yenidən teatra ayaq açıb. Kütləvi səhnələrdə, sözsüz rollarda çıxış edib.
Müharibədə aldığı ağır kontuziya tez-tez həyəcanlanmasına, daxilən iztirablar keçirməsinə səbəb olub. Bir gün necə bərk qorxubsa, həyəcanla qışqırıb. Bundan sonra dili də açılıb, qulağı da eşitməyə başlayıb.
Bəşir Səfəroğlu böyük həvəslə aktyorluq fəaliyyətini davam etdirib. O, Azərbaycan Dövlət Musiqili Teatrında klassik operettalarda, eləcə də çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında fərqli xarakterli rollarla səhnəyə çıxıb. Aktyorun teatrda müxtəlif vaxtlarda oynadığı "Hacı Kərimin Aya səyahəti"ndə Hacı Kərim, "Bizə bircə xal lazımdır"da Səbzəli, "Beş manatlıq gəlin"də Möhsün, "Keto və Kote"də Qaradavoy və Çiko, "Məşədi İbad"da Qoçu Əsgər və Məşədi İbad, "Durna"da Uzun və Nəcəf, "Ulduz"da Qədir və Gülümsərov, "Keçmişin məişət səhnələri"ndə Qoçu, "Gözün aydın"da Salyanski və Qəhrəman, "Xəsis"də Ohan yüzbaşı və Hacı Qara, "Kəndimizin mahnısı"nda Kazbek, "Qızıl axtaranlar"da Mir İsmayıl, "Rəisin arvadı"nda Baləmi, "Altı qızın biri Pəri"də Firuzbala, "Tiflis nəğməsi"ndə Qiya, "Bir dəqiqə"də Əli Dinməzov və başqa rollar aktyorun yaradıcılığında xüsusi yer tutmaqla yanaşı, onu istedadlı aktyor kimi tamaşaçılara tanıdıb və sevdirib. Oynadığı rollar sayəsində Bəşir Səfəroğlu 1950-1960-cı illərdə Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub.
Onun səhnəyə hər çıxışını tamaşaçılar maraqla gözləyib, alqışlarla qarşılayıblar. Xüsusilə də Xalq artistləri Nəsibə Zeynalova və Lütfəli Abdullayevlə tərəf-müqabili olduğu tamaşalar teatrsevərlərə unudulmaz təsir bağışlayıb. Həmin tamaşaların təəssüratları xatirələrdən silinməyib.
1960-cı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında yaradılan "Gəlməli, görməli, gülməli" miniatür teatrında Bəşir Səfəroğlu Xalq artisti Əliağa Ağayev, Əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Məmmədzadə ilə birlikdə çıxış edib. Həmin teatrda da bir-birindən maraqlı komik rollar oynayıb.
Onun aktyorluq məharətinə kinorejissorlar da laqeyd qalmayıblar. Bəşir Səfəroğlu bir sıra filmlərə çəkilib. "Aygün"də Əmirxanın dostu, "Qəribə əhvalat"da Cəmil, "Əhməd haradadır?"da Sərxoş, "Ulduz"da Gülümsərov, "Yun şal"da Kişi və "Yaşamaq gözəldir, qardaşım"da Səfər rolunu canlandırıb. 1965-ci ildə isə onu respublikamızdan kənarda film çəkilişlərinə dəvət ediblər. "Tacikfilm"in "Mosfilm"lə birgə çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" filmində baş rol - Xoca Nəsrəddin aktyora həvalə olunub. Bu qərarı rejissor Klementi Mints Bakıda ikən Bəşir Səfəroğlunun iştirak etdiyi tamaşalara baxdıqdan sonra verib. "Xoca Nəsrəddinin 12 qəbri" filmi keçmiş SSRİ-nin hər yerində böyük maraqla qarşılanıb.
Filmlərdə çəkildiyi rolların əksəriyyəti epizodik olsa da, sənətkar parlaq aktyorluq istedadını əks etdirə, adını Azərbaycan kino sənətinə yazdıra bilib. Ömrü vəfa etsəydi, yəqin ki, Bəşir Səfəroğlu kinoaktyorluq bacarığını daha geniş təcəssüm etdirən neçə-neçə filmlərə çəkiləcəkdi...
Onun sənəti yüksək qiymətləndirilib. Bəşir Səfəroğlu 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
O, dünyanın qəhrini çox çəkmişdi. Həyatda gördüyü məhrumiyyətlər səhhətinə də təsir göstərmişdi. Aktyor sağalmaz xəstəliyə düçar olmuşdur. Bunu özünə deməyiblər. Amma ağır dərd onu gündən-günə zəiflədib, taqətdən salıb. Əcəl qırx dörd yaşlı Bəşir Səfəroğlunun qapısını kəsdirib.
Son dəfə səhnəyə çıxmağı arzulayıb. Bəlkə də həm sevimli sənəti, həm də pərəstişkarları ilə vidalaşmaq istəyib. Bunu nəzərə alıblar. Bəşir Səfəroğlu "Milyonçunun dilənçi oğlu" tamaşası ilə sevənlərinin qarşısına çıxıb. Həmin tamaşadan on iki gün sonra, 1969-cu il martın 23-də vəfat edib. Tanınmış sənətkar Fəxri xiyabanda dəfn olunub.
Onun yarımçıq qalmış sənət yolunu qızı, Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirib.
Bəşir Səfəroğlunu örnək seçən, ona bənzəmək istəyənlər özü sağ ikən də, ondan sonra da olub. Bu gün də aktyorluq sevdasına düşən neçə-neçə gəncin Xalq artisti Bəşir Səfəroğluna bənzəmək istəyi böyükdür.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"