04 İyun 2026 08:55
217
İQTİSADİYYAT
A- A+
Yağışlar sınağa çəksə də...

Yağışlar sınağa çəksə də...


Tərtər kəndlisi bolluq yaratmaq əzmindən geri çəkilmir


Azərbaycanın bütün bölgələri bizim üçün doğmadır, əzizdir. Ancaq Tərtərin iqlimində, torpağında bir qeyri-adilik, insanları bura cəlb edən xüsusi gözəllik var. Bəlkə də bu, rayonun dağətəyi olmasından irəli gəlir. Tərtər Kiçik Qafqazın  şimal-şərq ətəklərində, Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşdiyinə görə iqlimi də mülayimdir.

Rayonun ümumi ərazisi 42258 hektardır. Bunun 25352 hektarı suvarılandır. Onun da 20332,7 hektarı əkinəyararlı, 1969,9 hektarı həyətyanı, 2623,4 hektarı meyvə, giləmeyvə və üzüm bağları, 426 hektarı isə meşə sahələridir. Bunlardan əlavə, rayonun 3669,52 hektar örüş sahəsi var.

Tərtər çayı üzərində su tutumu 560 milyon kubmetr olan Sərsəng Su Anbarı və 5,84 milyon kubmetr su tutan Suqovuşan Su Anbarı tikilmişdir. Sərsəng Su Anbarındakı su ilə rayonun əkin sahələrinin 70 faizini suvarmaq mümkündür. Bu yerdə qeyd edək ki, rayonda məşğul əhalinin 57,9 faizi, yəni 21,93 min nəfəri kənd təsərrüfatı işləri ilə məşğuldur.

Tərtərin iqtisadiyyatında kənd təsərrüfatının sanballı payı var. Ötən il rayon üzrə ümumi daxili məhsul istehsalının dəyəri 270,7 milyon manat olmuşdur ki, onun da 128,4 milyon manatı (47,4 faizi) kənd təsərrüfatı məhsullarının payıdır. Bunun 55,8 faizi bitkiçilik, 44,2 faizi heyvandarlıq məhsullarının dəyəri olmuşdur. 

Hazırda kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Hava şəraitinin həddən artıq yağmurlu keçməsi əkinçiləri ciddi sınağa çəkir. İllərdir su qıtlığından gileylənən kəndli hazırda suyun bolluğundan, intensiv yağan yağışlardan əziyyət çəkir. "Su həyatdır", "su dirilikdir" deməyə adət etmiş əkinçi indi dahi Nizaminin su haqqında dediyi hikmətli sözlərin doğruluğuna bir daha əmin olur.

Uzun illər pambıqçılıqla məşğul olan Qapanlı kənd sakini Teyyub Cəfərovla iş üstündə görüşdük. Çox qayğılıydı. Bildirdi ki, uşaqlıqdan valideynləri ilə birlikdə bir zamanlar "ağ qızıl" deyilən bu qiymətli bitkinin əkilib-becərilməsi ilə məğul olub. Zəngin təcrübə qazanıb, eyni zamanda ailəsinin dolanışığını pambıqdan götürdüyü qazancla təmin edib. Elə ötən mövsümdə 8 hektar pambıq sahəsinin hər hektarından 34 sentner məhsul toplamışdı. Subsidiya ilə birlikdə qazancı yaxşı oldu. Bu mövsüm isə çox çətindir. Öyrəndik ki, təkcə Qapanlıda deyil, elə ətraf kəndlərdə də intensiv yağışlar yağması səbəbindən çiyid səpini xeyli gecikib. İndi bitiş alınsa da, bitkilərin normal inkişafı üçün bir sıra əlavə tədbirlər həyata keçirilməlidir. Odur ki, müqavilə bağladıqları "Prime Cotton" MMC şirkətinin mütəxəssisləri mütəmadi olaraq sahələri gəzir, fermerləri lazım olan dərman preparatları ilə təmin edir,  məsləhətlər verirlər. Bütün aqrotexniki tədbirlərin düzgün və ardıcıl qaydada aparılması nəzarətə götürülüb.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirdi ki, son illər ərzində bu qədər yağmurlu yaz müşahidə edilməmişdir. Belə vəziyyət təsərrüfatın bütün sahələrində, xüsusən də pambıqçılıqda, taxılçılıqda çətinliklər yaradıb. Buna baxmayaraq, rayonda ciyid səpini uğurla başa çatıb və hazırda becərmə işləri aparılır. Hər iki sahədə ötən il qazanılan yüksək nəticələr heç kəsi arxayınlaşdırmır, fermerlər əzmlə çalışır, məhsul bolluğuna etibarlı bünövrə qoyurlar.

Taxılçılıqla məşğul olan fermerlərdən Suliddin Ələkbərovun, Loğman Müseyibovun sözlərinə görə, zəmilərdə məhsul boldur, ancaq təbiətin şıltaqlığı, yağışların dayanmaması onları rahatsız edir. İndi torpağın da, bitkinin də, elə insanların özlərinin də günəşin istisinə ehtiyacı var. Məqsəd ötən il olduğu kimi, bu il də məhsuldarlığı nəinki 40 sentnerə çatdırmaq, bundan da yüksək məhsul götürməkdir.

Ölkədə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının dayanıqlı və sürətli inkişafının dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu yaxşı bilən tərtərlilər son illər baramaçılığın inkişafında da uğurlu nəticələr əldə edirlər. Cari mövsümdə rayonda əhaliyə 300 qutu ipəkqurdu paylanılıb. Baramaçılıq qısamüddətli və gəlirli sahə hesab edilsə də, əslində, bu işlərin görülməsini yalnız qurdların bəslənməsi dövrü ilə əlaqələndirmək düz deyil. Təcrübəli kümçü Atamoğlan İsmayılov deyir ki, əsl kümçünün işi qısa müddət deyil, il boyu davam edir: "Çünki əgər yaxşı məhsul götürüb qazanc əldə etmək istəyirsənsə, əvvəlcə işıqlı, təmiz və səliqəli kümxanaların olmalıdır, baramaçılığın yem bazası yaradılmalıdır. Bunların hamısını nəzərə alaraq, cari mövsümdə xeyli ipəkqurdu bəsləməyi öhdəmə götürmüşəm. Əminəm ki, həm ailə büdcəmizi möhkəmləndirəcəyəm, həm də bu sahənin inkişafına öz töhfəmi verəcəyəm".

Kənd təsərrüfatının inkişafına dair prezidentin sədrliyi ilə keçirilən son müşavirədə göstərilib ki, Azərbaycan dünyada genişmiqyaslı, çoxçeşidli subsidiya mexanizmlərini və fermerlərə gübrə, yanacaq güzəştlərini bir arada tətbiq edən nadir ölkələrdəndir. Eyni zamanda istehsalçılara davamlı metodik tövsiyələr verilir, güzəştli kreditlər ayrılır. Bu dövlət dəstəyi nəticəsində vaxtilə hektardan məhsuldarlığı maksimum 1 tona (10 sentnerə) düşən və ümumi istehsalı cəmi 20 min ton təşkil edən pambıqçılıq sahəsi yenidən bərpa olunaraq son göstəricilərə görə 360 min tondan yuxarı qaldırılmışdır ki, bu da pambıqçılıq rayonlarında, o cümlədən Tərtər bölgəsində kənd əhalisinin rifahına müsbət təsir göstərmişdir. Tamamilə məhv olmaq təhlükəsi yaşayan baramaçılıq və deməli, ipəkçilik də dövlətin birbaşa müdaxiləsi ilə yenidən dirçəldilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkədə kənd təsərrüfatının inkişafına həsr edilən müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin, tapşırıq və tövsiyələrin Tərtər kəndlisi tərəfindən konkret fəaliyyət proqramı kimi qəbul edildiyini bildirdi. Qeyd etdi ki, tərtərlilər hələ Zəfərdən əvvəlki illərdə də nankor qonşularımızın yaratdığı suni su qıtlığı probleminə baxmayaraq, əsl fədakarlıq göstərir, bol pambıq, taxıl, bostan-tərəvəz məhsulları istehsal edir, ölkə iqtisadiyyatının güclənməsinə öz sanballı töhfələrini verirdilər: "Bu gün dövlətin, Prezident İlham Əliyevin güclü və qüdrətli əli, böyük qayğı və diqqəti, isti  və doğma nəfəsi kəndlinin üstündədir. Təbiət sınağa çəksə də, ana torpağa, halal zəhmətə bağlı tərtərlilər kənd təsərrüfatının bütün sahələrində yüksək məhsuldarlığa nail olacaq, ölkə iqtisadiyyatının daha da güclənməsinə sanballı töhfələr verəcək, daha çox qazanacaq, özlərinin həyat şəraitini daha da yaxşılaşdıracaqlar".

Hazırda Tərtərdə əhalinin böyük bir hissəsi kənd təsərrüfatı sahəsində çalışır və  qürurverici haldır ki, onların çoxu gənclərdir. Kəndlərimizdə həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz və su problemlərinin həll edilməsi, yolların abadlaşdırılması kəndlərimizi cavanlar üçün cəlbedici edib. 6 ildir 30 ilin ağırlığını çiyinlərindən atan tərtərlilər sabaha ümidlə baxır, güzəranlarını daha da yaxşılaşdırmaq, məhsul bolluğu yaratmaq üçün əzmlə çalışırlar.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

11:19
04 İyun

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

11:03
04 İyun

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

10:58
04 İyun

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

10:51
04 İyun

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

10:48
04 İyun

Dünya bazarında qızıl 33 dollar bahalaşıb

10:42
04 İyun

Azərbaycan nefti 104 dollara satılıb

10:36
04 İyun

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

10:23
04 İyun

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

10:19
04 İyun

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

10:09
04 İyun

Xəzərdə zəlzələ olub

10:02
04 İyun

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

10:01
04 İyun

Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...

09:55
04 İyun

Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"

09:50
04 İyun

İndi kəndimizin futbol meydançası da var

09:45
04 İyun

Kəndimizin su problemi həll olundu

09:40
04 İyun

Çeşidlərin çoxluğu - rahatlığın yoxluğu

09:35
04 İyun

Yaşıllaşan sənaye şəhəri

09:30
04 İyun

Məktəb psixoloqlarının rolu böyükdür

09:25
04 İyun

Vətən Murad kimi oğulları unutmur

09:20
04 İyun

Şəhərlər xalqın taleyini yaşayır

09:15
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!