Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli Liderin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyub, dünyaşöhrətli siyasi xadimin əziz xatirəsini ehtiramla yad edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı tarixi rol, onun siyasi uzaqgörənliyi və yaratdığı möhkəm idarəçilik ənənələri xatırlanıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərinin məntiqi davamı olmaqla, onun dövlətçilik irsinə dərin ehtiramın göstəricisidir. Ulu Öndərin həm sovet dövründə respublikamızı böyük inkişaf yoluna çıxarmasının, həm 20 Yanvar faciəsi zamanı xalqın hüquqlarını cəsarətlə müdafiə etməsinin, həm də 1993-cü ildə ölkəyə rəhbərliyə qayıdaraq siyasi xaosu aradan qaldırmasının müasir Azərbaycanın taleyində həlledici rol oynadığı vurğulanıb. Qeyd olunub ki, müdrik siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə əldə edilən 1994-cü il atəşkəsi, “Əsrin müqaviləsi”nin imzalanması, qlobal enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də hüquq sistemində aparılan islahatlar Azərbaycanın dayanıqlı və güclü dövlətə çevrilməsi üçün möhkəm baza yaradıb.
Baş prokuror vurğulayıb ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin tarixi dövlətçilik xidmətlərinin ən mühüm mərhələlərindən biridir. Ulu Öndərin rəhbərliyi ilə formalaşdırılmış bu əsas qanun müstəqil dövlətçiliyimizin siyasi-hüquqi sütununu yaradaraq demokratik idarəetmə modelinin, insan hüquq və azadlıqlarının təminatının, habelə hakimiyyət qolları arasında tarazlığın hüquqi çərçivəsini müəyyən edib. Bu gün ölkədə hüququn aliliyinin təmin olunması və institusional islahatların uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın verdiyi möhkəm hüquqi baza üzərində qurulub.
Diqqətə çatdırılıb ki, dahi Liderin dövlətçilik fəlsəfəsi bu gün Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevanın da yaxından iştirakı ilə yeni mərhələdə uğurla davam etdirilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesi və dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun məntiqi nəticəsidir.
Tədbirdə belə bir fikir ifadə edilib ki, Heydər Əliyev irsi prokurorluq orqanlarının fəaliyyətində daim əsas istiqamət kimi rəhbər tutulur və hüququn aliliyinin təmin olunması sahəsində ardıcıl işlər həyata keçirilir.
Anım tədbirində Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Sahib İsmayılov “Ümummilli Liderin konstitusiya quruculuğu irsi, müstəqil və suveren Azərbaycan modeli” mövzusunda çıxış edib.
Tədbirin yekununda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış və Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Xalqın Adamı: Xalqını zülmətdən işığa çıxaran böyük xilaskar” sənədli filminə baxılıb.