10 İyul 2026 10:25
163
CƏMİYYƏT
A- A+
Bakının yeni nəqliyyat şəbəkəsi

Bakının yeni nəqliyyat şəbəkəsi


Paytaxtımız rahat və inteqrasiya olunmuş mobilliyə malik şəhərə çevriləcək


Son illər Bakıda mobilliyin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülür. Bu baxımdan avtobuslar üçün xüsusi zolaqların ayrılması, skuter, velosiped zolaqlarının salınması, avtobus parkının yenilənməsi ictimai nəqliyyatı əlçatan etməklə, şəxsi avtomobillərdən istifadəni azaldır ki, bu da Bakı kimi şəhərlərdə vacib faktorlardan biridir. Bu gün mərkəzi küçələrdə şəxsi avtomobillərdən yerli-yersiz istifadə də xüsusən pik saatlarda nəqliyyat sıxlığına gətirib çıxarır. 

Bakı şəhərinin Baş planında paytaxtın ictimai nəqliyyat sisteminin daha təkmil inkişafını və genişləndirilməsini, nəqliyyat yerdəyişmələrinin təmin edilməsində ictimai nəqliyyatın xüsusi payının artırılmasını, şəhərin nəqliyyat planlaşdırma strukturunun tamamlanmasını və əsas nəqliyyat marşrutları arasında fiziki və məntiqi bağlılığın təmin edilməsini təmin etmək məqsədilə metro, dəmir yolu şəbəkəsinin inkişafı, küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi, velosiped yolları, tranzit qovşaqların yaradılması və inkişafı, ictimai nəqliyyat zolaqları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. 2040-cı ilədək metro stansiyalarının sayının 46-ya çatdırılması planlaşdırılır ki, artıq bu istiqamətdə də işlərə başlanılıb. İlk iş isə qırmızı və yaşıl xəttin bir-birindən ayrılması prosesidir. Layihəyə əsasən 2027-ci ilədək yeni dəstəkləyici infrastrukturun yaradılması başa çatdırılacaq. Həmçinin 10 yeni metro stansiyanın tikilməsi nəzərdə tutulub. 

Bundan başqa, yeni və alternativ yolların çəkilməsi müəyyən yollarda hərəkət sıxlığını azaldacaq və nəticədə avtobus intervallarında müşahidə olunan gecikmələr aradan qalxacaq. Ümumilikdə dayanıqlı mobillik sisteminin yaradılması şəhərdə hərəkəti daha əlverişli və rahat edəcək. 

Bakının nəqliyyat məsələləri Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Ötən ilin yanvar ayında bu mövzuya həsr olunmuş müşavirədə çıxış edən dövlət başçısı bildirib ki, nəqliyyat məsələləri həmişə diqqət mərkəzində saxlanılıb və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb: "Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq". 

Ölkə rəhbəri həmçinin son 20 ilə nəzər salaraq qeyd edib ki, bu illərdə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 

Bütün görülən işlər, eyni zamanda qəbul edilən dövlət proqramı sayəsində Bakının nəqliyyat şəbəkəsinin genişləndirilməsi müasir standartlara uyğun şəkildə qurulur. Ümumilikdə bu istiqamətdə həyata keçirilən tədbirlər paytaxtımızı piyadayönümlü şəhərə çevirəcək. 


Mikromobillik zolaqlarının uzunluğu 100 kilometrə çatacaq


Bakının nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat almaq üçün suallarımızı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladıq.

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər mütəmadi olaraq davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. "Bakı şəhərində mikromobillik zolaqlarının uzunluğu artıq 66,6 kilometrə çatdırılıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə kimi bu şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 1000, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. İcarəyə verilən skuter sayı 4840, velosiped sayı isə 2200-dür. 2026-cı ilin ilk 5 ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 1 368 176 dəfə sifariş olunub və 2 954 801 km məsafə qət olunub. Sifariş sayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artım olub. Bu ilin yanvar-may aylarında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 684 081 nəfərdir ki, bu da 2025-ci ilin ilk 5 ayının göstəricilərindən 1,2 dəfə çoxdur", - deyə AYNA-nın məlumatında qeyd olunub. 


Yeni alternativ yollar, tramvay xətləri...


Agentlikdən bildirilib ki, dövlət proqramı çərçivəsində paytaxt və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılır. Proqramda nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə yeni irimiqyaslı strateji yolların inşası planlaşdırılıb. Birinci vacib layihə Bilgəh-Novxanı-Xırdalan-M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək. İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq. Üçüncü istiqamət Bakı Dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək. Eyni zamanda Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək. İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdi-abad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bunun nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi-"20 Yanvar"-Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar aradan qalxacaq. Bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Hazırda Azadlıq prospekti-Binəqədi şosesi istiqamətindən Binəqədi-Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil, həmin istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yoldan keçməyə məcbur qalır ki, bu da həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Qeyd edilən bu yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bununla bağlı bildirilib ki, ictimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərsə də, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Bu baxımdan xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda Bakı şəhərində 40-a yaxın küçə və prospektdə ümumi uzunluğu 115 km-dən çox olan xüsusi hərəkət zolaqları mövcuddur. Yeni zolaqların salınması istiqamətində iş aparılır.

Xatırladılıb ki, Bakı şəhərində mobillik proqramının icrasına başlanıldığı 2022-ci ildə gündəlik xəttə çıxan avtobusların sayı 1720 idisə,  hazırda bu say 2350-yə çatıb. Bu il də avtobus parkının genişləndirilməsi nəzərdə tutulur və plan üzrə 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayı 2800-ə çatdırılacaq. 

Ötən ildən etibarən ölkəmizdə ilk dəfə olaraq "AYNA MaaS" tətbiqi istifadəyə verilib. Azərbaycan, ingilis və rus dillərində təqdim edilən tətbiq səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanı təmin edir və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulub. Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini vahid tətbiqdə birləşdirir. Agentlikdən sorğuya cavabda o da bildirilib ki, ötən ilin dekabrından etibarən NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə avtobus marşrutlarında aktivləşdirilib. Bunun nəticəsində nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır - telefon, "ağıllı saat", bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində gediş haqqını ödəmək mümkündür.


Daha səmərəli hərəkət


Nəqliyyat eksperti Eldəniz Cəfər qəzetimizə açıqlamasında deyib ki, Bakıda mobilliyin artırılması istiqamətində görülən işlərin nəticələri uzunmüddətli dövrü əhatə edəcək. 

Onun sözlərinə görə, məqsəd şəxsi avtomobillərdən istifadəni bir qədər azaltmaq, ictimai nəqliyyatın payını artırmaq və şəhərdə hərəkəti daha dinamik təşkil etməkdir: "Şəhər mobilliyi o anlama gəlir ki, hərəkət hamı üçün - sürücü, piyada, əlilliyi olan şəxslər üçün sərbəst olmalıdır. Metro və tramvay yüksək sərnişin daşıma qabiliyyətinə malik olan nəqliyyat növləridir, onların inkişafı tıxacların azalmasına, səfər vaxtının qısalmasına, ictimai nəqliyyatın cəlbediciliyinin artırılmasına səbəb olacaq". 

Ekspert qeyd edib ki, hazırda avtobus parkının yenilənməsi, həmçinin köhnələrin ekoloji təmiz avtobuslarla dəyişdirilməsi, avtobus zolaqlarının salınması, marşrut şəbəkəsinin optimallaşdırılması ictimai nəqliyyatın keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu istiqamətdə islahatlar davam etdirilməlidir.

E.Cəfərin fikrincə, Bakıda mobillik sahəsində əsas problemlərdən biri insanların zərurət olmadan şəxsi avtomobillərindən istifadə etmələridir: "Əslində, həmin insanlar işini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edə, hətta piyada da gedə bilərlər. Şəxsi avtomobillərdən çox istifadə yollarda sıxlıq yaranmasına gətirib çıxarır. Bəzi insanlar isə asudə vaxtını şəhər mərkəzində maşın sürməklə keçirir. Bunlar mobilliyə vurulan ən böyük zərbələrdir. Şəxsi avtomobillərin sayının sürətlə artması, Bakı şəhərinə ətraf şəhər, qəsəbə və kəndlərdən hər gün 300 minə yaxın nəqliyyat vasitəsinin daxil olması pik saatlarda yüksək nəqliyyat sıxlığı, bəzi ərazilərdə isə ictimai nəqliyyatın hərəkətinə böyük maneələr yaradır. Bu problemləri həll etmək üçün mütləq ictimai nəqliyyat gücləndirilməlidir. Belə olan halda insanlar şəhərdə sərbəst hərəkət edə bilərlər".

Ekspert rəqəmsal texnologiyaların şəhər mobilliyinə təsirindən də danışıb. O bildirib ki, rəqəmsal texnologiyalar nəqliyyatın daha effektiv idarə olunmasına imkan verir. Real vaxt məlumatları, elektron ödəniş sistemləri, intellektual idarəetmə həlləri xidmət keyfiyyətini artırır. 

E.Cəfər vurğulayıb ki, perspektivdə Bakı metro, tramvay, avtobus, şəhərətrafı dəmir yolunun vahid sistem kimi işlədiyi, rahat və inteqrasiya olunmuş nəqliyyat mobilliyinə malik şəhər olacaq: "Şəhər mühitlərində adətən metroya, tramvaylara üstünlük verilir. Avtobus zolaqlarının, yüksəktutumlu tramvay, metro xətlərinin açılması sıxlığın azaldılması baxımından effektiv həllərdir. Şəhər mühitində piyadaların şəhərdə sərbəst, rahat hərəkəti üçün lazımi şərait yaradılmalıdır".

Bir sözlə, Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər bu sahədə tezliklə mobilliyin daha da inkişafına gətirib çıxaracaq. Beləliklə, paytaxt sakinləri mənzil başına vaxt itkisi olmadan daha rahat çatacaqlar.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

11:33
10 İyul

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

Netanyahu və Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarını müzakirə ediblər

11:23
10 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

11:08
10 İyul

FİFA Folklend adaları haqqında mahnıya görə Argentinanı cəzalandırmayacaq

11:05
10 İyul

Kasilyas su fasiləsi probleminə inqilabi həll yolu təklif edir

11:03
10 İyul

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

11:00
10 İyul

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!