10 İyul 2026 09:25
607
İQTİSADİYYAT
A- A+
Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır


Müasir dünyada dövlətlərin iqtisadi gücü və milli təhlükəsizliyi artıq təbii sərvətlər, sənaye potensialı və ya hərbi imkanlarla deyil, həm də rəqəmsal texnologiyaların inkişaf səviyyəsi ilə müəyyən olunur. 

Bu baxımdan proqram mühəndisliyi rəqəmsal transformasiyanın, süni intellekt texnologiyalarının, kibertəhlükəsizliyin və rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri hesab edilir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələr proqram təminatı sənayesini strateji sahə kimi qiymətləndirir və onun inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirlər.

Proqram mühəndisliyi elmi istiqaməti ötən əsrin 60-cı illərində proqram təminatının hazırlanması prosesində yaranan böhranın aradan qaldırılması məqsədilə formalaşmışdır. Onun əsas ideyası proqram təminatının hazırlanmasına sistemli mühəndislik yanaşmasının tətbiq edilməsidir. Necə ki körpü, bina və ya digər mühəndis qurğuları müəyyən standartlara, layihələndirmə prinsiplərinə və keyfiyyət tələblərinə uyğun inşa edilir, proqram sistemləri də elmi əsaslandırılmış metodologiyalar, standartlar və keyfiyyət meyarları əsasında hazırlanmalıdır.

Son onilliklər ərzində proqram mühəndisliyi sürətlə inkişaf edərək informasiya cəmiyyətinin əsas elmi istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanda isə bu sahənin inkişafı müstəqillik illərində yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan olunması proqram mühəndisliyinin inkişafı üçün mühüm zəmin yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "2023-2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası" ölkənin texnoloji müstəqilliyinin gücləndirilməsini, milli proqram sənayesinin inkişaf etdirilməsini və yüksəkixtisaslı kadr hazırlığını əsas prioritetlərdən biri kimi müəyyən etmişdir. Strategiyanın başlıca məqsədlərindən biri informasiya təhlükəsizliyi sahəsində xarici texnologiyalardan asılılığın azaldılması və milli proqram məhsullarının yaradılmasına elmi dəstəyin göstərilməsidir.

Cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda müşavirədə də rəqəmsal inkişafın yeni mərhələsi ilə bağlı mühüm qərarlar qəbul olunmuş, ölkənin rəqəmsal transformasiyası üzrə fəaliyyət planı müəyyən edilmişdir. Müşavirədə kibertəhlükəsizlik məsələləri əsas prioritetlərdən biri kimi qiymətləndirilmiş və dövlət informasiya infrastrukturunun etibarlı qorunmasının vacibliyi xüsusi vurğulanmışdır.

Bu istiqamətdə daha bir mühüm hadisə bu il iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası olmuşdur. İclasda qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını nəzərdə tutan yol xəritəsinin müəyyən edildiyi bildirildi. Vurğulandı ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən biridir və dövlətlərin təhlükəsizliyində getdikcə daha mühüm rol oynayır. Bu yanaşma proqram mühəndisliyinin ölkənin rəqəmsal inkişaf strategiyasında tutduğu xüsusi yeri bir daha təsdiq edir.

Ölkəmizdə proqram mühəndisliyi üzrə elmi məktəbin formalaşdırılmasında İnformasiya Texnologiyaları İnstitutunun mühüm rolu olmuşdur. Azərbaycanda proqram mühəndisliyi istiqamətində sistemli elmi tədqiqatlara ilk dəfə 2003-cü ildə akademik Rasim Əliquliyevin rəhbərliyi ilə başlanılmışdır. Sonrakı illər bu istiqamətdə geniş elmi araşdırmalar aparılmış, 2013-cü ildə "Proqram mühəndisliyi", 2020-ci ildə isə "Proqram mühəndisliyinin əsasları" adlı kitablar nəşr edilmişdir. Hazırda həmin kitablar ölkənin bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə edilir.

Aparılan elmi fəaliyyət nəticəsində proqram mühəndisliyi üzrə beynəlxalq nüfuzlu jurnallarda və konfrans materiallarında 180-dən çox elmi məqalə və tezis dərc edilmiş, bu istiqamətdə fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. İnstitutun təşəbbüsü ilə 2025-ci ildən etibarən ölkədə ilk dəfə "Proqram mühəndisliyi" ixtisası üzrə magistr səviyyəsində kadr hazırlığına başlanılması isə milli proqram mühəndisliyi məktəbinin inkişafında mühüm mərhələ hesab olunur.

Proqram mühəndisliyinin əhəmiyyəti yalnız elm və təhsil sahəsi ilə məhdudlaşmır. Müasir dövrdə proqram təminatı iqtisadi inkişafın əsas resurslarından birinə çevrilmişdir. Bu gün dünyanın aparıcı iqtisadiyyatlarında milyonlarla proqram mühəndisi fəaliyyət göstərir. Çində təxminən 7 milyon, Hindistanda 5 milyona yaxın, ABŞ-də isə 4 milyondan artıq proqramçı çalışır. Onların fəaliyyəti nəticəsində yaradılan proqram məhsulları dövlətlərin iqtisadi artımına, rəqabət qabiliyyətinin yüksəldilməsinə və texnoloji müstəqilliyinin təmin olunmasına mühüm töhfə verir. Elə buna görə də proqram təminatı sənayesi çox zaman "yeni neft" kimi xarakterizə olunur.

Müasir proqram mühəndisliyinin inkişafını süni intellekt texnologiyalarından ayrı təsəvvür etmək mümkün deyil. Süni intellekt proqram mühəndisliyinin məhsulu olmaqla yanaşı, eyni zamanda onun inkişafına da güclü təkan verir. Bu gün proqram kodunun avtomatik generasiyası, proqramların testləşdirilməsi, proqram səhvlərinin aşkarlanması, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və proqram təminatının optimallaşdırılması kimi proseslərdə süni intellekt texnologiyaları geniş tətbiq olunur. Digər tərəfdən, səsli köməkçilər, avtomatik tərcümə sistemləri, tibbi diaqnostika, üz tanınması, pilotsuz nəqliyyat vasitələri və digər intellektual sistemlər proqram mühəndisliyinin prinsipləri əsasında yaradılmış mürəkkəb proqram məhsullarıdır.

Bununla yanaşı, Azərbaycanda proqram mühəndisliyi üzrə tədrisin inkişafı istiqamətində həllini gözləyən problemlər də mövcuddur. Bunlara proqram təminatı sənayesinin inkişafına yönəlmiş kompleks dövlət proqramının olmaması, beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssis çatışmazlığı, ali təhsildə praktiki hazırlığın kifayət qədər olmaması, müasir laboratoriyaların və proqram platformalarının məhdudluğu, müəllim heyətinin davamlı peşəkar inkişafına ehtiyac və universitet-sənaye əməkdaşlığının zəifliyi daxildir. Bu problemlərin aradan qaldırılması ölkədə proqram təminatı sənayesinin inkişafına və milli rəqəmsal iqtisadiyyatın gücləndirilməsinə mühüm töhfə verə bilər.

İnformasiya Texnologiyaları İnstitutu proqram mühəndisliyi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirməyi planlaşdırır. Cari ilin noyabr ayında institutun təşkilatçılığı ilə "Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri" II respublika konfransının keçirilməsi nəzərdə tutulur. Konfrans proqram mühəndisliyi sahəsində aparılan elmi tədqiqatların müzakirəsi, yeni əməkdaşlıqların qurulması və milli proqram mühəndisliyi məktəbinin inkişafı baxımından mühüm platforma olacaq.

Bu gün proqram mühəndisliyi təkcə proqram təminatının hazırlanması ilə məşğul olan texniki sahə deyil. O, ölkənin kibertəhlükəsizliyinin təmin edilməsində, rəqəmsal iqtisadiyyatın inkişafında, süni intellekt texnologiyalarının yaradılmasında, milli proqram sənayesinin formalaşdırılmasında və texnoloji müstəqilliyin möhkəmləndirilməsində strateji əhəmiyyətə malikdir. Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasında proqram mühəndisliyinin inkişafı dövlət, elm, təhsil və sənaye arasında sıx əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. 


Tofiq KAZIMOV,

ETN İnformasiya Texnologiyaları İnstitutunun  şöbə müdiri, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!