"Lenkfruit"in türkiyəli icraçı direktoru Azərbaycanda yaşamağa niyə qərar verib
Payız bolluq və bərəkət fəslidir. Bağ-bağatlar rəngbərəng dona bürünür bu fəsildə. Bağlardan üzüm şirəsi süzülür, sitrus, heyva, alma, armud ətri gəlir, yetişən nar dərilir. Süfrələri, məclisləri bəzəyir bu nemətlər - bir-birindən dadlı, ətirli, faydalı, min dərdə şəfa olan nemətlər.
Fermerlərin, sahibkarların, kənd adamlarının aylardan bəri gözlədikləri vaxtdır payız. Yetişmiş növbənöv məhsullar yığılıb satış üçün bazarlara yola salınır. Kəndlinin əli pula dəyir. Elə buna görədir ki, hər yanda toydur, nişandır. Çal-çağırla xeyir iş xonçası aparan maşın karvanlarının ardı-arası kəsilmir.
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) mütəxəssisi Ceyhun Bağırovla Seperadi kəndi ərazisindəki "Lenkfruit" MMC təsərrüfatına gedirik. Qərb istiqamətinə irəlilədikcə yolun hər iki tərəfində tikilmiş yaraşıqlı evlər bir-bir arxada qalır. Payız yağışlarından sonra torpaqdan baş qaldırıb göyərən yaşıllıqlar, sıralanmış sərv ağacları, çox da uzaq olmayan və payızın gəlişi ilə rəndən-rəngə düşən meşə örtüklü sıra dağlar ürəyə rahatlıq, gözə dinclik gətirir. 15-18 kilometrdən sonra sola - ensiz asfalt yola dönürük. Maşınımız dəmir məhəccərli həyətin darvazası qarşısında dayanır. Gözətçi bizə yaxınlaşır: Aqrar mərkəzdə deyilən qonaqlar sizsiniz? - deyə soruşur. Ceyhun Bağırov, - bəli, bizik, - deyir. Gözətçi qapını açır. Şirkətin ofisinə doğru yolumuza davam edirik. Burada isə tamam başqa mənzərə ilə qarşılaşırıq. Naringi ağaclarının altı meyvə ilə doludur. Yol yoldaşım Ceyhun Bağırov: "Bunlar oktyabrın 10-da bura düşən güclü dolu nəticəsində yerə tökülüb xarab olan meyvələrdir", - deyir. Təəssüf doğuran mənzərə idi.
Ofisin həyətinə çatırıq. Burada 5-6 nəfər boş lafetləri nəqliyyat traktoruna qoşaraq yığılmış meyvələri gətirməyə gedirlər. Bu zaman "Lenkfruit" MMC-nin icraçı direktoru, həm də baş aqronomu Kəskin Dəniz Özkan gəlib çıxır. Salamlaşıb tanış oluruq.
Qərara gəlirik ki, ilk olaraq meyvəsi dərilən sahəyə baş çəkib orada işlərin gedişi ilə tanış olaq. Meyvəsi yığılan bağa yollanırıq. Qızlar, gəlinlər əllərindəki qayçı ilə yetişmiş naringilərin saplağını kəsir, bir-bir səbətlərə qoyurlar. Dolan səbətləri isə cavan oğlanlar sahənin kənarına daşıyırlar. Səbətlər orada çəkilərək taxtalı lafetlərə boşaldılır. Bayaq gələrkən yolboyu gördüyümüz mənzərəni indi yaxından seyr edirik. 4-5 metrdən ibarət olan cərgələrin arası başdan-başa naringidir. Bir neçə meyvəni yerdən götürüb nəzərdən keçiririk. Hamısı çürüyüb, kifsəyib, yararsız hala düşmüşdü. Manqabaşçısı Sənubər Dadaşova bunun səbəbini açıqlayır: "Oktyabrın 10-u səhər saat 9 radələri idi. Şimal-qərbdən gələn qara bulud başımızın üstünü aldı və göydən fındıqdan da xeyli böyük dolu yağmağa başladı. Nə yaxşı ki ömrü 20-25 dəqiqə çəkdi. Yoxsa gördüyünüz bu bağlardan əsər-əlamət qalmazdı. Ömrümüzdə belə şey görməmişdik. Güclü dolu meyvələri yerə tökdüyü bir yana qalsın, ağacların üstündəki meyvələrin də çoxunu zədələdi. İndi onlar çürüyüb yerə tökülür. Biz seçib saflarını yığırıq".
Təzədən ofisə qayıdırıq. Çay süfrəsində söhbətimizi davam etdirirk. İcraçı direktorun dediklərindən məlum olur ki, "Lenkfruit" şirkəti 2019-cu ildə yaradılıb. Ərazisi 120 hektardır. Bağlar əsasən naringi, portağal, limon, qreypfrut, feyxoa, şaftalı, nektarin, qaragilə ağaclarından ibarətdir. 2022-ci ildən bağlar məhsul verməyə başlayıb. Keçən il burada 2 min ton məhsul istehsal olunub. Bu il ən azı 2 min 500 ton məhsul gözlənirmiş. Mütəxəssislərin dediyinə görə, təqribən 1600-1700 ton meyvə dolu nəticəsində itkiyə gedib. Yeri gəlmişkən qeyd edək ki, 2020-ci ildə də müəssisə başqa bir təbii fəlakətlə üzləşmişdi. O zaman sərt şaxta ağacların xeyli hissəsini vurmuşdu. 11 hektarda yenidən ağaclar əkildi. Bundan sonra 15 ruzigar-pərvanə (şaxtaqovan) alınaraq lazımi yerlərdə quraşdırıldı.
Builki məhsul üçün bağların sığorta edilib-edilməməsi sualımıza, təəssüf ki, yox cavabı alırıq. Səhlənkarlıq, laqeydlik buna deyərlər. Halbuki kənd təsərrüfatı bilavasitə təbiətlə bağlı sahədir. Bizcə, hər bir sahibkar, fermer bu mühüm məsələni ciddi nəzərə almalıdır. Sığorta risklərin qarşısını almaq, zəhmət adamlarının mənafeyini qorumaq üçündür.
Dəymiş ziyanın müəyyən hissəsini azaltmaq, aradan qaldırmaq üçün "Lenkfruit" MMC-nin işçiləri bütün səylərini ortaya qoyublar. Yığılıb gətirilən meyvələr sexlərdə çeşidlənərək xüsusi taralara qablaşdırılır və oradan soyuducu anbara ötürülür. Söz düşmüşkən, MMC-nin hər biri 150 tondan ibarət 2 soyuducusu var. Meyvələr 3-4 dərəcə temperaturda saxlanılır.
Müəssisənin səmərəli fəaliyyəti üçün burada hər cür şərait yaradılıb - çeşidləmə sexi, soyuducular, işçilər üçün yeməkxana və s. Fəhlələrə hər gün pulsuz isti yemək verilir. Onu da bildirək ki, Prezident İlham Əliyev burada olmuş, müəssisənin fəaliyyəti ilə maraqlanmışdır.
Sentyabrın birinci ongünlüyündən başlanan meyvə yığımı getdikcə sürətlənir. Mövsümi işlə bağlı 4-5 ay ərzində müəssisədə 220 işçi çalışır.
Söhbət zamanı icraçı direktor və baş aqronom vəzifələrində çalışan Kəskin Dəniz Özkandan nə vaxtdan Lənkəranda yaşayıb çalışdığını soruşduq. 2025-ci ilin aprelindən bu müəssisədə işlədiyini və həmişəlik burada qalacağını, bir yerli qızla evləndiyini bildirdi.
"İşləriniz uğurlu, məhəbbətiniz, sədaqətiniz əbədi olsun!" - deyib onunla geri dönürük.
Seyran CAVADOV,
"Azərbaycan"