Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanıdır
Dünya dəyişir, sərhədlər arasında körpülər qurulur, xalqlar bir-birini daha yaxından tanımağa can atırlar. Bu böyük ünsiyyət və əməkdaşlıq prosesində Azərbaycanın da özünəməxsus yeri var. Şərqlə Qərbin qovuşduğu, qədim tarixlə müasirliyin birləşdiyi Azərbaycan indi beynəlxalq tədbirlərin keçirildiyi məkanlardan biri kimi diqqəti cəlb edir.
Bakıya nəzər salaq! Xəzərin sahilində ucalan müasir binalar, tarixin nəfəsini qoruyub saxlayan İçərişəhər, geniş küçələr və qonaqpərvər insanlar. Bütün bunlar ölkəmizin dünyaya təqdim etdiyi mənzərənin yalnız bir hissəsidir. Beynəlxalq tədbirlər zamanı dünyanın müxtəlif ölkələrindən gələn insanlar burada təkcə mühüm məsələləri müzakirə etmir, həm də Azərbaycanı tanıyır, onun mədəniyyəti, adət-ənənələri və mənəvi dəyərləri ilə tanış olurlar.
Məsələn, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Sessiyası (COP29) Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi təcrübəsində önəmli hadisələrdən biri idi. Bəşəriyyəti düşündürən iqlim dəyişmələri kimi problemin müzakirəsi dünyanın diqqətini ölkəmizə yönəltmişdi. Azərbaycanın evsahibliyi etdiyi daha əvvəlki beynəlxalq tədbirlər də ölkəmizin dünyada tanıdılmasında mühüm rol oynayıb. 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi Azərbaycan mədəniyyətini Avropaya tanıtdı. 2015-ci ildə təşkil olunan ilk Avropa Oyunları və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları idman vasitəsilə xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə töhfə verdi. Həmin il Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin keçirilməsi paytaxtın beynəlxalq idman mərkəzi kimi tanınmasını genişləndirdi.
2023-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi isə dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssisləri bir araya gətirərək elmi əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu il mayın 17-22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) isə dayanıqlı şəhərsalma və müasir yaşayış mühiti kimi qlobal məsələləri müzakirəyə çıxardı. Bütün bu tədbirlər göstərir ki, Azərbaycan mədəniyyət, idman, elm və beynəlxalq əməkdaşlıq sahələrində dünya ilə dialoqu genişləndirir. Əsas məsələ isə bu tədbirlərin yaratdığı imkanları davamlı inkişafa və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəltməkdir.
Bəs beynəlxalq tədbirlərə evsahibliyi etmək nə deməkdir? Təbii ki, bu, sadəcə qonaqların qarşılanması, konfrans zallarının hazırlanması, tədbirlərin təşkili deyil. Bu, ölkənin özünü dünyaya təqdim etməsi, etimad qazanması və ortaq problemlərin həllində iştirakı deməkdir. Hər bir qonaq, hər bir görüş, hər bir fikir mübadiləsi ölkələr arasında yeni əlaqələrin yaranmasına şərait yarada bilər.
Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi və müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirməsi qarşıdakı illər üçün də yeni perspektivlər açır. Prezident İlham Əliyevin gələcəkdə Bakıda keçiriləcək mötəbər beynəlxalq görüşlərlə bağlı səsləndirdiyi fikirlər də ölkəmizin beynəlxalq əməkdaşlıqda rolunu və mədəniyyətlərarası dialoqa verdiyi önəmi əks etdirir. Dövlət başçısı bu barədə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib: "Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə evsahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə evsahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə, 2028-ci ildə Zirvə görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Beləliklə, bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək. Bu da bizə göstərilən hörməti nümayiş etdirir və bir daha bunun aparıcı qüvvəsi bu günlərdə müzakirə etdiyimiz mövzudur: mədəniyyətlərarası dialoq".
Prezidentin bu fikirləri bir daha göstərir ki, beynəlxalq əməkdaşlığın təməlində əsasən qarşılıqlı hörmət, mədəniyyətlərarası dialoq və ortaq dəyərlərə ehtiram dayanır. Azərbaycanın bu sahədəki mövqeyini gücləndirən mühüm amillərdən biri isə onun zəngin tarixi-mədəni irsi və əsrlərlə formalaşmış qonaqpərvərlik ənənələridir ki, bu da xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəni tanıdan onun möhtəşəm memarlıq nümunələri və müasir infrastrukturu ilə paralel, həm də insanları, onların səmimiyyəti və qonağa münasibətidir. Bəzən bir təbəssüm, bir xoş söz, bir milli musiqi sədası bütöv bir xalq haqqında unudulmaz təəssürat yaradır.
Hər gün Bakının küçələrində müxtəlif dillərdə danışan insanlara rast gəlmək, dünyanın ayrı-ayrı ölkələrindən gələn qonaqların Azərbaycan mədəniyyəti ilə maraqlandığını görmək olur. Bu mənzərə Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyinin, ölkəmizə marağın artdığının təsdiqidir. Belə bir şəraitdə beynəlxalq tədbirlər xalqlar arasında körpülər qurur, dövlətlər arasında əməkdaşlığı genişləndirir və ölkənin potensialını nümayiş etdirir.
Beynəlxalq tədbirlərə evsahibliyi etmək təbii ki, fəxrlə danışılacaq hadisədən çox böyük məsuliyyətdir. Belə tədbirlər nəqliyyat, təhlükəsizlik, infrastruktur, ətraf mühitin qorunması və xidmət sahələrində yüksək təşkilatçılıq tələb edir. Ən vacib məqam isə tədbirlər zamanı səslənən təşəbbüslərin real nəticələrə çevrilməsi, qurulan əməkdaşlıq əlaqələrinin davamlı olmasıdır. Ölkənin beynəlxalq nüfuzu keçirilən tədbirlərin sayından çox onların cəmiyyətə, iqtisadiyyata və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə də ölçülür.
Dünya ilə dialoq qurmaq, müxtəlif xalqları bir araya gətirmək və ortaq gələcək naminə əməkdaşlıq etmək müasir dövrün mühüm tələblərindəndir. Azərbaycan bu prosesdə iştirakını genişləndirdikcə, onun beynəlxalq tədbirlərə evsahibliyi ölkəmizin dünyaya açılan qapılarından birinə çevrilir. Əsas məsələ həmin qapıdan daxil olan imkanları uzunmüddətli inkişafa, qarşılıqlı etimada və xalqlar arasında möhkəm dostluq münasibətlərinə çevirməkdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"