Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2354 nömrəli Fərmanının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin (bundan sonra - DERKİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. DERKİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, DERKİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. DERKİS-in formalaşdırılmasının məqsədi daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahələrində dövlət idarəetməsinin optimallaşdırılması, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin elek-
tronlaşdırılmasından və keyfiyyətinin yüksəldilməsindən, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsindən, müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından ibarətdir.
1.4. DERKİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların DERKİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların DERKİS-də toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun həyata keçirilir.
1.6. DERKİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. DERKİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın (bundan sonra - Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, Qaydalar, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. DERKİS-in texniki-texnoloji infrastrukturu
2.1. DERKİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri (test modulu).
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaşyönümlü və biznesyönümlü həllər əsasında "Mobil Prioritetli Tərtibat" prinsipi ilə qurularaq, DERKİS-in bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin DERKİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.
2.3. DERKİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət (o cümlədən elektron xidmət) göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq DERKİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. DERKİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları Xidmətin aidiyyəti struktur bölmələri tərəfindən;
2.4.2. DERKİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra - XRİTDX) tərəfindən.
2.5. DERKİS-də formalaşdırılan, DERKİS-ə daxil edilən və ötürülən məlumatlar DERKİS-in informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli DERKİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini,
o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə DERKİS,
o cümlədən DERKİS-də toplanılan məlumatların ehtiyat nüsxələri "Hökumət buludu"nda saxlanılır.
2.8. DERKİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. DERKİS-in altsistemləri
3.1. DERKİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. "Sənədlərin elektron dövriyyəsi" altsistemi;
3.1.2. "Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici və texniki sənədlər" altsistemi;
3.1.3. "Daşınmaz əmlakın dövlət reyestri" altsistemi;
3.1.4. "Daşınmaz əmlakın dövlət kadastrı" altsistemi;
3.1.5. "Sorğu" altsistemi;
3.1.6. "Təhlil və hesabat" altsistemi.
3.2. DERKİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar həyata keçirilir:
3.2.1. "Sənədlərin elektron dövriyyəsi" altsistemi vasitəsilə istifadəçilərin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və həmin müraciətə əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı, baxılmasının nəticəsinə dair elektron sənədlərin (məlumatların) təqdim olunması, həmçinin istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi təmin edilir. İstifadəçilər altsistemdə mövcud olan xidmətlərdən istifadə etmək üçün Elektron Hökumət İnformasiya Sistemindəki (bundan sonra - EHİS) "Vahid Giriş" altsistemi vasitəsilə şəxsi elektron kabinetlərindən DERKİS-ə daxil olaraq, təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalamaqla ərizə formalaşdırırlar və bu Əsasnamənin 3.2.2-ci yarımbəndində göstərilmiş altsistemdən müvafiq hüquqmüəyyənedici və texniki sənədləri (məlumatları) taparaq ərizəyə əlavə edirlər. Bu altsistem vasitəsilə həmçinin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə, habelə kadastr uçotuna alınmış daşınmaz əmlaka dair sənədlərin və məlumatların verilməsi təmin olunur;
3.2.2. "Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici və texniki sənədlər" altsistemi vasitəsilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş, DERKİS-in iştirakçıları tərəfindən daxil edilmiş hüquqmüəyyənedici və texniki sənədlər (məlumatlar) DERKİS-in istifadəçiləri tərəfindən əldə olunur;
3.2.3. "Daşınmaz əmlakın dövlət reyestri" altsisteminə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, həmin hüquqların məhdudlaşdırılması (yüklənməsi), habelə onlara xitam verilməsi barədə məlumatlar daxil edilir;
3.2.4. "Daşınmaz əmlakın dövlət kadastrı" altsisteminə "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatlar daxil edilir və həmin altsistemdə kadastr xəritələri formalaşdırılır;
3.2.5. "Sorğu" altsistemi vasitəsilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan, lakin "Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici və texniki sənədlər" altsisteminə daxil edilməmiş sənədlərin (məlumatların) DERKİS-in iştirakçıları tərəfindən həmin altsistemə əlavə edilməsi məqsədilə sorğu göndərilir;
3.2.6. "Təhlil və hesabat" altsistemi vasitəsilə daşınmaz əmlakın dövlət reyestri və kadastrı ilə bağlı müxtəlif parametrlər üzrə təhlillər aparılması üçün hesabatlar əldə edilir, həmçinin daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatı ilə bağlı ödənilmiş dövlət rüsumuna dair məlumatların "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-rüsum" altsisteminə inteqrasiyası təmin edilir.
4. DERKİS-ə daxil edilən və ötürülən məlumatlar
4.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına və daşınmaz əmlakın dövlət kadastr uçotuna alınması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci, 144-1.2-ci və 194.5-ci maddələrində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "İpoteka haqqında", "Torpaq islahatı haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında, "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanında, həmçinin daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahələrini tənzimləyən digər normativ hüquqi aktlarda müəyyən edilən, DERKİS-in fəaliyyətə başlamasından əvvəl tərtib edilmiş (verilmiş) sənəd və məlumatlar müvafiq orqanlar (qurumlar) tərəfindən 18 (on səkkiz) ay müddətində EHİS vasitəsilə DERKİS-ə ötürülür. DERKİS-in fəaliyyətə başlamasından sonra tərtib edilmiş (verilmiş) sənəd və məlumatlar müvafiq orqanlar (qurumlar) tərəfindən tərtib edildiyi (verildiyi) andan real vaxt rejimində, bu mümkün olmadıqda isə ən geci 3 (üç) iş günü müddətində EHİS vasitəsilə DERKİS-ə daxil edilir.
4.2. Bu Əsasnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatlar aşağıdakılardır:
4.2.1. qanunla müəyyən edilmiş qaydada mərkəzi və yerli icra hakimiyyəti, eləcə də bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar;
4.2.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;
4.2.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları, daşınmaz əmlakla bağlı məhkəmə bildirişləri və məhkəmə arayışları;
4.2.4. 2006-cı il iyulun 6-dək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış ləğv edilmiş dövlət orqanları (qurumları) tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
4.2.5. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənildiyini təsdiq edən sənəd;
4.2.6. 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
4.2.7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
4.2.7.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:
4.2.7.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbulu aktı;
4.2.7.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
4.2.7.2. qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, istismara qəbul aktı;
4.2.8. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
4.2.8.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
4.2.8.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;
4.2.9. 2023-cü il iyunun 1-dək inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binalara münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;
4.2.10. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə;
4.2.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);
4.2.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək ləğv edilmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr;
4.2.13. kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına dair bölgü sənədi;
4.2.14. daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər (daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.);
4.2.15. torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd (daşınmaz əmlakın dövlət kadastr sənədləri, torpaq sahəsinin planı və ölçüsü, yerquruluşu planı və s.);
4.2.16. binaya və ya binanın tərkib hissəsinə dair texniki sənəd (texniki pasport, plan-cizgi və s.);
4.2.17. tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planı;
4.2.18. daşınmaz əmlakın icarə müqaviləsi;
4.2.19. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə, onun qanunla və ya vəsiyyət üzrə notarius tərəfindən müəyyən edilən vərəsələri barədə məlumat və ya sənəd;
4.2.20. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılar, müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsi;
4.2.21. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:
4.2.21.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri;
4.2.21.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri;
4.2.21.3. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;
4.2.21.4. tikinti hüququ barədə 1948-ci il avqustun 26-dək bağlanılmış notariat qaydasında təsdiq edilmiş müqavilələr;
4.2.21.5. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında 1948-ci il avqustun 26-dan sonra bağlanılmış notariat qaydasında təsdiq edilmiş müqavilələr;
4.2.21.6. yaşayış evinə tikinti hüququnun təsdiq olunması barədə 1948-ci il avqustun 26-dək qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
4.2.21.7. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetlərinin və xalq deputatları sovetlərinin qərarları;
4.2.21.8. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə);
4.2.21.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı;
4.2.21.10. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyasına və qiymətləndirilməsinə aid pasportlar;
4.2.22. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:
4.2.22.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;
4.2.22.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar;
4.2.22.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablardan çıxarışlar və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;
4.2.22.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar;
4.2.22.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahələri barədə qaytanlanmış torpaq kitablarından çıxarışlar;
4.2.22.6. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarışlar;
4.2.22.7. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;
4.2.22.8. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;
4.2.22.9. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi;
4.2.23. daşınmaz dövlət əmlakının registri məlumatları;
4.2.24. daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar;
4.2.25. mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar;
4.2.26. daşınmaz əmlakın dövlət reyestri və dövlət kadastrı sahəsində xidmət və hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı etibarnamələr, şəxsin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənəd;
4.2.27. daşınmaz dövlət əmlakının alqı-satqı müqavilələri;
4.2.28. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı;
4.2.29. daşınmaz əmlakın dövlət reyestrində və kadastrında müvafiq əməliyyatın aparılması üçün müraciət etmiş fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə;
4.2.30. dövlət təbiət qoruqlarının sanitariya-mühafizə zonaları, tarix və mədəniyyət qoruqlarının ərazisində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonası, qoruqların sərhədləri barədə, eləcə də qoruqların ərazisindən kənarda yerləşən tarix və mədəniyyət abidələrinin mühafizə zonası haqqında məlumat;
4.2.31. yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə aidiyyəti qurumun qərarı, keçirilən sahənin mərtəbəli planı, yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında bildiriş, keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma aparıldığı halda qəbul komissiyasının aktı;
4.2.32. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması ilə bağlı aidiyyəti qurumun qərarı, layihə, yenidən qurulmanın və (və ya) yenidən planlaşdırılmanın başa çatmasını təsdiq edən qəbul komissiyasının aktı;
4.2.33. torpaq sahələrinin kateqoriyası və məqsədli təyinatının dəyişdirilməsi, torpaq sahələrinin əvəzləşdirilməsi ilə bağlı məlumatlar;
4.2.34. ünvan reyestri məlumatları;
4.2.35. daşınmaz əmlaka dair sahəvi kadastr məlumatları;
4.2.36. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş sənədlərin milli arxiv fondunda əsasının mövcudluğu barədə arayış;
4.2.37. bu Əsasnamənin 5.4-cü bəndinə uyğun olaraq ödəniş xidməti təchizatçıları vasitəsilə dövlət rüsumunun ödənilməsinə dair məlumat.
4.3. DERKİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. DERKİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə DERKİS-ə daxil edilir.
4.5. DERKİS-də formalaşdırılan sənədlər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilir və rəsmiləşdirilir.
4.6. DERKİS-ə daxil edilən və toplanılan sənədlərin (məlumatların) digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi həmin qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı, eləcə də aidiyyəti informasiya ehtiyatlarının və sistemlərinin əsasnamələrində nəzərdə tutulmuş hallarda təmin edilir.
5. DERKİS-dən istifadə qaydası
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların DERKİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və "F?rdi m?lumatlar haqq?nda" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin DERKİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən DERKİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq DERKİS-dən istifadə edirlər.
5.3. Fiziki şəxslər EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə identikləşdirildikdən sonra EHİS-dəki şəxsi elektron kabinetlərinə daxil olaraq DERKİS-dən istifadə edirlər.
5.4. DERKİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə həmin informasiya sistemlərinin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
5.5. DERKİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və s.) istifadəçilərin DERKİS-in fəaliyyətində iştirakını və ondan istifadəni, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçiyönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. DERKİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. DERKİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. DERKİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi ("Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, həmçinin fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. DERKİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.5. DERKİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra -Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə DERKİS-ə çıxış imkanını, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və testetmə imkanlarını təmin etmək;
6.1.6. DERKİS-in informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirlik ilə birlikdə təmin etmək;
6.1.7. DERKİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.8. DERKİS-ə müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. DERKİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. DERKİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi məqsədilə tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirlik ilə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil etmək;
6.1.16. DERKİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. DERKİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. DERKİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. DERKİS-in fəaliyyətini təmin etmək üçün sahibin hüquqları aşağıdakılardır:
6.2.1. DERKİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. DERKİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. DERKİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları yerinə yetirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. DERKİS-in fəaliyyətini təmin etmək üçün operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. DERKİS-in informasiya təhlükəsizliyini XRİTDX və sahib ilə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirlik ilə birlikdə təmin etmək;
7.1.2. DERKİS-in informasiya təhlükəsizliyi ilə bağlı mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. DERKİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. DERKİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahib ilə birlikdə tədbirlər görmək;
7.1.5. DERKİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını (qurumlarını) və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə DERKİS-in "Hökumət buludu"nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. DERKİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə DERKİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. DERKİS-dən sərbəst və maneəsiz istifadəni, dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə DERKİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxış təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) DERKİS-ə daxil etmək;
7.1.9. DERKİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. DERKİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. DERKİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında DERKİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında sahibin göstərişi ilə uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. DERKİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. DERKİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. aidiyyəti qurumların DERKİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun hüquqları aşağıdakılardır:
7.2.1. DERKİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. DERKİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. DERKİS ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. DERKİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər DERKİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, informasiya ehtiyatlarına və sistemlərinə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. DERKİS iştirakçılarının vəzifələri aşağıdakılardır:
8.1.1. DERKİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. DERKİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə DERKİS-ə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. DERKİS-dən, habelə həmin sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. DERKİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun DERKİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. DERKİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların hüquqları aşağıdakılardır:
8.2.1. DERKİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. DERKİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. DERKİS istifadəçilərinin hüquqları aşağıdakılardır:
9.1.1. DERKİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində, o cümlədən müraciətlərin icra vəziyyəti barədə məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. EHİS-dəki elektron kabinetləri üzərindən müraciətlərini DERKİS-ə göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. DERKİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.6. DERKİS-in işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.