Dayanıqlı inkişaf anlayışı bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan da bu qlobal hədəflərə çatmaq üçün mühüm addımlar atır. Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) artıq milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu addımlar təbii resurslardan səmərəli istifadəni və gələcək nəsillərin rifahını təmin etməyə yönəlib.
Bu çərçivədə Bakı növbəti böyük tədbirə evsahibliyi edir. Bakıda İqtisadiyyat Nazirliyinin, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir. Budəfəki tədbir "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi" mövzusuna həsr olunub.
DİM dialoqlarının keçirilməsi artıq bir ənənəyə çevrilib. 2022-ci ildən etibarən ölkəmizdə bu dialoqlar müntəzəm təşkil edilir. Dayanıqlı İnkişaf Məqsədləri Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ilin sentyabrında qəbul edilmiş və 2030-cu ilə qədər olan dövrü əhatə edən 17 qlobal hədəfdən ibarətdir. Bu konsepsiya gələcək nəsillərin imkanlarını məhdudlaşdırmadan bugünkü ehtiyacların ödənilməsini nəzərdə tutur. Yoxsulluq və aclığa son qoyulması, keyfiyyətli təhsil, gender bərabərliyi, layiqli əmək şəraiti, möhkəm infrastruktur və iqlim dəyişikliyi ilə mübarizə bu qlobal gündəliyin ana xəttini təşkil edir. Məqsəd insanlar və planetimiz üçün daha təhlükəsiz, inklüziv və dayanıqlı gələcəyi birgə səylərlə qurmaqdır.
Ölkəmizdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uzlaşdırılıb. Hazırda 2027-2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır və bu prosesdə də qlobal hədəflərlə uzlaşmanın təmin edilməsinə xüsusi diqqət yetirilir. Keçirilən bu dialoqlar hökumət, BMT sistemi, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti üçün səmərəli platformadır. Müzakirələr açıq və faydalı fikir mübadiləsinə geniş imkan yaradır.
Xatırladaq ki, bundan əvvəlki 8-ci DİM Dialoqu da Bakıda təşkil olunmuşdu. Həmin görüş İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilmişdi.
Qeyd edək ki, növbəti tədbir də xüsusi əhəmiyyət daşıyan bir vaxtda keçirilir. Dörd gün əvvəl Birləşmiş Millətlər Təşkilatının 81-ci ildönümü qeyd olunub. İki həftə sonra isə Türkiyədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası (COP31) öz işinə başlayacaq. Belə bir ərəfədə milli səviyyədə müəyyən edilən töhfələrin icrasının müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda enerji sektorunun dekarbonizasiyası mövzusunun seçilməsi də məhz bu qlobal gündəliklə tam üst-üstə düşür.
Təhminə VERDİYEVA,
"Azərbaycan"