Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi yalnız hərbi-siyasi qələbə deyil, həm də ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi dönüş nöqtəsidir. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası xalqımızın mübarizəsinin mühüm nailiyyəti oldu. Bu gün həmin torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın gücünü, iqtisadi imkanlarını və strateji baxışını nümayiş etdirir. Bir vaxtlar dağıntıların, viran qoyulmuş yaşayış məntəqələrinin və məhv edilmiş infrastrukturun hökm sürdüyü ərazilərdə indi yeni şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və müasir yaşayış kompleksləri tikilir.
Prezident İlham Əliyev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı keçdiyimiz tarixi yola toxunaraq bildirib: "Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik".
Dövlət başçısının bu fikirləri Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi və siyasi mahiyyətini aydın ifadə edir. Çünki ölkəmiz uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışmış, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmişdi. Lakin işğalın davam etməsi, beynəlxalq qətnamələrin icrasız qalması və diplomatik səylərin nəticə verməməsi Azərbaycanı öz hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atmağa sövq etdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Bununla da ölkəmizin qarşısında işğalın ağır nəticələrini aradan qaldırmaq, dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaq və doğma torpaqlarından didərgin salınmış insanların təhlükəsiz qayıdışını təmin etmək kimi yeni və son dərəcə mühüm vəzifələr dayandı.
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuğun miqyası olduqca genişdir. Azərbaycan bu mürəkkəb vəzifənin icrasını öz iqtisadi imkanlarına əsaslanaraq həyata keçirir, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına regionda yeni infrastruktur yaradılır, iqtisadi fəaliyyətin bərpası və əhalinin məskunlaşması üçün zəruri şərait formalaşdırılır.
Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində ən mühüm istiqamətlərdən biri nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi Azərbaycanın təşkilati və texniki potensialının göstəricisinə çevrilib. Bununla yanaşı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu layihəsi və digər nəqliyyat xətləri bölgənin respublikamızın vahid iqtisadi sisteminə inteqrasiyasına xidmət edir. Bu layihələr yalnız insanların rahat hərəkətini təmin etmək məqsədi daşımır. Yeni yollar və nəqliyyat qovşaqları Qarabağın iqtisadi potensialının reallaşdırılmasına, turizmin inkişafına, sənaye və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına geniş imkanlar yaradır. Eyni zamanda regionun beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi Azərbaycanın tranzit və logistika imkanlarını daha da gücləndirə bilər.
Quruculuq prosesində diqqətçəkən məqamlardan biri də müasir şəhərsalma prinsiplərinin tətbiqidir. Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərin baş planlarında yaşayış məkanlarının funksionallığı, yaşıllıq sahələrinin genişləndirilməsi, ictimai nəqliyyatın əlçatanlığı və rəqəmsal idarəetmə imkanları nəzərə alınır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzurun ən müasir yaşayış standartlarına uyğun inkişafını hədəfləyir.
Quruculuq prosesinin digər mühüm istiqaməti ekoloji tarazlığın bərpasıdır. İşğal dövründə meşələrin qırılması, təbii sərvətlərin istismarı, su mənbələrinin çirkləndirilməsi və ərazilərin minalanması regionun ekosisteminə ciddi ziyan vurub. Hazırda həyata keçirilən yaşıllaşdırma tədbirləri, alternativ enerji layihələri və ətraf mühitin mühafizəsi proqramları bölgənin "yaşıl enerji" zonasına çevrilməsinə yönəlib. Günəş, külək və su enerjisi potensialından istifadə gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun ekoloji cəhətdən dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Ərazilərin minalarla və partlamamış hərbi sursatlarla çirklənməsi insanların təhlükəsiz qayıdışını, kənd təsərrüfatı fəaliyyətini və infrastruktur layihələrinin icrasını çətinləşdirir. Buna görə minatəmizləmə işləri quruculuq proqramlarının ayrılmaz tərkib hissəsidir. Təhlükəsizliyin təmin olunması həm məskunlaşmanın genişləndirilməsi, həm də regionun iqtisadi imkanlarından tam istifadə baxımından həlledici əhəmiyyət daşıyır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda yüksələn binalar, salınan yollar, fəaliyyətə başlayan məktəblər tarixi Zəfərin real nəticələridir. Azərbaycan yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda regionun yeni sosial-iqtisadi modelini yaradır. Bir zamanlar işğalın və məcburi köçkünlüyün ağrısını çəkən bu torpaqlar indi dirçəlişin, inkişafın və güclü gələcəyin rəmzidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"