07 Avqust 2024 08:30
244
SİYASƏT
A- A+

Azərbaycanın yaratdığı reallıqlarla hesablaşılmalıdır

 

Azərbaycan dövləti İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında qazandığı zəfərlərlə beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarını həyata keçirdi. Vasitəçilərin, beynəlxalq təşkilatların onilliklər ərzində həllinə nail olmaq istəmədikləri problemləri respublikamız güc yolu ilə aradan qaldırdı, Qərbin bəlli siyasi mərkəzlərinin erməni təəssübkeşliyinə xidmət göstərən niyyətlərini puç etdi.

 

Azərbaycana qarşı qərəzli və riyakar münasibətin göstəricisi

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə, erməni separatizminə son qoyulması beynəlxalq hüququn normalarının təmin olunması ilə yanaşı, həm də yeni reallıqların yaranması deməkdir. Amma görünən odur ki, bu reallıqları hələ də dərk etməyənlər, yaxud proseslərə erməni təəssübkeşliyi ilə yanaşanlar var. Bu xüsusda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bir neçə gün öncə mətbuata verdiyi müsahibəsində səsləndirdiyi fikirlər Qərbin bəlli siyasi dairələrində Azərbaycanın maraqlarına, Azərbaycan xalqının hüquqlarına qarşı olan qəbuledilməz münasibətin və erməni sevgisinin  növbəti göstəricisidir.

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı ilə bağlı məsələlərdən danışarkən bu hüququ yalnız Qarabağı tərk etmiş ermənilərə şamil etmişdir. T.Klaar tərəfindən Azərbaycanın Qarabağ bölgəsindən könüllü və öz arzuları ilə Ermənistana köç etmiş ermənilərin qayıtması məsələsinin xüsusi hal kimi vurğulanması, Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun isə fərqləndirilməsi və bu hüququn inkar edilməsi bir daha Azərbaycana qarşı olan qərəzli və riyakar münasibətdən xəbər verir. Bu, hələ Vətən müharibəsinə qədər vasitəçilərin və beynəlxalq təşkilatların Qarabağ problemi ilə bağlı ortaya qoyduqları məkrli mövqenin Aİ rəsmisi tərəfindən başqa bir rakursda davam etdirilməsi deməkdir. Hansı ki, bu problem artıq həllini tapıb.

 

Aİ xüsusi nümayəndəsinin nə deməsinin əhəmiyyəti yoxdur

Azərbaycan Xarici İşlər Nazirliyindən bununla bağlı verilən açıqlamada bildirilir ki, T.Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Açıqlamada qeyd edilir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.

O cümlədən Qərbi Azərbaycan İcması bəyanat yayaraq Aİ rəsmisinin fikirlərini sərt şəkildə qınayıb. Bəyanatda deyilir: "Cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. Aİ rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ-yə üzv ölkələrin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir".

Onu da qeyd edək ki, indiki Ermənistan ərazilərinin yerli sakinləri olan azərbaycanlılar öz dədə-baba torpaqlarından zorla qovulublar. Həmin vaxt ermənilər tərəfindən soydaşlarımıza qarşı çoxsaylı cinayətlər, o cümlədən soyqırımı cinayətləri törədilib. Qarabağdakı  ermənilər isə ölkəmizi öz istəkləri ilə tərk ediblər. Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, onlar geri qayıtmaqdan vaz keçiblər. Bütün bunları T.Klaar da yaxşı bilir. Bu baxımdan onun bu cür fikirlər söyləməsi sadəcə erməni təəssübkeşliyindən və Azərbaycanın haqqını görməzlikdən irəli gəlir.

  Əslində, T.Klaar və onun kimilərinin bundan sonra nə deməsinin əhəmiyyəti də yoxdur. Çünki onun kimi düşünənlərin Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmaqdan başqa yolları yoxdur.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video