07 Avqust 2024 08:10
256
CƏMİYYƏT
A- A+

Paytaxtın “yaşıl mərkəzi"

 

1500-dən çox bitki növünün olduğu Mərkəzi Nəbatat Bağı Bakının həm də "hava balonu"dur

 

Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edəcək Azərbaycan qlobal istiləşmə fonunda yaranan və yaranacaq fəsadların qarşısını almaq üçün mühüm tədbirlər həyata keçirir.

COP29-a hazırlıq mərhələsində də bunun canlı şahidi oluruq. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ölkə əhalisinin bu istiqamətdə səylərini birləşdirmək, hər kəsin yaşıl dünya naminə əlindən gələni əsirgəməməsi üçün əla fürsətdir.

Regionlarımızla yanaşı, Abşeron yarımadasında yerləşən paytaxt Bakıda da son illərdə görülən yaşıllaşdırma işləri xüsusilə diqqət çəkir. Təbii landşaft qorunmaqla yeni parklar, meşə massivləri, yaşıllıq zonaları salınır, mövcud olanlar isə əsaslı təmirdən sonra yenidən istifadəyə verilir. Bu istiqamətdə görülən işlər, Bakının yaşıllaşdırılması əhalinin asudə vaxtını səmərəli keçirməsi ilə yanaşı, həm də sağlam gələcəyə mühüm töhfədir.

 

Prezidentin nəzarəti ilə...

Yolumuz Bakının yaşıl ünvanlarından olan, Abşeronun, xüsusilə Bakının "hava balonu" adlanan Mərkəzi Nəbatat Bağınadır. Nəbatat bağı Azərbaycan florasında mövcud olan bitki növlərinin və genefondunun qorunması məqsədilə 1934-cü ildə elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyətə başlayıb. Son illərdə baxımsızlıq səbəbindən bu bağdakı bitkilər ciddi ziyan görmüş, həmçinin ərazidə bir çox qanunsuz tikilinin mövcudluğu onu missiyasından xeyli uzaqlaşdırmışdı.

2022-ci il yanvarın 11-də Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxs yaradıldı. Prezident İlham Əliyevin "Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" 5 may 2022-ci il tarixli sərəncamı ilə isə bağ yeni inkişaf dövrünə qədəm qoydu. Sərəncama uyğun olaraq, Mərkəzi Nəbatat Bağında yerli və xarici mütəxəssislər tərəfindən hazırlanmış yeni, müasir layihəyə əsasən, geniş təmir-yenidənqurma işləri davam edir.

39 hektardan 46 hektara çatdırılan bağın ərazisində yerləşən 30-dan çox müxtəlif təyinatlı qanunsuz tikili sökülüb. Layihəyə əsasən, bağda yeni, müxtəlif cinsli ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.

Nəbatat bağında bütün işlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti, diqqəti və qayğısı ilə həyata keçirilir. Görülən işlərlə birbaşa yerində tanış olmaq üçün ötən ilin iyul ayında dövlət başçısı və birinci xanımın Nəbatat bağına baş çəkməsi bir daha göstərir ki, Bakının abadlaşdırılması, yaşıllaşdırılması, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ölkə rəhbərinin birbaşa diqqət mərkəzindədir.

Prezident İlham Əliyev bu ilin iyun ayında yenidən Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olub, həmçinin ərazidə tikilən Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib. Yenidənqurma zamanı institutun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün sökülərək yeni bina tikilib. Beş mərtəbədən ibarət olan binanın ümumi sahəsi 3700 kvadratmetrdir.

 

Mehriban Əliyevanın təşəbbüsü ilə iki ildə 70 min bitki əkilib

Mərkəzi Nəbatat Bağının ərazisini gəzdikcə görülən geniş quruculuq, təmir-bərpa işlərinin şahidi oluruq. Nəbatat bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik ayparaşəkilli inzibati binası da əsaslı təmirdən sonra istifadəyə verilib. Eyni zamanda ərazidə müasir tipli oranjereyanın da tikintisi davam edir. 15 metr hündürlüyündə olan oranjereyanın daxilində yerdən 3 metr hündürlüyündə körpü və hər iki qapını birləşdirən piyada yolu var. Körpü bu gözəllikləri bir də daha yüksəkdən izləmək şansı yaradacaq. Verilən məlumatlara görə, oranjereya müasir tipli isitmə, soyutma və nəmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.

Parkın ərazisində istirahət və gəzinti guşələri yaradılır, avtodayanacaq, fontan, süni göllər salınır. Valideynlərin uşaqları ilə regionlara getmədən paytaxt Bakıda təbiət qoynunda asudə vaxt keçirə biləcəyi gözəl məkanda piknik üçün də şərait yaradılacaq ki, bu da ziyarətçilərin Mərkəzi Nəbatat Bağında daha rahat və uzun vaxt keçirmələrinə imkan verəcək.

Mərkəzi Nəbatat Bağı ərazisində görülən işlərlə tanış olarkən bizi müşayiət edən MNB-nin sədr müavini Natiq Allahverdiyev bildirir ki, 2022-ci ildən etibarən bağın yeni inkişaf dönəmi başlayıb. Prezidentin sərəncamlarına uyğun olaraq bağda geniş təmir-bərpa işləri davam edir: "Hədəfimiz Mərkəzi Nəbatat Bağını nəinki coğrafiyada, dünyada bitki biomüxtəlifliyinin mərkəzinə çevirməkdir. Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi inkişaf etməlidir. "Yaşıl dünya naminə həmrəylik ili"nə verilən ən böyük töhfə həmin sərəncamdan irəli gələn işlərdir və biz də buna xidmət edirik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı bərpa işlərinə böyük təkan verib. Bağda 2022-ci ildən bəri yeni 100 növdən olan 70 min bitki əkilib".

Ərazidə bütün işlərin bitkilərə heç bir zərər yetirmədən həyata keçirildiyini qeyd edən N.Allahverdiyev deyir ki, Mərkəzi Nəbatat Bağındakı bitkilərin sənədləşməsi həyata keçirilib. Bütün bitkilərin bioloji inkişafı yüksək səviyyədədir və onların artırılması istiqamətində də işlər görülür. Bütövlükdə 46 hektarlıq bağda 1500-dən çox bitki növü var.

Nəbatat bağında təmir-bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu bildirən həmsöhbətimiz vurğulayır ki, ərazidə köhnə, yararsız su anbarının yerində 2 min ton həcmə malik yenisi tikilib ki, bu da ağacların suvarılmasında istifadə olunacaq.

 

Modern yeniliklər

Müşahidələrimiz zamanı bağda bəzi köhnə tikililərin restavrasiya edilib qaldığının da şahidi olduq. Məlumat verildi ki, həmin tikililər tarixiliyin qorunması baxımından saxlanılıb. Məsələn, ərazidə 1934-cü ildə salınmış hasar restavrasiyadan sonra saxlanılıb. Eyni zamanda hazırda Mərkəzi Nəbatat Bağının yeni, geniş girişi salınsa da, köhnə girişi də bərpa olunaraq qalıb.

Bağdakı bitkilər kolleksiyalar şəklindədir və bu proses bu gün də davam edir. Bu barədə bizə biologiya üzrə fəlsəfə doktoru, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Asif Mehralıyev məlumat verir. "Ümumi baxanda əksər bitkiləri bir-birinə bənzətmək olar, amma bağda 1500-dən çox bitki növü var. Növlərin sayının 2000-ə çatdırılması planlaşdırılır. Təsəvvür edin, Abşeron yarımadasında 700 növ bitki var, amma bu, 46 hektarlıq ərazidə 1500-dən yuxarıdır" deyən alim əlavə edir ki, bağdakı bitkilər kolleksiyalar şəklində formalaşıb. Məsələn, dərman və qida əhəmiyyətli, sarmaşan, nadir, nəsli kəsilməkdə olan bitkilər, qızılgül kolleksiyası və s. Bu, bitkilərin inkişafı baxımından önəmli faktordur.

A.Mehralıyev Nəbatat bağında 5 laboratoriyanın - Qida və dərman bitkilərinin biokimyası, Oduncaqlı bitkilər, Tropik və subtropik bitkilər, Dekorativ bitkilərin introduksiyası və seleksiyası və Bitki ekologiyası laboratoriyalarının mövcud olduğunu deyir və onların iş prinsipindən söz açır.

Bağı gəzdikcə bitkilərin tanıdılması məqsədilə onların yanında adları, vətənləri və fotolarının yer aldığı məlumatları da oxuyuruq. N.Allahverdiyev qeyd edir ki, hər hissədə ümumi kolleksiyaya daxil olan bitkilərin adları, onlar haqqında məlumat yer alan lövhələr yerləşdiriləcək ki, ziyarətçilər QR kodu oxudaraq istədikləri informasiyanı ala bilsinlər.

Ərazidə istixanaların salındığını da müşahidə etdik. Bildirildi ki, bu istixanalar yeni növ bitkilərin böyüdülüb əraziyə köçürülməsi məqsədinə xidmət edir. Bağda həmçinin bitkilərin dibinə zərər vermədən 3-4 metr dərinlikdə quyular qazılır ki, bu da torfun toplanması üçündür. Torf orqanik torpaq növü olmaqla yanaşı, yanacaq, gübrə və digər məqsədlərlə istifadə oluna bilir.

Mərkəzi Nəbatat Bağında müşahidə etdiyimiz sürətli təmir-bərpa işləri qısa zamanda bağın tam hazır vəziyyətdə qapılarını ziyarətçilərə açacağından xəbər verir.

Günorta saatları olmasına baxmayaraq, Günəşin yandırıcı şüalarından bizi qoruyan yamyaşıl ağacların kölgəsi adama ayrı bir məmnunluq verir. Təsəvvür edin, sakitlik, şəhərin mərkəzində təbiətlə iç-içə, bol oksigen...

Dünya yaranandan təbiət daim özünü tənzimləyir, bərpa edir, yenilənir. Amma ona vurulan zərbəni də bağışlamır. Beləliklə, artan təbii fəlakətlər, müxtəlif təbiət hadisələri ilə üz-üzə qalan bəşər övladı nəticədə böyük zərərlər görür. Elə bu fəsadların qarşısının alınması, iqlim dəyişmələrinin təsirlərini minimuma endirmək üçün, "yaşıl dünya" naminə hər kəs təbiətə özündən bir töhfə verməlidir. Bakını "yaşıl mərkəz"ə çevirmək üçün yeni yaşıllıqlar salınmalı, floramız qorunmalı və genişləndirilməlidir. 

Bu baxımdan tarixən Abşeronun yaşıllaşmasında xüsusi rol oynayan, indi isə yenilənən Mərkəzi Nəbatat Bağı da öz əbədi missiyasını davam etdirəcək.

Əsmər QARDAŞXANOVA,

İlham Babayev (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video