06 Avqust 2024 08:00
341
SİYASƏT
A- A+

Vətən yolu

 

Cığır insan məskəninin varlığına dəlalət edən əsas əlamətlərdən biridir.

Cığır həyat nişanəsidir.

Yol çığırdan başlanır.

Yolun işləkliyi yaşayışın ritmindən, səviyyəsindən, həm də güzərandan xəbər verir.

Əbəs yerə demirlər ki, mədəniyyət yoldan başlayır.

Yollar, həm də həsrətliləri bir-birinə qovuşdurur.

İnsanları daha tez və rahat mənzil başına çatdırır.

Yollar hər bir dövlətin iqtisadi imkanlarının güzgüsu, göstəricisi də sayılır.

Biz Vətəndən yollarla ayrılır, yollarla qayıdaraq yenidən doğma yurd-yuvaya, isti ocağımıza qovuşuruq.

***

Qarabağın baş yolu Yevlaxı keçəndən sonra Bərdədən Şuşaya uzanan yoldur!

Qarabağdaxili yollar, Şuşaya aparan yollar çoxdur.

Amma bu yol daha işlək və əlverişli olub.

Bu yol həm də Ağdamdan keçir!

Ağrılı, acılı, faciəli xatirələrlə dolu Ağdamdan!

Mənimçün Ağdam-Şuşa yolu həm də Vətən yoludur!

***

Ağdam-Bərdə yolu həm də Bakıya aparan yoldur.

Uşaqlıq arzularımızın ünvanı olan ölkə paytaxtına.

Bakı həm də təhsil ocaqları ilə zəngindir.

Arzu və niyyətinə çatmaq, seçdiyin ixtisasa yiyələnmək üçün hökmən Bakıya gəlməli, imtahan verməli, müsabiqədən keçməli idin.

Böyük sevinc və ümidlə Bakıya üz tutanların heç də hamısı dərhal məqsədinə çata, instituta qəbul oluna bilmirdi.

Belədə ya geri qayıdaraq (əsasən qızlar) yenidən bir il ərzində qəbul imtahanlarına hazırlaşır, ya da şəhərdə qalaraq fabrik-zavodlarda işə düzəlir, ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil ala bilərdin.

Amma heç zaman ayağını doğma el-obandan çəkməzdin. İldə bir neçə dəfə, əsasən də bayramlarda və məzuniyyət çağlarında doğmalarla, qohum və dostlarla görüşə gəlir, hal-əhval tuturdun.

***

Yetmişinci illər Azərbaycanında o vaxtadək görünməmiş bir inkişaf dövrü başlandı.

Bu, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə bağlı idi.

Ölkədə sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət yeni inkişaf mərhələsinə qədəm qoymuşdu.

Yeni təhsil ocaqları yaradılır, evlər tikilir, mikrorayonlar və qəsəbələr salınır, klub, kitabxana, kino və teatr binaları inşa edilirdi.

Kənd təsərrüfatının coşqun şəkildə inkişafı əhalinin güzəranını sürətlə yaxşılaşdırırdı.

Ağdamın torpağı bərəkətli, suyu bol, insanları çalışqan və işgüzardır.

Yeni təsərrüfatçılıq metodlarından bəhrələnən kənd əməkçiləri yüksək əməkhaqqı və mükafatlar alır, özlərinə Şahbulağın ağ mişar daşından yaraşıqlı evlər tikdirir, minik maşınları və mebellərə, məişət cihazlarına sahiblənərək, xoş güzəran qururdular.

Ötən əsrin yetmişinci illərində və səksəninci illərinin əvvəllərində Ağdam respublikanın digər bölgələri kimi özünün intibah dövrünü yaşadı.

Ulu Öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya aparıldıqdan və bir neçə ildən sonra böyük siyasətdən müvəqqəti uzaqlaşdıqdan sonra isə hər şey dəyişdi.

 "Yenidənqurma" adlı oyundan, SSRİ-nin süqutundan və ortalığa "Qarabağ problemi" adlı məkrli oyun atıldıqdan sonra fəlakətli və faciəli günlər başladı.

Həmin dövrdən etibarən yeni çəkilən, asfaltlanaraq genişləndirilən yollarla məcburən doğma ev-eşiyindən qovulan insanların tələm-tələsik köç karvanları görünməyə başladı...

İnsanlar götürə bildiklərini üstüaçıq yük maşınlarına, traktor lafetlərinə yükləyir, canlarını götürüb qaçırdılar.

Artıq məcburi köçkün karvanlarına yollar darısqallıq edirdi...

Nə nizami ordu vardı, nə də dövlət səviyyəsində müharibə aparan!

Nə yerli sakinləri qoruyan vardı, nə də haradasa yerləşəcəklərinə qayğı göstərərək şərait yaradan.

"Başlı başını saxlasın" qaydası ilə hamı ölümdən uzaqlaşmağa can atırdı...

Ünvansızlıq, çaşqınlıq, ümidsizlik ürəklərə və beyinlərə hakim kəsilmişdi.

İnsanların dərd və ələmlərini daha çox yollar çəkirdi.

Ümidini itirmək istəməyənlər Ağdam-Bərdə yolunun kənarlarına tökülüşərək əllərinə keçən cır-cındırdan daldalanacaqlar düzəldir, "atəş dayanandan sonra geri qayıdacağıq" ümidi ilə düzlərdə, işıqsız, susuz məkanlarda qərar tuturdular.

Ərzaq, ümid və səbr ehtiyatları qurtaranda isə ölkənin içərilərinə, gümanları gələn dost, qohum, tanış ünvanlarına üz tuturdular.

Ermənilərin və havadarlarının güclü, mütəşəkkil hücumlarından sonra (o zaman yerli sakinlərdən ov tüfənglərini belə yığmışdılar) bir neçə dəfə Ağdamdan çıxıb yenidən geri qayıdanlar 1993-cü ilin iyulunda da geri dönəcəklərini zənn edirdilər...

Hərbi müxbir olduğumdan əsl vəziyyətdən yaxşı xəbərdar idim.

İyulun 23-nə on-on beş gün qalmış Uzundərə yolu ilə Ağdamı tərk edərkən təpəyə qalxdım, sonuncu dəfə alınmaz qala saydığımız Ağdama həsrətlə baxdım.

Göz yaşları içində anlayırdım ki, bu, Ağdamla sonuncu ayrılığımdır!

Bir də Ağdamı görəcəyəmmi?!

O zaman bu suala kimsə cavab verə bilməzdi...

Cavab verməli olanlar isə başlarını itirmişdilər.

* Gah "Muştuluğumu verin, ermənilər qayıdır" (Ə.Vəzirov) - söyləyir.

* Gah SSRİ-nin saxlanılması üçün referendum təşkil edir (A.Mütəllibov).

* Gah da "Yakutiyaya bayraq sancmaq"dan (Ə.Elçibəy) dəm vururdular!

Xalq rəhbərsiz, dövlət ordusuz və sahibsiz qalmışdı.

Bu minvalla "Vətən yolu" "Həsrət və ayrılıq" yoluna çevrildi.

 27 il davam edən əzablı, dumanlı, həsrət və itkilərlə dolu məcburi köçkün ömrü yaşayası olduq.

***

Birinci Qarabağ müharibəsi ba

şlayanda bu yol ən işlək yola çevrildi.

Bu yol ilə Vətənin vətənpərvər oğulları respublikanın hər bir guşəsindən "çağırış vərəqi" gözləmədən Ağdama gəlir, orada fəaliyyət göstərən altı könüllü "özünümüdafiə batalyonları"na üzv yazılaraq torpaqların müdafiəsinə qoşulurdular.

Bu vətənpərvər oğulların bir qismi Vətən uğrunda döyüşlərdə şəhid oldu...

Allah hamısına rəhmət etsin!

Ağdamlılar onları öz balaları, doğmaları hesab edirlər...

Ürəklərində qara niyyətləri olanlar da bu yolla keçib gedirdilər.

Münaqişə təzə başlayanda Moskva ermənilərə kömək etmək məqsədilə Xankəndi şəhərində "Xüsusi idarəetmə komitəsi" yaratmışdı.

Məqsəd bu yolla Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən çıxarmaq, gələcəkdə Ermənistana birləşdirilməsinə şərait yaratmaq idi.

"Xüsusi idarəetmə komitəsi"nin bəzi üzvləri də bu yolla Xankəndiyə gedib-gəlir, hətta arabir Ağdamdakı "Qonaq evi"ndə qalaraq, çörəyimizi də yeyirdilər...

AXC-Müsavat cütlüyü iqtidarının xəyanətkar müdafiə naziri R.Qazıyev də bu yolla Şuşaya gedərək orada özünə saxta sui-qəsd tamaşası oynadı, bir neçə nəfərin ölümünə səbəb oldu.

Şuşanın müdafiəsinin fəal iştirakçılarından sayılan Mikayıl Gözəlovu və Milli Qəhrəman Ramiz Qənbərovu öldürənlər də bu yoldan keçmişdilər...

Amma bu yol ilə daha çox Vətənin müdafiəçiləri, Dağlıq Qarabağda erməni kəndlərinin əhatəsində qalan azərbaycanlı kəndlərinin əhalisinə yardım aparanlar, silah-sursat daşıyanlar gedib-gəlirdilər.

* Təəssüf ki, bu yol ilə Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana məxsus nizami ordu getmədi!

* Təəssüf ki, bu yol ilə Xocalıda, Qaradağlıda, Meşəlidə soyqırımına məruz qalanlara kömək getmədi.

* Təəssüf ki, bu yol ilə dövlətin xalqa, Qarabağın torpaq uğrunda müdafiəsinə qalxan igid oğul və qızlarına kifayət qədər köməyi və yardımı göstərilmədi.

İnsanlar köməksiz, torpaqlar müdafiəsiz qaldılar!

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev dəfələrlə bu yolla gedib-gəldi, "Türk Qızıl Ay", "Ərəb-1" və "Ərəb-2" çadır şəhərciklərindəki binəva insanlarla, məcburi köçkünlərlə görüşdü, onlara mənəvi dəstəyini göstərdi, sistemli dövlət yardımı təşkil etdi, beynəlxalq humanitar təşkilatları köməyimizə gətirdi.

Çox keçmədən yolların kənarındakı daldalanacaq tipli komaları məcburi köçkünlər üçün tikilən müasir tipli yaşayış kompleksləri əvəz etdi, insanlar həyatlarını insani şəraitdə davam etdirə bildilər.

Artıq bu yol o yol deyil!

Yolun özü də dəyişib, gedib-gələnləri də!

44 günlük Zəfər müharibəsində iştirak edən qəhrəman ordumuzun bir hissəsi bu yoldan istifadə etdi!

Orduya kömək, yaralılara yardım bu yolla da göstərilirdi!

Zəfərin sevincindən də bu yola müjdə payı düşdü!

***

Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı bir dövlət kimi məhvolmadan xilas etdi!

"Əsrin müqaviləsi" neft kontraktının bağlanmasına, ölkənin gələcək inkişafının təmin olunmasına nail oldu, ordu quruculuğuna başladı.

Bundan artığına ömür vəfa etmədi...

Azərbaycanın daimi yüksəlişini təmin edən siyasi kurs hazırladı, ən layiqli siyasi varisini yetişdirərək ölkənin gələcək taleyinin ona tapşırılması üçün məşhur vəsiyyətini etdi:

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm, inanıram ki, mənim yarımçıq qoyduğum işləri İlham Əliyev uğurla başa çatdıracaqdır"  söyləyərək əbədiyyətə qovuşdu.

İlham Əliyev Ulu Öndərin və Azərbaycan xalqının böyük etimadını şərəflə doğrultdu.

* Tarixinin ən qüdrətli Azərbaycanını yaratdı!

* Azərbaycanı yenidən tikib-qurdu, xalqın sosial rifahını əsaslı şəkildə yaxşılaşdırdı!

* Ölkənin beynəlxalq nüfuzunu yüksəltdi, onu dünyaya yeni imicdə təqdim etdi!

* Yeni gənclər nəsli tərbiyələndirdi, xalqın milli birliyinə nail oldu!

* Möhtəşəm ordu quraraq 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizlədi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etdi!

İndi isə Qarabağı və Şərqi Zəngəzuru yenidən tikib-quraraq Böyük Qayıdışa dair I Dövlət Proqramını sürətlə həyata keçirir.

Keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün torpaq minalardan təmizlənir, su anbarları və elektrik stansiyaları tikilir, əraziyə təbii qaz xətti, dəmir və şose yolları çəkilir.

Bərdə-Ağdam yolu Böyük qayıdışın böyük quruculuğunu, müasir, smart yaşayış məntəqələrinin yaradılmasını özündə əyani şəkildə əks etdirən möhtəşəm prosesin bir elementidir.

SSRİ-nin mövcudluğunun yetmiş ili ərzində Azərbaycanda yalnız Bakı ilə Sumqayıt arasında, mütəxəssislərin dili ilə desək, "birinci kateqoriya" yol salınmışdı.

İndi ölkəmizin bütün magistralları bu səviyyədədir.

Bərdə-Ağdam yolu da eyni qəbildəndir!

Onu Qələbə yolu, Vətən yolu adlandırmaq daha doğru olardı!

Yolun hamarlığı və rahatlığı, təhlükəsizliyi və məlumat-xəbərdaredici elementləri insanı valeh edir.

Ağlaya-ağlaya çıxdığın yolu belə sürət və rahatlıqla, ürək açıqlığı ilə geri qayıtmaq necə də xoş və sevindiricidir!

Çox keçmədən bu yolun ətrafı yamyaşıl meşəliyə, ucsuz-bucaqsız əkin sahələrinə, gözəl və yaraşıqlı, müasir kənd və qəsəbələrə çevriləcəkdir.

Bu qələbəyə belə yol yaraşır!

Bu qayıdışa belə yol yaraşır!

Qalib dövlətə, qalib xalqa belə yol yaraşır!

Müzəffər Ali Baş Komandana belə yol yaraşır!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video