Serbiyada səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Serbiya – Bizim Ailəmiz: Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” adlı beynəlxalq konfransda çıxış edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Serbiyanın Baş naziri Curo Matsutunun da iştirak etdiyi konfrans çərçivəsində 3 panel müzakirəsi təşkil olunub. Konfransda demoqrafik çağırışların həlli, bu istiqamətdə görülən tədbirlər və nəticələr, gələcək planları əhatə edən suallar ətrafında iştirakçı dövlətlərin rəsmilərinin çıxışları dinlənilib.
Bahar Muradova çıxışında ölkədə ailə, qadın və uşaq siyasətinin əlaqələndirilmiş şəkildə icrasından, qadınların sosial-iqtisadi gücləndirilməsindən və uşaq hüquqlarının müdafiəsindən danışıb. O, Heydər Əliyev Fondunun təhsil, səhiyyə və sosial sahədə, xüsusilə valideyn himayəsindən məhrum və xəstə uşaqlar, eləcə də uşaq evlərindən çıxan gənclər üçün həyata keçirdiyi layihələri vurğulayıb.
Komitə sədri son illər Azərbaycanda aparılan çevik və ardıcıl islahatlardan danışıb. Dövlətin gəncləri ailə həyatı qurmağa təşviqi üçün məşğulluq, təhsil və sağlamlıq imkanları genişləndirməsindən, erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması nəticəsində bu halların azalmasından və yerli icma liderlərinin rolundan bəhs edib. O, həmçinin ölkəmizdə aparılan demoqrafik siyasətin prioritetlərini orta və uzunmüddətli perspektivdə şərh edib. Bildirib ki, Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır.
Bahar Muradova konfransı təcrübə mübadiləsi baxımından yüksək qiymətləndirərək, ölkəmizin bu sahədə təcrübəsini bölüşməyə və digər ölkələrin uğurlu modellərindən öyrənməyə açıq olduğunu bildirib.