01 Avqust 2024 08:50
14496
SİYASƏT
A- A+
Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur 

Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur 

 

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyünün, suverenliyin və konstitusiya quruluşunun tam təsbiti ilə yekunlaşdı. 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmini də "dəmir yumruq" birdəfəlik məhv etdi.

Bu hərbi zəfər bütünlüklə tariximizin ən əlahiddə şanlı nailiyyətidir. Eyni zamanda ən qüdrətli dövrünü yaşayan Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində regional liderliyini, qlobal nüfuzunu, beynəlxalq miyqasda mühüm iqtisadi-siyasi aktor kimi artan rolunu şərtləndirən əsas göstəricidir.

 

Qarabağa Azərbaycan əsgəri girib

 

Qarabağ zəfəri tariximizdə zaman ayırıcısı xəttinə çevrilib. Necə ki, 4 il öncəyədək prosesləri "müstəqillikdən əvvəl - müstəqillikdən sonra" dövrləri ilə təsnifatlaşdırırdıqsa, artıq tariximizə "zəfərdən öncə - zəfərdən sonra" ayrımı ilə yanaşırıq.

Elə indidən tam əminliklə demək olar ki, əsrlər sonra varislərimiz də minillikləri ehtiva edən tariximizi məhz 2020-ci ilin noyabr zaman ayrımı ilə təhlil edəcək.

Çünki hərbi zəfər tariximizdə yeni başlanğıc dövrüdür, yeni mərhələnin miladıdır.

Qarabağda əldə edilən hərbi qələbənin tarixi mahiyyəti onu müstəqilliyin qazanılmasının strateji əhəmiyyəti ilə bir sıraya yüksəldib. Dövlətimizin və xalqımızın müqəddəratını təmin edən bu iki əsas amil - müstəqillik və Zəfər biri-birini tamamlayır, möhkəmləndirir və Prezidentin elan etdiyi yeni tarixi dövrə qədəm qoyarkən, Azərbaycanın yeni inkişaf hədəf-doktrinasının etibarlı bünövrəsini təşkil edir.

Bəs, bu qələbənin müəllifi kimdir, zəfəri şərtləndirən səbəb nədir?

Prezident İlham Əliyevin bu suala cavabını çıxışlarından iqtibasla verək:

"Qələbənin müəllifi şanlı ordumuzdur, igid əsgərimizdir, qəhrəman xalqımızdır"... "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq"...

Yəni Prezident qələbənin müəllifinin Ordu və xalq olduğunu bəyan edir. Lakin Azərbaycan vətəndaşları yeganə olaraq məhz bu məsələdə öz Lideri ilə tam razılaşmır, onun qənaətini sonadək bölüşmür. 1991-1993-cü illərin sarsıdıcı məğlubiyyətlərinə, torpaqlarımızın rüsvayçı şəkildə tərk edilməsinə bir daha nəzər salarkən və ayrı-ayrı ölkələrin tarixini səthi də olsa vərəqləyərkən, tam aydın olur ki, əsas məsələ, müstəqil dövlətə və orduya sahib olmaq deyil. Əsas məsələ bu dövləti və ordunu vahid, qüdrətli gücə çevirən, onların resurslarını düzgün yönləndirib ölkəni və xalqı təhlükələrdən qoruyan liderə sahib olmaqdır.

Prezidentimiz təvazökarlıq etsə də (bu mövzuya yenidən toxunacağıq!), xalqımız - kiçiyindən böyüyünədək hər kəs bilir və əsrlər sonra da hər kəs biləcək ki, məhz İlham Əliyevin Sərkərdəlik - Müzəffər Komandanlıq missiyası məğlub ordunu qəhrəman Silahlı Qüvvələrə, zəif və təslim respublikanı qüdrətli dövlətə çevirdi.

Vətəndaşlarımız qələbəni şərtləndirən əsas, daha doğrusu, yeganə amili Heydər Əliyev kursunun - İlham Əliyev fəaliyyətinin məntiqi nəticəsində görür.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi, dövlət rəhbərimizin qüdrətli liderliyi, yüksək siyasi və diplomatik məharəti, mükəmməl idarəçiliyi və digər bənzərsiz xüsusiyyətləri güclü dövlət konsepsiyasının uğurla reallaşmasını təmin etdi. Azərbaycanın effektiv daxili və xarici siyasəti, sosial, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə, həmçinin demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətlər də bu prosesə mühüm töhfə oldu. Bu komponentlər Azərbaycanı regionun lider ölkəsinə çevirməklə yanaşı, ona beynəlxalq miqyasda böyük nüfuz qazandırdı.

Bu nailiyyətlər silsiləsində ordu quruculuğu və milli müdafiə sənayesində əldə edilən tarixi uğurlar, yüksək inkişaf göstəriciləri, eyni zamanda Silahlı Qüvvələrimizin və hərbi arsenalımızın davamlı olaraq modernləşməsi, ən müasir yenilikləri mənimsəməsi xüsusi əhəmiyyət kəsb edirdi. Əslində, bu sahə Prezident İlham Əliyevin milli inkişaf prioritetləri sırasında ilk yerdə dayanırdı, - desək yanılmarıq. Nəticə etibarilə Azərbaycan Respublikası öz vətəndaşlarının möhkəm birliyinə əsaslanaraq, güclü siyasi, iqtisadi, hərbi potensialı ilə qarşısında duran taleyüklü tarixi vəzifələri müstəqil şəkildə, təkbaşına icra etmək imkanı əldə etdi.

…Və İlham Əliyevin Müzəffər Komandanlığı ilə Azərbaycan əsgəri 2020-ci ilin 27 sentyabrından noyabrın 9-dək Zəfər yürüşü ilə torpaqlarımızı 30 illik işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror əməliyyatı isə daxilimizdəki separatizmə birdəfəlik son qoymaqla suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasını təmin etdi.

…Ağdama, Füzuliyə, Laçına, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Şuşaya, Hadruta, Xocalıya, Ağdərəyə, Əsgərana, Xankəndiyə YALNIZ VƏ YALNIZ İLHAM ƏLİYEVİN MÜZƏFFƏR KOMANDANLIĞI İLƏ AZƏRBAYCAN ƏSGƏRİ GİRDİ!

Necə deyərlər, Nida!

 

Stəkanda "yaradılan fırtına"

 

"Nida"ya çevrilən bu ali həqiqətə xələl gətirmək üçün zəfərdən dərhal sonra dünya erməniliyi yeni məkrli kampaniyaya başladı. Dünyanın dörd bir tərəfindən lobbilərinin dəstəyi azmış kimi, hələ güclü fövqəldövlətlərin də maliyyə, hərbi, siyasi yardımını arxalarına alıb Azərbaycan torpaqlarını işğal edən, sonrakı 30 ildə yenə də bu bədnam xarici köməklə Qarabağı cəhənnəmə çevirənlər Azərbaycanın ədalətli savaşına kölgə salmağa çalışdılar. Gah hansısa xarici qoşunlardan, gah xarici muzdlu döyüşçülərdən danışdılar…

Prezident İlham Əliyevə bu barədə xarici media mənsubları tərəfindən dəfələrlə suallar verilib. Onun cavabı hər zaman konkretdir: "İddialarını əsaslandırmaq üçün heç olmasa bir fakt göstərsinlər".

Yəni bu qədər sadə: fakt göstər və isbat et. Faktın yoxdursa, demək, dediklərin yalandır, böhtandır, qərəzdir.

Fakt isə, həqiqətən də, yoxdur. Hətta süni zəka texnologiyaları ilə də bir yalan uydura bilmirlər…

Təəssüf ki, bu yalan kampaniyasına bəzən dost ölkələrdən də qatılanlar olur. Məsələn, 2001-2004-cü illərdə qardaş Türkiyənin Azərbaycanda səfiri olmuş Ünal Çeviközün hələ müharibənin gedişində verdiyi bəyanat hər birimizdə məyusluq doğurmuşdu. "Türkiyənin Azərbaycana silah yardımı etməsi, muzdlu döyüşçülər göndərməsi və Qarabağın Azərbaycanın öz gücünə azad olunmadığı" barədə həm ağ, həm də zil qara yalanı utanmadan söyləyən bu şəxsdən, əslində, başqa nəisə gözləmək də olmazdı. 2009-cu ildə böyük səylə aparılan və Türkiyənin diplomatiya tarixinin ən qaranlıq, ləkəli səhifəsi olan Ermənistanla normallaşma prosesinin əsas icraçılarından olan bu adam sonradan müxalif CHP-yə keçəndə də mövqeyini dəyişmədi.

Hazırda isə Türkiyənin bəzi ictimaiyyət dairələrində, media quruluşlarında Azərbaycanın torpaqlarının işğaldan azad edilməsində digər ölkələrin iştirakı barədə iddialar irəli sürülür.

Və yenə də təəssüf ki, türk mediası cəmiyyəti narahat edən mövzuları unudaraq, yeni süni gündəm yaradıb. İsrail dövlətinə hərbi müdaxilə ediləcəyi və "Qarabağa vaxtilə girdikləri kimi Yerusəlimə də girəcəkləri" iddia edilən məlum bəyanatın şərhi qərəzli istiqamətdə aparılır, həqiqət təhrif olunur, aşkar ermənipərəst mövqe bildirilir.

Ermənilərin yalanını başa düşdük, lap elə Ünal Çeviközün böhtanını da anladıq - onların niyyəti, məqsədi məlumdur. Ancaq bu böhtanı söyləyənlər arasında dost besab etdiyimiz insanların da olması həqiqətən də üzücüdür.

Hər iki ölkənin ziyalıları, siyasətçiləri, media təmsilçiləri, ictimai fəalları xalqlarımızın daha da yaxınlaşmasına, onlar arasında ən kiçik bir anlaşılmazlığı da dərhal aradan qaldırmağa çalışmalıdır. Bu, mənəvi borca, vətəndaş öhdəliyinə çevrilməlidir. Bu istiqamətdə Azərbaycanda və vətəndaşlarımız arasında hansısa bir zidd fəaliyyətə rast gəlinməyib.

Qardaş ölkədə isə bəzən bunun əksini görürük. Uzun illərin sınağından çıxan etibarlı əməkdaşlığa, qardaşlığa xələl gətirən hərəkətlərin müəllifləri təəssüf ki, əslində, bunu təmin etməli insanlar olur.

Heç bir əsası olmayan, yalan üzərində qurulan və "stəkanda fırtına yaratmağa" çalışılan bu "təşəbbüslər" dar gündə biri-birinə arxa-dayaq olan xalqların maraqlarına ən böyük zərərdir.

Azərbaycanla Türkiyənun gücü onların vəhdətində, vahid mövqedən çıxış etmələrində, eyni siyasi düşüncə və fəaliyyətə malik olmalarındadır. Buna kölgə salmağa çalışanlar nəticə etibarilə, öz dövlətlərinin də gücünə, mövqeyinə zərbə vururlar. 

 

Qardaşlıq səmimi və qarşılıqlı olmalıdır

 

İki dövlətin münasibətlərinə kölgə düşməsin deyə, dəfələrlə gözardı etdiyimiz, görməzdən gəldiyimiz məqamlar olub. Amma bu məsələnin üstündən indi keçmək düzgün olmaz. "Türkiyə Azərbaycana Vətən müharibəsində nə kimi yardım edib?" sualına (əslində, bu ritorik sualdır!) bir daha cavab axtaraq.

Azərbaycan-Türkiyə münasibətləri, əlbəttə ki, dünyada az rastlanan əməkdaşlıq formatıdır və vahid kökə malik azərbaycanlılarla türklərin sınaqdan çıxmış qardaşlığına əsaslanır. Xalqımız Çanaqqalada minlərlə şəhid verdi, hətta ucqar kəndlərdən insanlarımız son tikələrini belə yardıma göndərdi. Sovet Azərbaycanının qurulduğu ilk günlərdə N.Nərimanovun dəstəyilə Türkiyəyə pul, qızıl və yanacaq yardımını göndərən yalnız biz olduq. Son illərdə yanğında, zəlzələdə də dövlət və xalq olaraq daim Türkiyənin yanında olduq, hər cür kömək göstərdik. Əlbəttə ki, 106 il öncə Bakının azad olunmasında türk əsgərlərinin iştirakını da unutmuruq.

İlham Əliyevin tapşırığı ilə Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkənlərə ilkin qiymətləndirilməsi 100 milyon dollardan artıq olan min evlik şəhərin salınması Prezidentdən sıravi vətəndaşa qədər hər bir azərbaycanlının Türkiyə sevgisinin simvoludur.

Yalnız bunlarmı?

Heydər Əliyevin "Bir millət - iki dövlət" konsepsiyasını Prezident İlham Əliyev beynəlxalq miqyasda da genişləndirib, əməkdaşlığı "Bir Dövlət" zirvəsinə daşıyıb.

Praqada Türkiyəni təkləyəndə "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" - deyərək hayqıran və türk düşmənlərini rüsvay edən Azərbaycan Lideri daim Türkiyə dövlətinin ən böyük təəssübkeşi, mühafizi, dəstəkçisi kimi qəbul olunub.

Yeni siyasi dövrdə türk dövlətləri birliyinin yaradıcısı kimi tanınan, Naxçıvanda bu qurumun təsisinə nail olan İlham Əliyev Mərkəzi Asiyanın türk ölkələri ilə Türkiyəni yaxınlaşdıran, onların fəaliyyət birliyinə nail olan liderdir.

Az qala müharibə vəziyyətində olan Rusiya ilə Türkiyə münasibətlərini normallaşdırmaq üçün İlham Əliyevin aylar sürən zəhmətini, əməyini, qeyri-adi diplomatik bacarığını unutmaq olarmı?

Yaxud Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda böyük transmilli türk holdinqləri ilə yanaşı, onlarla digər türk şirkətləri, minlərlə türk mühəndis, usta çalışır. Azərbaycan dövləti qardaş ölkənin özəl sektoruna bu prosesdə iştiraka, yəni mənfəət əldə etməyə, Türkiyə büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına geniş şərait yaradır.

Türk şirkətləri üçün belə münbit şərait başqa hansı ölkədə var? Qardaşıqsa, əslində, məhz elə bizdə olmalıdır.

Ancaq qardaşlıq da bir qapıya oynanılan futbol yarışına çevrilməməlidir, qarşılıqlı öhdəliklər, mənəvi vəzifələr unudulmamalıdır.

Bəli, Vətən müharibəsinin gedişində Türkiyənin Azərbaycana mühüm siyasi, mənəvi dəstəyi olub. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti sayəsində dostlarımızın sayı son onillikdə çox artıb və savaş müddətində Avropadan Asiyaya, ərəb ölkələrindən türk dövlətlərinədək genişmiqyaslı dəstəkçi, dost ölkələr haqq mücadiləmizi dəstəkləyib. Bu dövlətlərin ön sırasında isə Türkiyə ilə Pakistan dayanıb.

Xalqımız bu dövlətlərin bayrağını və liderlərinin şəkillərini həmin günlərdə və sonra da ən hündür yerlərdə asdılar. Bu gün də şəhidlərimizin məzarı üstündə Türkiyə bayrağı dalğalanır. Hətta inzibati və rəsmi normalara uyğun olmasa da, dövlət və qeyri-hökumət binalarının önündə, kabinetlərdə də Türkiyə bayrağına mütəmadi rast gəlinir.

Prezident İlham Əliyev bu siyasi, mənəvi dəstəyə minnətdarlığını hər fürsətdə ifadə edir: "44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi".

Yaxud Prezidentin Pakistanla bağlı fikirlərinə nəzər salaq: "İşğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir".

 

Hər bir sursatın dəyərini son qəpiyinədək ödəmişik!

 

Məqalənin girişində Prezident təvazökarlığından danışdıq. İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başlayan gündən, daha dəqiq desək, dəqiqədən etibarən Xankəndidə keçirəcəyi hərbi parada gedilən yolun təməlini qoydu. Və nəticədə yalnız Azərbaycanın deyil, Türk, İslam dünyasının son əsrdə ən böyük hərbi zəfərini qazandı.

Ancaq təvazökarlığından öz Müzəffər Komandanlığını ötən 4 il ərzində bir dəfə də xatırlatmadı. Görüşlərdə bu barədə vətəndaşlar danışanda nəzakətlə sözlərini kəsdi, qələbənin müəllifinin yalnız ordumuz və xalqımız olduğunu dönə-dönə dedi.

Qələbənin sahibi çox olar, məğlubiyyət isə yetim qalar - bu deyim Azərbaycanın Vətən savaşındakı qələbəsinə də təəssüf ki, şamil oluna bilər.

Xalqımızın, ordumuzun, Komandanımızın halal qələbəsinə sahiblənmək, onu öz adına çıxarmaq cəhdlərini bütün Azərbaycan görür və məyusluqla, dərin təəssüflə izləyir.

Erməninin rəzil yalanını qardaşlarımızdan da eşitdikdə qəlbimiz sınır, inciyirik, gözləmədiyimiz yerdən duyduğumuz bu sözləri ağır mənəvi zərbə kimi qarşılayırıq.

Azərbaycanın zəfərinin nəticələri, məhz nəticələri bütün türk dünyasına məxsusdur, amma müəllifi onlar, o cümlədən Türkiyə deyil axı...

Qardaş Türkiyədə verilən məlum bəyanatlar, açıqlamalar 44 günlük müharibənin gerçəkliklərini açıq şəkildə təhrif edir. Ən əsası isə, erməni dəyirmanına su tökür!

Atalarımız deyib ki, sağ əlin verdiyini sol əl bilməz, qardaş qardaşa elədiyi ilə öyünməz. Hətta hipotetik şəkildə fərz edək ki, Türkiyə Vətən savaşında siyasi-mənəvi dəstəkdən başqa, əlavə də hər hansı bir dəstək göstərib. Bunu açıq bəyan edib, Ermənistanın və dünya erməniliyinin, o cümlədən ABŞ, Fransa və digər məlum dövlətlərin və qüvvələrin manipulyasiyalarına niyə əsas verilməlidir?

Türkiyənin və ya hər hansı başqa ölkənin Azərbaycan torpaqlarının işğaldan azad olunmasında iştirakını, siyasi və mənəvi dəstəkdən başqa digər yardımlar, xüsusilə hərb meydanında köməklik göstərdiyini iddia etmək kökündən yanlışdır. Bilərəkdən, yaxud bilməyərəkdən ortaq düşmənimiz olan dünya erməniliyinə dil verməkdir!

Türkiyə ordusunun və ya hansısa muzdluların Vətən müharibəsində "iştirakı" barədə ağızdolusu danışanlar və yazanlar bir fakt da göstərə bilmir. Yaxud mahiyyətinə görə heç də 44 günlük müharibədən geri qalmayan antiterror əməliyyatlarında hər hansı ölkənin iştirakı heç müzakirə mövzusu olmamalıdır.

Türkiyədən səslənən üzücü bəyanatlarda Azərbaycana guya göstərilən təmənnasız hərbi sursat yardımından da danışılır. Savaşdan 15 il öncədən etibarən Prezident İlham Əliyev tərəfindən həm milli müdafiə sənayesinin təkmilləşdirilməsi və yeniləndirilməsi, həm də hərbi arsenalımızın dünyanın ən son texnoloji innovasiyalarını əks etdirən hər cür silah-sursat və texnika ilə təmini üçün sistemli, ardıcıl fəaliyyət yürüdüldü. Bir neçə ölkə ilə, o cümlədən Türkiyəylə hərbi-texniki əməkdaşlıq həyata keçirildi. Müharibə dövründə bu əməkdaşlığın müxtəlif nümunələrindən istifadə olundu. Güclü aviasya hücum və müdafiə sistemimizdə Türkiyənin "Bayraqdar"ı da iştirak edirdi. Ancaq bu sistem yalnız "Bayraqdar"lardan ibarət deyildi.

Digər tərəfdən, İlham Əliyevin "Bu qələbəni qazanan texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər" - fikrindən sonra bu barədə danışmaq, ümumiyyətlə, əbəsdir…

Yeri gəlmişkən, "hərbi arsenala yardım" kimi sırınan informasya da yanlışdır. Onların hamısı hərbi əməkdaşlığın ticarət bölümünə aid məsələlərdir.

Yəni aldığımız hər güllənin, sursatın, texnikanın dəyərini son qəpiyinədək ödəmişik, cənablar!..

 

Türkiyə mediası nə deyir?

 

Sevindirici haldır ki, Türkiyə mediasında bu süni yolla yaradılan ajiotaja sağlam mövqe, əsl qardaşlıq təəssübkeşliyi ilə yanaşanlar az deyil.

Türkiyənin ən çoxtirajlı, nüfuzlu "Sözçü" qəzetində Emin Çolaşan "Beləsini heç görməmişdik" adlı köşə yazısında qeyd edir: "Ola bilər ki, biz Azərbaycana silah, texnika və sair göndərmişik, bəs bunun Qarabağa girməklə nə əlaqəsi var?"

"Yeni Çağ" qəzetinin "İsrail Türkiyəyə çoxdan girib" sərlövhəli məqaləsində yazılır: "Əvvəla, rəsmi açıqlamalara görə, Türkiyə Qarabağa girməyib, Ermənistanla müharibədə Azərbaycana İHA dəstəyi verib. Halbuki İsrail də öz Heronlarını Azərbaycana verib. Bu halda Türkiyə və İsrail Qarabağda müttəfiq idi".

"Sabah" qəzetində "Gözlənilən" başlıqlı məqalədə qeyd olunur: "Türkiyə beynəlxalq hüququ tanımayan Ermənistanın Qarabağdakı işğalına son qoymaq üçün Azərbaycana dəstək verib. Liviyada da beynəlxalq hüquq çərçivəsində legitim dövlətin dəstəklənməsinə dəstək verilib".

"Star" qəzetində yazılır: "Qarabağ və Liviyaya girdiyimiz kimi İsrailə də açıq şəkildə girəcəyik" açıqlamasına gəlincə, bəzi insanlar bundan olduqca narahat oldu. İsrailin mövqeyi lakmus kağızı kimi hər kəsi və hər niyyəti ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev həmişə deyir: "Türkiyə olmayan yerdə Azərbaycan var, Azərbaycan olmayan yerdə Türkiyə var". Beləliklə, "Biz birik" deyir!"

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi də bu barədə informasiyaları təkzib edib: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı döyüş əməliyyatlarında hər hansı ölkənin hərbçilərinin iştirakı ilə bağlı bəyanatların heç bir əsası yoxdur".

 

Səmimiyyət və dürüstlük sınağı

 

Azərbaycan 44 günlük müharibədə 3 mindən artıq, birgünlük antiterror tədbirlərində isə 200-dən çox şəhid verdi. Amma hər hansı digər ölkənin nümayəndəsinin bu prosesdə həlak olması, yaralanması barədə bir məlumat belə yoxdur.

Ölkəmizdə hazırda 93125 nəfər müharibə veteranı var. Onlardan 4685 nəfəri vətən müharibəsi əlilidir. Şəhidlərimizlə bərabər döyüşlərdə iştirak edən hərbçilərimizin sayı 97 minə yaxındır.

Qarabağa girən, Qarabağı azad edən bu 97 min Azərbaycan vətəndaşı, igidi, qəhrəmanıdır!

30 illik işğala son qoyan xalqın öz liderinə, ordusuna və elə özünə olan inamıdır!

Şuşada, Xankəndidə Zəfər bayrağını dalğalandıran Müzəffər Komandan İlham Əliyevin qüdrətli liderliyi, məharətli sərkərdəliyi, yüksək diplomatiyasıdır!

Qarabağa azadlıq bəxş edən Komandan-Ordu-xalq vəhdətinin təcəssümü olan "dəmir yumruq"dur!

Azərbaycan dövləti və Prezidenti heç bir zaman bu mövzunu istismar etmir. Qarabağın azadlığı məsələsi İlham Əliyev üçün indi daha böyük inkişafın, daha strateji hədəflərin reallaşması üçün etibarlı, möhkəm təməldir, sabaha aydın baxış vizyonudur.

Elə II Şuşa Qlobal Forumunda dövlət başçısının dediyi kimi: "Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik".

Prezidentin "irəli getməliyik" - tezisi əlbəttə ki, Azərbaycanla yanaşı onun "bir ailəyik" - deyə səciyyələndirdiyi türk dünyasını da ehtiva edir. İlham Əliyevin xarici siyasətində prioritet türk dünyasıdır, öncəlik isə Türkiyədir.

Bu baxımdan, Azərbaycan Liderinin timsalında dövlətimizin və xalqımızın bu səmimi təəssübkeşliyi adekvat olmalı, şəxsi maraqları deyil, qarşılıqlı mənafeləri ifadə etməlidir.

İlham Əliyevin beynəlxalq miqyasda birmənalı etiraf olunan qlobal liderliyinin gücü onun qətiyyəti ilə yanaşı, həm də səmimiyyətindən qaynaqlanır. Sözü ilə imzası bir olan Liderin dostluqda da, gərgin münasibətdə də bir siması, bir sözü, bir mövqeyi var!

Dünən dediyini bu gün danmır, dünən tənqid etdiyini bu gün tərifləmir, dünən haqq saydığını bu gün təkzib etmir!

Biz buyuq, dövlətmiz də, xalqımız da, liderimiz də budur!..

Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu hər iki xalqın sərvətidir. Həm də bu birlik modeli regional təhlükəsizlik faktorudur. Şuşa Bəyannaməsinin ardınca Qarabağ Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin inaqurasiya mərasimində elan etdiyi türk dövlətlərinin həmrəyliyi ilə bağlı hədəflərinin uğurla reallaşdığını göstərir.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan prezidentlərinin, Türkiyə vitse-prezidentinin, Macarıstan baş nazirinin, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin iştirakı ilə baş tutan Şuşa sammitinin nəticələri İlham Əliyevin türk dünyasını qlobal geosiyasi, geoiqtisadi aktora çevirmək təşəbbüslərinin tezliklə gerçəyə çevriləcəyinə əminlik yaradır.

İlham Əliyevin Müzəffər Komandanlığı ilə erməni separatizminə son qoyulması ümumilikdə bütün türk dünyasını hədəfə götürən dünya erməniliyinin iflası oldu. Yəni qələbə qazanan yalnız Azərbaycan deyil, həm də dost, qardaş, müttəfiq türk dövlətləridir!

Ən başlıca isə Türkiyədir!

 Xankəndidə, Şuşada dalğalanan Zəfər bayrağı bütün türk dünyasının qürur mənbəyi olmalıdır və hesab edirik ki, məhz belədir.

Zəfər də hamımızındır, Qarabağ da hamımızın!

Sadəcə, səmimi və dürüst olaq...

 

"AZƏRBAYCAN" QƏZETİ REDAKSİYASI

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

00:48
14 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:47
14 Dekabr

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:45
14 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

00:45
14 Dekabr

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:44
14 Dekabr

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:43
14 Dekabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:40
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:39
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:38
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:38
14 Dekabr

"AzerGold" QSC Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib

00:36
14 Dekabr

Azercell abunəçilərinin nəzərinə

00:36
14 Dekabr

Lula da Silva reanimasiyadan çıxıb

23:28
13 Dekabr

Aİ Suriyaya təxminən 100 ton humanitar yardım çatdıracaq  

23:28
13 Dekabr

“Stratcom 24”-də “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda iclas keçirilib

23:03
13 Dekabr

Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

22:59
13 Dekabr

Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib  

22:53
13 Dekabr

Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

22:49
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!