02 Avqust 2024 09:14
256
SİYASƏT
A- A+

Həmin gün mütləq gələcək

 

Qərbi Azərbaycana qayıdışımız əsas hədəflərimizdən biridir

 

Vətən müharibəsindəki tarixi zəfərimizdən, ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin olunmasından sonra Azərbaycan dövləti qarşısında əsas milli hədəflərdən biri də müxtəlif illərdə Ermənistanda aparılan etnik təmizləmə siyasəti nəticəsində qədim yurd yerlərindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası məsələsi idi. Bundan başqa, həmin dogma torpaqlarda Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği, bu irsin tam məhvinin qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasıdır. 
Tarixi qələbəmizdən sonra yaranmış yeni reallıqlar dövründə bu istiqamətdə fəaliyyət gücləndirilib. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi kimi 2022-ci ilin avqustundan "Qərbi Azərbaycan İcması" adı altında fəaliyyət göstərən təşkilat üzərinə düşən missiyanı uğurla yerinə yetirir. Ermənistan ərazisindəki tarixi irsimizlə bağlı elmi tədqiqatlar davam etdirilir, beynəlxalq əlaqələr genişləndirilərək Qərbi Azərbaycandan olan soydaşlarımızla bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır, azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi məqsədilə hazırlanmış konsepsiya - Qayıdış Konsepsiyası üzrə ardıcıl tədbirlər  həyata keçirilir. Tarixboyu böyük haqsızlıqlara məruz qalmış qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi regional təhlükəsizliyin və Ermənistanla Azərbaycan arasında münasibətlərin bərpa olunması kontekstində ilk sırada baxılmalı olan vəzifələrdəndir.
Bu torpaqlar bizim milli yaddaşımızdır. Erməni vandalları öz bəşəri cinayətlərinin izini itirmək üçün hər nə qədər bu torpaqlarımızdakı tarixi, dini abidələrimizi yerlə yeksan etsələr də, bununla azərbaycanlıların tarixi irsini silmək istəsələr də, torpağın yaddaşını axıra qədər məhv etmək mümkün deyil. İndi bu yaddaşı daha da oyatmaq, qərbi azərbaycanlıların pozulmuş hüquqlarını beynəlxalq məhkəmələr qarşısında qaldırmaq, Ermənistanın qəsbkar əməllərini bu səmtdə də dünya ictimaiyyətinə çatdırmaq və haqqımız olanları əldə etmək vaxtıdır. Ona görə də beynəlxalq ictimaiyyətin bu məsələ barədə düzgün məlumatlandırılması, ermənilərin və onların havadarlarının uzun illər ərzində bu mövzu ətrafında yaratdıqları informasiya blokadasının ortadan götürülməsi tarixi ədalətin bərpasına, bölgəmizdə əbədi sülh üçün daha münbit şəraitin yaranmasına xidmət edəcəkdir. Bu baxımdan, hazırda Azərbaycanın liderliyi ilə bölgəmizdə davamlı inkişafın, əməkdaşlığın təmin olunması məqsədilə aparılan proseslər Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızla bağlı problemin də ədalətli şəkildə həllindən keçir. Ona görə də bu mövzunu hər imkanda aktuallaşdırmaq, Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ifadə etmək lazım gəlir.
Qərbi azərbaycanlılarla bağlı məsələyə II Şuşa Qlobal Media Forumunda da xüsusi diqqət yönəldildi. Forum "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həsr edilmişdi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı forumu əhəmiyyətli edən əsas amillərdən biri, təbii ki, Prezident İlham Əliyevin tədbirdə iştirakı, dünyanın müxtəlif ölkələrindən bu nüfuzlu mediaforuma qatılmış qonaqların ən müxtəlif mövzularda çoxsaylı suallarına verdiyi təfərrüatlı cavablar idi. 
Prezident İlham Əliyev forumda qərbi azərbaycanlılarla bağlı sualları da ətraflı cavablandırdı. Bunun mühüm əhəmiyyəti ondadır ki, ermənilərin Qərbi Azərbaycanda apardıqları etnik təmizləmə siyasəti uzun illər ərzində dünya mediasında işıqlandırılmayıb. Ermənilər və onların havadarları dünya ictimaiyyətinin bu mövzuda məlumatsız qalmasına, yaxud məsələnin qərəzli şəkildə, yalanlara bürünərək təqdim edilməsinə nail olublar. II Şuşa Qlobal Media Forumu isə göstərdi ki, Azərbaycan bu istiqamətdə də üstünlüyü ələ alaraq beynəlxalq aləmə əsl həqiqətləri çatdırır.

 

O gün mütləq gələcək

"Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?" - rusiyalı jurnalist Maksim Şevçenkonun vaxtilə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından deportasiya edilən soydaşlarımız haqqında sualı belə bir konkret cümlə ilə tamamlanırdı. 
Suala cavab olaraq tarixə qısa ekskurs edən Azərbaycan Prezidenti xatırlatdı ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində, 1918-ci ildə başa çatmış İkinci Dünya müharibəsindən dərhal sonra Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmışlar. 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edilmiş, yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olunmuş, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan, yaşayış üçün yararsız Kür-Araz ovalığına deportasiya edilmişdir. Onların çoxu, öyrəşmədiyi vəziyyətə dözə bilməyərək vəfat etmişdir. 1980-ci illərin sonlarında isə Ermənistanda azərbaycanlılara qarşı geniş etnik təmizləmə başlanmışdır. Belə bir siyasət bütün dünyanın gözləri önündə baş versə də, əfsuslar olsun ki, bu barədə Qərbin media məkanında bir kəlmə də olsun söhbət açılmırdı. 
Azərbaycan Prezidenti bu məqamı diqqətə çatdıraraq xatırlatdı: "Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüzfaizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı".
Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın o torpaqlara dönə biləcəkləri gün mütləq gələcək. Cənab İlham Əliyev bu məsələdə Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəslədiyini də vurğuladı. 
Ermənistan üçün bunun ən parlaq nümunəsini məhz Azərbaycan yaradıb. Belə ki, hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, Azərbaycan dövləti Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə çağırdı. Milli Məclisin deputatları Prezidentin xüsusi nümayəndəsi kimi Qarabağın erməni əhalisi ilə təmasların qurulması, onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldılar. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş, onda hələ Azərbaycanın nəzarəti altında olmayan ərazidə - Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında reallaşdı. "Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi. Bir neçə ay ərzində biz onları iki dəfə görüşə dəvət etdik və iki dəfə imtina edildi, bundan sonra isə prosesdə iştirak etməyə çalışan bir çox beynəlxalq oyunçular bizə sual ilə müraciət etdilər: bəs onların həyat fəaliyyəti necə təmin ediləcək? Ona görə də biz reinteqrasiya layihəsini sadəcə olaraq internetdə yerləşdirməyə məcbur olduq. Layihəyə giriş açıqdır. Düşünürəm ki, bu problemlə maraqlananların çoxu onun məzmunu ilə tanış olub. Orada hər şey aydın şəkildə qeyd edilib" - Azərbaycan Prezidenti bununla bağlı məqamları xatırlatdı. 

 

"Biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik"

Qeyd edək ki, reinteqrasiya layihəsində Qarabağ ermənilərinin Azərbaycan ərazisində hansı şərtlər daxilində - vətəndaşlığı qəbul edəcəkləri təqdirdə qala biləcəkləri qeyd olunmuşdu və bunu necə etməyin qaydası, iş və yaşayış icazəsinin alınması şərtləri göstərilmişdir. Prezident İlham Əliyev vurğuladı ki, başqa ölkənin vətəndaşının digər ölkədə daimi yaşaya bilməsinin hər hansı başqa forması, sadəcə olaraq, mövcud deyil. Amma ermənilər bundan da imtina etdilər. Azərbaycan isə o vaxt hələ nəzarətimizdə olmayan Qarabağda yaşayan erməni millətindən olan vətəndaşların təhlükəsiz həyatını təmin etmək baxımından mümkün qədər konstruktiv idi. Hətta sentyabrın 20-də torpaqlarımıza nəzarəti bərpa edərək separatizmə son qoyanda da yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə nəticə əldə olunmadı. 
Azərbaycan Prezidenti o qədər də uzaq olmayan bu tarixi faktları xatırlatmaqla ölkəmizin bu məsələyə yanaşmasını bölüşmüş oldu və dövlətimizin Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözlədiyini qeyd etdi: "Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 
30 il ərzində dağıdıldığı kimi yerlə yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək". 
Qeyd edək ki, bütün bunlar Azərbaycan Prezidentinin Qərbi Azəbaycan məsələsi ilə bağlı ilk fikirləri deyil. Bundan əvvəl də cənab İlham Əliyev bu məsələ ilə bağlı dəfələrlə Azərbaycanın qətiyyətli mövqeyini bölüşüb, gələcəklə bağlı ümidlərini ifadə edib. Əfsuslar olsun ki, erməni diasporunun nəzarətində olan mərkəzlər bu obyektiv və ədalətli mövqeyə, Cənubi Qafqazın bütün sakinlərinin qərarına olan yanaşmaya münasibətdə yenə təxribatçı əməllərindən əl çəkmirlər. Prezident İlham Əliyevin bu fikirlərini əsas gətirərək Azərbaycanı, ölkə başçımızı az qala işğalçı fikirlərə düşməkdə ittiham edənlər də olub. Azərbaycan Prezidenti bir daha belələrinin cavabını verdi: "Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər".
Prezident İlham Əliyevin fikrincə, burada təkcə Azərbaycanın istəyi, yaxud ölkəmizin fəaliyyəti kifayət etməyəcək. Azərbaycanın dövlət başçısı bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatlarının da qoşulmasını arzuedilən saydı. "Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur".
Azərbaycan dövləti işğal altındakı ərazilərimizin azadlığını, ölkəmizin ərazi bütövlüyünü təmin etdiyi kimi Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarımıza qayıdışı məsələsinin də beynəlxalq hüquq normalarına uyğun şəkildə, ədalətli qaydada həllinə nail olacaq və bununla daha bir tarixi nümunə yaradacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video