04 Avqust 2024 08:40
161
SİYASƏT
A- A+

Heydər Əliyev ideyalarını yaşadan Azərbaycan

 

1969-cu il 5 avqust plenumunda əsas diqqət güclü iqtisadiyyatın yaradılmasına və sağlam milli kadrların yetişdirilməsinə yönəldilmişdi

 

Azərbaycan tarixində ən güclü inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlayır. 1969-cu il ölkəmizin ən yeni tarixində dönüş ili oldu.

Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Ulu Öndər bu illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirdi, daim xalqını, vətənini düşündü, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etdi. İlk günlərdən aydın oldu ki, Azərbaycan xalqı artıq əsl liderini tapmışdır. 1969-cu ildən bəri Azərbaycan tarixinin bütün dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Böyük şəxsiyyət ölkəsinin bügünkü və sabahkı dövrünün möhkəm bünövrəsini yarada bilmişdir.

Ulu Öndərin siyasi lider kimi xoşbəxtliyi ondadır ki, inkişaf dövrü ifadəsi qarşısındakı ən parlaq epitetləri indi onun mənəvi-siyasi irsinin davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrə aid edilir. Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycan daha da yüksəlib, tarixi inkişaf yolunda əsrlərə bərabər uğurlarla irəliləyib. Prezident İlham Əliyev Ümummilli Liderin zamanında obyektiv səbəblər, çətin şərait üzündən gerçəkləşməmiş arzularını da reallaşdırıb. Torpaqlarımızın azadlığına, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə nail olub. Əsrlərlə xalqımızın başının bəlasına çevrilmiş erməni məsələsinə birdəfəlik son qoymağı bacarıb. Azərbaycanı bütün meyarlar üzrə - həm sosial-iqtisadi inkişaf göstəricilərinə, həm beynəlxalq nüfuzuna, həm regional və qlobal proseslərə təsir imkanlarına görə tarixinin ən qüdrətli inkişaf mərhələsinə yetirib.  

Hazırda Heydər Əliyevin ideyalarından, bu ideyalar işığında qazandığımız naliyyətlərdən güc alaraq önümüzdəki ali məqsədlərə doğru irəliləyirik.

 

Tarixin ən qüdrətli Azərbaycanına doğru yol

Müdriklərdən birinin söylədiyi kimi, ən böyük məsafələr də bir addımdan başlanır. Bu, tarixdə də belədir. Xalqların həyatını dəyişmiş böyük proseslər bəzən öz başlanğıcını bir yenilikdən, təqvimdəki hansısa gündən götürür və o tarix sonralar həmin xalqların taleyinə çevrilir.  

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın plenumu keçirilir. 10 ildən artıq müddətdə respublikaya rəhbərlik etmiş ozamankı birinci katib Vəli Axundov səhhəti ilə bağlı vəzifəsindən istefa verir və elmi işlə məşğul olmaq arzusunu bildirir. Plenumda çıxış edən keçmiş Sov.İKP MK-nın katibi İ.V.Kapitonov son illərdə respublikanın bütün ittifaq göstəricilərindən geridə qaldığını, vəziyyətin narahatlıq doğurduğunu xüsusi vurğulayır. Həmin mötəbər məclisdə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə namizədliyi irəli sürülür və yekdilliklə dəstəklənir. Bununla da Azərbaycanda milli ideallara bağlı bir insanın rəhbərliyə gəlişi respublikanın tarixində yeni siyasi mərhələnin başlanğıcı olur.

1969-cu il avqustun 5-də Bakıda Azərbaycan KP MK-nin növbəti plenumu keçirilir. Bu plenum ölkəninin yeni rəhbərinin rəsmi dövlət siyasəti səviyyəsində ortaya çıxması, yeni strateji dövrdə Azərbaycan qarşısında duran əsas hədəflərin müəyyənləşdirilməsi, onlara çatmaq üçün yerinə yetirilən vəzifələrin konkretləşdirilərək təqdim edilməsi idi. Tarixin ən qüdrətli Azərbaycanına doğru yol öz başlanğıcını o günlərdən götürür. Həmin siyasətin başlıca məramı güclü dövlət, güclü iqtisadiyyat yaratmaq, sağlam milli kadrlar yetişdirmək idi.

 

İşi kadrlar həll edirlər

Plenumda yeni təyin olunmuş birinci katib yaranmış vəziyyətdən çıxmaq üçün hansı tədbirlərin görülməsinin lazım gəldiyini, respublikada nə kimi çətinliklərin olduğunu dəqiq şəkildə göstərən proqram xarakterli böyük bir nitq söylədi. Ulu Öndər çox açıq və sərt şəkildə kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyünü bildirdi. Ümummilli Liderin plenumdakı nitqi  kadr seçiminə necə böyük məsuliyyətlə yanaşdığını bir daha təsdiqlədi. "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar", - deyə Heydər Əliyev bütün sahələrdə mövcud olan nöqsanlar barədə fikrini bildirdi və bu, o vaxt çoxlarında təəccüb doğurdu.

Ölkənin yeni rəhbərinin kadr məsələsinə belə xüsusi diqqət yetirməsi heç də təsadüfi deyildi. İlk növbədə ona görə ki, həmin dövrdə Azərbaycanda mövcud olan problemlərin mühüm bir qismi insan amilindən irəli gəlirdi. Digər tərəfdən isə Ümummilli Lider Azərbaycanı qısa müddətdə irəli aparmaq üçün çox böyük vəzifələr müəyyənləşdirmişdi və bu vəzifələri lazımi şəkildə yerinə yetirməkdən ötrü fərqli templə çalışmağa qabil, yüksək əzmkarlığa, peşəkar, mənəvi keyfiyyətlərə malik kadrlara ehtiyac vardı.

Onu da qeyd edək ki, respublikanın rəhbəri kimi vəzifəsinin icrasına yeni başlamış Heydər Əliyevin hər bir sahədə mövcud nöqsanlarla bağlı fikirlərini açıq bildirməsi çoxlarında heyrət doğururdu. Çünki Sovet İttifaqı totalitar mahiyyətli cəmiyyət idi və burada qüsurlar barədə olduğu kimi danışılmırdı, onları ört-basdır etməyi üstün tuturdular. Bu problemlər rejimin mahiyyəti ilə bilavasitə bağlı olduğundan açıq danışmaq ehtiyatsız addım sayılırdı. Digər tərəfdən, bu çatışmazlıqları, nöqsanları məhz Heydər Əliyevin dilə gətirməsi isə xüsusilə riskli görünürdü. Ona görə ki, bu çıxışı uzun illər xüsusi xidmət orqanlarında çalışmış ali rütbəli məmur - ölkədə və ümumən idarəetmə sistemindəki vəziyyət haqqında ən dolğun məlumatlara malik şəxs edirdi. İkinci tərəfdən Azərbaycana rəhbərliyə yenicə başlamış dövlət xadiminin bu cəsarətli nitqinin ölkə hüdudlarından kənarda da böyük ictimai diqqət, reaksiyalar doğuracağı əvvəlcədən bəlli idi. Gözlənildiyi kimi də oldu. Yeni rəhbərin o vaxta qədər misli görünməyən cəsarətli, kəskin mövqeyindən, bəzi sovet gerçəkliyinə ciddi, tənqidi, realist münasibətindən nəinki Azərbaycanda və keçmiş ittifaq respublikalarında, hətta xarici radiostansiyalarda, dünyanın mötəbər qəzet və jurnallarında da söhbət açılırdı. Hətta SSRİ-nin ali rəhbəri, Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev də bununla bağlı narahatlığını Heydər Əliyevin diqqətinə çatdırmışdı. Amma Ümummilli Lider dediyi sözlərin, tutduğu mövqenin, ən əsası isə Azərbaycanın taleyi ilə bağlı onun üzərinə düşən tarixi missiyanın fərqində idi və bilirdi ki, problemlərin tam həlli hər bir reallığı çəkinmədən öz adı ilə çağırmaqdan başlanır.

 

"Qoy ədalət zəfər çalsın!"

Ümummilli Lider 5 avqust plenumundan sonrakı illərdə də, təbii ki, dövrün müəyyən qaydaları çərçivəsindən kənara çıxmayaraq öz siyasi xəttini yeridir, çəkinmədən sözünü deyir, fikirlərini sərbəst açıqlayır, mövcud problemlərin aradan qaldırılması, zəruri vəzifələrin yerinə yetirilməsi üçün qətiyyətli addımlar atırdı. Məhz o zaman Heydər Əliyev yeni iş tərzinə malik siyasi lider kimi təkcə ittifaq miqyasında deyil, həm də bütün dünyada tanındı. Ulu Öndər 1981-ci ilin 18 noyabrında "Literaturnaya qazeta"ya verdiyi məşhur "Qoy ədalət zəfər çalsın!" başlıqlı müsahibəsində o dövrdə respublikanın həyatı ilə bağlı ən müxtəlif məsələlərə toxunaraq demişdi: "Kommunist Partiyası MK-sının avqust plenumundan, respublikanın həyatındakı ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən bu plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış və cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı.

Qeyd etmək istəyirəm ki, biz "qanunçuluq" deyəndə cinayət məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir. Azərbaycan partiya təşkilatının işi məhz belə bir mövqeyə əsaslanır və məhz bu mövqe böyük əksəriyyət, həyatda, əməkdə yüksək əxlaq prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızğın surətdə bəyənilmişdir... Biz xalqa kömək edib onda haqqa-ədalətə inam oyatmalı idik... Ağır, çətin proses idi. Mən "idi" sözünü heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir".

 

İntibah

Məhz belə prinsipial, qətiyyətli mövqe sayəsində Heydər Əliyev çox qısa zaman ərzində Azərbaycanın ictimai-siyasi həyatında ciddi dönüş yaratmağa nail oldu. Kadrların düzgün seçimi, onlara qarşı tələbkarlığın artırılması işin effektivliyini yüksəltdi. Ümummilli Liderin gərgin zəhməti, fədakarlığı, eyni zamanda şəxsi nüfuzu sayəsində bir-birinin ardınca qəbul edilən inkişaf proqramları sayəsində Azərbaycan böyük bir quruculuq meydanına çevrildi. Respublikada iri müasir maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri tikildi, habelə elektroenergetika, nəqliyyat kompleksi ciddi şəkildə inkişaf etməyə başladı. 1980-ci ilin göstəricilərinə görə, sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu ildəki ilə müqayisədə iki dəfə artırıldı. Bu illər ərzində 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi, 12 müəssisədə istehsal gücü nəzərəçarpacaq dərəcədə yüksək səviyyəyə çatdırıldı, neft maşınqayırması zavodları modernləşdirildi. Azərbaycanda sənaye istehsalı yuksəldi. 1976-cı ildən etibarən respublika sənaye istehsalının artım sürətinə görə ittifaq üzrə ön sıralara çıxdı. Beləliklə, Azərbaycan geri qalmış aqrar respublikadan qabaqcıl sənaye ölkəsi mövqeyində qərarlaşdı.

Heydər Əliyev Azərbaycan insanlarının həyat standartlarını dəyişdi, sosial rifahını yüksəltdi. Məhz o illərdən başlayaraq ölkəmizin ucqar əyalətlərində də sosial infrastruktur obyektləri quruldu. Vətəndaşlarımızın maddi durumu yaxşılaşdı, kəndlərimizdə, qəsəbələrimizdə müasir görkəmli evlər, həyətlərdə avtomobillər görünməyə başladı. Yeni qurulan qəsəbələr, iri şəhərlərdə salının böyük yaşayış massivləri hesabına vətəndaşlarımızın mənzil problemləri əsaslı şəkildə həllini tapdı. Kənd təsərrüfatında çalışan zəhmət adamları halal əməklərinin bəhrəsini görməyə başladılar.

Ümummilli Lider o dövrün sənayeləşmə çağırışlarını, yüksək ali təhsilə malik peşəkar kadrlara olan tələbatı həssaslıqla nəzərə alaraq təhsili, biliyi cəmiyyət həyatında başlıca meyara çevirdi. Cəmiyyətdə ədaləti bərpa edərək ali məktəblərin qapılarını bilikdən başqa güvənc yeri olmayan sadə zəhmətkeş balalarının üzünə açdı. O illərdə tələbə adı qazanaraq yüksək bilik və bacarıqlar qazanan, həyatda öz yerini tapan minlərlə vətəndaşımız buna görə məhz Heydər Əliyev şəxsiyyətinə minnətdardır. Ulu Öndər təhsilin hər kəsə əlçatan olması üçün Bakıda və ölkəmizin regionlarında yeni ali təhsil müəssisələri yaratdı. Azərbaycanın xüsusi ixtisaslar üzrə peşəkar kadrlara olan ehtiyacını nəzərə alaraq minlərlə gəncimizi keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərdi. Bununla ölkənin peşəkar milli kadr bazasını formalaşdırdı.

Ümummilli Lider elmə, sənətə, ədəbiyyata, yaradıcı adamlara diqqət və qayğısı ilə  ölkədə bütün sahələr üzrə mədəni intibahın əsasını qoydu. 5 avqust plenumunun mühüm nəticəsi kimi xalqın milli-mənəvi ruhu özünə qaytarıldı. Respublikanın yeni rəhbərinin mənəvi dəyərlərimizə sevgisi, ölkəmizin tarixi şəxsiyyətlərinə, yaradıcı adamlarına münasibətilə hər kəs üçün parlaq nümunə yaratdı. Azərbaycanın vətənpərvər ziyalılarını cəsarətli mövqelərinə görə sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə qorudu, onların sıxışdırılmasının qarşısını aldı. Heydər Əliyev çox böyük təzyiqlərə, maneələrə rəğmən, 1978-ci ildə Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etməyə də nail oldu.

Görkəmli siyasi xadim Nəriman Nərimanovun bütün əzəməti ilə Azərbaycan xalqına və mədəniyyətinə qaytarılmasında Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. O dövrün ziyalıları, alimləri xatirələrində yazırlar ki, N.Nərimanov 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra son dərəcə mürəkkəb bir dövrdə Azərbaycan dövlətçiliyini qoruyub saxlayan qeyri-adi siyasi şəxsiyyət kimi Heydər Əliyevin diqqətini cəlb etmişdi. Qeyd edək ki, o zaman Azərbaycanın düşmənlərinin iradəsi ilə Nərimanov siyasi unutqanlığa məruz qalmışdı, millətçi kimi qələmə verilirdi. Bu qara buludları görkəmli şəxsiyyətin üzərindən götürmək üçün respublikanın rəhbəri 1972-ci ilin yazında N.Nərimanovun 100 illik yubileyini keçirir, Bakıda isə ona əzəmətli abidə ucaldılır. Bir müddət sonra "Pravda" qəzetində Heydər Əliyevin N.Nərimanovun həyat və fəaliyyəti haqqında məqaləsi dərc olunur. Daha sonra Nərimanov haqqında çəkilən film ekranlara çıxarılır. 1977-ci ildə böyük rəhbərin səyləri nəticəsində Ulyanovsk şəhərində görkəmli siyasi xadimə abidə ucaldılır. 1982-ci ildə isə Moskvada xatirə lövhəsinin açılışı olur. Bütün bunlar bir cəsarət nümunəsi idi!

Heydər Əliyevi qayğılandıran məsələlərdən biri də milli ədəbiyyatın, dramaturgiyanın və incəsənətin dünyada tanıdılması idi. Həmin ilin aprelində İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə hazırlıqla bağlı qərar qəbul edildi. Bir il sonra klassikimizin şanlı yubileyi Bakıda və Moskvada keçirildi. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yarıməsrlik yubileyi oldu. 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi keçirildi, görkəmli səhnə xadimlərinə fəxri adlar, mükafatlar verildi. 1975-ci ildə Bakıda Səməd Vurğunun ev-muzeyi açıldı. 1980-ci illərdə Xalq artisti Qurban Pirimovun, Hüseynqulu Sarabskinin, Hüseyn Cavidin, Mirzə Şəfi Vazehin 100 illik yubileyləri qeyd edildi, Nizami Gəncəvinin 840, N.Tusinin 780, Aşıq Alının 180 illiyinin bayram edilməsi haqqında qərarlar imzalandı. Görülən bütün bu işlər Azərbaycan xalqına öz ədəbiyyatı və mədəniyyətinin klassiklərini, böyük tarixi şəxsiyyətlərini yaxşı tanımağa, mədəni sərvətlərini və dəyərlərini qoruyb saxlamağa imkan vermişdir.

Bir sözlə, Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanın intibahını təmin etdi və bu mərhələni gələcəyin müstəqil Azərbaycanının sarsılmaz bünövrəsinə çevirdi. Müstəqillik dövründə də dövlətimizi zamanın sərt təlatümlərindən qorudu, rəvan inkişaf yoluna çıxardı.

Prezident İlham Əliyevin liderliyi ilə bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycan Ümummilli Lider Heydər Əliyevin 1969-cu ilin 5 avqustunda görmək istədiyi doğma Vətəninin reallıqdakı təcəssümüdür. Azərbaycan var olduqca Heydər Əliyev ideyaları da yaşayacaq və inkişaf yollarımıza nur saçacaq.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video