07 Avqust 2024 08:00
206
İQTİSADİYYAT
A- A+

"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi

 

"Şahdəniz" bu missiyanın öhdəsindən uğurla gəlir

 

Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan, Prezident İlham Əliyevin yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması sayəsində inkişaf edən "Cənub qaz dəhlizi" hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu dəhlizlə fasiləsiz nəql edilən mavi yanacaq "Şahdəniz" yatağından hasil olunur. 

Bəs "Şahdəniz"in özündə indi nə var, nə yox?
Xəzərin Azərbaycan sektorundakı bu nəhəng yataqdan hasilat da ahəngdar davam edir. Cari ilin birinci yarısında "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlıkdə təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat əldə olunub. Bu qurğuların ümumi hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetr təşkil edir. Bu barədə "Şahdəniz" layihəsinin əməliyyatçısı BP məlumat verib.
Xatırladaq ki, "Şahdəniz" son onilliklər dünyada kəşf olunmuş ən böyük və perspektivli karbohidrogen yataqlarından biridir. Yataq 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat ehtiyatlarına malikdir. "Şahdəniz"in nəhəngliyini göstərən faktlardan biri də odur ki, yataq iki fazada işlənib. "Şahdəniz" konsorsiumu layihənin ikinci mərhələsinin işlənməsi üçün yekun investisiya qərarını 2013-cü il dekabrın 17-də elan edib. 
 "Şahdəniz-2"dən əldə olunan mavi yanacaq 2018-ci ilin ortalarından "Cənub qaz dəhlizi"nə vurulur. "Şahdəniz-1" qazı isə 2006-cı ildən CQBK (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə Gürcüstana, 2007-ci ildən BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə Türkiyəyə nəql edilir. (Gürcüstan-Türkiyə sərhədində CQBK-yə qoşulan əlavə hissə Ərzurumadək uzanır və Səngəçaldan başlanan bu xətt bütövlükdə BTƏ kəməri adlanır).
"Şahdəniz" yatağı Xəzərin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50 metrdən 600 metrədək dəyişdiyi ərazidə yerləşir. Bu nəhəng yatağın sahəsi 140 kvadratkilometrdən çoxdur.
 "Şahdəniz" 1999-cu ildə kəşf olunub. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 
4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib. 
"Şahdəniz-1"dən qaz "Şahdəniz Alfa", "Şahdəniz-2"dən isə "Şahdəniz Bravo" platformaları vasitəsilə çıxarılır. Təsadüfi deyil ki, bu qurğuları "Şahdəniz"in qoşa qanadı adlandırırlar. Bir sözlə, "Şahdəniz" Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi tanıdan, "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi olan yataqdır. 
"Cənub qaz dəhlizi"nin açılış mərasimi 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilib. Bu tədbir layihənin ilk iki seqmentinin - "Şahdəniz-2"dən hasilatın alınması və CQBK-nin genişləndirilməsinin başa çatması ilə mümkün olub. "Şahdəniz-2"nin yekun investisiya qərarının verilməsindən ilk hasilatının əldə olunmasınadək 4 ildən bir az çox, "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindən açılışınadək 4 ilə yaxın vaxt keçib. Bu da belə nəhəng layihələrin işlənməsi üçün çox qısa vaxt hesab olunur. Bu uğur Azərbaycanın "Şahdəniz"dən əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanır.
Dəhlizin növbəti hissəsi TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də istismara daxil olub. Sonuncu - dördüncü seqment TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin sonuncu günü işə düşüb.
"Şahdəniz" yatağının işlənməsi bir çox sahədə yerli potensialın və texnoloji imkanların artmasına təkan verib. Məsələn, "Şahdəniz-2" platformalarının inşası ilk dəfə tam olaraq Azərbaycanın yerli resurslarından və infrastrukturundan istifadə edilərək həyata keçirilib.
Layihə ölkənin dəniz gəmilərinin imkanlarının genişləndirilməsinə də kömək göstərib. Layihə çərçivəsində istifadəyə verilmiş müasir "Xankəndi" sualtı tikinti gəmisi isə xüsusi olaraq "Şahdəniz"də sualtı tikinti işlərini dəstəkləmək üçün inşa edilib.
"Şahdəniz" işlənməsinin hər iki mərhələsində tikinti və istismar əməliyyatlarında region əhalisinin məşğulluğuna sanballı dəstək verib. "Şahdəniz-1"in işə salınmasında 5000-dən çox insan iştirak edib. "Şahdəniz-2"nin işlənməsinin pik həddində isə Azərbaycan və Gürcüstanda 30 mindən çox iş yeri yaradılıb . Yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları keçirilib. Eləcə də yüzlərlə Azərbaycan şirkətinə öz potensialından istifadə etməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan yaranıb.
Hazırda hədəf Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırmaqdır. Qaz ixracının artırılması isə bir sıra şərtlərlə bağlıdır ki, bunların sırasında hasilatın çoxalması önəmli yer tutur. Hələlik bu, "Şahdəniz"in üzərinə düşür və o, vəzifəsinin öhdəsindən uğurla gəlir. Belə ki, bu ilin birinci yarısında "Şahdəniz-2" layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olunub - şərq-şimal cinahında iki quyudan hasilata başlanıb.
"Xankəndi" sualtı tikinti gəmisi quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı, yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verir. Ümumiyyətlə, bundan sonra "Xankəndi" gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunacaq. Bu da əməliyyatları daha təhlükəsiz və daha səmərəli edəcək.
Ötən aylar ərzində "İstiqlal" və "Heydər Əliyev" qazma qurğuları "Şahdəniz-2" layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Bu layihə üzrə indiyədək 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş, qərb cinahında dörd, şərq-cənub cinahında dörd, qərb-cənub cinahında beş və şərq-şimal cinahında üç quyu daxildir.
Xatırladaq ki, "Şahdəniz"də iştirak payları belədir: BP (29,99 faiz), "Cənub Qaz Dəhlizi" (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), NİKO (10 faiz). 
Hazırda "Şahdəniz"dən Azərbaycan ("Azərkontrakt" ASC-yə),  Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video