XXI əsrdə dövlətlərin qüdrəti artıq yalnız təbii sərvətləri, iqtisadi potensialı və ya hərbi imkanları ilə müəyyən edilmir. Müasir dünyada rəqabət üstünlüyünü formalaşdıran əsas amillər sırasında rəqəmsal texnologiyalar, süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik xüsusi yer tutur. Çünki rəqəmsallaşma, sadəcə, texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi inkişafın və milli təhlükəsizliyin əsas dayaqlarından biridir.
Azərbaycan da son illər bu qlobal transformasiya prosesinə məqsədyönlü şəkildə qoşularaq rəqəmsal inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində elektron dövlət xidmətləri genişlənmiş, rəqəmsal idarəetmənin hüquqi və institusional əsasları möhkəmləndirilmiş, innovasiya ekosisteminin inkişafı üçün yeni imkanlar yaradılmışdır. Bu siyasətin məqsədi yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, rəqəmsal iqtisadiyyatın formalaşdırılması, yüksək texnologiyalar əsasında dayanıqlı inkişafın təmin edilməsi və Azərbaycanın qlobal rəqabət qabiliyyətinin artırılmasıdır.
2026-cı il ölkəmizin rəqəmsal inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Cari ilin əvvəlində dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və innovasiya siyasəti üzrə yeni strateji hədəflər müəyyən edildi. Ardınca üç ili əhatə edən Fəaliyyət Planı təsdiqləndi və dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək yeni idarəetmə mexanizmləri formalaşdırıldı. Bu proses iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ilə yeni məzmun qazandı. Şuranın yaradılması göstərdi ki, rəqəmsallaşma artıq yalnız informasiya-kommunikasiya texnologiyaları sektorunun deyil, bütövlükdə dövlət idarəçiliyinin strateji istiqamətidir.
Bu gün rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik bir-birindən ayrılmaz anlayışlardır. Dövlət idarəçiliyi, bank sistemi, energetika, nəqliyyat, rabitə, səhiyyə və digər kritik sahələr rəqəmsal platformalar üzərində fəaliyyət göstərdikcə onların kiberhücumlara qarşı həssaslığı da artır. Müasir şəraitdə dövlət informasiya sistemlərinə qarşı həyata keçirilən uğurlu hücum təkcə texniki problem deyil, iqtisadi sabitliyə, ictimai təhlükəsizliyə və milli maraqlara yönəlmiş ciddi təhdid hesab olunur. Məhz buna görə inkişaf etmiş ölkələr kibertəhlükəsizliyi artıq informasiya texnologiyalarının tərkib hissəsi kimi deyil, milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirirlər.
Azərbaycan da bu reallığı nəzərə alaraq kibertəhlükəsizlik sahəsində ardıcıl institusional və hüquqi islahatlar həyata keçirir. "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi üzrə 2023-2027-ci illər Strategiyası" ölkədə bu sahədə qəbul edilmiş ilk kompleks strateji sənəd olmaqla milli kibertəhlükəsizlik ekosisteminin inkişafının əsas istiqamətlərini müəyyənləşdirib. Strategiyada kritik informasiya infrastrukturunun mühafizəsi, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, yerli texnologiyaların inkişafı, elmi tədqiqatların dəstəklənməsi və peşəkar kadr hazırlığı əsas prioritetlər kimi müəyyən olunub.
Rəqəmsal transformasiya ilə yanaşı, süni intellekt texnologiyalarının sürətli inkişafı kiberməkanda yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Süni intellekt artıq yalnız müdafiə sistemlərinin deyil, hücum alətlərinin də ayrılmaz hissəsinə çevrilməkdədir. Generativ süni intellekt vasitəsilə yüksəkkeyfiyyətli fişinq məktubları hazırlanır, sosial mühəndislik hücumları fərdiləşdirilir, zərərli proqramların yaradılması sürətlənir, dezinformasiya kampaniyaları avtomatlaşdırılır. Deepfake texnologiyaları isə informasiya təhlükəsizliyi üçün tamamilə yeni təhdidlər formalaşdırır. Dövlət qurumlarının, maliyyə institutlarının və kritik informasiya infrastrukturunun belə risklərə qarşı davamlılığının artırılması artıq strateji zərurətə çevrilmişdir.
Bununla yanaşı, süni intellekt kibermüdafiənin də ən mühüm alətlərindən biridir. Süni intellekt əsaslı sistemlər milyonlarla hadisəni real vaxt rejimində təhlil edərək davranış anomaliyalarını müəyyənləşdirir, əvvəllər məlum olmayan hücumları aşkarlayır və riskləri proqnozlaşdırır. Məhz buna görə gələcəyin kibertəhlükəsizlik sistemləri adaptiv, özü öyrənən və qabaqlayıcı xüsusiyyətlərə malik olmalıdır. Azərbaycanın rəqəmsal inkişaf strategiyasında süni intellekt və kibertəhlükəsizliyin vahid yanaşma çərçivəsində nəzərdən keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Müasir dövlət üçün kibertəhlükəsizlik yalnız texniki vasitələrin tətbiqi ilə məhdudlaşmır. Güclü milli kibertəhlükəsizlik ekosistemi qanunvericilik, effektiv institusional idarəetmə, kibertəhlükəsizlik hadisələrinə təcili cavab qrupu və təhlükəsizlik əməliyyatları mərkəzləri, peşəkar insan resursları, elmi tədqiqatlar, yerli texnologiyalar, kibergigiyena və beynəlxalq əməkdaşlıq kimi komponentlərin qarşılıqlı fəaliyyətini tələb edir. Həmin elementlərdən hər hansı birinin zəif olması bütövlükdə milli kibermüdafiə sisteminin dayanıqlılığını azalda bilər. Bu baxımdan dövlət-elm-biznes əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Universitetlər yeni elmi biliklər yaradır, innovasiya mərkəzləri və startaplar müasir texnoloji həllər hazırlayır, dövlət isə bu proseslərin hüquqi və institusional əsaslarını formalaşdırır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, kibertəhlükəsizlik sahəsində uğur yalnız xarici texnologiyaların idxalı ilə deyil, milli elmi məktəblərin, yüksəkixtisaslı mütəxəssislərin və innovasiya ekosisteminin inkişafı ilə mümkündür. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də məhz bu istiqamətdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasıdır.
Bu məqsədə xidmət edən mühüm platformalardan biri də 2026-cı il iyunun 3-də keçirilmiş "Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" respublika elmi-praktiki konfransı oldu. Dövlət qurumlarını, ali təhsil müəssisələrini, elmi təşkilatları və özəl sektoru bir araya gətirən bu tədbir ölkədə kibertəhlükəsizlik üzrə elmi əməkdaşlığın yeni mərhələsini nümayiş etdirdi. Konfransda süni intellekt əsaslı təhlükəsizlik sistemləri, kritik informasiya infrastrukturlarının mühafizəsi, rəqəmsal kriminalistika, deepfake texnologiyalarının yaratdığı risklər, postkvant kriptoqrafiyası və digər aktual istiqamətlər üzrə çoxsaylı elmi məruzə təqdim olundu. Konfransda qəbul edilmiş qərarda fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi, milli kibertəhlükəsizlik potensialının gücləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığının inkişaf etdirilməsi və dövlət proqramlarına elmi dəstəyin verilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edildi.
Bütün bunlar göstərir ki, Azərbaycan rəqəmsal transformasiya prosesinə yalnız yeni texnologiyaların tətbiqi kimi deyil, dövlət idarəçiliyinin, iqtisadi inkişafın və milli təhlükəsizliyin vahid strateji istiqaməti kimi yanaşır. Rəqəmsal suverenliyin möhkəmləndirilməsi, kibertəhlükəsizlik ekosisteminin inkişafı, süni intellektin təhlükəsiz tətbiqi və elmi potensialın gücləndirilməsi ölkənin gələcək inkişaf modelinin əsas sütunlarını təşkil edir. Məhz bu yanaşma Azərbaycanın rəqəmsal dövlət quruculuğunda dayanıqlı inkişafını təmin etməklə yanaşı, onu regionun texnoloji və innovasiya mərkəzlərindən birinə çevirmək potensialına malikdir.
Ramiz ŞIXƏLİYEV,
Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyalari İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent