04 Noyabr 2026 14:23
240
DÜNYA
A- A+
Azərbaycançılıq – milli birliyin, müstəqil dövlətçiliyin və etibarlı gələcəyin ideoloji əsası  

Azərbaycançılıq – milli birliyin, müstəqil dövlətçiliyin və etibarlı gələcəyin ideoloji əsası  


Dünyanın çoxəsrlik tarixi göstərir ki, dövlətlərin təşəkkül tapması ilə onların möhkəm siyasi və mənəvi əsaslar üzərində inkişaf etməsi eyni proses deyildir. Dövlətin müstəqilliyi hüquqi sənədlərlə təsbit oluna, suverenliyi beynəlxalq səviyyədə tanına, sərhədləri müəyyənləşdirilə bilər. Lakin dövlətçiliyin uzunömürlülüyü həm də cəmiyyətin özünü vahid siyasi birlik kimi dərk etməsindən, ortaq dəyərlərə və gələcək haqqında ümumi təsəvvürə malik olmasından asılıdır. Bu mənada dövlətçilik ideologiyaları tarix boyu mühüm ictimai-siyasi funksiya yerinə yetirmiş, ayrı-ayrı insanların, sosial təbəqələrin və müxtəlif maraq qruplarının ümumdövlət məqsədləri ətrafında birləşməsinə, milli kimliyin formalaşmasına, tarixi yaddaşın qorunmasına və nəsillər arasında mənəvi varisliyin təmin olunmasına xidmət etmişdir.

Müxtəlif tarixi dövrlərdə dövlətlərin ideoloji dayaqları fərqli olmuşdur. Bəzi cəmiyyətlərdə milli azadlıq və müstəqillik ideyası, digərlərində konstitusion vətəndaşlıq, respublikaçılıq, azadlıq və bərabərlik prinsipləri ön plana çıxmışdır. Lakin bu yanaşmaların ortaq cəhəti insanların hansı siyasi birliyin üzvü olduqlarını və həmin birliyin gələcəyi qarşısında hansı məsuliyyəti daşıdıqlarını müəyyənləşdirmək cəhdidir. Bu baxımdan Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı ideoloji məsələlərə, xüsusən azərbaycançılıq ideologiyasına xüsusi yer ayırması təsadüfi deyildir. 


Milli özünüdərkdən dövlətçilik məfkurəsinə


XXI əsrdə qloballaşma, miqrasiya, rəqəmsal informasiya mühiti, geosiyasi rəqabət və sürətli sosial dəyişikliklər milli ideyaların əhəmiyyətini yeni müstəviyə çıxarmaqdadır. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü milli dövlətçilik kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin inkişaf strategiyasının nailiyyətləri sayəsində bu gün tarixinin ən qüdrətli dövrünə gəlib çatmış Azərbaycan dövləti üçün də hazırda əsas məsələlələrdən biri xalqımızın milli kimliyini qorumaq, eyni zamanda onu qapalı və dəyişməz anlayışa çevirmədən ümumbəşəri dəyərlərlə uzlaşdırmaqdır.

Azərbaycançılıq ideologiyası XX əsrin sonlarında birdən-birə meydana çıxmış siyasi ideya deyildir. Onun intellektual və mənəvi qaynaqları Azərbaycan xalqının çoxəsrlik tarixi, dili, mədəniyyəti, dövlətçilik ənənələri və xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində geniş vüsət almış milli oyanış hərəkatı ilə bağlıdır. Maarifçilik ideyalarının yayılması, milli mətbuatın təşəkkülü, ana dilinin inkişafı, təhsil və mədəniyyət sahəsində aparılan fəaliyyət Azərbaycan cəmiyyətində milli mənsubiyyət və ortaq gələcək haqqında təsəvvürlərin dərinləşməsinə şərait yaratmışdır. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və digər ictimai-siyasi fikir nümayəndələrinin fəaliyyəti milli özünüdərk prosesinin müxtəlif istiqamətlərini əks etdirirdi. Bu düşüncə mühitində dil, mədəniyyət, maarifçilik, milli hüquqlar və siyasi özünüidarə məsələləri getdikcə daha sıx əlaqələndirilirdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli özünüdərk prosesinin müstəqil dövlətçilik mərhələsinə yüksəlməsinin mühüm ifadəsi oldu. Təəssüf ki, cümhuriyyətin ömrü qısa – cəmi 23 ay oldu. Sovet hakimiyyəti dövründə Azərbaycan formal şəkildə müttəfiq respublika statusuna malik olsa da, onun müstəqil siyasi qərarvermə imkanları məhdud idi. Bununla belə, Azərbaycan dili, ədəbiyyatı, elm və mədəniyyət sahələrində milli kimliyin yaşadılması davam edirdi. Beləliklə, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası zamanı azərbaycançılığın söykənə biləcəyi tarixi, mədəni və mənəvi zəmin artıq formalaşmışdı. Yeni tarixi şəraitdə qarşıda duran vəzifə həmin dəyərləri müasir, müstəqil dövlətin birləşdirici siyasi fəlsəfəsi ilə əlaqələndirməkdən ibarət idi. 

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin ilk illəri son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə müşayiət olunurdu. Sovet İttifaqının dağılması ilə əvvəlki siyasi və ideoloji sistem öz dayaqlarını itirmiş, ölkə yeni dövlət institutlarının yaradılması, iqtisadi münasibətlərin yenidən qurulması, Ermənistanla müharibə və ərazilərinin işğalı, qaçqın və məcburi köçkün problemi, daxili siyasi qarşıdurmalar, separatizm təhlükələri ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə dövlət müstəqilliyinin elan edilməsi ilə onun qorunub saxlanılması arasında ciddi fərq görünürdü. Azərbaycan artıq beynəlxalq hüququn müstəqil subyekti idi, lakin dövlətin daxilində davamlı siyasi sabitliyin, ictimai etimadın və ümummilli həmrəyliyin formalaşdırılmasına böyük ehtiyac vardı. 

1993-cü ildə Azərbaycanın ağır günlərində xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan Heydər Əliyevin qarşısında dayanan əsas vəzifələrdən biri müxtəlif sosial, siyasi, etnik və dini qrupları dövlətin müstəqilliyi və bütövlüyü ətrafında birləşdirmək idi. Məhz belə bir tarixi şəraitdə azərbaycançılıq ideyası dövlət quruculuğunun mühüm ideoloji istiqaməti kimi ön plana çəkildi. Bu seçimin bir neçə prinsipial səbəbi vardı. Əvvəla, yeni müstəqil dövlətin ideoloji əsasları sovet dövrünün siyasi dünyagörüşündən fərqlənməli, milli tarixi yaddaşa və xalqın öz dövlətinə sahiblik hissinə söykənməli idi. İkincisi, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyət olması bütün vətəndaşları əhatə edə biləcək ümumi mənsubiyyət anlayışını zəruri edirdi. Yalnız etnik mənsubiyyəti əsas götürən dar siyasi yanaşma belə bir şəraitdə parçalanma risklərini gücləndirə bilərdi. Üçüncüsü, ölkənin təhlükəsizliyi və dövlət institutlarının möhkəmləndirilməsi üçün cəmiyyətin ümummilli maraqlar ətrafında həmrəyliyinə ehtiyac vardı. Dördüncüsü, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların tarixi Vətənlə mənəvi əlaqələrinin gücləndirilməsi, onların potensialının mədəni, ictimai və iqtisadi əməkdaşlığa yönəldilməsi mühüm perspektiv kimi qiymətləndirilirdi.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttində azərbaycançılıq müxtəlif insanları ortaq dövlətçilik məqsədləri ətrafında birləşdirməyə yönəlmiş konsepsiya kimi inkişaf etdirildi. Bu yanaşma Ümummilli Liderin 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında da ifadəsini tapmışdı. Heydər Əliyev azərbaycançılığı milli mənsubiyyətin və mənəvi dəyərlərin qorunması ilə yanaşı, ümumbəşəri dəyərlərdən bəhrələnmək və insan inkişafı ilə əlaqələndirirdi. 

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, azərbaycançılığın məzmunu təkcə keçmişə bağlılıqla məhdudlaşdırılmır, gələcəyə istiqamətlənmiş inkişaf fəlsəfəsi kimi təqdim olunurdu.


Milli kimlik, vətəndaşlıq və dövlətçiliyin vəhdəti


Azərbaycançılığın məzmununu bir neçə fundamental anlayışın qarşılıqlı əlaqəsində görmək mümkündür: müstəqil dövlətçilik, milli kimlik, vətəndaş həmrəyliyi, dil və mədəniyyət, tarixi yaddaş, mənəvi dəyərlər və ümumbəşəri prinsiplərə açıqlıq. Bu ideologiyanın əsas xüsusiyyətlərindən biri milli və vətəndaş mənsubiyyətini bir-birinə qarşı qoymadan əlaqələndirmək imkanındadır.

Azərbaycançılıq bir tərəfdən Azərbaycan xalqının dilini, tarixini, mədəniyyətini və mənəvi irsini qorumağa yönəlir, digər tərəfdən Azərbaycan Respublikasını Vətən hesab edən, onun vətəndaşı olan müxtəlif etnik və dini mənsubiyyətli insanların ortaq siyasi birliyini ifadə edir. Bu baxımdan azərbaycançılığın etnik millətçilikdən fərqləndirilməsi mühüm əhəmiyyət daşıyır. Etnik mənsubiyyət insanın mənşəyi və mədəni kimliyi ilə bağlıdırsa, vətəndaş mənsubiyyəti onun dövlətlə hüquqi və siyasi əlaqəsini ifadə edir. Azərbaycançılığın inklüziv şərhi bu iki anlayış arasında qarşıdurma deyil, qırılmaz bağ yaradır.

Bu fəlsəfənin hüquqi təməlini Azərbaycan Respublikasının Konstitusiyasında da görmək mümkündür. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş Konstitusiyanın preambulasında dövlət müstəqilliyinin qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ədalət və ümumbəşəri dəyərlərə sadiqlik əsas məqsədlər kimi müəyyənləşdirilmişdir. Konstitusiyanın 12-ci maddəsində isə insan və vətəndaş hüquqlarının, habelə layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi elan olunur. 

Bu müddəalar mühüm prinsipə işarə edir: dövlətçilik ideyası yalnız dövlətin gücünü deyil, həm də insanın hüquqlarını, ləyaqətini və rifahını nəzərdə tutmalıdır. Başqa sözlə, azərbaycançılığın müasir məzmununda Vətənə sədaqət və dövlətə bağlılıq vətəndaşın hüquqları, azadlıqları və qanun qarşısında bərabərliyi ilə birlikdə düşünülməlidir.

Azərbaycan cəmiyyəti tarixən fərqli etnik, dini və mədəni ənənələrin qarşılıqlı təmasda olduğu bir mühitdə formalaşmışdır. Bu müxtəliflik ölkənin sosial və mədəni həyatının mühüm xüsusiyyətlərindəndir. Belə bir cəmiyyətdə milli birliyin təmin olunması bütün fərqlərin aradan qaldırılması demək deyildir. Əksinə, davamlı birlik müxtəlifliklərin qorunduğu, lakin insanların özlərini eyni dövlətin bərabərhüquqlu vətəndaşları kimi hiss etdiyi şəraitdə mümkün olur. Azərbaycançılıq məhz bu yanaşma əsasında cəmiyyətin inteqrasiyasına töhfə verir. İnsanların qanun qarşısında bərabərliyi, təhsilə və ictimai imkanlara çıxışı, mədəni kimliyinə hörmət, sosial ədalət və ictimai qərarların qəbulunda iştirak imkanları vətəndaş həmrəyliyinin real əsaslarını yaradır.


Dövlətin möhkəmlənməsində ideologiyanın rolu


Azərbaycançılığın gələcək inkişafı üçün mühüm məsələlərdən biri onun yalnız mənəvi çağırış kimi deyil, gündəlik həyatda hiss olunan vətəndaşlıq mədəniyyəti kimi möhkəmləndirilməsidir. Müstəqil dövlətin möhkəmlənməsi kompleks prosesdir. Buraya səmərəli dövlət idarəçiliyi, təhlükəsizlik, iqtisadi inkişaf, hüquqi institutlar, sosial sabitlik və beynəlxalq münasibətlər və s. daxildir. İdeologiya bu amillərin heç birini əvəz edə bilməsə də, ortaq dəyərlər sistemi onların cəmiyyət tərəfindən qəbul edilməsinə, dövlət institutlarına etimadın formalaşmasına və ümumi məqsədlərin müəyyənləşdirilməsinə təsir göstərir. 

Azərbaycançılığın dövlətçilik baxımından rolu da elə burada üzə çıxır. İlk növbədə, o, müstəqilliyi siyasi statusdan daha çox, nəsillərarası məsuliyyət kimi dərk etməyə imkan yaradır. Dövlətin müstəqilliyi keçmiş nəsillərin tarixi mübarizəsi, indiki nəslin vətəndaşlıq məsuliyyəti və gələcək nəsillərin hüquqları ilə əlaqələndirilir. Digər tərəfdən, bu ideologiya tarixi yaddaşla müasir dövlət institutları arasında mənəvi bağ yaradır. Xalqın keçmişi, mədəni irsi və dövlətçilik ənənələri müasir vətəndaşlıq düşüncəsinin formalaşmasında mənbəyə çevrilir. Üçüncü mühüm istiqamət böhran dövrlərində ictimai həmrəylik potensialıdır. Xarici təhlükələr, müharibələr, humanitar böhranlar və digər ciddi çağırışlar zamanı ortaq mənsubiyyət hissi cəmiyyətin səfərbərlik imkanlarını artırır. Tarixi Zəfərimizlə, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması ilə başa çatmış 44 günlük Vətən müharibəsində buna hər birimiz şahid olduq. 

İdeologiyanın effektivliyi, uzunmüddətli nəticələri insanların dövlət institutlarına etimadı, ictimai həmrəyliyin səviyyəsi, vətəndaşların imkanlara bərabər çıxışı və qanunun aliliyinin təmin olunması kimi göstəricilər vasitəsilə qiymətləndirilməlidir və bu gün rifah dövləti quran Azərbaycan rəhbərliyi bu məqamlara da xüsusi diqqət yetirir.


Yeni imkanlar, yeni çağırışlar


Nəzəriyyəçilərin fikirlərinə görə, bu da bir reallıqdır ki, qloballaşma şəraitində milli kimliyin gələcəyi ilə bağlı suallar daha mürəkkəb xarakter almaqdadır. İnformasiya texnologiyaları, beynəlxalq təhsil, miqrasiya, iqtisadi inteqrasiya və mədəni əlaqələr insanların dünyagörüşünü sürətlə dəyişir. Bu proseslər milli kimlik üçün həm yeni imkanlar, həm də müəyyən çağırışlar yaradır. Bir tərəfdən, dünya ilə açıq əlaqələr elmi biliklərin, yeni texnologiyaların və qabaqcıl idarəetmə təcrübələrinin mənimsənilməsinə imkan verir, digər tərəfdən qlobal mədəni təsirlər şəraitində ana dilinin, tarixi yaddaşın və yerli mədəni irsin gələcək nəsillərə ötürülməsi xüsusi diqqət tələb edir. Müasir azərbaycançılığın qarşısında duran əsas vəzifələrdən biri bu iki istiqamət arasında səmərəli tarazlıq yaratmaqdır. Milli kimliyi qorumaq dünyadan təcrid olunmaq demək deyil. Eyni zamanda, qlobal proseslərə inteqrasiya da milli özünəməxsusluqdan imtina etmək anlamına gəlməməlidir. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılığa yanaşmasında milli-mənəvi dəyərlərlə ümumbəşəri dəyərlərin əlaqələndirilməsi məhz bu baxımdan əhəmiyyətlidir. 

Belə bir fəlsəfə Prezident İlham Əliyevin müəllifliyi ilə yaradılan yeni imkanlar və nailiyyətlər mühitində daha geniş tətbiq imkanlarına malikdir. Azərbaycanlı gəncin öz ana dilini, milli tarixini bilməsi ilə dünyanın nüfuzlu universitetlərində təhsil alması, beynəlxalq elmi və texnoloji proseslərdə iştirak etməsi arasında ziddiyyət yoxdur. Əksinə, milli kimliyini dərk edən və dünyaya açıq olan insan ölkəsinin intellektual və mədəni inkişafına daha geniş töhfə verə bilər və Azərbaycan dövləti də müxtəlif proqramlar, o cümlədən gənclərimizin dünyanın nüfuzlu universitetlərində təhsil almasına şərait yaradan dəstək proqramları ilə bunu təşviq edir. Azərbaycançılığın bu mənada perspektivi milli özünəməxsusluqla qlobal rəqabət qabiliyyətini birləşdirən müasir vətəndaşlıq düşüncəsinin formalaşmasıdır.

Azərbaycançılığın mühüm istiqamətlərindən biri də ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarla mənəvi və mədəni əlaqələrin qorunmasıdır. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar fərqli dövlətlərin vətəndaşları, müxtəlif siyasi və sosial sistemlərin iştirakçıları ola bilərlər. Amma onları Azərbaycan dili, tarixi yaddaş, mədəniyyət və mənəvi mənsubiyyət kimi ortaq dəyərlər birləşdirir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu istiqamətdə mühüm tarixi hadisələrdən olmuşdur. Qurultay müxtəlif ölkələrdəki Azərbaycan icmaları arasında əlaqələrin inkişafına və onların Azərbaycan Respublikası ilə əməkdaşlığına təşkilati imkan yaratmışdır. 

Müasir dövrdə diaspor fəaliyyətinin əhəmiyyəti yalnız milli mədəniyyətin təbliği ilə məhdudlaşmır. Xaricdə yaşayan azərbaycanlı alimlər, mütəxəssislər, sahibkarlar və yaradıcı şəxslər elm, təhsil, innovasiya, mədəniyyət və iqtisadiyyat sahələrində beynəlxalq əməkdaşlığın inkişafına töhfə verə bilərlər. Bu isə həm də o deməkdir ki,  azərbaycançılıq coğrafi sərhədlərlə məhdudlaşmayan mədəni və mənəvi əlaqələr sistemi kimi də yüksək inkişaf potensialına malikdir. 


Azərbaycançılığın gələcək perspektivləri


Azərbaycan dövləti qarşısında duran mühüm strateji vəzifələr azərbaycançılıq ideologiyasına yalnız tarixi baxımdan yox, gələcək inkişaf perspektivləri baxımından da yanaşmağı zəruri edir. Bu gün dövlətçilik məfkurəsinin aktuallığı yeni nəsillərin yetişdirilməsi, sosial münasibətlərin inkişafı, iqtisadiyyatın modernləşdirilməsi, rəqəmsallaşma və qlobal rəqabət şəraitində daha aydın görünür.

Birinci mühüm istiqamət cəmiyyətimizdə vətəndaşlıq şüurunun gücləndirilməsidir. Gələcəyin azərbaycançılıq ideologiyası dövlətə bağlılığı yalnız emosional münasibət kimi deyil, ictimai məsuliyyət, qanunlara hörmət, dürüstlük, peşəkarlıq və cəmiyyətin inkişafında fəal iştirak kimi də təşviq etməlidir. İkinci istiqamət təhsil və gənclərlə bağlıdır. Milli kimliyin davamlılığı tarixi məlumatların mənimsənilməsi ilə yanaşı, həmin tarixin mahiyyətinin dərk olunması, tənqidi düşüncənin inkişafı və gənclərin müstəqil mövqe formalaşdırmaq bacarığı ilə təmin edilə bilər. Milli dəyərləri mənimsəyən, eyni zamanda elmi biliklərə, innovasiyaya və dünyəvi təcrübəyə açıq olan yeni nəsil dövlətin inkişafı üçün mühüm insan kapitalıdır. Üçüncü istiqamət mədəni müxtəliflik və sosial həmrəylik, digər istiqamət milli dilin və mədəniyyətin rəqəmsal dövrdə inkişafıdır. Daha bir istiqamət isə iqtisadi və sosial məsuliyyətdir. 

Nəhayət, azərbaycançılığın uzunmüddətli perspektivi onun hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri ilə qarşılıqlı əlaqəsinin gücləndirilməsindən asılıdır. Vətəndaşın dövlətlə münasibətləri nə qədər çox hüquq, məsuliyyət, etimad və ədalət üzərində qurularsa, ortaq mənsubiyyət hissi də bir o qədər dayanıqlı əsas qazanacaq. Sonda onu da qeyd edək ki, milli dövlətçilik tariximizdə mühüm rol oynamış azərbaycançılıq ideologiyası birləşdirici gücü ilə Azərbaycanın gələcəyi üçün möhkəm təməllər formalaşdırır.


İradə ƏLİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycançılıq – milli birliyin, müstəqil dövlətçiliyin və etibarlı gələcəyin ideoloji əsası  

14:23
04 Noyabr

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

13:19
04 Noyabr

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib

13:07
04 Noyabr

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb  

12:57
04 Noyabr

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir  

12:49
04 Noyabr

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək  

12:41
04 Noyabr

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək  

12:36
04 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK

12:32
04 Noyabr

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq  

12:29
04 Noyabr

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

12:22
04 Noyabr

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır  

12:20
04 Noyabr

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır  

11:59
04 Noyabr

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb  

11:53
04 Noyabr

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır  

11:48
04 Noyabr

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir  

11:37
04 Noyabr

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

11:32
04 Noyabr

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır  

11:27
04 Noyabr

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

11:21
04 Noyabr

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur  

11:19
04 Noyabr

Avropanı qışda çətin günlər gözləyir

11:17
04 Noyabr

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib  

11:01
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!