Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi mərkəzlərin şaxələnməsi fonunda Azərbaycan da öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Belə dövlətlərdən biri də ölkəmizin çoxillik əlaqələrə malik olduğu Vyetnamdır. Bu gün rəsmi Hanoyla əlaqələr ənənəvi dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Təxminən yetmişillik tarixə söykənən bu əməkdaşlıq zamanın sınaqlarından uğurla çıxmış siyasi etimad, ortaq tarixi yaddaş və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub.
AZƏRTAC iki ölkə arasında əlaqələrin tarixinə və inkişafına qısa nəzər salır.
Tarix və siyasi dialoq
Azərbaycan-Vyetnam münasibətlərinin təməli hələ XX əsrin ortalarında iki xalqın liderlərinin uzaqgörənliyi ilə qoyulub. 1959-cu il iyulun 23-də Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri təkcə rəmzi dostluq jesti deyil, həm də rəsmi Hanoyun gələcək enerji sənayesinin “Yol xəritəsi” idi. Xəzər dənizindəki neft platformalarından və “Neft Daşları”ndan ilhamlanan Ho Şi Minin Vyetnamın da dəniz neftinin hasilatında Azərbaycan mütəxəssislərinə ümid bəslədiyini ifadə etməsi sonrakı onilliklərdə reallığa çevrildi. 1981-ci ildə Vyetnamın Sovet İttifaqı ilə birgə “Vietsovpetro” müəssisəsinin yaradılmasında 2 minədək azərbaycanlı neftçi mühüm rol oynayıb. Bu prosesə 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində Vyetnama səkkizgünlük səfəri və ölkənin əsas bölgələrini əhatə edən dirçəliş təşəbbüsləri güclü təkan verib.
Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir.

İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur.
Siyasi dialoqun növbəti mühüm mərhələsi kimi noyabrın 19-21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri nəzərdə tutulur. Səfər çərçivəsində dövlət başçılarının ikitərəfli görüşü, müxtəlif sahələri əhatə edən yeni sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul edilməsi planlaşdırılır.
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək iki ölkə arasındakı etimadın bariz göstəricisidir. Xüsusilə Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq hüquqa, BMT-nin müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə ədalətli mövqe sərgiləməsi ölkəmizdə yüksək qiymətləndirilir.
İqtisadi-ticari və nəqliyyat-logistika əlaqələri
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb. 2025-ci ilin yekunlarına görə, 153,41 milyon ABŞ dolları təşkil edən ticarət dövriyyəsi mövcud potensialın yalnız başlanğıcı kimi dəyərləndirilir. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və tranzit-logistika istiqamətləri təşkil edir.
Belə ki, 2025-ci ildə SOCAR ilə Vyetnamın milli neft-qaz şirkəti “PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində tarixi əməkdaşlığı müasir standartlarla bərpa edir.

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı artır. Hazırda Vyetnam şirkətləri ölkəmizdə sənaye və xidmət sahələrində fəaliyyət göstərirlər. 2026-cı il sentyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, inkişaf, həmçinin Günəş və külək enerjisi layihələri üzrə Anlaşma memorandumlarının imzalanması bunun bariz nümunəsidir.
Cənubi Qafqazın əsas logistika habı olan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatı hesab edilən Vyetnam arasında nəqliyyat əlaqələri sürətlə böyüyür. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfəyə yaxın artaraq 8,3 min ton təşkil etməsi Orta Dəhlizin və “Şimal-Cənub” dəhlizinin Vyetnam-Avropa ticarət marşrutundakı strateji əhəmiyyətini təsdiqləyir.
Təhsil, mədəniyyət və humanitar diplomatiya
Xalqlar arasındakı mənəvi bağlılığı təhsil, mədəniyyət və humanitar layihələr daha da möhkəmləndirir. Sovet dövründə Azərbaycanın ali məktəblərində təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssis bu gün öz ölkələrinin dövlət idarəçiliyində, parlamentində, ordusunda və sənayesində rəhbər vəzifələr tutaraq canlı dostluq körpüsünə çevriliblər. 2015-ci ildə Hanoyda yaradılmış Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası bu məzunları birləşdirir. Assosiasiya 2020-ci ildə COVID-19 pandemiyası zamanı öz üzvlərinin vəsaiti hesabına Azərbaycana 10 min tibb maskası hədiyyə edərək həmrəyliyini nümayiş etdirib. Tarixi varisliyin rəmzi olaraq 2025-ci ildə Baş katib To Lamın iştirakı ilə ADNSU-da Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr edilmiş xatirə otağı açılıb. Bu gün də Vyetnam gəncləri Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil qrantlarından yararlanırlar.
Bütün bunlarla yanaşı, 1980-ci ildə Bakı və Vunq Tau şəhərləri arasında qurulmuş qardaşlaşma əlaqələrinin nişanəsi olaraq Vunq Tauda “Bakı”, paytaxtımızın Xətai rayonunda isə “Vunq Tau” küçələri mövcuddur.
Humanitar diplomatiyada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fondun 2018-ci ildə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa etməsi, eləcə də Fondun Vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərməsi iki xalq arasındakı səmimi münasibətlərin bariz nümunəsidir. Həmçinin səfər zamanı Leyla Əliyeva Vyetnamın Vitse-prezidenti Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li, yaradıcı sənaye nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib.
Bununla bərabər, Azərbaycanın 2024-cü ildə “Yaqi” qasırğasının fəsadlarının aradan qaldırılması üçün 200 min, 2025-ci ildə isə sel fəlakətlərinin zərərlərinin aradan qaldırılması məqsədilə 100 min dollar məbləğində maliyyə yardımı ölkəmizin çətin anlarda dostları üçün etibarlı tərəfdaş olduğunu bir daha sübuta yetirir.

Mədəni mübadilə sahəsində 1955-ci ildə bəstəkar Qara Qarayevin ilk Sovet-Vyetnam sənədli filminə yazdığı “Vyetnam süitası”nın 2023-cü ildə Hanoy, 2024-cü ildə isə Ho Şi Min şəhərində premyeraları, 1959–1962-ci illərdə Vyetnamın ilk milli kino məktəbinin yaradılmasında iştirak etmiş kinorejissor Əjdər İbrahimovun 2026-cı il mayın 5-də Hanoyda Vyetnam dilinə tərcümə olunmuş “Vyetnamda gördüklərim” kitabının təqdimatı mühüm hadisələrdir. Həmçinin 2022-ci ildə vyetnamlı şair May Van Fanın “Gün doğarkən” kitabının ölkəmizdə nəşri təşkil olunub, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və AZƏRTAC-ın dəstəyi ilə iki ölkənin Tarix İnstitutları və Dövlət Arxiv İdarələri arasında iş birliyi qurulub. Bu istiqamətdə aparılmış arxiv işləri əsasında İctimai Televiziya tərəfindən Ümummilli Liderin sovet nümayəndə heyətinin rəhbəri qismində Vyetnama tarixi səfərinin 40 illiyinə həsr olunmuş “Vyetnam səfəri” filminin çəkilişi, Azərbaycan səfirliyinin təşəbbüsü ilə 2024-cü ildə Vyetnam Dostluq Assosiasiyaları İttifaqında vyetnamlı rəssam tərəfindən çəkilmiş və assosiasiyanın binasında daim nümayiş etdirilməsi üçün Hanoyda Heydər Əliyevin portretinin təqdimatı, eyni zamanda, 2023-cü ildən bəri ardıcıl şəkildə keçirilən Vyetnam Günləri mədəni əlaqələrimizin zənginliyini əks etdirir.
Beləliklə, Vyetnam xalqının lideri Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduqları tarixi həmrəylik bu gün Prezident İlham Əliyevin və Vyetnam rəhbərliyinin praqmatik siyasəti nəticəsində yeni məzmun qazanır. Energetika, yaşıl texnologiyalar və beynəlxalq nəqliyyat dəhlizləri üzrə birləşən maraqlar Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının Avrasiya məkanında nümunəvi əməkdaşlıq modelinə çevrildiyini göstərir.