Potsdam İqlim Təsirləri Tədqiqatları İnstitutunun direktoru Yohan Rokström bildirib ki, dünyanın aparıcı iqlim alimləri orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel iqlim sistemləri haqqında qlobal biliklərin növbəti hərtərəfli qiymətləndirilməsi üzərində mümkün qədər tez işləməyə icazə verilməlidir. Bəzi ölkələr qurumun rolu və inkişaf etməkdə olan ölkələrin təmsil olunması ilə bağlı yaranan mübahisə səbəbindən üç hissəli hesabat üzərindəki işləri ləngidirlər. Qruplardan biri iddia edir ki, qurumun bəzi tövsiyələrinin əsasında irqçi mülahizələr dayanır.
Lakin Rokström hesabatların ədalətli olduğunu bildirib. O deyib: “IPCC (İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel) obyektiv, sübutlara əsaslanan elmi yanaşmanı təmsil edir və siyasət quruculuğumuz üçün etibar edə biləcəyimiz yeganə əsasdır. IPCC, dünyanın hər yerindən – həm Qlobal Cənubdan, həm də Qlobal Şimaldan olan alimlərin könüllü şəkildə gördükləri işlərin bir xülasəsidir”.
IPCC-nin fəaliyyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində keçirilən illik iqlim konfranslarını məlumatlandırmaq üçün istifadə olunur. 1988-ci ildən bəri davam edən silsilənin yeddinci mərhələsi olan və “AR7” adlandırılan növbəti qiymətləndirmə hazırlanmaqdadır. Onun 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Həmin ilin payızında ölkələr “COP33” üçün bir araya gələcəklər və bu tədbirdə Paris Sazişi çərçivəsində ikinci “qlobal inventarlaşdırma” müzakirə olunacaq.
Bu, Paris müqaviləsinin əsas məqsədi olan temperatur artımını sənayeləşmədən əvvəlki səviyyələrdən 1,5C-yə qədər məhdudlaşdırmaq istiqamətində irəliləyişin qiymətləndiriləcəyi mexanizmdir. Qiymətləndirmə istixana qazı tullantılarının azaldılması ilə bağlı mövcud öhdəliklərin qeyri-kafi olduğunu və təkmilləşdirilməli olduğunu demək olar ki, müəyyən edir.
BMT artıq dünyanın 2,8C temperatur artımı yolunda olduğunu müəyyən edib. Bu səviyyənin əvvəlki IPCC hesabatlarında buz örtüklərinin və buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması, mərcanların ağarması və ekstremal hava şəraiti kimi ciddi və bəzi hallarda dönməz nəticələrə səbəb olacağı aşkar edilib. Lakin bəzi ölkələr – Rusiya və Səudiyyə Ərəbistanı və Hindistan da daxil olmaqla ərəb ölkələri qrupu qlobal qiymətləndirmə başa çatdıqdan sonra “AR7”nin dərcini 2029-cu ilə təxirə salmaq istəyirlər. Onlar bəzi iqlim fəallarına da istinad edərək iddia edirlər ki, inkişaf etməkdə olan ölkələr IPCC-yə elmi materiallar təqdim etməyə çalışarkən əlverişsiz vəziyyətdə qalırlar. Nəticədə, qurumun işi "inkişaf etmiş ölkələrin imtiyazını əbədi olaraq təmin edən" irqçi fərziyyələrlə doludur.
Kiçik adalar və ən az inkişaf etmiş ölkələr də daxil olmaqla, bir çox digər inkişaf etməkdə olan ölkələr də IPCC hesabatının gecikmədən tamamlanmasını tələb ediblər. IPCC-nin əsas komitələri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən olan iki alim tərəfindən idarə olunur. Çin, Hindistan və Səudiyyə Ərəbistanı təşkilata aparıcı alimlər təqdim edir, lakin daxildə olanlar prosesin bəzi hissələrinə avropalı tədqiqatçıların üstünlük təşkil etdiyini etiraf edirlər.
IPCC bildirib ki, üç işçi qrupunun hesabatlarının layihələri üzərində işləyən 664 təyin olunmuş müəllifdən 51%-i inkişaf etməkdə olan ölkələrdən və keçid iqtisadiyyatlı ölkələrdəndir ki, bu da 2021-ci ildəki son hesabatı ilə müqayisədə təxminən yarıya qədər artım deməkdir. Üç işçi qrupunun hesabatındakı hər fəsildə ən azı bir inkişaf etməkdə olan ölkə üzrə fəsil alimi var.
Rokström “The Guardian” qəzetinə bildirib ki, “AR7” geciksə belə AR6-dakı elmi materialar, Braziliyada keçirilən COP30 konfransından əvvəl keçən il verilən hazırkı vədlərin çox yaxşılaşdırılmalı olduğunu göstərmək üçün kifayət edəcək. “Bizə lazım olan bütün dəlillər var. Yeniləmələrinizi yalnız AR6-ya əsaslandırsanız belə yenə də böyük irəliləyiş əldə edəcəyik”, - deyə o bildirib.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”