Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdədir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilk olaraq Azərbaycanın Latviyadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Səfər çərçivəsində iki ölkə arasında səhiyyə sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Səhiyyə naziri T.Musayev və Latviyanın səhiyyə naziri Hossam Abu Meri arasında ikitərəfli görüş baş tutub. Görüşdə, həmçinin Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov iştirak edib.
Görüş zamanı səhiyyə sistemlərinin inkişafı, rəqəmsal sağlamlıq, tibbi kadr hazırlığı, laborator xidmətlər və əczaçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində genişmiqyaslı islahatların aparıldığını vurğulayan T.Musayev bildirib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə və qabaqcıl təcrübələrin tətbiqinə ölkəmiz xüsusi önəm verir. Nazir Azərbaycan–Latviya münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını, bu əlaqələrin dinamik inkişafının sektorlararası əməkdaşlığa geniş imkanlar yaratdığını qeyd edib.
Öz növbəsində Hossam Abu Meri iki ölkə arasında yüksələn siyasi dialoqun əməkdaşlıq üçün mühüm platforma olduğunu bildirərək, Latviya-Azərbaycan əlaqələrinin səhiyyə sisteminin inkişafına da töhfə verəcəyini vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.
Sənəd səhiyyə sahəsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tibb təhsili, klinik tədqiqatlar, səhiyyə idarəçiliyi və digər istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. İmzalanmış saziş iki ölkə arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Sonda Azərbaycan nümayəndə heyəti ilə Latviyanın kənd təsərrüfatı naziri, Latviya-Azərbaycan iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Armands Krause arasında işgüzar görüş keçirilib.