06 Avqust 2026 08:20
717
SİYASƏT
A- A+
Azərbaycan önə keçir

Azərbaycan önə keçir


Ölkəmiz öz qətiyyətli siyasəti ilə türk dövlətləri arasında birliyi möhkəmləndirən aparıcı gücə, strateji mərkəzə çevrilib


Eyni soy-kökü, dili, tarixi və mənəvi dəyərləri paylaşan türk xalqları üçün XXI yüzillik dirçəliş və həmrəylik əsridir. Zamanın burulğanında milli kimliyini qoruyub saxlamağı bacaran türk dünyası bu gün dünya siyasətində sözünü deyən, qərarları ilə regionun iqtisadi xəritəsini formalaşdıran mühüm mərkəzə çevrilir. Bu köklü inteqrasiya prosesinin, ideyaların reallığa çevrilməsinin əsas müəlliflərindən biri türk dünyasının lokomotivi sayılan Azərbaycandır. Ölkəmiz geosiyasi mövqeyi, liderlik iradəsi və prinsipial xarici siyasəti ilə türk dünyasının hərəkətverici qüvvəsi missiyasını ləyaqətlə icra edir. 

Türk birliyinin güclənməsi, strukturlaşması və qlobal miqyasda nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatının (TDT) yaranması da Azərbaycanın adı ilə sıx bağlıdır. 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan sazişi, sadəcə, yeni təşkilatın əsasını qoymadı, həm də parçalanmış bir coğrafiyanın daha güclü şəkildə yeniden birləşməsinin təməlini atdı. Məhz Bakının fəal təşəbbüsləri və ardıcıl siyasi addımları sayəsində bu qurum illər ərzində məsləhətləşmə platformasından tamformatlı, qlobal güc mərkəzinə çevrilən beynəlxalq təşkilat pilləsinə yüksəldi. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi "Bizim ailəmiz türk dünyasıdır" strategiyası Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olmaqla, təşkilatın iqtisadi, hərbi və mədəni sütunlarının möhkəmlənməsinə xidmət etdi. 

Azərbaycanın türk dünyasındakı liderlik rolu tarixi Zəfərimiz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi dəmir iradə ilə yeni keyfiyyət mərhələsinə qədəm qoydu. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və torpaqlarımızın işğaldan azad edilməsi bütün türk dünyasında qürura, özünəqayıdış dalğasına səbəb oldu. Tarixi Şuşa Bəyannaməsinin imzalanması və Şuşanın türk dünyasının mədəniyyət paytaxtı, ardınca TDT-nin Zirvə görüşlərinə evsahibliyi edən siyasi mərkəzə çevrilməsi bu həmrəyliyin zirvə nöqtəsi oldu. 

Ölkəmiz şərqlə qərb, Mərkəzi Asiya ilə Avropa arasında coğrafi körpü olmaqla yanaşı, eyni zamanda strateji Orta dəhliz layihəsinin mərkəzinə çevrilərək türk dövlətlərinin iqtisadi müstəqilliyini və logistik imkanlarını artırdı. 

Azərbaycanın türk dünyasında aparıcı rolunu son günlərdə cərəyan edən mühüm geosiyasi proseslərdə aydın şəkildə görmək mümkündür. Dövlətimizin başçısının iyulun 30-da Qırğızıstana dövlət səfəri və Çolpon-Ata şəhərində keçirilən yüksəksəviyyəli danışıqlar, eləcə də Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının növbəti iclası türk birliyinin dərin geoiqtisadi və strateji məzmun kəsb edən müstəviyə keçdiyini sübut edir. Səfər çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik Münasibətləri haqqında Bəyannamənin və bir sıra mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə formalaşdırdığı sıx inteqrasiya modeli türk dünyasının qlobal güc mərkəzi kimi formalaşmasını sürətləndirən əsas hərəkətverici qüvvədir. Tərəflər arasında ticarət dövriyyəsinin kəskin artırılması, investisiya fondlarının fəaliyyətinin genişləndirilməsi, Orta dəhlizin buraxılış qabiliyyətinin artırılması və enerji təhlükəsizliyi sahəsində atılan ortaq addımlar bu əməkdaşlığın real iqtisadi dayaqlarını təşkil edir. 

Bu birliyin mənəvi köklərə və qardaşlığa söykəndiyini nümayiş etdirən ən mühüm məqamlardan biri isə azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində türk dövlətlərinin nümayiş etdirdiyi həmrəylikdir. Qardaş Qırğızıstan tərəfindən Ağdam rayonunun Xıdırlı kəndində inşa edilən tam orta məktəb binası, eləcə də Özbəkistanın Füzulidə tikdirdiyi məktəb, Qazaxıstanın inşa etdirdiyi Uşaq Yaradıcılıq Mərkəzi və Türkiyənin Qarabağda həyata keçirdiyi saysız-hesabsız infrastruktur layihələri bu birliyin qardaşlıq müstəvisində mövcudluğunun tarixi göstəricisidir. 

Türk dövlətləri arasında əməkdaşlıq yeni dünyanın əsas trendi olan "yaşıl enerji" keçidinə də inteqrasiya olunur. Azərbaycan Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Xəzər dənizinin dibi ilə Avropaya nəql edilməsində əsas tranzit və təşəbbüsçü ölkə kimi çıxış edir. Bu strateji xətt türk dünyasının qlobal enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirir, iqtisadi asılılığı azaldaraq birliyin texnoloji və ekoloji müstəvidə də vahid güc mərkəzinə çevrilməsinə zəmin yaradır.

Əlbəttə, bu birliyin dayanıqlılığını şərtləndirən vacib amillərdən biri də hərbi-strateji və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın koordinasiyasıdır. Azərbaycanın Vətən müharibəsində sınaqdan çıxmış döyüş təcrübəsi TDT çərçivəsində təhlükəsizlik çətirinin formalaşması üçün unikal model ortaya qoyur. Müdafiə sənayesində ortaq istehsalatların qurulması, birgə hərbi təlimlərin keçirilməsinin müntəzəm xarakter alması türk dünyasını regionda yarana biləcək geofiziki və hərbi risklərdən qoruyan etibarlı qalxana çevirir. 

Türk dünyasının fiziki və coğrafi baxımdan tam bütövləşməsini təmin edəcək Zəngəzur dəhlizinin (TRIPP)açılması Azərbaycanın irəli sürdüyü ən mühüm geostrateji təşəbbüslərdən biridir. Bu dəhliz yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini deyil, bütün türk coğrafiyasını, Türkiyədən Mərkəzi Asiyaya qədər olan böyük bir məkanı quru yolu ilə birləşdirəcək. Zəngəzur dəhlizinin (TRIPP) reallaşması TDT-nin daxili ticarət dövriyyəsini dəfələrlə artıracaq və regionun qlobal logistikadakı rolunu möhkəmləndirəcək. 

Türk birliyinin mənəvi dayaqlarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar da xüsusi çəkiyə malikdir. Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə həyata keçirilən ortaq əlifba layihələri, vahid tarix və ədəbiyyat dərsliklərinin hazırlanması, Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin fəaliyyəti gənc nəsillərin milli ruhda yetişməsinə xidmət edir. Bu mənəvi inteqrasiya siyasi və iqtisadi birliyin təməlini daha da gücləndirir.  

Göründüyü kimi, türk dünyası artıq vahid hədəflərə doğru inamla irəliləyən, iqtisadi, siyasi və hərbi potensialını bir nöqtəyə yönəldən qlobal güc mərkəzidir. Bu böyük geostrategiyanın mərkəzində dayanan Azərbaycan öz qətiyyətli siyasəti ilə türk dövlətləri arasında birliyi, təhlükəsizliyi və tərəqqini təmin edən əsas dayaq rolunu oynayır. Tarixdən süzülüb gələn köklərimiz, bu gün atılan cəsarətli siyasi addımlar və gələcəyə hesablanmış strateji tərəfdaşlıqlar fonunda Azərbaycan öz tarixi missiyasını şərəflə davam etdirir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:40
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!