Bu, bəzi xalqların əsarətdən qurtulması üçün vacibdir
Uzun illər dünyanın bir sıra ölkələrində müstəmləkəçilik siyasəti həyata keçirən, əsarət altında saxladığı yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törədən, milyonlarla günahsız insanı vəhşicəsinə qətlə yetirən Fransa XXI əsrdə də cinayətkar əməllərindən əl çəkmək istəmir.
Məsələ burasındadır ki, tarixi keçmişindən utanmayan, öz azadlığı uğrunda mübarizəyə qalxan insanlarla zorun, gücün, silahların dili ilə danışan Fransa hökuməti utanıb qızarmadan işləri tərs gələn kimi ölkəmizi Fransanın daxili işlərinə qarışmaqda əsassız şəkildə ittiham edir.
2024-cü ilin mayında Fransanın daxili işlər naziri Jerald Darmanen "France-2" telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarının etirazlarını dəstəkləməkdə ittiham edərək ölkəmizin guya Fransanın daxili işlərinə qarışdığını bildirmişdir. Fransalı nazir Parisin Ermənistana verdiyi dəstəyə cavab olaraq ölkəmizin Kaledoniya nümunəsindən istifadə etməsini vurğulamışdı. Əsassız ittihamlar bununla da bitməmişdi. Bu il yanvarın 6-da Fransa Prezidenti Emmanuel Makron "Səfirlər Konfransı 2025" tədbirindəki çıxışı zamanı Azərbaycanı ölkəsinin dənizaşırı ərazilərinə müdaxilə etməkdə təqsirləndirmişdi: "Fransa son aylarda bir çox dənizaşırı ərazisində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə üzləşib. Azərbaycan beynəlxalq hüquqa və Ermənistana dəstəyimizlə bağlı bizimlə fikir ayrılıqlarını bununla aradan qaldıra biləcəyini düşünür".
Nə yazıq ki, istər Fransanın daxili işlər naziri Jerald Darmanen, istərsə də Prezident E.Makron anlamaq istəmirlər ki, insan azadlıqları, insan hüquqları uğrunda mübarizə bəşəri dəyərlərdir. Bunları bir ölkə inhisarına alıb özünü insan hüquqlarının "müdafiəçisi" elan edə bilməz. Bu gün tarixi qanlı qırğınlarla, faciələrlə zəngin olan Parisin "qoruyucu mələk" obrazında özünü təqdim etməsi nəinki ölkəmizdə, bütövlükdə dünyada ikrah doğurur. Fransadan fərqli olaraq, Azərbaycan bu ölkədən min kilometrlərlə uzaq, neokolonializm siyasətindən əziyyət çəkən, adi hüquqlardan məhrum olan insanlara mənəvi dəstək verir. Onların haqq səsinin dünyaya çatdırılmasında yardımçı olur. Təəssüf ki, Fransa kimi bir dövlətə rəhbərlik edənlər anlamırlar ki, XXI əsrdə kolonializmə qarşı mübarizə dünyada birlik, bərabərlik yaradılmasını tələb edir. Eyni zamanda Azərbaycan Fransadan fərqli olaraq, milyonlarla insanı yurdundan didərgin salan separatçıları silahlandırmır. Öz qlobal maraqları naminə bütövlükdə bir regionu müharibə təhdidi altında saxlamır. Adi insan hüquqları belə olmayan, illərdir əsarət altında əzilən, azadlığı uğrunda mübarizə aparan xalqlara mənəvi dəstək olur. Azərbaycan Fransa ilə yox, kolonializmə qarşı mübarizə aparır. Özünü güzgüdə əyri görən güzgünü sındırmamalı, səhvini düzəltməlidir.
Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan Prezidenti Makronun açıqlamasına münasibət bildirərək deyib: "Dünən Fransa Prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb".
Dövlət başçısı müsahibəsində qeyd etdi ki, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdısa, bu gün bu, artıq həyatımızın bir parçasıdır. Bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Dövlət başçısı qətiyyətlə qeyd edib ki, bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq.
Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub. Müstəmləkəçiliklə mübarizə aparmaq məqsədi ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir.
Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransanın dünyada 13 koloniyası var. Bu koloniyalardan ikisində insanlar məskunlaşmayıb, digər ərazilərlə əməkdaşlıq edirik. Reyunyon Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı amansız cinayətlər törədilib. Bu gün də Reyunyonda müstəmləkəçilik davam edir. Reyunyon qlobal güclərin əlində nüvə silahı üçün plasdarmdır.
Konfransda çıxış edən "Ka Ubuntu" müstəqillik hərəkatının sədri Romen Katambara deyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Çünki müstəqil ölkənin ərazisində başqa ölkələrin hərbi bazası yerləşmir və onların mədəniyyətinə təsir etmir. O deyib: "Biz birlikdə olmalıyıq ki, imperializmə qarşı səmərəli mübarizə aparaq. Beynəlxalq ictimaiyyətə də öz səsimizi çatdıraq. Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir. Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyon iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdir".
Reyunyon adasında hökm sürən iqtisadi çətinliklərlə bərabər, yerli əhalinin müxtəlif icmaları arasındakı gərginliyi də vurğulayan Romen Katambaranın sözlərinə görə, guya Reyunyonda mütəşəkkil cinayətlərin artması, ətraf mühitə ziyan vurulması, sosial vəziyyətin pisləşməsində mayottalıların təqsirkar olması təbliğatını aparan Fransa rəsmiləri, əslində, ada əhalisi daxilində həmrəyliyi pozmaq, azadlıq meyillərinin qarşısını almaq məqsədini güdürlər.
Konfransda Reyunyon gənclərinin əksəriyyətinin təhsilə əlçatanlığının təmin edilməsindən, 200 min insanın yaşayış yeri problemi ilə üzləşməsindən də danışılıb. Qeyd edilib ki, Reyunyonda böhran iqtisadi müstəmləkə sisteminə çox bağlıdır. Əhalinin sosial-iqtisadi tələblərinə cavab verilmir. Ona görə də özümüz bunu formalaşdırmalıyıq. Fransa Reyunyon əhalisinin azadlıq meyillərinin qarşısını almağa çalışır. Buna baxmayaraq, bu addımlar gözlənilən iqtisadi və sosial dəyişiklikləri təmin edə bilmədi. Nəticədə ada yüksək yoxsulluq səviyyəsi ilə üzləşərək, bu gün də çətin iqtisadi və sosial vəziyyətdədir.
"Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirib: "Fransa tərəfindən qanunsuz olaraq bizim regionda çoxsaylı abortlar həyata keçirilib. Bu da insanlığa qarşı aparılan cinayətdir. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədib. 1960-cı illərdə Reyunyon adası Fransanın departamenti olaraq, ciddi sosial və iqtisadi problemlərlə qarşılaşmışdı. Yerli əhalinin sayı artmaqda davam edirdi ki, bu da adada sosial problemlərin kəskinləşməsinə səbəb olurdu. Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mənşəli adlara malik uşaqlara Fransa metropoliyasına xas adlar verilərək, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayıblar".
Konfransda Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər barədə müzakirələr aparılıb. Əlbəttə, bu, belə xalqların hüquqlarının müdafiəsinə, imperializmin buxovlarının qırılmasına, əsarətdən qurtuluşa xidmət edir. Bəşəri dəyərləri anlamayan Fransanın üzərinə düşən vəzifə isə neokolonialist siyasətinə son qoyub, xalqların rahat yaşamasına imkan verməkdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"