Los-Anceles rəsmilərinin ABŞ-ın bu ştatının tarixində ən dağıdıcı meşə yanğınlarından sonra yenidənqurma işlərinə başladığı bir vaxtda şəhərin rəssamları və sənət kolleksiyaçıları dəyəri milyardlarla dollar olan qiymətli sənət əsərlərinin itkisinə görə yas tuturlar.
AZƏRTAC xəbər verir ki, bu sənət kolleksiyaçılarından bəziləri çox güman ki, yanğınlar həftələrlə davam etdiyi üçün əldə etdikləri əşyaların çoxunu itiriblər. “Reuters” məlumat verir ki, yerli sənətçilər studiyalarının və evlərinin yandırılmasını, onların əsərlərinin məhv olmasını və dolanışıqlarının kəsilməsini həyəcanla izləyiblər.
Altadenadakı “Alto Beta” qalereyasını idarə edən rəssam Bred Eberhard meşə yanğınları zaman 50 ilə 70 arasında özünün yaratdığı rəsm əsərini, həmçinin dostları və həmkarları tərəfindən bağışlanmış təxminən iyirmi tablonu itirib.
“Risk Strategies” adlı sığorta brokeri və risklərin idarə edilməsi üzrə konsaltinq şirkətinin vitse-prezidenti Kristofer Vayz incəsənət əsərləri itkilərinin miqyasını təxmin etmək üçün hələ tez olduğunu, lakin təsirlənmiş ərazilərdə milyardlarla dollar dəyərində qiymətli tabloların ola biləcəyini bildirib.
Kaliforniyanın ən böyük sənət muzeyi, yanğınlardan zərərsiz çıxan “Getty” sənətçilərə və incəsənət sahəsində çalışanlara təcili yardım göstərmək üçün 12 milyon dollar dəyərində “LA Arts Community Fire Relief Fund” yaradıb.
Ekspertlər hesablayıblar ki, Los-Anceles meşə yanğınları ABŞ tarixində ən bahalı fəlakət ola bilər. İlkin məlumatlara görə, yanğınların iqtisadi ziyanı 250 milyard dolları ötür.