2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 min 379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31 min 526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir general-polkovnik Vilayət Eyvazov bildirib.
Nazirin sözlərinə görə, cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
Qeyd olunub ki, davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.
Nazir prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini də qeyd edib.