18 Iyul 2024 18:45
131
İQTİSADİYYAT
A- A+

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf imkanları müzakirə edilib

 

İtaliyaya səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycan və İtaliya çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Görüşdə ölkəmizin Şərqlə Qərbi birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhlizin inkişafında rolu qeyd edilib, sahibkarlar üçün yaradılmış cəlbedici investisiya imkanları barədə məlumat verilib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində çalışan İtaliya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyəti vurğulanıb, işgüzar dairələr arasında tərəfdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir. Bununla yanaşı, Azərbaycan yaşıl enerjinin tədarükü, yaşıl hidrogen istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerjinin ixracını nəzərdə tutan layihənin yaşıl keçidin dəstəklənməsində önəmi vurğulanıb.

Nazirlər, həmçinin COP29-un prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

İqtisadiyyat naziri İtaliyanın kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri Françesko Lollobrigida ilə görüş keçirib.

Diqqətə çatdırılıb ki, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, aqrar maşınqayırma, irriqasiya sahələrində İtaliyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Görüşdə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəflər müzakirə olunub. Tərəflər bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video