15 Mart 2023 03:56
676
Mədəniyyət
A- A+

Azərbaycan elminin müdriklik nümunəsi

 

Azərbaycan tarixi, coğrafiyası və mədəniyyəti ilə seçilən unikal məkandır. Bu qədim tarixi yurd yeri - insan yaşayış məskəni öz əlverişli şəraiti, qiymətli təbii resursları, milli xüsusiyyətləri ilə zəngindir. Ən əsası isə burada əsrlərdən bəri insan kapitalı həmişə diqqəti çəkib və özünəməxsus yer tutub. Azərbaycan xalqı bəşəriyyətə bir çox düha, mütəfəkkir, yaradıcı şəxsiyyətlər bəxş etmişdir. 
Ümumilikdə xalqlar arasında yüksək zəka sahibi olan insanlar sırasında azərbaycanlılar xüsusi göstəricilərə malikdirlər. Belə böyük şəxsiyyətlərdən biri də mənalı həyatı və fəaliyyəti, elmi xidmətləri və ictimai mövqeyi ilə nəsillərə nümunə olan akademik Rəhim Rəhimovdur. 
Ölkəmizdə görkəmli elm xadiminin anadan olmasının 100 illiyi böyük iftixar hissi ilə qeyd edilir. Görkəmli alim öz adını tibb elmi sahəsindəki unikal dəstxəti ilə Azərbaycanın elm tarixinə və ictimai həyatına pozulmaz naxışlarla həkk etmişdir.
Doğulduğu diyarın pak ruhundan ilhamlanan, Naxçıvanın xarakterik iqlimindən, Ordubadın füsunkar təbiətindən qidalanan Rəhim Rəhimovun şərəfli ömür yoluna nəzər salsaq, görərik ki, həyatı boyu öz sadəliyini, dürüstlüyünü qoruyub-saxlamış, yaddaşlarda silinməz izlər qoymuş və yeni nəsillərə nümunə olmuşdur. O, həmişə işlədiyi hər bir yerdə böyük hörmət və ehtirama layiq olmuş, istedadı, inamı və iradəsi ilə kollektivin rəğbətini qazanmışdır.
Çünki Rəhim Rəhimovun həyat fəlsəfəsi harada olmasından və hansı vəzifədə işləməyindən asılı olmayaraq, həmişə təvazökarlıq, müdriklik, məsuliyyət və xeyirxahlıqdan ibarət olmuşdur. Bu formulu o, özü üçün bir əxlaq kodeksi və məslək yolu kimi qəbul etmişdir.
Mübaliğəsiz demək olar ki, akademik Rəhim Rəhimov özünün zəngin həyat məktəbi, alicənablığı, işgüzarlığı və səmimiliyi ilə cəmiyyətə bir örnəkdir. O həm yüksək insanlığı, həm də alimliyi ilə elmin zirvəsinə ucalmışdır. Onun yüksək təşkilatçılığı, faydalı iş əmsalı, səmərəli fəaliyyəti, habelə elmi yaradıcılığı sərhədləri aşmış, ölkə və dünya elminə öz töhfəsini vermişdir. Rəhim Rəhimovun ölkəmizdə səhiyyə sisteminin inkişafında, yüksəkixtisaslı tibb kadrlarının və təbabət üzrə elm adamlarının hazırlanmasında böyük xidmətləri olmuşdur.
Rəhim Nurməmməd oğlu Rəhimov 18 mart 1923-cü ildə Azərbaycanın elm və təhsil mühitində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Burada 7 illik orta məktəbi bitirdikdən sonra o, 1937-1941-ci illərdə Ordubad Pedaqoji Texnikumunda təhsil almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olan Rəhim Rəhimov 1945-1950-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. O, 1954-1957-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun əyani aspirantı olmuşdur.
Hələ 1941-ci ildə Ordubad şəhər orta məktəbində şagird ikən əmək fəaliyyətinə başlayan Rəhim Rəhimov burada 1945-ci ilədək kənd məktəblərində müəllimlik etmiş, 1950-1951-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Mərkəzi Xəstəxanasında cərrah, 1951-1953-cü illərdə isə Ordubad Rayon Mərkəzi Xəstəxanasında həkim-rentgenoloq işləmişdir. O, 1957-ci ildən 1970-ci ilədək Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun Rentgen şöbəsinə rəhbərlik etmiş, 1970-1974-cü illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun direktor müavini, 1974-1989-cu illərdə isə həmin institutun direktoru vəzifələrində çalışmış, 1989-cu ildən ömrünün sonunadək Şüa-diaqnostika üsulları şöbəsinin rəhbəri və Milli Onkologiya Mərkəzinin konsultantı vəzifələrini şərəflə yerinə yetirmişdir.
Görkəmli elm xadimi və böyük elm təşkilatçısı olan Rəhim Rəhimov 1957-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1970-ci ildə isə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Tibb sahəsində olduğu kimi, akademiya üzvləri arasında da Rəhim Rəhimov özünəməxsus nüfuzu ilə seçilmişdir.
Respublikamızda elmin və səhiyyənin inkişafına qiymətli töhfələr vermiş Rəhim Rəhimov özünün çoxşaxəli fəaliyyəti ilə təbabətin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Alimin onkologiya, rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılmasına və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaratmışdır. Akademikin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olmuş, təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə yeni rentgenoloji tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi tanıtmışdır.
Akademik Rəhim Rəhimovu dünya tibb elminin, Azərbaycan Respublikasının milli səhiyyə sisteminin inkişafında və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidməti olan azərbaycanlı alimlərdən biri hesab etmək olar. Məhz ölkə səhiyyəsi üçün tibb üzrə elmi-tədqiqat, təşkilati-metodik işlərində, habelə elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasında Rəhim Rəhimov öz dəstxəti və imzası ilə sayılıb-seçilmişdir. Bütün bunların nəticəsidir ki, yüksəkixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasına böyük töhfələr vermiş akademik Rəhim Rəhimov rentgenologiya və radiologiya kimi məsuliyyətli bir sahədə özünün elmi məktəbini yaratmışdır. 
Tanınmış alim, akademik Rəhim Rəhimov onkologiya və rentgenologiyanın problemlərinə həsr edilmiş 200-dən artıq elmi tədqiqatın, eləcə də bir neçə monoqrafiyanın və çoxsaylı patentin müəllifidir. Hazırda respublikada yetişən onkoloqların və rentgenoloqların böyük bir nəsli alimin tədqiqatlarından mötəbər mənbə kimi istifadə etmişlər. Rəhim Rəhimov beynəlxalq konfrans və simpoziumlardakı çıxış və məruzələri ilə Azərbaycan tibb elmini layiqincə təmsil etmişdir. O, uzun illər Azərbaycan rentgenoloqlarının və radioloqlarının elmi cəmiyyətinin sədri olaraq xüsusi təşkilatçılıq bacarığı nümayiş etdirmişdir.
R.Rəhimov ümumilikdə 150-yə yaxın elmi əsərin, 2  ixtiranın, 12 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi ilə tibbin onkologiya sahəsi üzrə 7 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Milli Onkologiya Mərkəzinə rəhbərliyi dövründə yerli və xarici nəşrlərdə, nüfuzlu beynəlxalq jurnallarda 100-dən artıq məqalə çap olunmuş, elmi-praktiki konfranslarda bir çox çıxışlar edilmişdir. Alimin apardığı elmi-tədqiqat işləri və gəlinən qənaətlər öz aktuallığı və yeniliyi ilə seçilmişdir. Dünyanın müxtəlif ölkələrində (MDB dövlətləri daxil, Almaniya, İtaliya, Türkiyə, Yaponiya və b.) bu nəticələr yüksək qiymətləndirilmiş, müvafiq qaydada istifadə edilmiş və praktikada tətbiq olunmuşdur.
Elmi fəaliyyətinin 60 ilini tədqiqat işinə həsr edən, milli rentgenoloqlar məktəbini formalaşdıran, bu istiqamətdə elmi-praktiki uğurların əldə edilməsində və inkişafa nail olunmasında böyük zəhmət göstərmiş - öz üslubu ilə fərqlənən akademik Rəhim Nurməmməd oğlu Rəhimovun yetirmələri və ardıcılları onun elmi tədqiqat işi və səhiyyə sahəsindəki yolunu uğurla davam etdirirlər. Müasir tibb aləmində istedadı, diqqət və qayğısı ilə fərqlənən unudulmaz müəllim, böyük insan olan akademik Rəhim Rəhimovun davamçıları indi müstəqil Azərbaycan Respublikasının yüksəlişi və tərəqqisi yolunda səmərəli fəaliyyət göstərirlər.
Fundamental alim, ləyaqətli  vətəndaş, nəcib insan R.Rəhimov xalqa və dövlətə bütün varlığı ilə bağlı olmuş, şərəfli, zəngin və mənalı ömür yaşamışdır. Zəngin həyat məktəbi, əməli fəaliyyəti və elmi yaradıcılığı ilə tanıyanların qəlbində silinməz izlər buraxmışdır.
Akademik Rəhim Rəhimovun Azərbaycanda tibb elminin və səhiyyə sahəsinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafata layiq görülmüşdür. 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Məhz əldə etdiyi nailiyyətlərindən, təltif və mükafatlarından da açıq-aydın görünür ki, onun dövlətimiz və xalqımız qarşısında mühüm xidmətləri olmuşdur. Onun daim yüksək səviyyədə diqqət və qayğı ilə əhatə edilməsi bunun ən bariz göstəricisidir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın müasiri olmuş Rəhim Rəhimovun xoşbəxtlikdən hələ gənc yaşlarından onlarla şəxsən tanışlıq və ünsiyyət imkanı yaranmışdır. O, həmişə taleyinə aid bu hadisəni xüsusi minnətdarlıqla xatırlamış və dərin ehtiramla vurğulamağı özünə borc bilmişdir.
Bütün bunlarla yanaşı, akademik Rəhim Rəhimov ictimai işlərlə, xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Vətəninə, elinə-obasına bağlı ziyalı kimi seçilmiş və sevilmişdir. Məhz 1991-ci ildə Azərbaycanın böyük mütəfəkkiri Nəsirəddin Tusinin adını daşıyan Xeyriyyə Cəmiyyətinin yaradılmasına təşəbbüs göstərməklə böyük Azərbaycan aliminin adının yaşadılmasına və elmi xidmətlərinin yeni nəsillərə çatdırılması işinə böyük dəstək vermişdir. Akademik Rəhim Rəhimov 6 iyul 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Akademik Rəhim Rəhimov öz ömrünü müdrikcəsinə yaşamış, ardıcıl olaraq yazıb-yaratmış, bütün ömrü boyu qəlbən bağlı olduğu müstəqil dövləti və doğma xalqı üçün zəngin irs qoyub getmişdir.
Görkəmli alim, bacarıqlı həkim, yüksək qabiliyyətə malik səhiyyə və elm təşkilatçısı, ən başlıcası isə təvazökar insan olan Rəhim Nurməmməd oğlu Rəhimovun əziz xatirəsi daim onu tanıyanların və davamçılarının qəlbində yaşayacaqdır. O, Azərbaycanın elm ictimaiyyəti və səhiyyə təşkilatçıları tərəfindən minnətdarlıqla anılacaq və tibb sahəsində həmişə iftixar hissi ilə  xatırlanacaqdır.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti,
akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video