Avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edə bilər. Məhdudiyyətlər tətbiq edilməzdən 60 (altmış) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq əsasları göstərməklə, mediada məlumat verməlidir.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Sənədə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada verilir. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı verilir. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edir. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda və qaydada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş icazənin dublikatını verir, icazəni yenidən rəsmiləşdirir, dayandırır, bərpa edir və ləğv edir.
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.