15 Iyul 2024 23:01
171
CƏMİYYƏT
A- A+

Aşura cəhalət ayini yox, kamillik nümunəsi olmalıdır

Dini mərasimdə qanvermə təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır

 

Bu gün hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. 
Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının bu günü hər zaman ölkəmizdə qeyd edilib. Xalqımızın müqəddəs saydığı insanların şəhadət günü yalnız kədər, hüzn deyil, əslində qəhrəmanlıq, fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnəyə çevirib, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaradıblar. 

Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.
Şükürlər olsun ki, Müzəfər Ali Baş Komandan İlham Əiliyevin qətiyyəti, ordumuzun hünəri ilə bu gün Azərbaycan bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulub. Builki Məhərrəm ayında Zəfər abı-havasının davam etməsi, Qarabağ məscidlərinin bərpası, minarələrimizdən ucalan azan sədaları Azərbaycan müsəlmanlarının qəlbini fəxarətlə doldurur.
Amma təəssüflər olsun ki, bəzən Aşura gününü ilə bağlı keçirilən mərasimi konteksdən çıxarıb fərqli, zərərli ayınlər keçirirlər. Buna görə də aidiyyatı dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən buna qarşı daim maarifləndirmə tədbirləri həyata keçirilir. Müraciətlərdə bildirilir ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsinə, dövlət simvollarına uyğun olmayan atributların istifadəsinə, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. 
Bütün müraciətlərdə Vətəndaşlar Aşurada zərərli ayinlərdən çəkinməyə, Azərbaycanın müstəqillik illərində ənənəvi hal almış qanvermə aksiyalarında iştiraka çağırılır. 
Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaşlara birgə müraciətində də bildirilir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülüb.
Bəzi hallarda isə valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edilir ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.
Amma təəssüflər olsun ki, maarifləndirmə işinə baxmayaraq, bu mərasimlərdə bəzən azyaşlıların psixikasına mənfi təsir edəcək hadisələr yaşanır. Bu baxımdan da, mərasimlərdə azyaşlı uşaqların iştirakı onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun deyil. Eyni zamanda isti havada uşaqların kütləvi tədbirlərə aparılması təhlükəlidir. Bir tərəfdən isti, digər tərəfdən məscidlərdə yaşanan izdiham, sıxlıq uşaqların psixalogiyasına olduqca mənfi təsir göstərir.  
 Düzdür, azyaşlıların Aşura mərasimlərinə aparılmasına qanunla müdaxilə edilmir. Ancaq mütəxəssislərin fikrincə, valideynlər özləri bunu nəzərə almalıdırlar ki, azyaşlı uşaqların gözü önündə bədəndən qan çıxarılması və digər hərəkətlər birmənalı şəkildə yolverilməzdir. Uşaqların Aşura mərasiminə gətirilməsi onların psixoloji sarsıntı keçirməsinə səbəb ola bilər.
Aidiyyatı qurumların çağırışlarından da göründüyü kimi bu il də respublika ərazisində Aşura mərasimləri qanvermə aksiyası ilə əvəzlənəcək. Aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan isə hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb. Bu nəcib təşəbbüsün davamı olaraq iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər, deputatlar, ziyalılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.
Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən-ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.

R.BAXŞƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video