13 Noyabr 2025 08:00
1704
CƏMİYYƏT
A- A+
Ana dili xalqımızın milli kimliyidir

Ana dili xalqımızın milli kimliyidir


Onu qorumaq hər bir vətəndaşımızın borcudur


Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir, dünyanın geniş yayılmış dillərindən olaraq əlli milyondan artıq insanın ana dilidir. Dövlət dili statusu daşıyan bu dilin qorunması Azərbaycan Konstitusiyasının 21-ci maddəsi ilə təmin edilir. Onu bilmək hər bir Azərbaycan vətəndaşının borcudur və bu dil ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışının mühüm bir hissəsi milli dəyərlərə, xüsusilə Azərbaycan dilinə həsr olunmuşdu. Dövlətimizin başçısı dilin saflığının qorunmasını hər bir vətəndaşın vəzifəsi adlandırdı, hər bir kəsin işi olduğunu vurğuladı: "Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər". Zəngin dillərdən birinə çevrilən bu sərvətin  qorunması yalnız rəsmi qərarlarla deyil, hər bir vətəndaşın şəxsi məsuliyyəti və dili sevmə mədəniyyəti ilə mümkündür. Eyni zamanda xəbərdarlıq da edildi ki, xarici sözlərin həddindən artıq işlədilməsi, mediada və ictimai nitqlərdə ədəbi dil qaydalarının pozulması milli kimliyin təməllərinə zərbə vura bilər. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda milli kimliyimiz də sarsıla bilər.

Prezident Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, həm də dünya azərbaycanlıları arasında qorunmasının strateji prioritetə çevrildiyini göstərdi. Ölkə rəhbərimiz dilin dövlətçilikdəki rolunu yüksək dəyərləndirərək dedi: "Hər bir millət, hər bir xalq  üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir… Azərbaycan dili çox zəngindir, xarici kəlmələrə ehtiyac da yoxdur… Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən söz gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir". Bu çağırış həm də mədəni müstəqillik konsepsiyasının ifadəsidir. Çünki dil, təkcə sözlər toplusu deyil, həm də xalqın düşüncə tərzi, hiss dünyası və varlıq fəlsəfəsidir.


Dil əmanəti : tarixə bir nəzər


Dil problemləri böyük ideoloji və sosial məsələlərlə bağlı olsa da, XX əsrin əvvəllərinə qədər dillərin dövlət qanunları sistemində təsbit olunması ənənəsi yox idi. Azərbaycan Respublikasının tarixinə gəlincə, milli dilimizin statusunun Konstitusiyada və digər qanunlarda əksini tapması özü maraqlı faktlarla bağlıdır.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi idi. Qeyri-millətlərdən olan yerli əhalinin nümayəndələri çıxışların rus dilində olmasını təklif edəndə parlamentin iclaslarından birində bu məsələ geniş müzakirə olunmuş və xüsusi qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə rəsmi sənədlərin hamısı ana dilində tərtib edilmişdi. Azərbaycan türkcəsində olmayan sənədlərə baxılmırdı. Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanı da mövcuddur. Fərmanda deyilirdi: "Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalına müsaidə edilsin". İki il ərzində dövlət orqanlarının işinin tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Daha sonra 1937-ci ildə o dövrdə keçmiş SSRİ-nin yeni Konstitusiyasının qəbuluna müvafiq olaraq Azərbaycan Konstitusiyası da yenilənmiş, 1978-ci ildə isə yeni Azərbaycan Konstitusiyası qəbul edilmişdir. Bu konstitusiyaların hər biri mövcud tarixi reallıqları əks etdirir, sovet quruluşuna xas münasibətlər sistemini əhatə edirdi.

Dil tarixinə müraciət edərkən əlifba məsələsini də xüsusi qeyd etmək lazımdır. 1926-cı il fevralın 26-da Bakı şəhərində I Türkoloji Qurultay keçirilmişdi. Möhtəşəm məclisdə iki məsələ - latın qrafikasına keçid və ortaq ədəbi dil, ortaq terminologiya məsələləri mühüm yer tuturdu. Sovet rəhbərləri, əslində, bu qurultayın belə möhtəşəm səviyyədə olacağını düşünmürdülər.

I Türkoloji Qurultayın nümayəndələri böyük ümidlə, coşqun həvəslə elmi etiraflarını edir, gələcək araşdırmalarını və vəzifələrini açıqlayır, fikirlərin üst-üstə düşməsi elmi üfüqlərə yeni işıq saçırdı. ÇK-nın isə dəhşətli xəbərlərlə dolu qovluqları aşıb-daşırdı. Hər çıxış, hər cümlə, hər ifadə, hər söz mənalandırılır, siyasi baxımdan özlərinə sərf olunan yönümdə yozulur, təhlil edilir və nəticə çıxarılırdı.

Qurultay iştirakçılarının sonrakı fəaliyyəti isə faciəvi oldu. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək repressiyaya uğradı. Əksər alim və mütəfəkkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbaya keçidi isə 1939-cu ildə ləğv edildi və Sovetlər Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq Kiril əlifbalı yazı tətbiq edildi.

Ötən əsrin 30-cu illərində - mədəni inqilab dövründə savadsızlığın ləğvi Azərbaycan dilinin inkişafı üçün sonsuz imkanlar yaratmışdı: ana dilində dərsliklər yazılmış, Azərbaycan folklorunun toplanması və nəşri sahəsində ciddi işlər görülməyə başlanmışdı. Bu prosesdə Salman Mümtaz, Həmid Araslı, Məmmədhüseyn Təhmasib kimi folklorşünas alimlərin xüsusi əməyi olmuşdur.

Lakin bütün bunlarla bərabər, 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında dillə bağlı qeydlər olsa da, Azərbaycan dilinin hüquqi statusu barədə ayrıca maddə olmamışdı. Şübhəsiz ki, bu, keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı bir vaxtda Konstitusiyaya ana dili ilə bağlı maddə əlavə etmək həm kifayət qədər riskli, həm də perspektivsiz addım idi. Stalinin ölümündən sonra repressiyaya son qoyulması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətini müəyyən qədər məhdudlaşdırdı və nəhayət, belə bir vəziyyətdə - 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi maddə qəbul etdi. Həmin maddədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması əksini tapdı. Lakin bu qərar mərkəzdəki mühafizəkarların müqavimətilə rastlaşdı.

Azərbaycan dilinə keçilməsi barədə tələblər Moskvada narazılıq doğurdu. Yazıçı və şairlərimiz, dilçi-filoloqlarımız sosializm dövründə "hər bir millətin öz müqəddəratını təyin etmək hüququ"nu dil sahəsində də tətbiq etməyə çalışırdılar. Bu meyil Mirzə İbrahimovun fəaliyyətində özünü qabarıq şəkildə göstərirdi. O zaman keçmiş sovet imperiyası milli hərəkatın, milli dirçəlişə səbəb olacaq hər hansı bir tədbirin qarşısını almaq üçün hər cür təxribata hazır idi. Ümummilli Lider Heydər Əliyev həmin dövrü xarakterizə edərkən deyirdi: "Ən emosional məsələləri də ancaq ağlın gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin o dovrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox riskli idi". Mirzə İbrahimovun "təcrübəsi" həmin yolun uğursuzluğunu artıq göstərmişdi.


Cəsarətli mövqe


Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Azərbaycana rəhbər seçilən Ümummilli Lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Böyük rəhbərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi. Azərbaycan KP-nin qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı. Heydər Əliyev bütün mürəkkəbliyi ilə dərk edirdi ki, Moskva ruslaşdırma siyasəti yürüdür, lakin bu qeyri-humanist siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilirdi. Belə bir siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi. Ona görə də 1970-ci illərdən etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun sayı artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Bunda məqsəd ana dilimizin yüksək səviyyədə təbliği idi.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın salınmasına xüsusi səy göstərildi. Həmin dövrdə respublika rəhbəri Əsas Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Böyük rəhbərin qətiyyəti və iradəsi sayəsində bu müddəa yeni Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda fikir ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə büruzə verirdi. Bəzi qüvvələr dövlət dilinin adının dəyişdirilməsini və onun "türk dili" adlandırılmasını təklif edirdilər. Uzun müzakirələrdən sonra  1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və Azərbaycanda dövlət dilinin "türk dili" olması barədə qərar qəbul edilmişdi. 

1995-ci ildə Azərbaycan  Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü və onların böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.


Dövlətçilik ideologiyasının prinsipləri


Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına daimi dövlət qayğısının təmin olunması xətti uğurla davam etdirilir. Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirən ölkə rəhbəri milli dil əmanətinə də sadiqdir. 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi", 14 yanvar 2004-cü il tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 30 dekabr 2007-ci il tarixli "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar, ayrı-ayrı toplantılarda ana dilimizin inkişafı ilə bağlı irəli sürülən tezislər müasir dövrdə dilimizin inkişafına təkan verən möhtəşəm tədbirlərdir.

Biz hazırda elə bir dünyada yaşayırıq ki, qloballaşma prosesi həyatımızın az qala hər anında özünü göstərir. Onun təməlində beynəlxalq ünsiyyət dayandığından bu prosesin müsbət və mənfi təsirləri ən çox dil mühitində özünü büruzə verir. Həmin amillər nəzərə alınaraq 2013-cü ilin aprelində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalandı. Bu, ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından tarixi bir hadisə idi.

Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər sırasında isə Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamı dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Unutmamalıyıq ki, ana dilinin qorunması, inkişafı eyni zamanda vətəndaşlıq məsuliyyəti tələb edən məsələdir. Ana dilimizdə milyonlarla insan danışır və yazır. Onların bu dildən hansı şəkildə faydalandıqlarını, ona necə münasibət göstərdiklərini tam nəzarətdə saxlamaq mümkün deyil. Amma hər bir vətəndaş çevrəsindəki insanların dilimizi korlayan hallarla rastlaşdığı vaxt ictimai qınağın gücü ilə onların aradan qaldırılmasına nail ola bilər. "Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm", - Azərbacan Prezidenti AMEA-nın 80 illik yubileyindəki çıxışında bu məsələyə xüsusi diqqət yetirdiyini bildirdi. Dövlət dilimiz son birəsrlik dövrdən çox məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. Azərbaycan dili tarixi ənənəsi olan kamil dillərdən biridir, böyük inkişaf yolu keçib, zəngin ədəbi dil mühitinə malikdir. 

Bu gün Prezident İlham Əliyev Azərbaycanda dövlətçilik ideologiyasını Konstitisiyanın prinsiplərinə uyğun şəkildə formalaşdırmışdır. Bu ideologiya xalqa məxsus suverenlik, qanunun aliliyi, milli maraqların üstünlüyü, siyasi müstəqillik və balanslı diplomatiya prinsiplərini özündə ehtiva edir. Bu ideologiya cəmiyyətin birliyinə, hüquqi dövlət modelinin möhkəmlənməsinə xidmət göstərir. 

Azərbaycan hüquqi, tam suveren dövlət kimi gündən-günə inkişaf edir, getdikcə daha da qüdrətlənir və bu inkişafın təməlində 30 il əvvəl qəbul edilmiş Əsas Qanunumuz - Konstitusiyamız durur. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək

08:55
05 Dekabr

Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib

08:50
05 Dekabr

Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biri

08:45
05 Dekabr

Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 

08:40
05 Dekabr

Cənubi Qafqazda gərginlik dövrü sona çatıb

08:35
05 Dekabr

"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfrans işə başlayıb

08:30
05 Dekabr

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib

08:25
05 Dekabr

Tarixi ədalətin tələbi

08:20
05 Dekabr

Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar

08:15
05 Dekabr

Türk coğrafiyasından türk siyasi birliyinə

08:10
05 Dekabr

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!