Qlobal bir araşdırma göstərir ki, qan damarlarını rahatlatmaqla və beyinə qan axınını artırmaqla Viaqranı təqlid edən bir həb Alzheimer xəstəliyi olan insanlarda koqnitiv geriləməni təxminən üçdə bir qədər yavaşlada bilər.
Alzheimer xəstəliyi ən çox yayılmış demensiya formasıdır və 2050-ci ilə qədər dünyada 153 milyon insana təsir edəcəyi proqnozlaşdırılır. Hazırda müalicəsi yoxdur.
Böyük Britaniya da daxil olmaqla, 13 ölkəni əhatə edən üçüncü mərhələli sınaqda tədqiqatçılar “AR1001” tabletinin başqa heç bir müalicə almayan erkən Alzheimer xəstəliyi olan xəstələrdə geriləməni 31% yavaşlatdığını aşkar ediblər.
Əldə edilən nəticələr Bostonda keçirilən "Altsheymer xəstəliyi üzrə klinik sınaqlar" konfransında təqdim olunub.
“AR1001” fosfodiesteraza-5 inhibitorudur və erektil disfunksiyanın müalicəsində istifadə olunan "Viaqra" ilə eyni dərman qrupuna aiddir.
“AR1001”i istehsal edən Cənubi Koreyanın "AriBio" şirkəti bildirib ki, dərman Altsheymer xəstəliyi üçün başqa heç bir preparat qəbul etməyən 604 nəfərdə xəstəliyin irəliləməsini yavaşladıb. Digər dərmanları qəbul edən daha geniş xəstə qrupunda isə bu preparat statistik cəhətdən əhəmiyyətli nəticələr verməyib.
Edinburq Universitetində neyrodegenerasiya üzrə professor və Tibb Elmləri Akademiyasının üzvü olan professor Tara Spayrs-Cons nəticələrin çox ümidverici göründüyünü bildirib. O qeyd edib ki, bu dərman qan axınını gücləndirməklə, həmçinin beyin hüceyrələrində öyrənmə və yaddaşı dəstəkləyən yolları birbaşa stimullaşdırmaqla təsir göstərir.
“Alzheimer’s Research UK” təşkilatının tədqiqat direktoru doktor Şiona Skeyls əldə olunan nəticələrin çox ruhlandırıcı olduğunu və bunun Alzheimer xəstəliyi üçün yeni müalicə üsullarının axtarışında mühüm mərhələ təşkil etdiyini vurğulayıb.
Alzheimer Cəmiyyətinin tədqiqat və innovasiya üzrə direktor müavini Dr. Richard Oakley deyib ki, bu əsas nəticələr erkən Alzheimer xəstəliyinin yalnız simptomlarını deyil, səbəblərini də aradan qaldıran tamamilə yeni bir müalicəyə sahib ola biləcəyimizə dair həyəcanverici bir əlamətdir.
Bütün mütəxəssislər əlavə sınaqların keçirilməsini tələb ediblər və “AR1001”in Alzheimer xəstəliyini müalicə etmək üçün təyin edilməzdən əvvəl elmi ictimaiyyət və dərman tənzimləyici orqanları tərəfindən yoxlanılmalı olduğunu söyləyiblər.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”