Yardımlı Rayon Ağsaqqallar Şurasının hesabat konfransında RİH-in başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. RİH-in inzibati binasında davam edən tədbirdə giriş sözü ilə çıxış edən Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolundan və xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Ulu Öndərin ideyalarına sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində xüsusi rol oynayırlar.
Sonra Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşovun hesabat dövrü ərzində təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Təşkilatın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Söz alan akademik Abel Məhərrəmov rayonda növbəti dəfə ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Ağsaqqal sözünün xüsusi məna kəsb etdiyini vurğulayaraq qeyd edib ki, ağsaqqal bütün parametrlər üzrə mükəmməl, nüfuzlu, hörmətli, dünyagörüşlü, xeyirxah, təəssübkeş olmalı və bir çox digər müsbət keyfiyyəti özündə birləşdirməlidir. O, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan üçün ximətlərindən də ətraflı bəhs edib.
Konfransda çıxış edən digər natiqlər də Yardımlı Rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli istifadə olunmalıdır.
***
Şuranın Astara rayon təşkilatının konfransı da Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edən RİH-in başçısı Qəzənfər Ağayev fəaliyyəti dövründə ağsaqqalların dəyərli məsləhətlərinə həmişə xüsusi önəm verdiyini qeyd etdi, yaşayış məntəqələrində mütəmadi olaraq keçirilən səyyar qəbullarda ağsaqqalların verdiyi təkliflərə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığını vurğuladı. Ölkənin, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının rayonda icra edilməsində cəmiyyətin digər təbəqələri ilə yanaşı, ağsaqqalların da aparıcı rolu olduğundan danışan natiq xatırlatdı ki, 2017-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmiş və dövlət proqramları təsdiq edilmişdir. Həmin ildən başlayaraq rayona xarici ölkələrdən yeni məhsuldar sitrus tingləri gətirilərək intensiv sitrus bağlarının salınmasının əsası qoyulmuş, nəticədə sitrus meyvə bağlarının sahəsi 2 min hektardan 4 min 500 hektara çatdırılmışdır.
RİH başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən qlobal layihələrdən də danışdı, bu yeni dövrdə yaşlı nəslin nümayəndələrinin ön sırada olmasını yüksək dəyərləndirdi.
Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov hesabat məruzəsi ilə çıxış etdikdən sonra İdarə Heyətinin yeni tərkibi, şuranın və təftiş komissiyasının sədrləri seçildi.
Respublika Ağsaqqallar Şurası sədrinin müavini akademik Abel Məhərrəmov çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanı inkişaf etdirərək müasir, hüquqi, demokratik, dünyəvi bir dövlətə çevirməsindən danışdı, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan bəhs etdi.
S.QUBADOÜLU,
"Azərbaycan"