22 iyul – Milli Mətbuatı Günü xalqımızın
maarifçilik tarixinin, milli özünüdərk prosesinin və dövlətçilik ənənələrinin
mühüm mərhələsinin başlanğıcıdır. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən
bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan
milli mətbuatı ötən 151 il ərzində mürəkkəb, lakin şərəfli inkişaf yolu keçərək
bu gün müasir informasiya məkanının ayrılmaz hissəsinə çevrilib.
Milli mətbuatın yaranması XIX əsrin ikinci
yarısında Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən böyük dəyişikliklərin
məntiqi nəticəsi idi. “Əkinçi” cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq,
xalqın maariflənməsi, milli şüurun formalaşması, cəhalətə və xurafata qarşı
mübarizə, milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlər
göstərdi. Sonrakı dövrlərdə formalaşan Azərbaycan mətbuatı da milli düşüncənin
inkişafına, ictimai fikrin zənginləşməsinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə
mühüm töhfələr verdi.
Müstəqillik illərində isə Azərbaycan mediası
tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə 1993-cü ildən etibarən
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı
islahatlar nəticəsində ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması
istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər deyirdi ki, “Milli mətbuatımızın
inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə
tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik
uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
1998-ci ildə senzuranın ləğv edilməsi medianın
sərbəst fəaliyyətinə geniş imkanlar yaratdı, qəzet və jurnalların sayının
artmasına, fikir plüralizminin genişlənməsinə zəmin formalaşdırdı. Bunun
ardınca medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası
yaradıldı, onun iqtisadi müstəqilliyinin gücləndirilməsi və peşəkar fəaliyyətinin
genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media
sahəsində islahatlar daha da dərinləşdirildi. 2021-ci il 12 yanvar tarixli “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı
ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs
yaradıldı. Bu gün media siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün
yeni imkanlar yaranıb.
Dövlət başçımızın da vurğuladığı kimi, “müasir
Azərbaycan mətbuatı informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin və şəffaflığın
təmin olunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində, milli-mənəvi və
ümumbəşəri dəyərlərin təbliğində aparıcı rol oynamalıdır”.
Peşəkarlıq, obyektivlik, qərəzsizlik və yüksək
vətənpərvərlik prinsipləri Azərbaycan jurnalistikasının əsas fəaliyyət
meyarları olaraq qalır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı
milli mətbuatın fəaliyyətinə də yeni məzmun gətirib. Bu gün Azərbaycan mediası
qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevrilib. Çap mediası ilə
yanaşı internet media, onlayn xəbər portalları və rəqəmsal platformalar sürətlə
inkişaf edir. İnformasiya texnologiyalarının imkanlarından istifadə edən Azərbaycan
mediası həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında öz mövqelərini
daha da möhkəmləndirib.
Media sahəsində həyata keçirilən institusional
islahatlar da milli jurnalistikanın inkişafına yeni impuls verib. 2021-ci ildə
Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul
edilməsi media fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müasir dövrün tələblərinə
uyğunlaşdırdı. Yeni qanun informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, rəqabətədavamlı
milli medianın formalaşdırılması, jurnalistika peşəsinin nüfuzunun artırılması
və media fəaliyyətinin şəffaf təşkilinə xidmət edir.
Hazırda media sahəsində idarəetmənin daha
çevik mexanizmlərlə təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılır.
Milli Məclisdə qəbul edilən qanun layihəsinə əsasən Medianın İnkişafı Agentliyi
və Audiovizual Şuranın bazasında vahid Media və Yayım Şurasının yaradılması nəzərdə
tutulur. Yeni qurum media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi,
jurnalistlərin peşəkarlığının artırılması, innovativ texnologiyaların tətbiqi və
dezinformasiyaya qarşı mübarizənin daha effektiv təşkilinə xidmət edəcək.
Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi də daim diqqət mərkəzindədir. Kütləvi informasiya vasitələrinə
göstərilən dövlət dəstəyi, media nümayəndələrinin sosial rifahının
yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları, güzəştli ipoteka
imkanlarından yararlanmaları və vergi güzəştlərinin tətbiqi jurnalistikanın
inkişafına yaradılan əlverişli mühitin mühüm elementləridir. Xüsusilə media
subyektlərinə tətbiq olunan vergi güzəştləri onların maliyyə dayanıqlığının
artırılmasına və rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Müasir dövrdə informasiya müharibəsi hərbi təhlükəsizlik
qədər mühüm əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan
mediası peşəkarlıq, operativlik və obyektivlik nümayiş etdirərək informasiya cəbhəsində
mühüm üstünlük qazandı. Düşmənin dezinformasiya kampaniyalarına qarşı çevik fəaliyyət
göstərən jurnalistlər dünya ictimaiyyətini Qarabağ həqiqətləri barədə dolğun və
etibarlı məlumatlarla təmin etdilər. Bu gün də postmüharibə dövründə Azərbaycan
mediası işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini,
ölkəmizin sülh təşəbbüslərini və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünya
ictimaiyyətinə çatdırmaq missiyasını uğurla davam etdirir.
Şuşada keçirilən Qlobal Media Forumları isə
artıq beynəlxalq informasiya dialoqunun mühüm platformalarından birinə
çevrilib. Son illərdə keçirilən forumlarda yeni media, dezinformasiyaya qarşı
mübarizə, süni intellekt dövründə jurnalistikanın inkişafı, media etikası,
kibertəhlükəsizlik və sülh quruculuğunda medianın rolu kimi aktual məsələlər
geniş müzakirə olunub. Bu forumlar Azərbaycanın qlobal media gündəliyinin
formalaşdırılmasında fəal iştirakını bir daha nümayiş etdirir.
151 illik zəngin tarixi ənənələrə söykənən Azərbaycan
milli mətbuatı bu gün də dövlətçilik maraqlarının müdafiəsində, cəmiyyətin
düzgün məlumatlandırılmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və beynəlxalq
informasiya məkanında ölkəmizin mövqeyinin gücləndirilməsində mühüm missiya
yerinə yetirir.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı