09 Fevral 2024 09:35
1443
SİYASƏT
A- A+
100 illik şanlı tarix

100 illik şanlı tarix

 

Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyevin timsalında Heydər Əliyev siyasi kursuna sədaqətini, məhəbbətini və etimadını növbəti dəfə göstərdi

 

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ili tamam olur. Prezident İlham Əliyevin imzaladığı 30 dekabr 2023-cü il tarixli müvafiq sərəncamla muxtar respublikanın 100 illik yubileyi geniş qeyd olunur. Qədim yurdumuzun birəsrlik muxtariyyət yubileyini fevral ayının 7-də keçirilən prezident seçkilərində xalqımızın cənab İlham Əliyevə növbəti dəfə göstərdiyi yüksək etimadın yaratdığı yüksək əhvali-ruhiyyə fonunda qarşılayırıq. 

 

20 ilin möhtəşəm uğurlarına söykənən ümumxalq qərarı

 

2 gün əvvəl keçirilmiş səsvermənin nəticələri xalqımızın milli maraq və mənafelərini layiqincə təmin edən, Azərbaycanı davamlı və sürətli inkişaf yoluna çıxaran hazırkı siyasi kursun alternativsizliyini bir daha sübuta yetirdi. Prezident seçkisi xalqımızın müdrik və dəyişməz seçiminə əsaslandı. Ölkə vətəndaşları növbəti dəfə Ulu Öndər Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı kimi ötən 20 ildə Azərbaycanın bütün uğurlarının memarı olan möhtərəm İlham Əliyevə səs verdilər. 
Ümumiyyətlə, ötən 20 ildən artıq dövrün reallıqları xalqımızın seçkilərdə İlham Əliyevə etimadının nə qədər düzgün və müdrik qərar olduğunu təsdiq edir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksəlişi, güclənməsi, qlobal səviyyədə nüfuzunu artırması, dövlətçiliyinin ən qüdrətli mərhələsinə qədəm qoyması tariximizin isbata ehtiyacı olmayan həqiqətləridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasətini, strateji xətti layiqincə davam etdirən, onu zamanın çağırışlarından irəli gələrək daha da zənginləşdirən və həm də özü böyük bir siyasət məktəbinin banisinə çevrilən Prezident İlham Əliyev bu illərdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirib, dövlətimizin yüksəlişi yolunda meydana çıxan bütün əngəlləri və maneələri qətiyyətlə aradan qaldırıb. İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla bərabər, onun beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirib. Artıq uzun müddətdir ki, regionun lideri olan Azərbaycan qlobal məsələlərdə söz və nüfuz sahibidir.
Bu mənada fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində cəmiyyətin seçimi Heydər Əliyev siyasətinin alternativsizliyinə və ötən 20 ilin yekunlarına əsaslanan ümumxalq qərarıdır. Bu dövrdə Prezident İlham Əliyevin nəinki müasir müstəqillik, bütövlükdə dövlətçilik tariximizdə yaratdığı ən böyük salnamə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Məlumdur ki, torpaqlarımızın azadlığı və erməni separatizminə son qoyulması yeni reallıqlar yaradıb. Növbədənkənar prezident seçkiləri də bu reallıqlar şəraitində keçirildi. Müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq seçkilər torpaqlarımızın tam azadlığı şəraitində baş tutdu. Ona görə bu seçki Zəfər seçkisi və ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşdü.
Vətən müharibəsində Zəfərdən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin əsas ağrılı problemi həll edildiyindən artıq yeni hədəflər meydana çıxıb və Prezident İlham Əliyevin bir müddət əvvəl elan etdiyi milli prioritetlərdə qarşıya qoyulmuş yeni vəzifələr öz əksini tapıb. Bu mənada Azərbaycan yeni mərhələyə Prezident seçkiləri ilə qədəm qoyur. 
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyini həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu, həm də respublikamızın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə qarşılayırıq. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü və ölkəmizdə erməni separatizminə son qoyulması Naxçıvanın 100 illiyinə cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın ən böyük hədiyyələridir. 

 

Dövlətçilik tariximizdə, milli, mədəni və ədəbi proseslərdə xüsusi yeri olan diyar

 

Zəngin keçmişə, ənənələrə, mənəvi və mədəni dəyərlərə malik olan xalqımız keşməkeşli olduğu qədər də parlaq və şərəfli inkişaf tarixinə malikdir. Bu yolda hər bir yurd yerimiz kimi Naxçıvanın da özünün xüsusi yeri var. Bu diyar Azərbaycanın siyasi sosial-iqtisadi, elmi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır. 
Naxçıvan Azərbaycanın dövlətçilik tarixidir. Əcdadlarımız min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. XII əsrdə Naxçıvan Azərbaycan Atabəyləri- Eldəgizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olub. Atabəylər 100 ildən artıq hökm sürmüş və onun paytaxtı azərbaycançılığı qoruyub saxlamışdır. XVIII-XIX əsrlərdə isə Naxçıvan xanlığı mövcud olmuşdur.
Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Naxçıvan ərazisi antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Bu günədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Nuh Peyğəmbər, Qarabağlar türbələri, "Əshabi-Kəhf" ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə seçilməklə, hər biri özündə tariximizi, milli və mənəvi dəyərlərimizi yaşadır. Azərbaycan xalqının əsası Naxçıvanda Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi bütün Şərqdə məşhur olmuşdur və Möminəxatun türbəsi kimi nümunələri müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində xüsusi yeri olan mütəffəkkirlərin, filosofların, ustad qələm sahiblərinin vətənidir. Naxçıvan xalqımıza Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib. 
Xüsusilə qeyd etməliyik ki, Naxçıvan Azərbaycanın müasir inkişaf və dövlətçilik epoxasının müəllifi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vətənidir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müasir dövlətçilik tariximizin parlaq səhifəsidir.
Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamında da buna diqqət çəkilərək deyilir: "Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş, islam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir".
1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsindən və sovet hakimiyyətinin Zəngəzuru Ermənistana verməsindən sonra Naxçıvan üçün də böyük təhlükə yaranmışdı. Zəngəzurla kifayətlənməyən ermənilər Naxçıvanın da Ermənistana birləşdirilməsi üçün cəhdlər etmişdilər. Lakin Ermənistan niyyətinə çatmamışdır. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin də böyük rolu olmuşdu. 1921-ci il martın 16-da bağlanmış Moskva və 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik olmuşdur. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir. 
1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər Qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycanın tərkibində muxtar respublikaya çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş etdi. Zaqafqaziya Mərkəzi İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu qərarı təsdiq etdi. 
1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkildi. Bu hadisə erməni yalanlarının və iddialarının sürətlə ayaq tutub yeridiyi gərgin və mürəkkəb siyasi şəraitdə xalqımızın nail olduğu mühüm tarixi-siyasi uğur idi.

 

Heydər Əliyevin milli mücadiləsinin Naxçıvan mərhələsi

 

Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi. 1929-1930-cu illərdə və bundan sonra, sovet dövləti 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddialarını həyata keçirdi və nəticədə muxtar respublikanın ərazisi daha da azaldıldı. 
Bununla belə qeyd edilməlidir ki, sovet illərində Naxçıvanda əhalinin savadsızlığının aradan qaldırılmasında, məşğulluğun yüksəldilməsində, iqtisadi potensialdan istifadədə nəzərəçarpan irəliləyişlər baş vermişdi. Lakin sovet illərində Naxçıvanın ən sürətli inkişaf dövrü xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Azərbaycanın o illərdə keçmiş ittifaq miqyasında sonuncu yerlərdən qabaqcıllar sırasına yüksəlməsində Naxçıvanda əldə edilən iqtisadi və aqrar uğurlar mühüm rol oynamışdı. Bütövlükdə 1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş vermişdi. Həmin dövrdə SSRİ və Azərbaycan SSR konstitusiyalarına uyğun olaraq, Naxçıvan MSSR-in də yeni Konstitusiyası qəbul edilmişdi. Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin Azərbaycandan, o cümlədən Naxçıvan Muxtar Respublikasından yeni ərazilər qoparmaq planları baş tutmamışdı.
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycanın Naxçıvan Muxtar Respublikası qarşısındakı tarixi xidmətlərinin növbəti əsas dövrü 1990-cı ildən sonra başlayır. Bu, həmin dövr idi ki, Azərbaycanda milli azadlıq mücadiləsi başlamışdı, amma bu proses məhz Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra daha mütəşəkkil forma almışdı. Öncə onu qeyd edim ki, M.Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək bütün vəzifələrindən istefa verən Heydər Əliyev bundan sonra da öz xalqının yanında olmuş, öz fəaliyyəti ilə yeni yaranmaqda olan müstəqillik hərəkatının daha geniş vüsət almasına xidmət etmişdir. Bu baxımdan Heydər Əliyevin hələ 1990-cı ildə 20 Yanvar hadisələrindən dərhal sonra oğlu cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək böyük cəsarətlə xalqımızın haqq səsini ucaltması milli müstəqilliyə gedən yolumuzun ən önəmli hadisələrindən biri idi. 
Ulu Öndərin həmin ilin yayında Naxçıvana gəlişi isə milli müstəqilliyimizə gedən yolun yeni başlanğıcı oldu. Həmin dövrün reallığı həm də ondan ibarətdir ki, naxçıvanlılar doğma Heydər Əliyevi böyük sevgi ilə qarşılamışdılar. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə Heydər Əliyevin namizədliyini iki seçki dairəsindən irəli sürmüşdülər. 
İctimaiyyət nümayəndələrinin təkidli xahişi ilə 1990-cı ildə deputat seçilən Heydər Əliyevin təşəbbüsləri ilə hələ 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar xalqımızın müstəqillik yolunun ən cəsarətli siyasi-hüquqi addımları idi. Belə ki, Ali Məclisin qəbul etdiyi qərarlarla 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağının yenidən rəsmi bayraq kimi təsbit olunması, Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin çıxarılması və bütün bunların davamı kimi bir neçə ay sonra sovet dövlətinin keçirdiyi SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda baykot edilməsi sovet hakimiyyətinə böyük cəsarətlə meydan oxumaq idi. O cümlədən hələ sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Ali Məclisi tərəfindən 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüqiqi qiymətin verilməsi, qəbul edilən qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliklərinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqlarının göstərilməsi Heydər Əliyev cəsarətinin möhtəşəm göstəricisi idi. 

 

Ulu Öndər Naxçıvanın böyük xilaskarıdır

 

Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətinin növbəti mühüm mərhələsi Ümummilli Liderin xalqın təkidli istəyi ilə 1991-ci il sentyabrın 3-də muxtar respublika Ali Məclisinin Sədri seçilməsindən sonrakı dövrü əhatə edir. Bu, həmin dövr idi ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı genişlənir, respublikamızın bütün sərhədyanı yaşayış məntəqələrinə ermənilər tərəfindən edilən hücumlar güclənirdi. Tədricən blokadaya düşməsi səbəbindən Naxçıvanda isə vəziyyət daha ağır idi.
Ulu Öndərin ilk gündən atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Naxçıvanla bağlı Ermənistanın bütün işğalçılıq planlarını alt-üst etdi. Naxçıvanlılar böyük Heydər Əliyevin liderliyi ilə silaha sarılaraq doğma diyarın müdafiəsinə qalxdılar. Mərkəzi hakimiyyətin ögey münasibətinə, hərbi dəstəyin olmamasına baxmayaraq, Heydər Əliyev böyük sərkərdə kimi Naxçıvanı qorudu, xilas etdi, düşmən tərəfindən işğal edilməsinə imkan vermədi. 
Naxçıvanla bağlı daha bir diqqəti çəkən məqam ondan ibarətdir ki, keçmiş sovet qoşunları muxtar respublikanı tərk edərkən bütün silah və texnikalarını yeni yaranan Azərbaycan Ordusunun hissələrinə təhvil vermişdilər. Əlbəttə ki, bu prosesdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin müdrikliyi böyük rol oynamışdı. 1992-ci ilin iyulunda Naxçıvandakı 75-ci diviziyanın əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsinə başlanılmış və proses avqustun ortalarında başa çatdırılmışdı. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvandakı 5-ci əlahiddə motoatıcı briqadası yaradılmışdı. Silah-sursatın tam təhvil verilməsindən cəmi 3 gün sonra - 1992-ci il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci diviziyasının son dəstəsi Naxçıvanı tərk etmişdi.
Eyni zamanda Naxçıvanda dövlət sərhədlərini qoruyan keçmiş 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi. Artıq 1992-ci il sentyabrından Naxçıvan ərazisində digər dövlətin - Rusiyanın heç bir hərbi hissəsi və hərbi qulluqçusu qalmamışdı. Qonşu dövlətlərlə sərhədin mühafizəsi Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməsinə başlanılmışdı.
1992-ci ilin avqust-sentyabr aylarında sözügedən hərbi hissələrin şəxsi heyətinin Azərbaycanı tərk etməsindən sonra Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi daha da möhkəmləndi. Blokada vəziyyətində olmasına baxmayaraq bu diyar Ermənistanın təcavüzkarlığının qarşısında qətiyyətlə, mərdi-mərdanə mübarizə aparırdı. 
Onu da qeyd edək ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplar - nə A.Mütəllibov iqtidarı, nə də onun yerinə gəlmiş AXC-Müsavat cütlüyü blokada vəziyyətində olan muxtar respublikanın mövcud ağır vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün əməli tədbir görə bilmiş və ya görmək istəmişdilər. Belə bir şəraitdə Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün məhdud daxili imkanlarından maksimum və səmərəli istifadə edir, o cümlədən qonşu Türkiyə və İranla iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirirdi. Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi həmin dövrdə inşasına başlanılan və 1992-ci il mayın 28-də istifadəyə verilən Azərbaycanla qardaş Türkiyə arasındakı "Ümid" körpüsü həmin dövrdə Naxçıvanın nəqliyyat blokadasının qismən aradan qaldırılmasında böyük rol oynamışdı. Bütövlükdə Heydər Əliyevin uzaqgörənliyi nəticəsində görülən tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün fəlakətlərdən xilas etmiş  və ayaqüstə qalmasında böyük rol oynamışdı.
Bütün bunları o dövrdə Azərbaycana rəhbərlik edən qaragüruhçu qruplar da bilir və Heydər Əliyevi özlərinə rəqib gördükləri üçün onu Naxçıvana rəhbərlikdən uzaqlaşdırmaq istəyirdilər. Lakin onların bu istiqamətdə bütün cəhdləri Naxçıvan ictimaiyyətinin Heydər Əliyevin ətrafında güclü səfərbər olması səbəbindən baş tutmamışdı. Eyni zamanda Azərbaycanın gələcəyini düşünən, dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsi təhlükəsindən dərin narahatlıq keçirən ziyalılar, aydınlar ölkəmizin nicatını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişində görürdülər və bu məqsədlə Ulu Öndərin ünvanına respublikamızın hər yerindən müraciətlər edilir, teleqramlar göndərilirdi. Bu baxımdan tariximizin üz qarası olan AXC-Müsavat cütlüyünün yaratdığı maneələrə rəğmən, 1992-ci ilin noyabr ayında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi respublikamızın yeni siyasi tarixinin böyük hadisəsi idi. Ümumxalq sevgisinin və etimadının təcəssümü kimi Heydər Əliyevin 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəlişi və hakimiyyət sükanının arxasına keçməsi Azərbaycanda tamamilə yeni siyasi-ictimai proseslərin inkişafına səbəb oldu. O proseslər ki, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi.

 

Naxçıvan hər zaman Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını hiss edib

 

Ulu Öndərin xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişi Naxçıvanda da mühüm dəyişikliklərə səbəb oldu. Belə ki, düşmən qarşısında yalnız qalmış Naxçıvanın ilk növbədə müdafiəsi daha da gücləndirildi. Ulu Öndərin başlatdığı yeni islahatlar muxtar respublika iqtisadiyyatının inkişaf etdirilməsinə böyük töhfələr verdi. Naxçıvan sakinlərinin uzun müddətdən bəzi əziyyət çəkdikləri sosial problemlər tədricən aradan qaldırıldı.
Ötən 20 ildə isə Naxçıvan hər zaman Prezident İlham Əliyevin böyük diqqət və qayğısını hiss edib. Bu dövrdə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarının, ayrı-ayrı vaxtlarda ayırdığı maliyyə vəsaitlərinin nəticəsi kimi Naxçıvan böyük inkişaf yolu keçib, respublika üzrə istehsal edilən ÜDM-də muxtar respublikanın payı əhəmiyyətli dərəcədə yüksəlib. Habelə ötən 20 ildə Prezident İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji problemi tamamilə aradan qaldırılıb.
Bu dövrdə Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Əlahiddə Ümumqoşun Ordusunun döyüş imkanları ən modern səviyyəyə yüksəldilib. Muxtar respublikada hərbi təhsilə əlçatanlığın təmin edilməsi üçün Heydər Əliyev adına hərbi lisey yaradılıb. Bu diqqət və qayğının təcəssümü olaraq torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq nümunələri yaratdı, Şuşaya qədər döyüş yolu keçdi, bəziləri şəhidlik mərtəbəsinə ucaldılar. "İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır", - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyevin sayəsində Naxçıvan həm də türk dünyasının önəmli ünvanlarından biri kimi diqqəti çəkir. Bu sırada türk dövlətlərinin təşkilatlanmasının əsas tarixi mərhələlərindən birinin məhz Naxçıvandan başlamasını qeyd etmək yerinə düşər. Belə ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı zamanı "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişi imzalanıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq isə Orta dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Möhtərəm Prezidentimizin qətiyyətli siyasətinin nəticəsi kimi Zəngəzur dəhlizinin açılması həm Naxçıvanın tarixində yeni mərhələ olacaq, həm də bu Azərbaycan diyarının bütün türk dünyasındakı yerini daha da möhkəmləndirəcək. İki il öncə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılması ilə muxtar respublikanın idarəçiliyində baş  verən dəyişikliklər isə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin bu qədim diyarda layiqincə və daha keyfiyyətlə yerinə yetirilməsinə yol açacaq. Hər halda muxtar respublikada əldə olunmuş ötən ayların statistik məlumatları bunu deməyə əsas verir.
Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyasının nəticəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu silsilədə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti dövlətə və xalqa xidmət məramının mükəmməl nümunəsidir. Qətiyyətlə deyə bilərik ki, xanım Mehriban Əliyevanın böyük Heydər Əliyev ideyalarına söykənən hər bir təşəbbüsü, çoxşaxəli fəaliyyətinin hər bir istiqaməti məhz ölkəmizin yüksəlişinə, beynəlxalq nüfuzunun artmasına, vətəndaşlarımızın rahat, firavan yaşamasına, Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılmasına xidmət edir. 
Hörmətli Mehriban xanım Əliyevanın yüksək vətənpərvərliyə, böyük mərhəmətə, nəcib humanizmə söykənən böyük missiyasının real təzahürünü Naxçıvan Muxtar Respublikasının timsalında da görməmək mümkün deyil və 100 yaşlı muxtar respublikanın sakinləri də bunu aydın görür, həmişə qədirbilənliklə qiymətləndirirlər. Bir neçə il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətlərindən Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar bu gün də istifadə edə bilirlər. 
Xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti böyük Heydər Əliyev ideyalarının həyata vəsiqə almasına, Prezident İlham Əliyevin isə ləyaqətlə davam və inkişaf etdirdiyi dahi liderimizin siyasi kursunda və inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrin uğurla və keyfiyyətlə yerinə yetirilməsinə davamlı xidmət edir. Cəmi bir neçə gündən sonra xanım Mehriban Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunmasının 7-ci ili tamam olur. Hələ 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən bu qərar bütün xalqımızın, o cümlədən muxtar respublika sakinlərinin böyük rəğbəti ilə qarşılandı. Çünki Mehriban xanım Əliyeva ölkəmizdə illərdir ictimaiyyətin birmənalı dəstəyini qazanmış ictimai-siyasi xadimdir. Ötən 7 ilin real mənzərəsi bir daha göstərir ki, xanım Mehriban Əliyeva Birinci vitse-prezident kimi dövlətə xidmətin mükəmməl nümunələrini yaratmaqdadır.
Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri, Əshabi-Kəhf ziyarətgahını ziyarət etməsi, 2008-ci ildə Türkiyənin o zaman Baş naziri vəzifəsində çalışan Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğanla birlikdə Naxçıvan Dövlət Universitetində olması, 2009-cu ildə Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyində iştirakı Naxçıvan ictimaiyyəti tərəfindən hər zaman minnətdarlıqla xatırlanır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusilə Vətən müharibəsində şəhid olmuş Naxçıvandan olan övladlarımızın ailə üzvlərinə, qazilərə yaxından diqqət və qayğısı isə qədirbilən naxçıvanlıların yaddaşından heç vaxt silinməyəcək.
Torpaqlarımızın azad edilməsindən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 
İki gün öncə keçirilən prezident seçkiləri isə bu mərhələnin, başqa cür desək, müstəqil Azərbaycanın öz yeni hədəflərinə doğru inkişafının başlanğıcıdır. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin məhz bu günlərə təsadüf etməsi isə yubiley əhvali-ruhiyyəsini daha da yüksəldir. İnanırıq ki, yeni mərhələdə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha uca zirvələr fəth edəcək, Naxçıvan isə daha möhtəşəm inkişaf nümunələri yaradacaq.

Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dərmanlardan düzgün istifadə edilməlidir

08:30
27 Dekabr

Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir

08:25
27 Dekabr

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müəllifi İlham Əliyevdir

08:20
27 Dekabr

Qələbələr, nailiyyətlər və gələcək perspektivlər  

08:17
27 Dekabr

Cinayət işinin istintaqı ilə bağlı müxtəlif versiyalar irəli sürülür

08:15
27 Dekabr

Qəza ilə bağlı vacib olan bütün tədbirlər həyata keçirilir

08:10
27 Dekabr

Sonadək peşəkarlıq, təmkin və qəhrəmanlıq göstərənlər

08:05
27 Dekabr

Proseslər Prezidentin nəzarətindədir

08:00
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!